Əzələdaxili iynəni necə vurmaq lazımdır?

Bəzən elə hallar olur ki, vaxtında edilən dərman inyeksiyası insanın həyatını xilas edir (şok, uşaqda yüksək hərarət və s.). Ona görə də yaxşı olar ki, hər bir kəs iynə vurmağı bacarsın.
Əlbətdə ki, biz yalnız əzələdaxili inyeksiyanı nəzərdə tuturuq.əzələdaxili inyeksiya
Aşağıda biz, əzələdaxili inyeksiyanın vurulması qaydasını müfəssəl şəkildə təsvir etmişik. Onları diqqətlə oxumağınız, əlbətdə ki, kifayət etməz. Bunu praktik şəkildə mənimsəmək üçün xüsusi tibb məşğələlərinə getmək və ya tibb bacısından və ya həkimdən bir neçə “dərs” almaq lazımdır.
1. Əllərinizi mütləq sabunla yuyun.

2. Dərmanın ampula üzərində yazılmış adını diqqətlə oxuyun və yararlıq müddətini yoxlayın.

3. Ampulanı götürüb onu əlinizdə silkələyin, sonra onu başı yuxarı olmaqla tutub dırnaqla onun uc hissəsinə yüngülcə döyəcləyin ki, içərisində maye qalmasın. Daha sonra ampulanın uc hissəsini spirtə batırılmış pambıq ilə silin.  

