Qan infeksiyaları

Təbii çiçək. Təbii çiçəyin klinik gedişini bir sıra dövrlərə bölmək olar. İnkubasion dövr orta hesabla 9 gündən 14 günə qədər davam edir. Prodromal dövr 3-4 gün davam edir və temperaturun qəflətən yüksəlməsi, bel nahiyəsində ağrılarla, mialgiya, başağrısı, tez-tez qusma ilə xarakterizə olunur. 2 — 3 gün ərzində xəstələrdə qızılca və ya skarlatina səpgilərinə bənzər səpgilər meydana çıxır. Prodromal dövrün axırına yaxın temperatur düşür. Bu zaman dəri üzərində və selikli qişalarda çiçək səpgiləri görünür.
Xəstəliyin 7-8-ci günü çiçək elementləri irinləyir, eyni zamanda xəstənin temperaturu xeyli yüksəlir, halı kəskin surətdə pisləşir. Pustulalar (kiçik irinliklər) çoxkameralı quruluşunu itirir, deşilərək boşalır, son dərəcə ağrılı olur, 15-17-ci gün pustulalar açılır, quruyaraq qartmaq əmələ gətirir. Bu zaman ağrı hissi azalır, dəri dözülməz surətdə qaşınmağa başlayır.
Xəstəliyin 4 — 5-ci həftəsi ərzində bədən temperaturu normal olur, dəri intensiv qabıq verir, qartmaqlar qopub düşür. Qartmaqların yerində kələ-kötür ("çopur") görünüş verən ağımtıl dərin yara zolaqları qalır. Xəstəlik ağırlaşmadan cərəyan edəndə 5-6 həftə davam edir.
Müalicə. Çiçək əleyhinə qamma-qlobulindən, metisazondan, geniş spektrli antibiotiklərdən və dezintoksikasiya vasitələrindən istifadə etməklə kompleks müalicə aparılır.
Profilaktika. Xəstələri təcrid etmək və həmçinin təmasda olan şəxslərə vaksin vurub, onları 14 gün nəzarət altında saxlamaq lazımdır. Karantin tədbirləri tam həcmdə görülməlidir.

Malyariya

Xəstəliyin klinik mənzərəsi qızdırma tutmaları ilə xarakterizə olunur. Tutmalar titrətmə, qızdırma və tər ifrazı ilə müşayiət olunur.
Tropik malyariyanın bədxassəli formasının müalicəsi zamanı malyariyaya qarşı (xinin, xinqamin) preparatları parenteral olaraq bədən çəkisinin hər kiloqramına 5-10 mq dozada, gündə 2 dəfə yeridirlər.

Leyşmaniozlar

Başlanğıc dövrdə zəiflik, iştahanın azalması, dalağın azca böyüməsi qeyd edilir. Xəstəliyin qızğın dövründə visseral leyşmaniozun kardinal simptomu — qızdırma başlanır. Visseral leyşmaniozun daimi əlaməti qaraciyərin və dalağın böyüməsi, bərkiməsi sayılır: dalaq qarın boşluğunun 2/3 hissəsini tuta bilər. Xəstəliyin birinci üç ayı dalağın ölçüləri sürətlə, sonralar isə tədricən böyüyür. Limfatik düyünlər şişir, ağrı vermir. Xəstələr taqətdən düşənə qədər arıqlayırlar.
Müalicə. Visseral leyşmanioz zamanı beşvalentli antimon preparatları effektlidir.
Solüsurmin (solüstibozon, stibanol, pentostam) 7-16 gün ərzində hər gün əzələyə və ya venaya yeridilir.
Neostibozanı sutkada 0,1 q ilk dozada və 0,4 q maksimal dozada venaya və ya əzələyə yeridirlər; müalicə kursu 18-20 inyeksiyadan ibarətdir. Habelə qlükantim (sutkada əzələyə 12 ml, bir müalicə kursunda 12-15 inyeksiya) geniş tətbiq olunur.
Antimonlu preparatlar effektli olmadıqda, hər gün və ya günaşırı 0,004 q/kq birdəfəlik dozada pentamidinin (lomidin) əzələyə yeridilməsinə göstəriş vardır; müalicə kursu 10-15 inyeksiyadan ibarətdir.

