Uşaqlarınıza yalnız ana südü verin!

Ana südünün faydaları ilə bağlı məlumat verən pediatr Vaqif Qarayev bildirir ki, doğuşun ilkin saatlarında, ilk 6 ayda və 2 yaşınadək ana südü verməklə dünyada 800 000 min uşağın həyatı xilas olunur: “Ana südünün tərkibindəki bioloji aktiv maddələr erkən yaşlı uşaqların ölümünə səbəb olan problemlərdən — pnevmoniya və diareyadan qoruyur. Döşlə əmizdirən analarda isə döş vəzisi və yumurtalıq xərçənginin yaranma ehtimalı azalır".

V.Qarayev deyir ki, nə qədər tərkibi zəngin süni qarışımlar hazırlansa da, bu, ana südünü əvəz edə bilməz. Ana südünün tərkibindəki inqredientlər uşağın immun sisteminin güclənməsinə kömək edir, xəstəliklərə, ətraf mühitə qarşı müqavimətini artırır. Xüsusilə uşağın doğulduğu saatlarda ilkin döşə qoyma anlayışı var. Bu zaman verilən südün tərkibi uşağın mədə-bağırsağına, immun sisteminə çox yaxşı təsir edir: «Bizdə, xüsusən, dövlət doğum evlərində şablon bir qayda qoyublar ki, uşaq 3 gündən sonra ana südü ilə qidalanmalıdır. Amma bu, qətiyyən belə deyil. İndi bütün dünyada belədir — əgər ananın vəziyyəti imkan verirsə, uşaq doğuşdan 2-3 saat sonra gərək ananın döşündən süd əmsin. Ana südü əmən uşaqların həm fiziki, həm də psixi inkişafı daha normal məcrada gedir. Uşağın ana ilə mənəvi psixoloji baxımlılıq yaranmasında döşlə qidalanmanın böyük əhəmiyyəti var”.

Ananın südü olsa da, həkimlər tərəfindən uşağa süni qidaların tövsiyə olunması məsələsinə də münasibət bildirən pediatr söylədi ki, belə halların mövcudluğu qətiyyən yolverilməzdir: “Ana südü ilə qidalanma ilə bağlı beynəlxalq bir təşkilat var. Onun göstərişinə əsasən, süni qidaların etiketində birinci bənd olaraq qeyd edilməlidir ki, ana südü faydalıdır. Yəni ana bilməlidir ki, əlində tutduğu süni qidadansa ana südü daha faydalıdır. Xüsusilə birinci doğuşdan sonra anada süd az ola bilir. Amma bu o demək deyil ki, anada heç vaxt süd olmayacaq və dərhal onu süni qidaya keçirmək lazımdır. Körpə döşü əmdikcə ananın südü də tədricən gələcək. O zaman körpəyə süni qida vermək olar ki, hansısa tibbi göstərişlər olsun. Məsələn, anada açıq vərəm varsa, təbabət əmizdirməni qadağan edir. Təəssüf ki, bir çox doğum evlərində təzə doğulan körpəni süni qidaya keçirirlər. Mənə tez-tez zəng vururlar ki, həkim, hansı süni qida yaxşıdır? Ondan soruşduqda deyir, mənim südüm var, amma doğum evində dedilər ki, uşağa filan qidanı verərsiniz. Deyirəm ki, ana südü yoxdursa, həmin qidalardan hansını verirsinizsə, heç bir problem yoxdur. Çünki hər halda uşaq ac qalmamalıdır”.

V.Qarayev gənc analara öz körpələrinə ana südü verməyi tövsiyə etdi: “Heç kim sizə zorla süni qarışıqları təbliğ edə bilməz! Əgər südünüz azdırsa belə, mütləq uşağı döşlə əmizdirin. Saatla əmizdirməyin, uşaq nə vaxt və nə qədər istəsə, o qədər döş verin”.

ailem.az
 

0 şərh