Allahı qatil edənlər -VII hissə

   Yenə qovluğu qapadı. Tağım yoldaşlarının dedikləri ilə qovluqda toplanmış sənədlərdəki ifadələrin bu qədər fərqlənməsi, Polkovnikin belə bir dəhşətli faciəyə həddindən artıq soyuqqanlı yanaşması, yuxarıların ondan işi tezliklə bağlayıb geri qayıtmasını tələb etməsi, Qərargah Rəisinin söhbətlərig
   
   … Yox, bu əsgər heç bir səbəb olmadan boşuna belə bir cinayətə əl ata bilməzdi.
   
   Yenidən tağım yoldaşlarını və bütün şahidləri dindirmək qərarına gəldi.
   
   Qərargah Rəisinin dediyi kimi elə bil bütün şahidlər bir-birinin ağzına tüpürmüşdülər.
   
    — Mən postdan qayıdıb silahı təhvil verdim. Akademik isə silah təhvil götürüb posta gedirdi. Birdən bayırda atəş səsləri eşidildi. Dərhal çölə qaçdım. Qapının ağzında Batalyon Komandiri ilə üç əsgər qanın içindəydilər. Akademikin gözləri hədəqəsindən çıxmışdı. Bir də onu gördüm ki, avtomatı sinəsinə dayayıb atdı…
   
    — Mən postdan qayıdırdım, Batalyon Komandiri ilə üç əsgər dayanmışdı. Akademik əlində silah çıxdı, gördüm ki, qəflətən onları gülləyə tutdu, sonra da...
   
    — Bir də gördüm ki...
   
    — ...Uşaqları öldürəndən sonra özünü vurdu.
   
   O şahidlərə nə qədər məntiqi suallar verib bircə kəlmə artıq söz qoparmaq istəsə də, bu tutuquşular elə əzbərlədiklərini təkrarlayırdılar. Çoxillik təcrübəsindən bilirdi ki, yalnız öyrədilmiş yalançı şahidlər ifadələrini belə əzbərləyirlər.
   
    — Bəs Akademikin döyülməsi, özü də bir neçə dəfə döyülüb, bu haqda nə deyə bilərsiz?
   
    — Nə vaxt döyüblər? Eşitməmişəm.
   
    — Bəs xəstəxanaya niyə düşmüşdü?
   
   -...Hə, onu deyirsiz, təlim vaxtı kəndirlə dırmaşanda yıxılmışdı, başı-gözü yaralanmışdı.
   
    — ...Böyük hərbi hissədi. Düzdü hərdən dava düşür. Amma Akademikin döyüldüyünü eşitməmişəm.
   
    — ...Vallah, nə bilim, qabağından yeməyən oğlan idi, bəlkə dalaşıb, amma mənim xəbərim yoxdu.
   
   Müstəntiq:
   
    — Hadisədən üç gün əvvəl onu döyüblərmiş, təhqir ediblərmiş, özü də öldürdüyü əsgərlər, bu düzdü?
   
    — ...Mən postda olmuşam, eşitməmişəm.
   
    — Bu boyda hadisəni eşitməmisən?
   
    — Yoldaş müstəntiq, siz məni istintaq edirsiz? Deyirəm eşitməmişəm də!
   
    — Qulaq as əsgər, indi bu cinayətin üstü açılmasa, cinayətkarlar cəzasını almasa, sabah bu faciə sənin də başına gələ bilər axı.
   
    — Yoldaş müstəntiq, elə ona görə də deyirəm ki, eşitməmişəm də. Əmrimə cəmi üç ay qalıb.
   
    — Elə bu hadisədən əvvəl özünü güllələyən əsgərin də əmrinə otuz bir gün qalmışdı.
   
   Əsgər əlini atıb stolun üstəki maqnitafonu söndürdü:
   
    — İndi nə istəyrsiz?! İstəyirsiz ki, tualetdə məni də özümü asmış halda tapsınlar? Ya da özümü vurum ki, sevdiyim qız başqasına nişanlanıb?!
   
   Müstəntiq:
   
    — Sən gəl həqiqəti de!
   
    — Akademik də həqiqəti deyirdi.
   
