Operasiyaya bilavasitə hazırlıq

Operasiyaya bilavasitə hazırlıq bir gün qalmış və operasiya günü aparılır. Xəstə vanna qəbul edir, onun yataqağılarını və alt paltarını dəyişirlər. Operasiya günü operasiya sahəsinin və onun ətrafındakı böyük bir nahiyəni (qarın boşluğunda operasiya aparılacaqsa qasığı, qasıq dəbəliyində - aralığı, budu və s.) ülgüclə qırxırlar. Xətərsiz və xətərli ülgücdən istifadə etməyi xəstəxananın dəlləyindən öyrənmək lazımdır. Operasiyaya bir gün qalmış ülgücləmək lazım deyil, çünki bir günə tüklər çıxır, xırda sıyrıntılara isə infeksiya düşə bilər. Ülgücləməmişdən əvvəl dərini dezinfeksiyaedici məhlulla silir və qurumağa qoyur, qırxandan sonra isə spirtlə silirlər. Operasiyanı acqarına aparırlar. Səhər xəstənin diş protezlərini çıxarır, tənzifə büküb tumboçkaya qoyurlar. Başına papaq geydirir, yaxud yaylıq bağlayırlar (qadınların saçları uzunsa, hörürlər). Sidik kisəsi mütləq boşalmalıdır. Premedikasiya apardıqdan sonra xəstəni tibb bacısının müşayiəti ilə təkərli stola uzadıb operasiya otağına aparırlar. Xəstə qadının dodağında boya varsa onu, dırnaqlarından lakı silmək (xəstəni müşahidə etməyə mane olur), saçlarını yaylığın altına salmaq lazımdır. Xəstəni təkərli stolla birlikdə ya operasiya otağının işçilərinə təhvil verir, ya da onu operasiya stoluna köçürməyə kömək edirlər.
Təcili operasiyalarahazırlıq işlərini mümkün qədər azaltmağa məcbur edir, bu vaxt ancaq zəruri sanitariya təmizliyi aparılır (bəzən bədənin ancaq çirklənmiş yeri yuyulur), operasiya sahəsi dezinfeksiya edilir və ülgüclənir. Qan qrupunu, rezus-amili, temperaturu tez ölçmək lazımdır. Mədə möhtəviyyatını çıxarır, bəzən xəstəyə imalə qoyurlar. Göstəriş varsa venaya dərhal dərman vurur və xəstəni sistem işləyə-işləyə operasiya otağına aparırlar: burada isə lazımi əməliyyatları anesteziya və operasiya vaxtı davam etdirirlər.
Yaşlı və qoca adamların operasiyaya hazırlanması. Yaşlı adamlar operasiyanı ağır keçirirlər, bəzi dərman maddələrinə son dərəcə həssas olur, yaşla və yanaşı gedən xəstəliklərlə əlaqədar olaraq baş verən müxtəlif cür ağırlaşmalara meylli olurlar. Bu cür xəstələr bədbin, özünə qapanmış olur, tez inciyirlər. Onların şikayətlərinə qulaq asmaq, xeyirxah və hövsələli olmaq, təyinatları vaxtlı vaxtında yerinə yetirmək onları sakitləşdirir, operasiyanın salamat qurtaracağına onlarda inam yaradır. Tənəffüs gimnastikasının xüsusi əhəmiyyəti vardır. Bağırsaqların peristaltikasının zəifliyi və bununla əlaqədar olaraq qəbizlik olduğu üçün müvafiq pəhriz, işlətmə dərmanları təyin etmək lazımdır. Yaşlı kişilərdə çox vaxt prostat vəzinin hipertrofiyası (adenoma) olur və bunun nəticəsində sidik ifrazı çətinləşir, buna görə də göstəriş olduqda sidiyi kateterlə çıxarırlar. Onlarda istilik tənzimi zəif olduğu üçün ilıq duş təyin etməli, vannada suyun temperaturu 37°- dən yüksək olmamalıdır. Vannadan sonra xəstəni yaxşı qurulayır və isti geyindirirlər (üstünü örtürlər). Yaşlı xəstələri vannada tək qoymaq olmaz (ürəkgetmə, kollaps ola bilər!). Gecə ¾ - ½ doza barbituratlar qrupundan yuxu dərmanı, əlavə olaraq sakitləşdirici və antihistamin preparatları (bromidlər, dimedrol) verirlər. Premedikasiya aparanda tənəffüs mərkəzini zəiflədən morfini pantopon və ya promedolla əvəz edirlər.