4. Daha sonra ampulanı açmaq lazımdır. Bunun üçün dərman qutusunun içərisində olan kəsici alət götürüb ampulanı ücunun əsası boyunca bir neçə dəfə “kəsin”, sonra isə ucu  səliqə ilə qoparın.
5. Şprisi çıxarın. İynənin qapağını açmadan onu şprisə keçirin.
6. İynəyə əliniz dəymədən, səliqə ilə onun üstündəki plastik qapağı çıxarın, şprisə taxılmış iynəni ampulanın içərisinə salın, porşeni özünüzə tərəf çəkərək ampulanın  içərisindən sizə lazım olan miqdarda dərmanı şprisə çəkin.
7. Şprisi, iynə taxılan tərəfi yuxarı olmaqla, vertikal şəkildə əlinizdə tutaraq dırnaqla onu yüngülcə döyəcləyin ki, içərisində olan hava qabarcıqları yuxarı qalxsın.
8. Şprisin porşenini yüngülcə sıxın ki, onun içərisində olan hava qabarcıqları xaric olsun. İynənin ucunda dərman damcısı görünən kimi, porşenin sıxılmasını dayandırın.
9. İynənin qapağını taxın.
10. Əzələdaxili inyeksiyalar adətən sarğı əzləsinə vurulur. Bu mümkün olmadığı halda (dərinin zədələnməsi, irinlənmə və s.) iynəni bud əzələsinə də vurmaq olar. İynəni sarğı əzələsinə vurduqda xəstəni üzü aşağı olmaqla uzadın ki, sagrı əzələləri zəifləsin (“boşalsın”). Əgər siz kiçik uşağa köməksiz olaraq — təkbaşına iynə vurmalı olsanız, uşağı üzü aşağı dizlərinizin üzərinə qoyun. Uşağın ayaqlarını öz ayaqlarınızın arasında sıxın, sol əlinizlə isə onun belini fiksə edin. Bütün bunları həm tez həm də dəqiqliklə yerinə yetirin! Heç bir halda əzələdaxili iynəni xəstə ayaq üstə olmaqla vurmayın, bu zaman iynə qırıla bilər!
11. Xəyalən, sağrının iynə vurduğunuz hissəsini 4 kvadrata bölün. Əgər iynəni müstəqil şəkildə 1-ci dəfə vurursunuzsa, sağrını qələm ilə çəkməklə 4 kvadrata bölün. Yadda saxlayın ki, əzələdaxili inyeksiya sağrının yalnız xarici yuxarı kvadratına vurulur! Diqqətli olun! Əgər siz iynəni başqa yerə vursanız, sümüyə, qan damarına və ya sinirə dəyə bilərsiniz. Bu isə çox təhlükəlidir! İynə vurmamışdan qabaq, bərkimiş və ya düyünlü sahəyə düşməmək üçün, mütləq həmin sahəni barmaqlarınızla əlləyin.
12. İynə vurmaq istədiyiniz yeri spirt məhlulunda isladılmış pampıq ilə silin.
13. Yenidoğulmuşlara və kiçik yaşda olan uşaqlara əzələdaxili inyeksiyanın vurulmasının müəyyən özəllikləri vardır: uşağın iynə vurulan hissəsinin dərisini əzələ qatı ilə birlikdə sol əlin barmaqları ilə büküşə alırlar, iynəni dərinin lap yaxınlığına gətirərək, düz bucaq altında olmaqla, cəld hərəkətlə büküşə yığılmış dəriyə vururlar. Yenidoğulmuşlara və ilkin yaşda olan uşaqlara əzələdaxili inyeksiya zamanı iynənin ümumu uzunluğunun yalnız 2/3 hissəsini yeritmək olar. Nisbətən iri yaşlı uşaqlarda əzələdaxili inyeksiyanın vurulması texnikası böyüklərdə olduğu kimidir – bir qədər təzyiq etməklə dəri iki barmaq ilə kənara dartılır və iynə demək olar ki, sonuna qədər həmin nahiyyəyə daxil edilir.
14. Tədricən, tələsmədən dərmanı bədənə yeridin.
15. Cəld hərəkətlə iynəni bədəndən xaric edib, iynə vurduğunuz yeri spirtdə isladılmış pambıqla sıxın.
16. İynə vurulan yeri bir qədər masaj etmək lazımdır. Bir sıra antibiotiklər əzələdaxili inyeksiya zamanı pis sorulurlar ki, bu da iynə vurulan yerdə infiltratın (iltihablaşmış sahə) yaranmasına səbəb ola bilər. Bu halda inyeksiya yerinə içərisinə isti su doldurulmuş rezin qovuq (“qrelka”) qoymaq lazımdır.
17. İstifadə olunmuş iynəyə tullamamışdan qabaq mütləq qapağını taxın!
Əgər xəstəyə 1 kurs müalicə yazılmış olarsa, bu halda iynəni bir gün sağa, sonrakı gün isə sola vurulmaqla növbələşdirin.
Əgər dərman preparatı flakonda toz şəklində olarsa, bu halda onu ampulada olan, inyeksiya üçün xüsusi su, novokain və ya digər həlledici ilə (işlədilən dərmanın hansı mayeşəkilli həlledici ilə qarışdırılmalı olduğunu onun qutusundakı işlədilmə qaydalarında oxuya bilərsiniz) qarışdırmaq lazımdır. Flakondakı dərmanı həll etmək üçün bu zaman sizə 2 şpris lazım olacaq:
1. İçərisində maye olan ampulanı (bu inyeksiya üçün su, novokain və ya digər məhlul ola bilər) götürüb, iyənin köməkliyi ilə onu şprisə yığın;
2. İçərisində toz olan dərman şüşəsi flakonunun qapağını spirtə batırılmış pambıq ilə silib, şprisin iynəsi ilə həmin qapağı deşdikdən sonra şprisdəki mayeni onun içərisinə boşaltmaq lazımdır.
3. Şprisin iynəsini çıxarmadan, içərisindəki toz şəklində olan dərman tam şəkildə həll olana qədər flakonu yaxşı-yaxşı silkələmək, sonra isə onun içərisindəki dərmanı şprisə çəkmək lazımdır.
4. Şprisi iynəsi ilə birlikdə flakondan çıxarıb, onun üstündəki iynəni də çıxararaq, şprisə, digər şprisin qapağı üstündə olan yeni iynəsini taxın. Dərman bədənə yeridilmək üçün hazırdır.
Diqqət! İynəni ev şəraitində istisna hallarda vurmaq olar. Bunun səbəbi ondan ibarətdir ki, iynə vurulan zaman anafilaktik şok baş verə bilər.
Anafilaktik şok – orqanizmin ağır allergik reaksiyadır. Onun əsas səbəbi orqanizmə inyeksiya (iynə) ilə dərman preparatının yeridilməsidir. Anafilaktik şok çox qısa bir müddət ərzində inkişaf edir və xəstəyə ehtiyac olan tibbi yardım edilmədiyi halda onun ölümü ilə nəticələnə bilər!
Beləliklə, əgər Sizə və ya Sizin uşağınıza dərman inyeksiyaları təyin edilmişsə, onun icrası üçün tibbi mərkəzinə, poliklinika və ya xəstəxanaya müraciət etmək daha yaxşı olar.

Mənbə:
saglamolun.az
 

2 şərh

pascal
Əla. Faydalı topikdir. Sağ ol, Apollon. 
azadmamedov90
he, men ozume vurmagi oyrenmek ucun duz 1 gun axtardim bunun video formatini...en yaxsisi ele hekime muraciet etmekdir.