XVII əsrin əvvəlindən XVIII əsrin ortalarınadək

  • Musiqi

Bu dövrün bədii simasını müəyyənləşdirən bir sıra cərəyanlar sırasında barokko aparıcı rol oynayır. Dəbdəbə, əzəmət, möhtəşəmlik — barokko cərə­yanının bu kimi xüsusiyyətləri opera və oratoriyalarda, konsert və süitalarda parlaq bədii əksini tapir. Yenicə yaranmış opera janrı vətəni İtaliyada geniş yayılmağa başlayır. Venesiyada, Romada, Neapolda opera teatrları açılır; tamaşaların yüksək bədii səviyyəsini təmin etməkçün Neapol səhərində tarixdə ilk konservatoriya təşkil edilir. İtaliya opera məktəbinin görkəmli nümayəndəsi Klaudio Monteverdinin (1567 — 1643) yaratdığı «Orfey», «Poppeyanın tacqoyma mərasimi» əsərləri çılğın, ehtiraslı obrazlar dünyasına görə Şekspirin faciələri ilə müqayisə oluna bilər. Operanın digər ma­hir ustası — italyan bəstəkarı Alessandro Skarlatti (1660 — 1725) «Pirr və Demetri», «Mitridat Yevpator» əsərləri ilə musiqi tarixinə «opera-seria» adı ile daxil olmuş bir opera janrının təməlini qoyur. «Opera-seria», yeni «ciddi opera», elə adından məlum olduğu kimi, dərin məzmunlu, çox vaxt tarixdən, miflərdən götürülmüş süjetlərə əsaslanır, dəqiq müəyyən edilmiş musiqili — dramaturji prinsiplər üzərində qurulurdu. Opera-seria çərçivəsində həmçinin ahəngli, melodik vokal ifaçılıq üslubu yaranır. «Bel kanto», yeni «gözəl oxuma» adlanan həmin üslub XX əsrin əvvəllərine qədər İtaliya ope­ra musiqisində tətbiq olunaraq ümumdünya şöhrəti qazanır. Bir neçə ildən sonra İtaliyada operanın komik növü — opera-buffa yaranır. Onun banisi -Covanni Perqolezi (1710 36), ilk numunəsi isə «Qulluqçu-xanım» əsəridir. Fransada şən, yumoristik əhval-ruhiyyəli operalar komik opera adı ilə, Avstriya və Almaniyada isə zinqşpil kimi tanınır.

XVIII əsrin ortalarında Avropa operası böhran keçirir. Bəstəkarlar operanın məzmunundan daha çox, müğənnilərin ifaçılıq məharətinin nümayiş olunması qayğısına qalır, buna üstünlük verirlər. Bu böhranı aradan qaldırmaqçün avstriyalı bəstə­kar Kristof Villibald Hlyuk (1714-87) «Orfey və Evridika», «Alsesta» əsərlərində opera tarixində böyük əhəmiyyət kəsb edən İslahatlar həyata keçirir, bu janrın dəin məzmunlu xarakterini bərpa edir.

Avropanın müxtəlif ölkələrində — Fransada, İngiltərədə özünəməxsus, milli opera sənəti yaranır. Fransada onun banisi Jan Batist Lülli (1632 — 87), İngiltərədə Henri Pörsell (1659 — 1695) sayılır. Lüllinin parlaq, təmtəraqlı operaları — «Tezey», «Armida» və başqaları çox zaman XIV Lüdovikin iqamətgahı Versal sarayında tamaşaya qoyularınış. Bu operaların ayrılmaz hissəsi olan balet səhnələrində hətta kral özü də iştirak edərmiş. Pörsellin ingilis musiqisindəki tarixi rolu sözün əsl mənasında bənzərsizdir. Bəstəkarın vəfatından sonra gələcək iki yüzillik ərzində İngiltərədə Pörsellə bərabər heç bir görkəmli bəstəkar meydana çıxmamışdır. Bəstəkarın milli musiqi ənənələrindən bəhrələnən «Didona və Eney» indiyədək ingilis, eləcə də dünya musiqisinin ən dəyərli inciləri sı­rasındadır.

 

İnstrumental   musiqi   də XVII — XVIII əsr bəstəkarlarının diqqət mərkəzində olmuşdur. İtaliyalı Cirolamo Freskobaldi (1583 -1643), almanlar   — Ditrix Bukstexude (1637 — 1707), İohann Pahelbel (1653 -1706) və başqaları dövrün görkəmli orqan ifaçıları və bəstəkarları kimi təkcə öz ölkələrində   deyil,   bütün Avropada tanınmışlar. Orqanın «kiçik qardaş»ı klavesin də barokko dövrünün bəstəkarlarını özünə cəlb etmişdir. Fransız mus-qiçiləri — Fransua Kuperen (1668 — 1733), Jan Filipp Ramo (1683 — 1764), Lui Klod Daken (1694 — 1772) və başqaları bu alətçün xalq musiqisi ruhunda, çox vaxt təbiət obrazlarını təsvir edən kiçik pyeslər yaratmışlar. İtalyan bəstəkan Domeniko Skarlatti də (1685 — 1757) klavesin üçün yüksək bədii əhəmiyyətə malik kiçik sonatalar yazmışdır.

Bu dövrdə simli alətlərin, xüsusən də skripkanın nüfuzu günü-gündən artır. Arkancelo Korelli (1653 — 1713), Antonio Vivaldi (1678 — 1741) və Cüzeppe Tartininin (1692 — 1770) sonata və konsertlərinə məhz skripkanın zərif, melodik tembri xüsusi gözəllik verir. Beləliklə, biz XVII əsrin əvvəlindən XVIII əsrin ortalarınadək yaşayıb-yaratmış bəzi sənətkarlarla tanış olduq. Həmin dövrdə dünya mədəniyyətinə daha iki nəhəng şəxsiyyət də gəlmişdir ki, onların bədii irsi bu günədək Avropa musiqisinin bünövrəsi hesab olunur, gələcək nəsillərçün də bir örnək olaraq qalacaqdır. Bu dahi şəxsiyyətlər İohann Sebastyan Bax və Georq Fridrix Hendeldir.

Bu əsərlərlə tanış olun:

  • ✓ A.Vivaldi — "İlin fəsilləri"
  • ✓ A.Korelli — «Foliya»
  • ✓ C.Tartini — "İblis sonatasr"
  • ✓ L.Daken — «Ququ quşu»
  • ✓ F.Kuperen — "Ətirli su"
  • ✓ J.F.Ramo — «Tamburin»
  • ✓ H.Pörsell — «Didona və Eney» operasi: Didonanın ariyası
  • ✓ K.V.HIyuk — «Orfey» operasi: 2-ci pərdənin 2-ci şəklinə giriş; Orfeyin ariyası (3-cü pərdə)

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi

Müəllif Aida Hüseynova

 

0 şərh