    — Deməli, Akademikin silaha əl atmasının səbəbləri vardı?
   
    — Müstəntiqsiz də, araşdırın, tapın. 
   
    — Axı nə sən, nə də sənin yoldaşların həqiqəti demirsə, mən həqiqəti necə ortaya çıxarım?
   
    — Dedim də, müstəntiq sizsiz, mən deyiləm ki!
   
   Müstəntiq:
   
    — Döyüş meydanında yoldaşlarını qoyub qaçan əsgərə nə deyirlər?
   
    — Rəsmi dildə fərari, loru dildə desək, qeyrətsiz.
   
    — Bəs indi sənin hərəkətinə nə ad vermək olar? 
   
   Əsgər tutuldu, sonra stolun üstəki siqaretə baxdı: 
   
    — Yoldaş müstəntiq, olar siqaretinizdən birini götürüm?
   
   Müstəntiq siqareti ona tərəf itələdi:
   
    — Buyur.
   
   Əsgər bir siqaret yandırdı və tüstünü elə acgözlüklə sinəsinə çəkdi ki, sanki sonuncu siqareti çəkirdi:
   
    — Yoldaş müstəntiq, mən nə fərariyəm, nə də qeyrətsiz. O biri yoldaşlarımız da mənim kimi. Amma bizim dediklərimiz nə dəyişəcək ki?! O əsgərlərin də niyə intihar etdiyini, hamı, işi aparan müstəntiqlər də bilirdi, nə dəyişdi ki, indi də nə dəyişə?! Ölənlər diriləcək ki?!
   
   Əsgər kövrəldi, Müstəntiq hiss elədi ki, istədiyinə nail olub:
   
    — Ölənlər dirilməyəcək, amma onların ölümünə səbəb olanlar cəzalarını alacaq. Gərək onlar cəzalansınlar ki, bir də belə hadisələr baş verməsin, analarımız ağlamasın. De görüm ifadə verməyə hazırsan?
   
   Əsgər siqareti külqabına basıb söndürdü, özünü düzəltdi, əlini bir saçına çəkdi:
   
    — Hazıram! — dedi və özu stolun üstəki maqnitafonun düyməsini basdı. 
   
   
   
   ***
   
   Eyvanda nə oturmaq mümkün idi, nə də Allahın bir stəkan çayını içmək, qızın gözləri ilişib qalırdı qəbiristanlıqda hələ torpağı qurumamış məzarda. 
   
   Çayın ikiyə böldüyü kəndin düz ortasında salınmış qəbiristanlıq və bu qəbiristanlıqdakı o məzar eyvandan əl içi kimi görünürdü. 
   
   
   
   Məzarı düz onların eyvanının qənşərində qazanda anası gileylənmişdi:
   
    — Bu uşağı niyə gətirib bizim gözümüzün qabağında basdırdılar?
   
   Əslində bizim deyəndə, qızını nəzərdə tuturdu.
   
   Bunu xanımının sözlərindən sonra qızının hər an məzarı görərkən hansı hissləri keçirdiyini ata da yaşadı və eyvandakı stolu yendirdi həyətdəki ağacların birinin altına. 
   
   Elə ki, anası gecə duyuq düşürdü ki, qız eyvana çıxıb, azacıq gözləyib sakitcə çıxırdı bayıra və heç nə olmamış kimi:
   
    — Qızım, burda niyə durmusan?
   
    — Heç, havamı dəyişirəm.
   
    — Gəl yat, bala, soyuq olar.
   
   Tam əmin olanda ki, atası da, anası da möhkəm yatıb düşərdi qəbiristanlığa.
   
   Qapıdan çıxanda həmişəki kimi yenə çevrilib bir neçə anlıq divardan asılmış tüfəngə baxdı...
   
   Özündən asılı olmayaraq hər dəfə də çıxanda divardan asılmış tüfəngə baxırdı. Ona elə gəlirdi ki, tüfəng də ona baxır...Evdə heç kim olmayanda hərdən tüfəngi götürür, silib təmizləyirdi. Sonra yerindən asırdı...Tüfəng də yavaş-yavaş ona isnişirdi.
   
