Kartof: suallar və cavablar

Kartof sortunu hansı əlamətlərə görə seçməli? Hər şeydən əvvəl məhsuldarlıq, dad keyfiyyətləri, yumruların formaları, lətin rəngi, saxlanması, həmçinin yığım müddəti nəzərə alınır. Faraş sortlar 80-90 günə, orta faraş sortlar 100-115 gündən sonra, orta gec- və gecyetişən sortlar 120-135 gündən sonra yetişir.

Kartofu şitillərlə çoxaltmaq mümkündürmü və bunu necə etmək lazımdır? Kartofun yalnız qiymətli sortlarını şitillərlə əkirlər. Bundan ötrü yumruları işıqda iki həftə ərzində cücərdir, sonra kiçik yeşiyə köçürdürlər. Onların zoğlar 5-8 sm-ə çatanda yumruları yeşikdən çıxarır, şitilləri kök sistemi ilə birlikdə ayırır və aprelin axırından cərgələr arası məsafə 40-45 sm və bitkilər arası məsafə 20 sm olmaqla şırımlara köçürür və plyonka ilə müvəqqəti örtürlər. Yumruları 1-2 sm uzunluğunda cücərti verənədək gündüz işığında saxlayırlar. İkinci dəfə cücərdilmiş yumruları şırımlara cərgələr arası məsafə 50 sm, yumrular arası məsafə isə 25 sm olmaqla basdırırlar. Yumrulardan ayrılmış şitilləri basdırıldıqdan dərhal sonra onların kök sistemi, cücərmiş yumrunun dibi torpaqla doldurulur.

kartofçuluqYarovizasiyanın nəm üsulu nədir? Belə üsulun tətbiqi zamanı yumruları gözcükləri yuxarı olmaqla 2-3 cərgədə bir-birindən 2-3 sm aralı məsafədə səbətlərə, yaxud yeşiklərə qoyur, üstü torfla, yaxud ağac ovuntusu ilə örtürlər. Bütün yarovizasiya mərhələsi ərzində onlar nəm olmalıdır. Nəm yarovizasiya zamanı: birincisi, yumrular suyu və qida maddələrini az itirir; ikincisi, cücərtilərdən başqa köklər də əmələ gəlir; üçüncüsü, yarovizasiya 15-20 gün qısalır.
Yumruları qaranlıq yerdə cücərtmək olarmı? Xeyr. Kifayət qədər işıq olmayanda yumrular asanlıqla qırılan, uzun, nazik, ağ cücərtilər əmələ gətirir ki, bunlardan da zəif şaxlar böyüyür.

Yumruları nə vaxt qurudurlar? Əgər kartofda cücərtmə aparılmamışsa, onu mütləq cücərtmək lazımdır. Bundan ötrü, kartof yumrularını hər hansı bir quru yerdə sərirlər, temperatur +14-16°C olmalıdır, yerin işıqlı olması vacib deyil. Yumruları bu şəraitdə 8 -10 gün saxladıqda gözcüklərin cücərməsi baş verir.

Yarovizasiya nədir və nəyə lazımdır? Yarovizasiya toxumluq yumruların əkilmədən əvvəl 30-40 gün ərzində 15-17°C temperaturda dağınıq işıqda cücərdilməsidir. O, çıxışların görünməsini və yumru əmələ gəlməni 12-14 gün tezləşdirir və məhsuldarlığı xeyli yüksəldir.

Toxumluq kartof kimi xırda yumrulardan (10-20 q) istifadə etmək olarmı? Xırda kartofu əkin materialı kimi istifadə etmək olar, lakin 3-4 ədədini birlikdə şırımlara basdırmaq lazımdır.

Kartof toxumla çoxaldıla bilərmi? Adətən, toxumla kartofu seleksiyada, yeni sortların yaradılması zamanı çoxaldırlar. Təcrübədə isə kartofu vegetativ yolla, yəni yumruları ilə çoxaldırlar.

Cücərtilərdən sonra kartofun əlavə əkilməsi mümkündürmü? Cücərtilərdən 10-12 gün sonra düşmüş yumruların yerinə yenilərini əkirlər. Əlavə əkmə üçün material hazırlanması məqsədilə istixananın (plyonka ilə örtülmüş) ayrıca ləkində əlavə olaraq 1 metrdə 50-yə qədər yumru hesabilə yumruları əkir, sonra isə nəm torpaqdan çıxarır və sahədə əlavə basdırırlar.

Kartofu əkməkdən qabaq torpağı göbələk xəstəliklərinə qarşı nə ilə işləmək lazımdır? Əkməkdən qabaq torpağı
tərkibində mis olan bir neçə məhlullarla işləmək olar. Birincisi: 10 litr suda 1 xörək qaşığı mis kuporosu, yaxud mis-xlor oksidi, yaxud mediks, yaxud nolixom həll edir, yazda torpağı belləməzdən əvvəl lm2 sahəyə 0,5 litr hesabı ilə çiləyirlər. İkincisi: 1 m2 sahəyə 0,5 litr hesabı ilə bir faizli bordo məhlulu çiləyirlər.

Kartofu kölgəlikdə, ağacların altında becərmək olarmı? Xeyr. Kölgəlik yerlərə basdıranda şax güclü surətdə dartılıb uzanır, yarpaqları solğun-sarı rəngdə olur. Çiçəkləmir, yumrular xırda, məhsuldarlıq aşağı olur. Yadda saxlamaq lazımdır ki, kartof işıqsevən bitkidir və yaxşı məhsul yalnız kifayət qədər işıqlanmada mümkündür.

Bölünmüş yumruları əkmək olarmı? Əgər toxumluq, standart kartof yoxdursa, əkin üçün iri yumrulardan istifadə etmək olar. Bu halda belə yumruları torpağa basdırmazdan 1-2 sutka qabaq bölür, kəsik yerini isə elə qurudurlar ki, doğranmış yumruların çəkisi 50-70 qramdan aşağı olmasın və onlarda 2-3 cücərti qalsın. Təzə kəsilmiş yumruları dərhal əkmək məsləhət deyil, belə ki, təzə kəsik yeri çürüyə bilər (kəsiklər 1 -2 gündən sonra quruyur).

Kartof əkinləri altına təzə peyin vermək olarmı? Kartofun altına təzə peyin vermək olmaz, ona görə ki, yumruların keyfiyyəti pisləşir, onlar sulu, dadsız olur.

Təzə peyindən kartofun şaxı göbələk xəstəlikləri, xüsusən fitoftora ilə yoluxur, yumrular isə qoturluğa tutulur. Yaxşı olar ki, kartofun altına torpağın tərkibindən asılı olaraq hər metr sahəyə 5-7 kq hesabı ilə çürümüş peyin (çürüntü) verilsin.

Cücərmiş yumruları əkmək olarmı? Əgər yumrular cücərməyə vaxt tapmamışsa, onları basdırmazdan 3-4 gün əvvəl 35-40°C temperaturda isitmək lazımdır. Bu tumurcuqların oyanmasına və cücərtilərin tez çıxmasına kömək edir.

Mikayıl Xubalıyev, özəl məsləhətçi

 

0 şərh