Yazıçıların Nobel nitqi

Yazıçıların Ədəbiyyat Üzrə Nobel mükafatını alarkən etdikləri çıxışlardan maraqlı parçalar.

Vilyam Folkner
 “Mən insanlığın sonunu qəbul etməkdən imtina edirəm. Təkcə sağ qaldığı üçün insanın əbədi olduğunu; qırmızı, ölüm ayağında  olan son axşam, sonuncu, gərəksiz istehkamdan ölümün son təbilinin  göylərə  ucaldığı, daha bir səsin  onun zəif, bitib-tükənmək bilməyən səsinin eşidiləcəyini demək çox asandır. Mən bunu qəbul etməkdən imtina edirəm. İnanıram ki, insan yalnız sağ qalmayacaq, həm də qələbə çalacaq. İnsan ölümsüzdür, ona görə yox ki,  bitib-tükənməz səsə sahib olan yeganə məxluq odur, ona görə ki, onun fədakarlığa, mərhəmətə və dözümə qadir ruhu var.” 

Qabriel Qarsia Markes
Ustadım Uilyam Folkner eynilə buna bənzəyən günlərin birində demişdi: “Mən insanlığın sonunu qəbul etməkdən imtina edirəm”. Folknerin 32 il bundan əvvəl qəbul etmək istəmədiyi bu böyük fəlakətin adi elmi ehtimalından başqa bir şey olmadığını bilsəydim, onun dayandığı bu yerdə dayanmağa layiq olmazdım. Utopiyanı xatırladan bu ağrılı reallıqla qarşılaşdıqda, biz – hər şeyə inanmağa hazır olan nağılçılar – hiss edirik ki, cavab utopiyası yaratmaq gec deyil. İnsanların hansı yolla öləcəyinin başqaları tərəfindən müəyyən edilmədiyi, sevginin həqiqət, xoşbəxtliyin mümkün olduğu, yüzillik tənhalığa məhkum olunanların, nəhayət, ikinci dəfə və həmişəlik şans qazandığı yeni və möhtəşəm həyat utopiyasını…


Knut Hamsun
Aramızda elə bir qoca adam yoxdur ki, öz gəncliyini xatırlamasın. Və biz qocalar kənara çəkilib yolu təmizləməliyik və bunu şərəflə etməliyik. Və mən bu halda nə etməli olduğumdan asılı olmayaraq, bu badəni İsveçin gəncliyi şərəfinə, həyatda mövcud olan bütün gəncliyin şərəfinə içirəm!”

Mario Varqas Lyosa
“Mən millətçiliyin hər bir formasına nifrət edirəm. Millətçilik intellektual imkanları azaldır, etnik və irqi ayrı-seçkiliyə yol açır. Dinlə yanaşı millətçilik iki dünya müharibəsi, ya Yaxın Şərqdə hələ də davam edən qırğınlar kimi tarixdə ən qanlı savaşlara səbəb olub.

Hər şeydən çox məhz millətçilik Latın Amerikasının “balkanlaşmasına” imkan yaratdı, mənasız vuruşmalarda qanlar tökülməsinə, çox böyük vəsaitlərin məktəblər, kitabxanalar, xəstəxanalar tikmək əvəzinə silah almağa xərclənməsinə səbəb oldu”.

Alber Kamyu
Yazıçının rolu adi insani borclardan ayrılmazdır. O, tarixi yaradanların qulu ola bilməz, əksinə, onlara dözənlərin xidmətində olmalıdır. Əks halda onu tənhalıq və sənətdən uzaqlaşmaq təhlükəsi gözləyir. Və hətta onlarla ayaqlaşmaq istəsə belə, milyonlarla döyüşçüsü olan istibdad ordusu onu tənhalıqdan qoparmaq gücündə deyil. Ancaq dünyanın harasındasa təhqirə və işgəncəyə məruz qalan, heç kimin tanımadığı bir dustağın susmağı yazıçını — azadlığın bəxş etdiyi imtiyazlar içində hər dəfə bu sükutu xatırlaya bilsə və onu öz sənəti sayəsində hamıya çatdıra bilsə — təklik əzabından qurtarmağa kifayət edər.



Çeslav Miloş
 “
Şairlər və onların oxucularını məkan ayıra bilər, amma aralarındakı mənəvi bağ qalacaqsa, bütün sərhədlər və arakəsmələr, öz təbiətlərinin necəliyindən asılı olmayaraq heç bir gücə malik olmur”.



Günter Qrass
“Mən kitabların tonqalda yandırıldığı ölkədə doğulmuşam. Bilirik ki, nifrət doğuran kitabları yandırmaq meyli hələ də (ya da bir daha) zamanın ruhunu əks etdirir. Lazım gəldikdə bu, televiziya ekranlarında da öz təzahürünü tapır və deməli tamaşaçı toplaya bilir. 

Ən pisi isə budur ki, hələ də bütün dünyada yazıçılar təqib olunur, ölümlə təhdid olunur, hətta öldürülürlər və dünya  bu sonsuz terrora artıq vərdiş edib. Düzdür, 1995-ci ildə Nigeriyada Ken Saro-Viva kimi bir yazıçı ölkəsinin radioaktiv maddələrlə çirkləndirilməsinə qarşı etiraz etdiyi üçün ardıcılları ilə birlikdə ölümə məhkum ediləndə dünyanın özünü azad adlandıran hissəsi hiddətini dilə gətirdi, amma çox keçmədən hər şey yenidən öz axarına düşdü, çünki ətraf mühitin mühafizəsi dünyanın bir nömrəli neft nəhəngi «Şell»in gəlirlərinin azalmasına səbəb ola bilər…”


Jan Pol Sartr (imtina etmə səbəblərindən)
“Siyasi, ictimai, yaxud mədəni sahədə müəyyən mövqe qazanmış hər hansı yazıçı yalnız özünəməxsus vasitələrin, yəni bədii sözün köməyi ilə fəaliyyət göstərməlidir. Hər hansı fərqlənmə nişanı onun oxucularını təzyiq altında saxlayır. Mənim üçünsə bu qəbuledilməzdir. “Jan Pol Sartr” imzası ilə “Nobel mükafatçısı Jan Pol Sartr” imzaları arasında fərq var”.

kulis.az 
 

0 şərh