   Qəbirstanlığın halva iyinə oxşar özünəməxsus qəribə bir havası və bu havanın da çox qəribə bir ağırlığı var. Qəbiristanlığa ayaq basan kimi də havanın bu ağırlığını çiynində hiss edirsən, elə bil səni əzir.
   
   
   
   Gecələr bu daha vahiməli olur. Sanki ölülər yatdıqları yerdən qalxıb səni yaxalayacaqlar və özləri ilə götürüb aparacaqlar hələ heç kəsin qayıtmadığı zülmətə.
   
   İnsan atasının, anasının, əzizlərinin uyuduğu bir məkandan niyə bu qədər qorxub ürpənirdi, bunu heç nəinki filosoflar, heç şairlər də aça bilmirdilər.
   
   
   
   O da ən doğma, ən əziz, ona şahdamarındakı Tanrıdan da yaxın olan bir insan bu qəbirstanlıqda torpağa tapşırılanadək burdan keçəndə qorxardı, nəinki gecələr bu tərəflərdən keçməyə ürək eləməzdi, hətta eyvana çıxanda çalışardı ki, o səmtə baxmasın.
   
   Amma indi gecələr ata-anasından oğurlanıb bu məzarların arasından keçib həsrətlə gözlədiyi məktubları poçtdan götürməyə gedəndə necə ürəyi çırpınırdısa, eləcə ürəyi çırpına-çırpına gedirdi onun üçün pirə çevrilmiş bu qəbrin üstünə, heç ürpənib eləmirdi də.
   
   Bir obada doğulsalar, bir məktəbdə oxusalar da, az qala hər gün məktublaşsalar da heç vaxt indiki qədər yaxın olmamışdılar, indiki qədər doyunca söhbət eləməmişdilər, sevişməmişdilər. Kənd yeriydi, özü də qeybətdən ötəri ölən bir kənd yeri, bircə dəfə xəlvətcə görüşüb dərdləşsəydilər nəinki arvadların, heç arvad yosun kişilərin də ağzını bağlamaq olmazdı. Ürəklərindən keçənləri gizlin baxışlarla, bir də məktubla bir-birlərinə çatdıra bilirdilər.
   
   
   
   Bəlkə də internet əsri başlayandan nəhəngliyini itirib nənəsinin ona cehizlik xalça toxuduğu yumaqlardan birinə çevrilmiş bu bapbalaca dünyada yeganə adamlar idilər ki, məktublaşırdılar. Cib telefonları, bilgisayarlar çıxandan sonra heç kim, heç kimə məktub yazmırdı.
   
   Hərə qoyundan-keçidən satıb cibində bir telefon gəzdirəndən day kənddə heç poçtalyon da yox idi. Nə qəzet-jurnal abunəçisi vardı, nə məktublaşan, poçtalyon nəyə lazım idi ki!
   
   Məktəbdə Süleyman Rüstəmin «Ana və poçtalyon» şerini keçəndə uşaqlar müəllimdən soruşmuşdu:
   
    — Müəllim, poçtalyon nədi?
   
   Prezidentin tapşırığı ilə cəbhə bölgələrində yerləşən kəndlərdə yeni, ən müasir poçt-telefon qovşaqlarının tikintilərinə başlayanda Rabitə Naziri şəxsən özü gəlmişdi kəndə, yanında da icra başçısı, rəis, prokuror.
   
   Kənd eyni vaxtda birdən-birə bu qədər hörmətli, vəzifəli şəxs görməmişdi. Yeni poçt və ATS-in təməlini qoymuşdular. Forsu göz çıxardan, prezident olma yan yerdə az qala özünü prezident kimi aparan nazir də bir bəlağətli çıxış eləmişdi.
   
   Məktəbin direktoru da söz alıb demişdi:
   
    — Yoldaş nazir, bu qədər pulu niyə çölə tökürsüz, hərənin cibində bir telefon var, ondansa o pula bu məktəbi təmir eləyin. Bir də görəcəklər biz müəllimlər cəhənnəm, uçdu uşaqların başına.
   
   İcra başçısı da ona necə gözünü ağartmışdısa, direktor bir həftə sonra ərizə yazıb vəzifədən çıxmışdı. 
   