Epidemik qayıdan yatalaq

Bitlə yoluxan qayıdan yatalaqdır. İnkubasion dövrü 3 gündən 14 günə qədər olur. Xəstəlik qızdırma və temperaturun 39-40°C-dək yüksəlməsi ilə növbələşən qısamüddətli titrətmə ilə qəflətən başlanır. Yuxusuzluğa səbəb olan şiddətli baş və əzələ ağrıları əmələ gəlir. Baldır əzələlərində xüsusilə şiddətli ağrılar olur, onların palpasiyası ağrı verir. Ağrılar həmçinin oynaqlar nahiyəsində sinirlərin gedişi boyu aşkar edilir. Xəstələrin iştahası pozulur. Ürəkbulanma, qusma, ishal müşahidə edilir. Dil quru, ağ və ya sarımtıl ərplə örtülür, diurez azalır.
Qayıdan yatalağın ciddi ağırlaşmalarına dalağın partlaması aiddir. İrinlədici mikroflora qoşulduqda pnevmoniya, plevrit, dalağın absesi, fleqmona inkişaf edir. Gözlərin, qulaqların, oynaqların, qığırdaqların zədələnməsi halları qeydə alınmışdır.
Müalicə. Penisillin, tetrasiklin, levomisetin, eritromisinlə etiotrop müalicə aparırlar. Penisillinin 5 gün müddətində 2000000 TV sutkalıq dozada yeridilməsi tutmaları aradan qaldırır, residivlərin qarşısını alır. Tetrasiklini 5-7gün müddətində, gündə 4 dəfə 0,2 — 0,4 q təyin edirlər.
Profilaktika. Bu infeksiyanın əsas profilaktikası pedikulyozla (bitliliklə) mübarizədən ibarətdir. Epidemik yatalaqlı xəstələr hospitallaşdırılırlar. Xəstələrin əşyaları kamerada dezinfeksiya olunmalıdır. Təmasda olan şəxslər gündəlik termometriya aparılmaqla 25 gün nəzarət altında qalırlar.

Gənə qayıdan yatalaq

Gənənin dişlədiyi yerdə həmişə nöqtəvarı qansızma və hemorragik haşiyəyə alınmış kiçik papula şəklində çıxıntı olur.
İnkubasion dövr 6-10 gün çəkir. Xəstəlik qəflətən başlanır və qızdırma tutmaları ilə təzahür edir. Tutma vaxtı temperatur 39 — 40°C-dək yüksəlir. Titrətmə, baş və əzələ ağrıları, yuxusuzluq başlanır. İştaha itir. Xəstələr özlərini narahat hiss edir, bəzən sayıqlayırlar. Sifət sarılıq çaları ilə hiperemiyalaşır, nəbz tezləşir.
Müalicə. Antibiotiklər işlədilir. Xlortetrasiklin ən çox terapevtik aktivliyə malikdir. Sutkada 6 dəfə 0,25 q təyin edilir. Habelə temperatur enənədək gündə 3-4 dəfə 0,2 q tetrasiklin təyin edilməsinə göstəriş vardır.
Profilaktika. Xəstəlik ocağında gənələrlə kompleks mübarizə tədbirləri aparılır və insanları onlardan qoruyan tədbirlər həyata keçirilir.

Endemik, yaxud siçovul səpgili yatalağı

İnkubasiya dövrü orta hesabla 5-15 gündür. Xəstəlik çox vaxt kəskin başlanır: başağrısı, oynaq və əzələ ağrıları, titrətmə olur. Temperaturun xəstəliyin 1-ci həftəsinin axırına yaxın 38 40°C-dək yüksəlməsi tez və ya tədricən ola bilər. Səpgi çox vaxt xəstəliyin 4-7-ci günü olur. Səpgi sinədə, qarında, üzdə, ətraflarda, ovucun içində və ayağın altında lokallaşır.
Sinir sistemi cüzi zədələnir. Ürək-damar sisteminin zədələnməsi, hipotoniyaya və bradikardiyaya meyllik təzahür edir. Bronxit əlamətləri ola bilər.
Profilaktika. Siçovulun yoluxdurduğu səpgili yatalağı olan xəstə ətrafdakılar üçün yoluxdurucu deyildir və onu məcburi hospitallaşdırmaq lazım gəlmir. Profilaktik tədbirlər infeksiya mənbəyinin — gəmiricilərin və onların ektoparazitlərinin məhv edilməsinə yönəldilməlidir.

Ağcaqanad ensefaliti

İnkubasion dövr 5 gündən 14 günə qədərdir. Xəstəlik, bir qayda olaraq, kəskin başlanır. Xəstəliyin birinci 2-3 günü temperatur qəflətən 39-40°C-dək və hətta 41°C-dək yüksəlir. 6-10 gün bu səviyyədə qalır. Titrətmə, xüsusən alın nahiyəsində başağrısı, beldə, qarında, ətrafda ağrılar, ürəkbulanması, qusma xarakterikdir.
Müalicə. Xəstəliyin erkən vaxtlarında rekonvalessentlərin qan serumu, hiperimmun at serumu, yaxud qamma-qlobulin tətbiq edilir.
Profilaktikası. Ağcaqanad ensefalitinin profilaktikası ağcaqanadlarla mübarizədən və əhalidə aktiv və ya passiv immunitet yaratmaq tədbirlərindən ibarətdir.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

 

0 şərh