Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi

Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetirilməsinə xidmət edir.

Təsəvvürlərin formalaşdırılması (qavrama) metodları. Hissi qavramanı təmin etmək, ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür. Bu qrup metodlara müşahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir.

Müşahidə metodu müəyyən məqsədlə, planlı və sistemli şəkildə qavrama prosesinin təşkili metodudur. O, cisim və hadisələr haqqında ilkin təsəvvürlər aşılamağa, müşahidəçilik bacarığının və müstəqilliyin inkişafına kömək göstərir.

Müşahidə metodunun səmərəsi onun düzgün təşkilindən asılıdır. Müşahidə bir neçə mərhələdə təşkil olunur: məqsədin aydınlaşdırılması, müşahidə planının və vasitələrinin müəyyən edilməsi, müşahidənin qeydə alınması və nəticə çıxarılması.

İllüstrasiya metodu əyani vasitələrin köməyi ilə təlim materialının qavranmasını nəzərdə tutur. Əyani vasitələr müxtəlif növdə olur: a) təbii əşyalar; b) şəkil və plakatlar; c) sxematik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani vəsaitlər (xəritələr, qlobus).

Məqsəd və məzmundan asılı olaraq əyani vasitələrin müxtəlif növləri seçilib tətbiq edilir.

Demonstrasiya metodu əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf halında nümayiş etdirmək metodudur. Buraya təcrübələr, kino və diafilmlər, televiziya verilişlərindən, videomaqnitofonlardan istifadə daxildir.

Əyani və texniki vasitələri toplamaq və sistemə salmaq üçün məktəb və məktəblərarası (rayon, şəhər) filmotekaları yaradılır, burada fənlər və mövzular üzrə kino, diafilm, diapozitiv və videolentlər toplanır.

Təsvir metodu müəyyən fakt və hadisəni söz vasitəsilə şagirdlərin təsəvvüründə canlandırmaq metodudur. Bu iki yolla - müəllimin hadisəni təsvir etməsi və kitabda (dərslikdə) təsvir yolu ilə həyata keçirilir. Bəzən bu iki təsvir növü vəhdətdə tətbiq olunur və bu əsasda daha dolğun təsəvvürlər yaradılır.

Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi metodları. Bu

metodlar şagirdlərin şüurunda düzgün elmi anlayışların yaradılması və qanunların dərk edilməsi məqsədi güdür. Bu qrup metodlara müəllimin şərhi, müsahibə, diskussiya, məntiqi metodlar, kitab üzərində iş metodları, problem-axtarış metodları daxildir.

Müəllimin şərhi metodu müəyyən faktı, hadisəni, anlayış və qanunauyğunluğu şifahi şəkildə şagirdlərə çatdırmaq metodudur. Bu metod az vaxtda daha çox informasiya verməyə imkan yaradır.

Müəllimin şərhi üç növdə olur: nəql, izah, məktəb mühazirəsi. Nəql müəyyən hadisəni canlı, obrazlı şəkildə danışmaqdır. İzah hər hansı anlayışı, qaydanı dəlil və sübutlarla başa salmaqdır. Məktəb mühazirəsi irihəcmli proqram materialını sistemli şəkildə çatdırmaqdır (daha çox yuxarı siniflərdə tətbiq olunur).

Müəllimin şərhi öz xarakterinə görə məlumatverici və problem şəklində olur. Məlumatverici şərh hazır informasiya verməyi nəzərdə tutur. Problem şərh isə şagirdləri düşündürməyə xidmət edir: bu zaman müəllim mövzu üzrə müəyyən problemlər irəli sürüb, ya özü, ya da şagirdlərin iştirakı ilə onları həll edir. Belə şərh şagirdləri fəallaşdırır, təlimə maraq oyadır.

Bəzən müəllim məlumatverici şərhdən qabaq problem vəziyyət (situasiya) yaradır. Məsələn, "Yayın qızmar çağında su buza çevrilərmi? Necə?". Bu hal mövzuya maraq yaradır.