Uşaqlari operasiyaya hazirlamaq. Böyüklərdə olduğu kimi, uşaqlarda da operasiyaya hazırlıq cərrahi müdaxilə üçün ən yaxşı şərait yaratmaqdan ibarətdir, lakin bu vaxt ortaya çıxan konkret vəzifələrin və bunların həll edilməsi üsullarının müəyyən xüsusiyyətləri vardır, uşaq kiçik olduqca bu xüsusiyyətlər daha kəskin şəkildə olur. Operasiya hazırlığın xarakteri və onun müddəti bir sıra amillərdən: uşağın yaşından, xəstəlik anından (anadan olandan) nə qədər vaxt keçməsindən, yanaşı xəstəliklərin, ağırlaşmaların və s. olub - olmamasından asılıdır. Həmçinin patologiyanın növü və operasiyanın planlı, yaxud təcili olması da nəzərə alınır. Bu tədbirlərin bir qismi başqa operasiyalarda olduğu kimidir, başqa bir qismi isə ancaq müəyyən operasiyalarda və
müəyyən şəraitdə tətbiq oluna bilər. Tibb bacısı uşağı operasiyaya hazırlamaq üçün yaş xüsusiyyətlərini yaxşı bilməli və həkimin təyinatlarını səriştə ilə yerinə yetirməlidir.
Yeni doğulmuş və südəmər uşaqları çox vaxt daxili üzvlərin inkişaf qüsurları ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz hallarda operasiya edirlər. Operasiyaqabağı hazırlığın əsas vəzifəsi tənəffüs çatışmamazlığının, bədənin soyumasının, qanın laxtalanma qabiliyyətinin və su-duz tarazlığının pozulmasının qarşısını almaq, habelə belə halları aradan götürməkdir.
Tənəffüs çatışmamazlığının profilaktikası və onunla mübarizə hələ doğum evində başlayır. Tənəffüs çatışmamazlığının səbəbləri çox müxtəlifdir (doğum travması, diafraqma və ağciyərlər inkişaf qüsurları, qusuntu kütlələrinin nəfəs yolunu tutması, pnevmoniya və s.-dir). Tibb bacısı diaqnoz qoyulana qədər və sonra həkimin göstərişi ilə diqqətini uşağın qusuntu kütlələri və selikli boğulmasının qarşısını almağa yönəldir. Uşağı ağızdan yedizdirməyi dayandırırlar. Uşaq gəyirdikdə və qusduqda mədəyə rezin kateter salıb möhtəviyyatı çıxarırlar. Bağırsaqların parezində düzbağırsağa qazçıxaran boru salırlar. Burun-udlağın seliyini kateterlə çəkib çıxarır, yaxud yumşaq tamponla tez-tez təmizləyirlər.
Aspirasiya mənşəli pnevmoniyada həkim yuxarı tənəffüs yollarını traxeobronxoskopiya və ya birbaşa larinqoskopiya aparıb qusuntu kütlələrindən təmizləyir. Bütün bunlarla yanaşı uşağa nəm oksigen, antibakterial və iltihaba qarşı da müalicə aparır, ürək-damar sisteminin işinə kömək edən dərmanlar da təyin edirlər. Yeni atelektazlar əmələ gəlməməsi və tənəffüsün çətinləşməməsi üçün tibb bacısı çarpayıda və ya küvezdə uşağın vəziyyətini tez-tez dəyişməlidir.
Uşağın xəstəxanaya qoyulduğu andan soyuqdan qorunması tibb bacısının daim diqqət mərkəzində olur. Yeni doğulmuş uşağın bədəni istiliyi yaxşı tənzim edə bilmədiyi üçün uşaq yolda üşüyə bilər. Buna görə də cərrahiyyə şöbəsində uşağı dərhal küvez-inkubatora qoymaq məsləhətdir, vaxtında doğulmuş uşaqlar üçün burada temperatur 28 - 30° C, vaxtından əvvəl doğulmuş uşaqlar üçün isə 30 - 32° C olur. Xəstə uşağı bilavasitə operasiya otağına göndərəndə onun qıçlarını sırıqlı adyala, yaxud flanel əskilərə bələyirlər. Vaxtından tez doğulmuş uşaqların üşüməsi xüsusilə qorxuludur.
