Türkiyə Respublikasının yaranması

Birinci Dünya müharibəsindən sonra Osmanlı dövləti bir dövlət kimi yox olmaq təhlükəsi qarşısında qalsa da, türk xalqının azadlıq mübarizəsi nəticəsində Türkiyə Respublikası quruldu. Bu dövlətin yaradıcısı sayılan Atatürkün ölkədə yeritdiyi Qərbə meyilli siyasət nəticəsində qısa müddət ərzində geridəqalmış yarımfeodal dövlət üzərində müasir Türkiyənin təməli qoyuldu.

Birinci Dünya müharibəsi Osmanlı dövlətinin dağılması ilə nəticələnərək türk xalqını milli faciə qarşısında qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığına görə sultan hökuməti Antanta dövlətləri qarşısında təslim oldu. “Gənc Türklər” in liderləri ölkəni tərk etdilər, onların partiyası buraxıldı. Sülhə görə, yalnız indiki Türkiyənin əraziləri sultan hakimiyyəti altında qalmışdı. Qalib dövlətlər tərəfindən imzalanmış sənəd ölkənin bölünməsinə şərait yaradırdı, bu da tezliklə baş verən hadisələrdə özünü göstərməyə başladı. İngilislər Mosul və İsgəndərunu, italyanlar Antalya və onun ətraf ərazilərini ələ keçirdilər. Yunanlara İzmiri tutmaq icazəsi verildi.

Osmanlı imperiyasının son dövrləri

Milli azadlıq mübarizəsi

1919–1923-cü illəri əhatə edən türk xalqının azadlıq mübarizəsinə Mustafa Kamal paşa başçılıq edirdi. 1919-cu ilin mayında yunanların İzmirə qoşun çıxartması M.Kamalı əməli addımlar atmağa sövq etdi. O, Anadoluya getdi, tezliklə xarici müdaxiləçilərə və təslimçi sultan hakimiyyətinə qarşı aparılan müharibənin rəhbərinə çevrildi.

Mustafa Kamalın və həmfikirlərinin ilk işi milli qüvvələri səfərbər etmək oldu. Bu məqsədlə “Hüquqların müdafiəsi” cəmiyyəti yaradıldı. Bu cəmiyyət Ərzurum və Sivas konqreslərində xalqı Mudros barışığı çərçivəsində Türkiyə sərhədlərində azadlıq mübarizəsinə çağırdı. Sivas konqresində müvəqqəti hökumət rolunu oynayan Mustafa Kamal başda olmaqla, Nümayəndələr Komitəsi seçildi.

Qarşıya qoyulan məqsədləri reallaşdırmaq yolunda “kamalçılar”ın əsas addımı 1920-ci ilin aprelində Ankarada yeni parlamentin – Türkiyə Böyük Millət Məclisinin(TBMM) çağırılması oldu. Özünü ölkədə yeganə qanuni hökumət elan edən TBMM “əsas təşkilatlar haqqında” qanun qəbul etdi. Bu qanun 1924-cü ilədək Türkiyənin müvəqqəti Konstitusiyası oldu. Qanunda deyilirdi ki, ali hakimiyyət məhdudiyyətsiz şəkildə millətə məxsusdur. Bütün qanunverici və icraedici hakimiyyət TBMM-ə və parlamentin seçdiyi hökumətə verilir.

“Kamalçılar”ın qanunvericilik fəaliyyəti türk xalqının azadlıq mübarizəsinin yüksəlişi ilə müşayiət olunurdu. Buna görə də Antanta dövlətləri bu mübarizəni yatırmaq üçün müxtəlif vasitələrə əl atırdılar. 1920-ci ilin martında müttəfiqlər İstanbulu tutub Sivas konqresinin qərarını təkrarlayaraq “Milli and” qəbul etmiş deputatlar palatasını qovdular. Sonra onlar bu vaxta qədər Şərqi Frakiyanı tutmuş və Qərbi Anadolunun böyük ərazisini ələ keçirmiş nizami yunan dəstələrini “kamalçılar”a qarşı göndərdilər. Bununla türklərin silahlı müharibəsinə son qoyulacağını düşünən Antanta liderləri 1920-ci ilin avqustunda sultanaSevr müqaviləsini imzalatdırdılar. Müqavilənin şərtlərinə görə, Osmanlı dövləti İngiltərə, Fransa, İtaliya və Yunanıstan arasında bölüşdürülürdü. Ölkənin şimal-şərqi erməni dövlətinə keçməli, cənub-şərqində isə ingilislərin protektoratlığı altında kürd dövləti yaradılmalı idi.

Osmanlı dövlətinin faktiki olaraq müstəqil dövlət kimi varlığına son qoyulurdu.