Şərhin səmərəsi üçün müəyyən şərtləri gözləmək lazımdır:

- Şərhin məzmunu (müəllimin danışığı) elmi və sistemli olmalı, şagirdlərin yaşına və anlama səviyyəsinə müvafiq gəlməli, fikirlər aydın və anlaşıqlı olmalı, sübut edilməlidir, nəzəri biliklər həyatla əlaqələndirilməlidir;

- şərh zamanı müəllimin nitqi orta tempdə, dəyişkən tonda qurulmalı, canlı və emosional olmalıdır. Sürətli və yavaş tempdə deyilən fikirlər uşaqlara çatmır, monoton və quru, şərh isə yorucu olur;

- şərh zamanı müəllim mimika və jestlərdən yerli-yerində istifadə etməli, danışarkən var-gəl etməməlidir;

- şərh zamanı şagirdlərin fəallığı təmin edilməlidir (qeydlər aparmaq, izah etmək, suallara cavab tapmaq, müəllimə suallar vermək və s.).

Müsahibə metodu sual-cavab deməkdir. Ondan bütün fənlərdə, təlimin bütün pillələrində geniş istifadə olunur. Müsahibə əsasən iki növdə olur: evristik və təkrarlama müsahibəsi.

Evristik müsahibə ("evrika" yunanca "tapdım" deməkdir) yeni qaydanı, qanunauyğunluğu sualların köməyi ilə şagirdlərə tapdırmaq metodudur. Vaxtilə bu metoddan qədim yunan filosofu Sokrat geniş istifadə etdiyi üçün buna Sokrat metodu da deyilir.

Evristik metodda sualların köməyi ilə müvafiq faktlar tapılır və nəticələr çıxarılır. Məs., dildən cəm şəkilçilərinin yazılması qaydasını evristik müsahibə yolu ilə şagirdlərin özlərinə tapdırmaq olar. Belə müsahibə fənnə maraq oyatmağa, şagirdləri fəallaşdırmağa, mövzunu şüurlu və əsaslı öyrənməyə kömək edir.

Təkrarlama müsahibəsi keçilən bilikləri təkrar yolu ilə möhkəmlətməyi nəzərdə tutur.

Müsahibə zamanı sualların düzgün qoyulması əsas şərtdir. Sualın qoyuluşu müəyyən tələblərə cavab verməlidir: a) sual konkret və aydın olmalıdır; ümumi xarakterli sual aydın olmur (məsələn, "S.Vurğun haqqında nə deyə bilərsən?"); b) sual düşündürücü olmalıdır; "hə" və "yox" cavabı tələb edən sual (məsələn, "Metallar istidən genişlənirmi?") şagirdləri düşündürmür; c) sual yığcam olmalıdır; iki və çoxmərtəbəli sual (məsələn, "İsim nədir, o, hala və şəxsə görə necə dəyişir?") vermək düzgün deyildir: belə sual yaxşı yadda qalmır və cavaba mənfi təsir göstərir; d) yanlış və çaşdırıcı suallar vermək olmaz. Belə suallar (məsələn, "Ay Günəşdən neçə dəfə böyükdür?") şagirdlərin təfəkkürünü səhv yola sövq edir və müəllimin biliyi haqda onlarda şübhə yarada bilər.

Müsahibə metodunun təşkilində müəyyən qaydanı gözləmək lazımdır: sual tək-tək şagirdə yox, sinfə verilir və istənilən şagirddən soruşulur. Cavab səhv və ya qeyri-dəqiq olarsa, səhv cavab şagirdin özünə, ehtiyac olduqda digər şagirdlərə düzəltdirilir, cavab yenə təminedici olmasa, müəllim özü izah edir.

Müsahibənin bir forması da diskussiyadır.

