Hans Xristian Andersen barədə 10 fakt

Hans Xristian AndersenHəm uşaqlar, həm də elə böyük üçün məşhur nağıllar müəllifi olan Hans Xristian Andersen haqqında nə bilirik? Əlbəttə, çox şeyi bilir, yəqin bir o qədər şeyi də bilmirik. Elə isə başlayaq, hər bir halda bu dahi yazıçı barədə 10 faktı diqqətinizə çatdırırıq. Güman edirik ki, əvvəl eşidənlər də beyinlərini təzələmək baxımından yaxşı fürsət tapmış olacaqlar.
Uşaqlıq
Andersen (1805-1875) Danimarkanın Fions adalarındakı Odense şəhərində anadan olub. Babası ağac emalı işi ilə məşğul olan Anders Hanseni Odensedə hamı dəli sayırdı. Çünki qoca taxtadan yarı insan, yarı heyvan görüşünlü fiqurlar yonub hazırlayırdı. Bir qayda olaraq adamları qanadlı təsvir edirdi. Babasının bu xüsusiyyəti nəvəsinə də təsirini göstərirdi. Onun nağıllarında insanlar həm də qanadlı oldular. Əlbəttə, Hans emalatxanada işləmədi, məktəbdə təhsil aldı ki, təhsilinin yüksək səviyyədə olduğunu söyləmək mümkünsüzdür. Andersen ömrünün sonlarınadək yazılarında çoxsaylı səhvlərə yol verirdi.
Dostluq və prinsip
Danimarkada Andersenin kral mənşəli olduğuna dair əfsanə var. Bu onunla əlaqədardır ki, yazıçı öz tərcümeyi-halında uşaqlıq illərində şahzadə Fritslə oynadığını yazır. O Fritslə ki, sonradan VII Frederik adı ilə taxta çıxdı və bu adamın özəlliyi küçə uşaqları içərisində çoxsaylı dostunun olması idi.
Andersenin fantaziyasına görə, Fritslə dostluğu böyüyəndə də davam edib. Hətta kral ölənədək. Yazıçı yaxın qohumlardan savayı Fritslə dünyasını dəyişdikdən sonra vidalaşmağa buraxılmış tək-tük adamlardan biri olduğunu da qeyd edir.
Xəstəliyi və qorxusu
Andersenin boyu hündür idi. Bu xüsusiyyətinə rəğmən bədəndən cılız görünürdü. Xaraktercə isə çox dözülməz və həyəcanlı təsir bağışlayırdı. Bu adam qarət olunmaqdan, itdən, pasportunu itirməkdən, odda yanmaqdan qorxurdu. Özü ilə həmişə ip gəzdirirdi ki, yanğın baş versə, pəncərədən sallanıb düşsün… Ömrü boyu diş ağrısından əzab çəkib. Belə hesab edibmiş ki, ağzındakı dişləri yaradıcılığının tamlığından xəbər verir, onları çıxarmaq olmaz. Qorxduğu daha bir şey zəhərlənmək idi. Bir dəfə Danimarka uşaqları ona çoxlu sayda şokalad konfetləri göndərmişdilər. Konfetləri görən yazıçı dəhşətə gəlmiş və onların hamısını məhz qorxusundan paylamışdı.
Andersen və qadınlar
Hans Xristian Andersen qadınlarla münasibətlərə can atan adam olmayıb. Amma 1840-cı ildə Kopenhagendə Cenni Lind adlı qızla tanış olub. Gündəliyinin 20 sentyabr 1843-cü ilə aid qeydində isə yazır: «Mən sevirəm!» Deyilənə görə, yazıçı sevgilisinə nağıllar və şerlər həsr edirmiş. Amma maraqlıdır ki, qadına qardaş qismində müraciət ünvanlayırmış və hətta ona «övladım» da deyirmiş. Lakin həmin vaxt 40 yaşı olan Andersenin 26 yaşlı sevgisi sonradan ondan üz döndərir. Hər halda Lind 1852-ci ildə gənc pianoçu Otto Qolşmidə ərə gedir. Bildirilir ki, Andersen daha yaşlı və belə desək, ekstravaqant vaxtlarını «priton»larda keçirirmiş və orada işləyən qızlarla onlara əlini belə vurmadan söhbətləşirmiş.