Belə bir vəziyyət TBMM hökumətini Antantaya qarşı mübarizə aparan Sovet Rusiyası ilə yaxınlaşdırdı. Buna cavab olaraq 1921-ci ilin yayında yunan qoşunları Ankaraya yaxınlaşdı. Yalnız türklərin rəşadətli mübarizəsi nəticəsində hücumu dayandırmaq mümkün oldu. 1922-ci ilin avqustunda başlanan əks-hücum nəticəsində düşmən türk ordusuna məğlub olaraq Anadolunu tərk etməyə məcbur qaldı.

Müharibədəki qələbə Mustafa Kamalı və onun tərəfdarlarının mövqeyini daha da möhkəmləndirdi. 1922-ci il noyabrın 1-də məclis sultanlığın ləğv edildiyi haqqında qərar qəbul etdi. Qazanılan qələbələr Qərb siyasətçilərinə “yeni Türkiyənin” tanınmasının vacibliyini göstərdi. Nəhayət, Lozanna konfransında Türkiyənin beynəlxalq aləmdə tanınması mümkün oldu. 1923-cü ilin oktyabrında Türkiyə respublika elan edildi.

“Türk sosioloqu və kamalizmin əsas ideoloqu Ziya Göyalpın qərb sivilizasiyasının qəbul edilməsinin zəruriliyi haqqında fikirlərindən: “Əgər biz bunu etməsək, Qərb dövlətləri bizi kölə halına salarlar. ...Öz müstəqilliyimizi və azadlığımızı müdafiə etməkdən ötrü biz Avropa sivilizasiyasına yiyələnməliyik”.

Gukalp Ziya. Turkish Nationalism and
Western Civilization. – N.Y., 1959, p. 266.1922-ci ildə Mustafa Kamalın
“Maiten” qəzetinə müsahibəsindən:

“Türk demokratiyası fransız inqilabının başladığı yolla getməyinə baxmayaraq, özünəməxsus xüsusiyyətləri ilə inkişaf etdi. Çünki hər xalq öz cəmiyyətinə uyğun, yerli şəraitə və vəziyyətə görə, zamanın tələblərinə uyğun öz islahatlarını həyata keçirir”.

Kireyev N.Q. Türkiyədə etatizm tarixi,
M. 1991, səh. 79 

Daxili siyasət

Azadlıq mübarizəsindən sonra ölkənin iqtisadi cəhətdən müstəqilliyinə yönəlmiş bir sıra addımlar atıldı. Dövlət xaricilərə məxsus bütün sənaye müəssisələrini və dəmir yollarının, demək olar ki, hamısını satın aldı. Mərkəzi bank yaradıldı. 1923-cü ilin oktyabrında paytaxt İstanbuldan Ankaraya köçürüldü. Səltənət və xəlifəlik ləğv edildi, Osmanlı sülaləsinin bütün üzvləri ölkədən sürgün olundu. Şəriət və Vəqflər Nazirliyi ləğv edildi. Ruhanilər bütün var-dövlətlərindən məhrum edildi. Mədrəsələr bağlanıldı. 1924-cü il aprelin 20-də Konstitusiya qəbul olundu.

1920-ci illərdə Avropa nümunəsində mülki və cinayət məcəllələri qəbul edildi. Ölkə Avropa təqviminə, latın əlifbasına keçdi. 1934-cü ildə “Soyad haqqında” Qanun qəbul edildikdən sonra Mustafa Kamal TBMM tərəfindən ona verilən Atatürk soyadını götürdü. Atatürkün əsas iqtisadi siyasəti etatizm idi. Etatizm siyasi həyatda və iqtisadiyyatda dövlətin aparıcı rolunu bərqərar edən ideologiya idi. Bu siyasət xarici kapitalın fəaliyyətini məhdudlaşdırmağa, milli burjuaziyanın mövqeyini möhkəmləndirməyə yönəldilmişdi.

1930-cu illərin ortalarına doğru Mustafa Kamal dəyişiklikləri öz bəhrəsini verməyə başladı. Ölkənin siyasi və iqtisadi mövqeyi gücləndi. Türkiyənin qonşu dövlətlər arasında nüfuzu yüksəldi. 1932-ci ildə Türkiyə Millətlər Cəmiyyətinə daxil oldu. O dövrdə türk diplomatiyasının xarici siyasətdə ən uğurlu addımı Qara dəniz boğazları məsələsinə dair beynəlxalq Montre konfransının keçirilməsi oldu. Qəbul edilmiş yeni konvensiyaya görə, Türkiyə boğazlar məsələsində böyük üstünlüklər qazandı. 1938-ci ildə M.K.Atatürk vəfat etdi. Türkiyənin yeni prezidenti İsmət İnönü oldu.

 

0 şərh