Sarılarımı Silmə

Sarıya boyuyaram dünyamı, dünya sarı saçlı
Yaxamı buraxmır sənsizliyin ağrısı
Bir bakı günü, bir sənsizlik həftəsi
Sarı saçlarından özümü asmaq kimi
Soyuq qışda, qurbətdə qalmaq kimi,
Olmamağın, bu yoxluq, bu sonsuzluq
Yarımçıq cümlələrin, əllərin
Addımların səkilərdə, səkilər məzarım kimi

Buralar çıxıb gedə, gedə oralara və ya
Çıxıb gedəsən buralardan sarı, çıxıb gedəsən və ya
Yollar çıxa gedə, oraları gətirə və ya
Dünya dəyişə, dünyamızı dəyişək sarı və ya
Aç bir balaca qapı, bir az nəfəs ver mənə
Boğuluram.

Otağıma sənsizlik sıxışdırılıb
Axı niyə bütün musiqilər sənsizliyi anladar?
Sən sənsizliyini buraxıb gedərkən
Bu şeirlər Bakını ağladar
Uzaqlığın dodaqlarına çevrilir
Sənsizliklə sevişirəm
Qızımızın adını
“Ayrılıq” qoyarıq

Nəfəslərim tez-tez kəsildiyindən
Tək nəfəsə yazıram artıq şeirləri
Maraqsız yaşlanırıq, rənqsizləşirik
Əminəm, Tanrı heç sevmir şairləri
Yoruldun?
Dur gedəy öləy
Sarı saçlarını çəkirəm ciyərlərimə
Bir az yoxluğun bulaşır şeirlərimə
Sarı saçlarında ilişib-qalır bir neçə faciəm
Özümü asdım bir səhər kirpiklərindən
Sən oyanmamış
Qısa ömrümdə illərdir eyni küçəyə
Eyni qadına, eyni səkiyə
Eyni siqaretə salamlar yağdırıram səhərlər
Heç kəs mənə rənglərdən danışmasın
İki gün çəkər uzunluğu bu zibil ömrümün, əgər
Qanıma hər gün bir-iki doza səni vurmasam
Nədənsə artıq sevə bilmirəm musiqini, və mən
Səndən yazmağa utanan şairlərdən nifrət edirəm

Və mən
Sarı saçlarının səsini duyuram
Bu şəhəri, hər yerindən
Tərk etdiyim zaman
Və mən
Gec anladım getdiyini
Tapmaq olmur yollarını
Payızın yarpaqları, yolunu qizlədib sanki
Mən bihuş, mən yarımçıq
Mən heç olmamış kimi
Səni səssiz sevə bilmirəm sanki
Al dünyamı, al Sarı
Bütün dünyna sənin
Sənin çiynin mənim

Əllərim əllərinə ac
Bir nəfəslik canla
Pərişan, qapındayam sarı

 

 

0 şərh