   Rabitə Naziri də pərt olmamışdı, zarafata salmışdı:
   
    — Mənim vəzifəm poçt tikməkdi. Qoy sizin nazir də gəlib məktəb tiksin. 
   
   İndi kənddə adama gəl-gəl deyən yaraşıqlı bir poçt vardı, orda da bir qız oturub işıq pulu, qaz pulu yığırdı, bir də Rusiyadan göndərilən pulları gedib ondan alırdılar. Əvvəllər pensiyanı da ondan alardılar, bir-iki manat da xeyri olardı. Sonra keçdilər karta. İndi pensiyaçılar o qıza verdiklərindən üç-dörd dəfə çox avtobus sürücülərinə verib gedirlər otuz-otuz beş kilometrlikdəki şəhərdəki bankomata və çox vaxt da əliboş, söyə-söyə qayıdırlar. 
   
   O da məktubun olub-olmadığını poçtdan xəbər tuturdu.
   
   Sonuncu məktubu da hadisədən bir həftə əvvəl məktəb direktorunun başını yemiş bu poçtdan götürmüşdü. Və bəlkə də yüz dəfə oxumuşdu. Hər dəfə məktubu oxuyanda elə bilirdi üzbəüz oturub söhbət edirlər.
   
   Özünün yazdığı sonuncu məktubu isə göndərməyə macal tapmamışdı, daha doğrusu ANS-in axşam doqquzdakı xəbərlərdən birinin bu kənddə bomba partlaması məktubun sabah göndərilməsinə mane olmuşdu.
   
   Və belə xəlvəti gecələrin birində də həmin sonuncu məktubu qəbrin üstə oxumuşdu. Təbii ki, məzardan heç bir cavab gəlməmişdi. Və bilirdi ki, heç vaxt da bu sonuncu məktubuna cavab almayacaq. Cavab gözləməsə də oxuyub ürəyini boşaldırdı və bir az yüngülləşirdi. 
   
   
   

  Dayanmışdı beş-on gün əvvəl qazılmasına baxmayaraq, yan-yörəsindəki yüz ilin qəbirlərindən yalnız hələ torpağının qurumaması ilə fərqlənən 
   
   məzarın önündə, indi onunla ən doğma adamın arasında cəmi bircə addımlıq məsafə vardı.
   
   Bircə addımlıq. Amma bu bircə addımlıq məsafə min işıq ili qədər onları bir-birindən uzaq saxlayırdı və dünya yaranandan kimsə bu bircə addımlıq məsafəni keçə bilməmişdi.
   
   Hər məktubunun sonunda yazırdı ki, sənsiz yaşaya bilmirəm. Hə, demə bunların hamısı sözdən başqa bir şey deyilmiş. Yaşayırdı! Yeyirdi, içirdi, televizora baxırdı, hər səhər işə gedirdi.
   
   Hərçənd ki, onun işlədiyi kitabxananın qapısını çoxdan idi açan yox idi. İnsan nəfəsi dəymədiyindən divarlar qocalmışdı, üz-gözlərini qırış basmışdı. Amma o, kitabları qocalmağa, kif basmağa qoymurdu. Bir neçə dəfə xahiş eləmişdi ki, buraları təmir edib bir abıra salsınlar. Amma xeyri olmamışdı. Görmüşdü yuxarılardan bir şey çıxmır, atasına yalvarmışdı ki, kitabxanaya bir əl gəzdirtsin.
   
   Atası:
   
    — Kitabxana hökumətindi, hökumətin də canı çıxsın kitabxanasın təmir eləsin, mən heç öz evimi ağarda bilmirəm.
   
   Axırda görmüşdü qızı əl çəkmir, demişdi:
   
    — Yaxşı, ağlayıb zəhləmi tökmə, bir şey fikirləşərəm.
   
   Və atası hələ fikirləşirdi. 
   
   Kitabxanadakı bütün kitabları kənddəkilərin hamısının adına açdığı anketə yazmışdı, amma hamısını özü oxumuşdu. Müdirləri demişdi ki, komissiya gəlib görsə ki, kitab alıb oxuyan yoxdu, kitabxananı bağlayacaqlar, sən də qalacaqsan işsiz. O da işsiz qalmaqdan qorxmurdu, üz-gözü öyrəşdiyi bu kitablarsız qalmaqdan qorxurdu. Həm də indi məzarının önündə dayandığı bu ən doğmasına bütün məktubları kitabxanada yazardı. Və gedib poçtdan götürdüyü məktubları da evdəkilərin qorxusundan bu kitabxanada oxuyur və burada da gizlədirdi.
   