Ən birinci nağılı
Bu günlərdə Danimarkada Andersenin indiyədək məlum olmayan «Böyük şam» nağılı tapılıb. Əlyazma bir tarixçi tərəfindən Odensedə arxiv materialları içərisindən aşkarlanıb. Mütəxəssislər sənədin həqiqiliyini təsdiqləyiblər və ehtimal edilir ki, bu nağılı yazıçı hələ məktəbdə təhsil aldığı vaxtlarda qələmə alıb.
«Qayçılanmış» tərcümə
SSRİ-də xarici müəllifləri çox zaman qısaldılmış və redaktə olunmuş variantda təqdim edirdilər. Andersenin nağılları da bu aqibəti yaşamışdı. Yazıçının yaradıcılıq məhsullarında Tanrı və Bibliya, ümumən dini mövzularla bağlı istənilən xatırlatma sovet senzorları tərəfindən «kəsilirdi». Uzun müddət belə hesab edilirdi ki, yazıçıda dini heç nə olmayıb. Məsələn, SSRİ zamanında insanlar Andersenin bir nağılını belə oxuyublar: «bu evdə hər şey var idi — xanımlar, cənablar…, amma evin yiyəsi yox idi». Orijinalda isə sonluq belədir: «…ancaq evdə Allah yox idi» Hamımızın böyük həvəslə cizgi filmini izlədiyi məşhur «Qar kraliça»da isə sən demə Gerda qorxu keçirdiyi anlarda Tanrıya dualar edirmiş ki, bundan nə sovet oxucusunun, nə də cizgi filminə tamaşa edən uşaqların xəbəri olub.
Puşkinin avtoqrafı
Andersen dahi Puşkinin avtoqrafının sahibinə çevrilməsi ilə öyünüb. Böyük rus yazıçısının müasiri olan Hans Puşkinin avtoqrafının əldə edilməsi üçün çox çalışıb və nəhayət buna nail olub. Andersen şairin şəxsi imzasının yer aldığı 1816-cı ilə aid «Elegiya»nı ömrünün axırınadək qoruyub. Hazırda həmin imzalı əsər Danimarka Kral Kitabxanasının mühüm kolleksiyalarından biridir. 
Andersenqrad
1980-ci ildə Rusiyanın Sankt-Perebruq şəhəri (o zamankı Leninqrad) yaxınlığındakı Sosnovıy Bor şəhərində Andersenqrad adlı oyun-əyləncə kompleksi açılıb. Bu hadisə yazıçının 175 illiyi ilə bağlı idi. Orta əsr Qərbi Avropa arxitekturası ilə hazırlanmış uşaq şəhərciyindəki müxtəlif elementlər Andersenin nağıllarından götürülüb. Şəhərciyin hər tərəfi uşaq magistral yolu ilə əhatələnib. 2008-ci ildə burada məşhur «Rusaloçka»ya heykəl qoyulub.
Uşaq kitabı günü
Hər il aprelin 2-də, yəni Andersenin anadan olduğu gün bütün dünyada Beynəlxalq uşaq kitabı günü kimi qeyd edilir. 1956-cı ildə Uşaq Kiabları üzrə Beynəlxalq Şura danimarkalı yazıçını müasir ədəbiyyatda ali beynəlxalq mükafat sayılan qızıl medala layiq görür. Bu medalla uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə yazıçılar, 1966-cı ildən sonra isə həm də rəssamlar mükafatlandırılır.
Tənha heykəl
Andersenin heykəli hələ sağlığında ucaldılıb. Maraqlıdır ki, müəllifi tanınmış sənətkar Oqyüst Sabye olan abidənin memarlıq layihəsini yazıçının özü təsdiqləyib. Əvvəlcə layihədə Andersenin kresloda oturuqlu halda, yanında uşaqlarla birgə təsviri yer almışdı. O bundan narazı qalmış və demişdi: «Bu əhatədə mən nəikni nağıl yaza, heç söz də deyə bilməzdim».
Hazırda paytaxt Kopenhagendəki əsas meydanda  Andersenin kresloda əyləşərək əlində kitab tutmuş tənha heykəli var. Tanıdığımız yerlərdən Rusiyanın paytaxtı Moskvada da tanınmış yazıçıya heykəl qoyulub.
 

0 şərh