Hemorragik sindromun profilaktikası yeni doğulan uşağın operasiyaya hazırlanmasında çox mühüm mərhələdir, belə ki, uşaq anadan olandan sonra 2 - 5-ci gün qanın laxtalanma qabiliyyəti azaldır. Bunu qaydaya salmaq üçün K vitamini (vikasol) təyin edirlər.
Su-duz mübadiləsinin pozulması ilə mübarizə bunun ağırlıq dərəcəsinə uyğun olaraq aparılır. Bədən çəkisinin neçə faiz azalmasında və klinik mənzərədən asılı olaraq 3 dərəcəli su itirmə ayırd edilir: I dərəcəli - az su itirmə. Bu vaxt bədən çəkisinin itkisi əvvəlki çəkinin 5 %- ni təşkil edir; II dərəcəli - orta dərəcədə su itirmə, bu vaxt bədən çəkisinin itkisi 5 -10 % təşkil edir, dəri örtükləri və selikli qişalar quru olur, diurez azalır. Bədənin temperaturu azca qalxmış olur; III dərəcəli - çox su itirmə, bədən çəkisinin itkisi 10 % -dən çox olur. Dəri elastikliyini itirir, turqor çox azalır, hipertermiya, taxikardiya əmələ gəlir, arterial təzyiq aşağı olur. I dərəcəli su itirmə mütləq operasiyadan qabaq hazırlıq aparmaq lazımdır, yoxsa şok əmələ gələ bilər.
Su-duz mübadiləsini düzəltmək üçün venaya məhlul vurulur. Tibb bacısı vurulan mayenin miqdarına və tərkibinə ciddi nəzarət etməli və bu barədə həkimin verdiyi göstərişlərə ciddi riayət etməlidir, çünki həm mayenin kifayət qədər vurulmaması, həm də həddindən artıq vurulması eyni dərəcədə qorxuludur.

Nisbətən böyük uşaqları
həm planlı surətdə, həm də təcili göstərişlər olduqda operasiya edirlər. Birinci halda mükəmməl klinik müayinə aparırlar. Balaca uşağı operasiyaya psixoloji cəhətdən hazırlamağaxüsusi fikir verilməlidir. Uşaqlar çox vaxt operasiya qabağı həyəcan keçirir. Qorxurlar. Bəzən gözlənilmədən keçirilən tibb əməliyyatları zamanı uşaq əsəb sarsıntısı keçirir, buna görə də həmişə uşağa həmin əməliyyatın xarakterini izah etmək lazımdır. Uşağı qorxudan sözlər və ifadələr işlətməmək, onun üstünə qışqırmamaq lazımdır, əksinə onunla çox mehriban və təmkinlə rəftar etməli. Belə olmazsa, tibb bacısı uşağın etimadını qazanmağa, onu sakitləşdirməyə çalışan həkimin bütün səylərini puç edə bilər.
Operasiyanın salamat qurtarması və operasiyadan sonrakı dövrün normal gedişi üçün uşağı psixoloji cəhətdən hazırlamağın böyük əhəmiyyəti vardır. Həmçinin unutmamalı ki, balaca xəstənin psixoloji cəhətdən hazırlanmasında tibb işçilərinin buraxdığı qüsurlar emosional pozğunluqlara, uşağın xarakterinin düzgün formalaşmamasına səbəb olur.
Plan üzrə aparılacaq operasiyaya hazırlaşma prosesində anemiyanı və xroniki qidalanma pozğunluqlarını aradan qaldırmağın mühüm əhəmiyyəti vardır. Müalicə tədbirləri kompleksinə səmərəli pəhriz, dəmir preparatları, vitaminlər, qan və plazma köçürmək daxildir. Müalicənin səmərəsini həm hemoqlobinin qalxması, həm də bədən çəkisinin artması göstərir.
Bilavasitə operasiya qabağı, daha doğrusu bir gün əvvəl uşağa gigiyenik vanna qəbul etdirir, gecəyə sakitləşdirici dərmanlar təyin edirlər. Uşaq axırıncı axşam yeməyini yeyir, gecə təmizləyici imalə edirlər.
Operasiyaya 30-40 dəqiqə qalmış promedol və atropinlə premedikasiya aparırlar. Uşağı operasiya otağına ya təkərli stolda, ya də qucaqda gətirirlər.
Təcili operasiyalarda böyüklərdə olduğu kimi uşağı operasiyaya hazırlamaq üçün ən zəruri analizləri və tədbirləri aparırlar.
Uşaqları operasiyaya hazırlamağın ayrıca məsələləri.