   Amma bu gün kitabxanadan çıxanda bütün məktubları özü ilə götürmüşdü. Əvvəl-əvvəl istəmişdi yandırsın, amma əli gəlməmişdi. İndi özü ilə gətirdiyi məktubları başdaşının yanında basdırdı. Bir az da məzarın önündə dayandı və qəbirstanlıqdan çıxdı.
   
   Anası onu eyvanda qarşıladı:
   
    — Bu gecə vaxtı hara getmişdin?
   
    — Yuxum qaçmışdı, hava alırdım.
   
   Anası doluxsundu:
   
    — Yoxdu qızım, daha o yoxdu. Getmə o qəbrin üstünə. Onun da ruhun incitmə, qoy rahat yatsın.
   
   Heç nə demədi, girdi otağa. Gözü yenə divardakı tüfəngə sataşdı.
   
   
   
   ***
   
   Bir pud daş kimi çiynindən sallanmış tüfəngi səliqə ilə söküb yığdı çantasına, sonra çayda möhkəm-möhkəm əl-üzünü yudu. Dağ çayının buz təki suyu onu xeyli rahatlatdı, bir balaca özünə gəldi.
   
   Özünü heç vaxt belə xoşbəxt hiss eləməmişdi. Ürəyində ölmüş arzularının üstünə bir sərin su çiləmişdi. İntiqamını almışdı, içində çox qəribə bir hiss vardı və bu hissi yalnız intiqamını almış insanlar yaşaya bilər. İndi rahatca ölmək olardı. Onun üçün yaşamaq mənasını çoxdan itirmişdi. 
   
   Çayı keçib ağaca bağladığı atı açdı.
   
   Qalxdı atın belinə və dəhmərlədi. Nəhayət, meşə qurtaranda atdan yendi və ayağını kəndirləyib, buraxdı yamaca. Uşaqlar yamacın aşağısında öz keflərindəydilər, futbol oynayırdılar. Heç kimə hiss etdirmədən meşənin ətəyi ilə yendi kəndə, qarışdı yasdakı adamlara. 
   
   
   
   ***
   
   Oturmuşdular hərbi hissənin əlli-altmış addımlığındakı köhnə və səliqəsiz yeməkxanada, onu gözləyirdilər. Anası hətta qoxusu belə adamı doyduran ləziz xörəklər gətirmişdi, özü də hərəsindən bir qazan, yediyini yesin, yemədiyini də yoldaşlarına aparsın.
   
   Əslində bu köhnə və səliqəsiz şüşəbənd bina yeməkxana deyildi, görüş yeriydi. Övladları ilə görüşməyə gələnlər burda oturub gözləyirdilər.
   
   Kimsə buranı özəlləşdirib bir balaca çayxana kimi düzəltmişdi, kolbasadan-sosiskadan da verirdi, amma içki vermirdi. Komandirlər demişdilər, əgər içki versən, tankı binanın üstündən sürdürəcəklər. 
   
   Şənbə və bazar günləri burda oturmağa yer tapılmazdı, həmin günlər analar burda övladlarını quş dimdiyi ilə balasını yedizdirən kimi yedizdirirdilər. Onlar yeyirdilər, doyurdular, analar isə doymurdular.
   
   Ana Böyük Qardaşa:
   
    — Dur, hərəsindən bir boşqab ver, qızdırsınlar. — cavab gözləmədən bufetçi oğlana dedi: — Oğlum, bu yeməkləri qızdırarsanmı?
   
   Bufetçi gəlib stolun üstünə əl gəzdirdi:
   
    — O nə sözdü, ay xala, bizim işimiz elə budu də.
   
    — Sağ ol, ay oğul.
   
   Sonra ana çantadan araq da çıxartdı. 
   
