Nüsrət Kərimovun essesi- "Hər kəs öz dünyasında fərqlidir..."

Fərqli… “Hər kəs öz dünyasında fərqlidir, hər kəs üçün...düşüncələr kimi...”
...istəyirəm. Elə xəyalları ki, gerçək olsun. Ən azından bunun üçün hər dəfə bir addım atdığımı düşünüm. Nə onları yaşadım, nə onlarla yaşayım. Çünki bütün xəyallar reallığa çatdığı zaman dəyişir. Təkcə sənin xəyalından başqa. Amma...

...sevirəm. Elə birini ki, nə təsvir etmək olar, nə təsəvvür etmək olar. Düşünüb xəyalını qurmaq belə çətindir. Bəzən düşünürəm ki, xoşbəxtliyin xəyalını qurmaq necə ola bilər? Biz hansı haqq ilə xoşbəxtliyi dar bir çərçivəyə salıb onun xəyalını qura bilərik!? Mən isə heç ağlıma belə gətirmədəm, addım atdım. Çünki sevmək üçün bir xəyala ehtiyacım belə yox idi. Təkcə sənin sevgindən başqa. Amma…

...görürəm. Elə təsviri ki, xınalarla çəkilib. Anlamı çox böyük, ifadəsi çox kiçik. Görüntüsü çox gözəl, zamanı çox az. Sonu tamamlanmayan bir sözlü cümlə kimi. Maraqlı qalsın deyə. Hər sözüm tamamlanmırdı. Çünki mənim cümləm belə yoxdur. Təkcə sənin sözlərindən başqa. Amma...

...eşidirəm. Elə musiqini ki, məhz səni ifadə etdiyi üçün. Musiqi bitsin, mənsə bir söz tapıb elə musiqidə ilişib qalım. Sonra vaxt tapan kimi, o musiqini tapıb, telefonuma yazım. Sevənlər kimi, bir musiqini yüz dəfə dinləyim. Sonra bunun heç təsiri olmadığını anlayım. Çünki mənim təsəllim belə yoxdur. Təkcə sənin səsindən başqa. Amma...

...dəyişirəm. Elə əqrəbi ki, saatı dayandırsın. Hər şey belə qalsın. Dəyişməyək, böyüməyək, itirməyək. Mənim ən sevdiyim kimi qal. Səni uzaqdan sevim. Bir addımlığında belə “Mən Səni Sevirəm” deməyim… Danışmayaq, küsülü qalaq… Çünki mənim danışmalı ifadəm belə yoxdur. Təkcə sənin gözlərindən başqa. Amma...

...danışıram. Elə insanlarla ki, məhz onları dinləmək üçün. Əslində, onlara mənim fikrim maraqlı da deyil. Heç mənim nə düşündüyümü də bilməzlər, bilsələr də öz düşüncələri qədər bilərlər. Hər suallarına bir cavab ola bilərəm, amma mənim onlardan heç bir sualım olmaz. Çünki mənim çoxlu dostum yoxdur. Təkcə sənin dostluğundan başqa. Amma...

...böyüyürəm. Elə anidən ki, zamanla ayaqlaşmaq üçün. 1+1=2 bərabərliyini özümlə daşıyıb, hələ də 1+1=1 bərabərsizliyinin olmayacağını düşünürəm. Hər yerdə bir məchul (x) ilə tənlik qurub doğru bərabərliyin cavabını tapmaq istədim. Alınmırdı. Çünki mənim məchulum belə yox idi. Təkcə sənin varlığından başqa. Amma...

… şükür edirəm. Tək Allaha ki, “Onun heç bir tayı – bərabəri bənzəri də yoxdur!” /Əl-İxlas 112, ayə 4./

P.S. Hər şey yaxşılığa doğru, hər kəs üçün...düşüncələr kimi

 

0 şərh