Müəllim və bilikli şagird

Bir alimin çoxlu şagirdi vardı. Onların əksəriyyəti ömrünün çoxunu onun şagirdliyində keçirmişdilər. Onların arasında kiçik yaşlı bir şagird də var idi. Onun kiçik olmasına baxmayaraq, müəllim ona böyüklərdən artıq hörmət edirdi. Müəllimin bu hərəkəti digər şagirdlərin inciməsinə səbəb olmuşdu. Bir gün şagirdlər yığışıb müəllimin yanına gəldilər və müəllimə etiraz etdilər. Müəllim onların etirazına bele cavab verdi. "Onun mənim dərsimə son zamanlarda gəlməsinə baxmayaraq, sizdən daha çox ehtiram göstərirəm. Çünki, bəzi cəhətləri var ki, ona üstünlük verir.Bunu tezliklə sizə sübut edəcəyəm" Bir neçə gündən sonra müəllim şagirdlərə tapşırdı ki, hərəsi bir toyuq götürüb heç kəsin görmədiyi yerdə gizlicə kəssinlər. Şagirdlər hərəsi bir toyuğu öz zövqlərinə uyğun olaraq, gizli bir yerdə kəsdi. Sonrakı gün onlar əllərində kəsilmiş toyuq dərsə gəldilər. Təkcə həmin şagird əlində diri toyuq daxil oldu. Şagirdlər onun əlindəki diri toyuğu görcək gülüşdülər. Müəllim soruşdu: "Nə üçün toyuğu heç kəsin görmədiyi bir yerdə kəsmədin?" Gənc şagird cavab verdi: "Hara baxdımsa, Allahı və Onun nəzarətini gördüm. Buna görə də, gizli bir yer tapmadım." Müəllim onu alqışlayaraq dedi: "Bu şagirdə hörmət etməyimin səbəbi budur. Onun Allaha olan mərifəti sizin heç birinizdə yoxdur."
 

0 şərh