   Böyük Qardaş:
   
    — Neyləyirsən ay ana, bizi zibilə salma, onu gizlət, əsgərə araq verərlər?
   
   Ana arağı yenidən çantada gizlətdi:
   
    — Yaxşı verərik komandirinə.
   
   Akademik yeməkxanaya girəndə Ana əlləri üzündə qalxdı ayağa:
   
    — Buyy, anan ölsün ay bala, bu nə gündü?
   
   Hələ anası nə görmüşdü ki, üz-gözünün göyərtisi bir az getmişdi, bəlkə də döyülən günü görsəydi, arvadın bağrı yarılardı.
   
   Akademik heç nə olmamış kimi əvvəlcə qucaqlayıb anasını öpdu, sonra qardaşını:
   
    — Heç nə yoxdu, ay ana. Təlimdə olub, əsgərlikdi də.
   
   Amma Ana ağlamağını kəsmədi:
   
    — Nə təlim ay bala, səndə sağ islahat qalmayıb ki?!
   
    — Mənə inanmırsan, qardaşımdan soruş. Ağlama də, camaat bizə baxır axı!
   
   Əsgərlikdə dəfələrlə döymüş və döyülmüş Böyük Qardaş hər şeyi başa düşsə də, anasını sakitləşdirmək üçün dedi:
   
    — Ay ana, biz bundan da betər günə düşmüşük. Bir dəfə paraşütümün ipləri dolaşmışdı, yerə elə dəydim ki, iki həftə yatdım.
   
   O, ləzzətlə yeməyə başladı, çoxdanıydıkı damağı belə dad görməmişdi. Ona görə yox ki, sevdiyi yemək idi, ona görə ki, bu yeməyə anasının əllərinin dadı hopmuşdu.
   
    — Kənddə nə var, nə yox, atam necədi?
   
   Anası onun ürəyindən kimin keçdiyini çox gözəl bildiyindən:
   
    — Salamatlıqdı. Atan da gözləyir ki, sən qayıdan kimi sizi nişanlasın.
   
   Qızardı:
   
    — Ana, mən kəndi soruşdum.
   
    — Mən də kəndi deyirəm də.
   
   Ayrılanda Böyük qardaş onu bir kənara çəkdi:
   
    — Döyüblər?
   
    — Döyüblər!
   
    — Kimlər döyüb, mənə de. Vallah, hamısının boynun qıraram.
   
    — Qardaş, sən əsgərlikdə olanda heç döyülməmisən?
   
    — O qədər.
   
    — Mən gəlib onların boynunu qırmışam? Olan şeylərdi. Məndən nigaran qalmayın. Evdən muğayat ol.
   
   Ana:
   
    — Oğul, çantada araq da var, özü də şah tutumuzun arağıdı, onu ver komandirinə.
   
   Akademik arağı çıxarıb verdi qardaşına:
   
    — Ana, bizim komandirlər araq içmirlər!
   
    — Bəs nə içirlər?
   
    — ...
   
   
   
   ***
   
   Polkovnik yenə nəyinsə almışdı ağzına, öz-özünə söyürdü, bağırırdı:
   
    — Küçük, müstəntiq olub mənə. Səbəb axtarır. Mən sənə səbəbi göstərərəm. Bu dəqiqə əl-ayağını bağlayıb tulladaram o tərəfə, get sən həqiqəti axtar, dədən də Qırmızı Xaçla səni. Mən burda gecə-gündüz yağış bilmirəm, qar bilmirəm düşmənlə üz-üzəyəm, sən də şəhərdə saunalarda qızlarla kef edirsən. Köpəyoğlu! Həqiqət axtarır! Ala həqiqəti!
   
   Polkovnik elə bir yerini göstərdi ki… Sonra telefonu götürüb Müstəntiqi yığdı və amiranə bir səslə dedi:
   
    — Durun gəlin bura!
   
   Telefonun o başından Müstəntiqin çox soyuqqanlı səsi eşidildi:
   
    — Yoldaş Polkovnik, siz hələ mənə lazım deyilsiz. Lazım olanda sizi dəvət edəcəm.
   
   Polkovnik səsini bir az da ucaltdı:
   
    — Sizə dedim ki, gəlin bura!
   