Döş qəfəsi üzvlərində aparılacaq operasiyadan qabaq, o cümlədən ağciyərlərin xroniki qeyri-spesifik iltihab xəstəlikləri münasibətilə aparılacaq operasiyaya hazırlıq bir sıra işlərdən ibarətdir, bunlardan məqsəd xarici tənəffüs aparatını məşq etmək, bronx ağacını təmizləmək və irin intoksikasiyası ilə mübarizə aparmaqdır.
Xarici tənəffüs aparatının məşqi müalicə gimnastikası, masaj, gəzinti və açıq havada keçirilən idman oyunlarından ibarətdir; uşaqlara dərindən nəfəs almağı, ağciyərin sağlam şöbələrinin ventilyasiyasını gücləndirən hərəkətləri öyrədirlər. İxtisaslaşmış müalicə müəssisələrində bunun üçün xüsusi təlim keçmiş metodist olur; lakin həmin kompleksin ayrı-ayrı elementlərini palata tibb bacısı da apara bilir.
Bronx ağacını təmizləmək və irin intoksikasiyasını aradan götürmək üçün bəlğəmin daha yaxşı çıxmasına şərait yaradır, bəlğəmgətirici dərmanlar verir, bəlğəmi yumşaldan fermentlər vururlar. Bəlğəmi çəkib çıxarmaq və antibiotiklər vurmaq üçün narkoz altında bronxoskopiya aparırlar; həmçinin bronx ağacına antibiotikləri aerozol inhalyasiyası şəklində də yeridirlər, balaca uşaqlar üçün bu, çox münasibdir. İnhalyasiyanı gündə 1 - 2 dəfə, hər gün 15-20 dəqiqə aparırlar. Antibiotiklərdən başqa fermentlərin (tripsin, ximopsin), 2 %-li soda məhlulunun aerozollarından da istifadə edirlər.

Qarın boşluğu üzvlərində aparılacaq operasiyadan qabaq operasiyaya hazırlıq işlərinə xəstənin ümumi vəziyyətini möhkəmlətməkdən başqa, bağırsaqların parezinin və operasiyadan sonrakı dövrdə bağırsaq anastomozlarının qarşısını almaq üçün görülən tədbirlər aiddir. Həzm yolunun keçməməzliyində mədənin təmizlənməsinin (əmizdirmənin kəsilməsi, mədə zondu salınması), habelə yoğun bağırsaqda operasiya aparmaq üçün onun nəcis kütlələrindən təmizlənməsinin xüsusi əhəmiyyəti vardır. Məsələn, Girşprunq xəstəliyində, dolixosiqmada, yoğun bağırsağın ikiləşməsində, bağırsaqları operasiyaya 2-3 gün qalmış hazırlayırlar. Yüngül pəhriz (bulyon, kefir, kisel) təyin edir, hər gün təmizləyici imalə (göstəriş olduqda sifon imaləsi) qoyurlar. Profilaktika məqsədilə bağırsaq florasını azaltmaq üçün daxilə antibiotiklər təyin edirlər.
Sidik sistemi üzvlərində aparılacaq operasiyadan qabaq böyrək çatışmamazlığı əlamətləri olan xəstələrdə turşu, qələvi, elektrolit və zülal tarazlığını qaydaya salır (qan köçürür, elektrolit, natrium hidrokarbonat, qlükoza və s. vururlar), sidik yollarında fəal iltihab prosesi olduqda antibakterial müalicə kursu keçirirlər.
Fistul qoyulmuş və sidiyini saxlaya bilməyən uşaqlara hər gün axşam, yaxud gündüz «istirahət saatında» gigiyenik vanna edir, onun altını gündə bir neçə dəfə ilıq kalium-permanqanat məhlulu ilə yuyurlar. Dərini sidik qıcıqlandırdıqda fistulun ətrafına və aralığın dərisinə kvars lampası salır, sink pastası və ya Lasser pastası sürtürlər.
Sidik axarını və ya sidik kisəsini bağırsaq seqmenti ilə əvəz etmək, habelə sidik axarını yoğun bağırsağa köçürmək üçün xəstəni operasiyaya hazırladıqda bağırsaq qurdu yumurtalarına görə nəcisi analiz edir və qurd yumurtalarına görə anusun ətrafından material qaşıyıb götürürlər. Operasiyaya 5-7 gün qalmış bağırsaq florasını öldürmək, habelə pielonefrit əmələ gəlməməsi üçün antibiotiklər təyin edirlər.

 

0 şərh