Elm üstündür, yoxsa mal?

On nəfərdən ibarət bir müxalif dəstə Peyğəmbər cənabımızın Hz.Əli haqqında söylədiyi " Mən elmin şəhəriyəm, Əli də bu şəhərin qapısıdır " sözlərini eşidib paxıllıq hissinə qapıldılar. Biri dedi: " Dostlar, Əlidən soruşmaq üçün bir sual düşünək. Əgər hər birimizin verdiyi eyni suala ayrı-ayrı cavablar verə bilsə, doğrudan da, elmin zirvəsində olduğunu qəbul edərik".
Onlar Hz.Əlinin hüzuruna gəldilər. Birincisi qarşıya çıxıb sual verdi:
- Ey möminlərin əmiri, elm üstündür, yoxsa mal?
Hz.Əli cavab verdi:
- Heç şübhəsiz, elm hər zaman maldan daha üstündür.
Sual verən yenə soruşdu:
- Necə sübut edərsən?
- Çox sadə. Elm peyğəmbərdən mirasdır, mal isə hökmdarların mirasıdır.
İkincisi soruşdu:
- Ya Əli, elm daha üstündür, yoxsa mal?
- Elm daha önəmlidir, çünki elm sahibini qoruyur, malı isə sahibi qoruyur.
Üçüncüsü də eyni sualı verdi. Hz Əli bu dəfə dedi:
- Elm daha böyük ləyaqətdir. Çünki mal sahibinin düşmənləri çoxdur, elm sahibinin isə dostları.
Dördüncüsünün eyni sualına isə belə cavab verdi:
- Elm daha üstündür, çünki malı dağıtdıqca azalır, elmi dağıtdıqca çoxalır.
Beşinciyə cavabı belə oldu:
- Mal sahibinə " xəsis " deyərlər, elm sahibinə isə hörmətlə xitab edərlər.
Altıncıya cavab verdi:
- Malı qarətçilərdən qorumaq lazım gəlir, elmi isə qorumağa ehtiyac yoxdur.
Yeddinciyə:
- Mal qaldıqca qiyməti azalır, elm isə azalmaz.
Səkkizinciyə:
- Mal sahibi zəngin olması ilə öyünür, hətta ilahlıq davasına qalxır, elm sahibi isə heç vaxt belə bir iddiaya düşmür.
Doqquzuncuya:
- Mal qəlbi qaraldır, elm isə nurlandırır.
Onuncuya:
- Mal insanın təbiətini qatılaşdırır, elm isə yumşaqlığa, mərhəmətə yol açır.
Bu cavablardan sonra həmin müxalif dəstə Hz. Əliyə itaət etdi.
 

0 şərh