   Müstəntiq:
   
    — Yoldaş Polkovnik, siz deyəsən mənimlə əsgərlərinizi qarışdırırsız. Mən sizin tabeçiliyinizdə deyiləm. Xahiş edirəm, səsinizin gur yerinə salmayın, kar deyiləm. Sizə də dedim ki, lazım olanda sizi çağıracam! — dedi və telefonu asdı.
   
   Müstəntiqin sözləri Polkovniki havalandırdı:
   
    — Malçişka, mən sənə kim olduğumu göstərərəm.
   
   Sonra telefonu götürüb kimi isə yığdı:
   
    — Bunu bura kim göndərib? Gəlib ordunun mənafeyini qorusun, yoxsa bir cinayətkarın? Burnun hara gəldi soxur.
   
   Telefondakı səs:
   
    — Qələt eləyir.
   
    — Siz qələt eləyir deyirsiz, amma o qələt eləmir axı!
   
    — Narahat olma, dedim ki, qələt eləyir, yoluna qoyarıq.
   
   
   
   ***
   
   Telefondakı adamın zəhmli səsi az qala dəstəyin qulaqlığından çıxıb onu şapalağın altına saldı:
   
    — Sən orda nə ilə məşğulsan?
   
   Amma Müstəntiq belə şapalaqları çox gördüyündən heç nə olmamış kimi dedi:
   
    — Başa düşmədim.
   
    — Niyə başa düşmədin? Soruşuram sən orda nə ilə məşğulsan?
   
   Müstəntiq yenə özünü onda qoymadı:
   
    — Məgər burda nə baş verdiyindən və mənim bura niyə göndərildiyimdən sizin xəbəriniz yoxdu? Bəs niyə? Hər gün elə qəzetlər də yazır axı?!
   
   Telefonun o başındakı adam lap hövsələdən çıxdı:
   
    — Deyəsən, kiminlə danışdığının fərqində deyilsən?
   
   Müstəntiq halını pozmadan:
   
    — Əsəbləşməyin! Hərbi hissədə nə baş verdiyini sizə məruzə etməyiblərsə, onda bizim prokurorluğa zəng edin, ordan öyrənə bilərsiz mən burda nə işlə məşğulam. Və xahiş edirəm səlahiyyət həddini də keçməyəsiz. Çox maraqlanırsızsa, deyim. Mən burda çox ağır bir cinayət hadisəsini araşdırıram. Və sizə söz verirəm ki, tezliklə bu cinayətin bütün günahkarlarını üzə çıxarıb məsuliyyətə cəlb edəcəm. Bu mənim vəzifə borcumdur. Burda beş insan ölüb. Siz istəyirsiz ki, beş nəfər gəncin qanı batırılsın.
   
    — Sən mənə nağıl danışma. Öldürülənlər də məlumdu, öldürən də. Daha nə axtarırsan? Nəyi eşələyirsən? Niyə burnunu hər yerə soxursan?
   
   Müstəntiq təhqir olunsa da etika xətrinə özündən rütbəli və yüksək vəzifəli şəxsə cavab vermək istəməsə də, bu dəfə özünü saxlaya bilmədi:
   
    — Bir daha notatsiya oxumayın, danışığınıza fikir verin. Və siz də səlahiyyətinizə aid olmayan işlərə burnunuzu soxmayın.
   
    — Yaxşı, mən sənə göstərərəm.
   
   Müstəntiq:
   
    — Narahat olmayın, mən görə-görə gəlirəm.
   
    — Sənin ananı...
   
   Müstəntiq istehza ilə güldü:
   
    — Elə anam da görə-görə gəlir...
   
   Hər ikisi telefonun dəstəyini eyni vaxtda atdı.
   
   Müstəntiq qovluqları stolun üstdən götürüb əsəbi halda seyfə tulladı və qapıdan çıxdı.
   
   Qərargah Rəisi iki zabiti möhkəm danlayırdı, Müstəntiqi dilxor görüb söhbətini kəsdi və soruşdu:
   
    — Axşamın xeyir, yoldaş Müstəntiq, işlər necə gedir?
   
    — Elə hərbi hissənin işi kimi...
   
    — Başa düşdüm!
   

 

0 şərh