Diskussiya metodu elmi mübahisə deməkdir. Bu metod şagirdləri fəallaşdırır, təlimə maraq yaradır, biliklərin şüurlu mənimsənilməsinə imkan verir. Diskussiya zamanı müəyyən problem üzrə müxtəlif baxışlar, mövqelər irəli sürülür, hər kəs öz mövqeyinə haqq qazandırmağa, digər mövqeyi təkzib etməyə çalışır.

Müxtəlif fənlər üzrə şagirdləri düşündürən problemlər, nəzəri və əməli məsələlər diskussiya mövzusu ola bilər. Məsələn, ədəbiyyatdan ayrı-ayrı yazıçıların əsərlərindəki ideyalar, oradakı obrazlar, coğrafiyadan yer üzərində iqlimin dəyişməsi, tarixdən müxtəlif tarixi hadisələrə baxışlar və s. ətrafında mübahisələr aparmaq olar.

Təlimin məntiqi metodları nəzəri biliyin - anlayış və qanunların dərk edilməsi, ümumiləşdirmə aparılması məqsədi güdən təfəkkür metodlarıdır. Bu metodlara analitik-sintetik və induktiv-deduktiv metodlar daxildir.

Analitik metodlar müəyyən obyekti fikrən tərkib hissələrinə və ya əlamətlərinə ayırmaq məqsədi güdür. Bu metodlara müqayisə (oxşarlıq və fərqi müəyyənləşdirmək), təsnifetmə (əşya və faktları əsas əlamətlərinə görə ayırmaq), analogiya (bir obyektlə bağlı biliyi digər obyektə keçirmək) və b. daxildir.

Sintetik metodlar obyektin ayrı-ayrı hissə və əlamətlərini fikrən bir tam halında birləşdirmək məqsədi güdür.

İnduktiv metod xüsusidən ümumiyə, deduktiv metod isə ümumidən xüsusiyə keçməklə əqli nəticə çıxarmaq metodudur.

Məntiqi metodlar digər təlim metodları ilə, xüsusən kitab üzərində iş metodları ilə sıx bağlıdır.

Kitab üzərində iş metodları əsas bilik mənbəyi kimi kitabdan müxtəlif məqsədlərlə istifadə etməyi nəzərdə tutur. Kitab yeni bilik əldə etmək, keçilənləri möhkəmlətmək, dərinləşdirmək, tətbiq etmək, habelə müstəqil iş bacarıqları formalaşdırmaq vasitəsidir. Kitab üzərində iş metodları və tərzləri çoxdur: izahlı qiraət, əsas fikrin tapılması, plan, tezis və konspekt tərtibi, oxunanları öz-özünə danışmaq, oxu metodları (tam və hissələrlə oxumaq) və s.

Müəllim təlimdə, dərslərdə kitabla işin göstərilən metodlarına geniş istinad etməklə yanaşı, həmin metodları şagirdlərə öyrətmək sahəsində sistemli iş aparmalıdır, necə deyərlər, şagirdlərə "öyrənməyi öyrətməlidir" (K.D.Uşinski).

Problemli-axtarış metodları təlimdə şagirdlərin zehni fəallığını, müstəqilliyini təmin edən metodlardır. Bu halda şagirdlər qarşısında müəyyən problemlər qoyulur və onlar bu problemlərin həllinə cəlb edilir.

Şagirdlərin zehni fəallığının səviyyəsindən asılı olaraq problem-axtarış metodları müxtəlif növlərdə olur: problemli şərh (müəllim problemi özü həll edir), qismən axtarış (problem qismən şagirdlərin iştirakı ilə həll olunur), tədqiqatçılıq (problem şagirdlər tərəfindən müstəqil həll olunur) metodları.

Müəllim problemli təlimin ayrı-ayrı tərzlərini (faktların müşahidəsi, problemin qoyuluşu, fərziyyələrin irəli sürülməsi və yoxlanması, nəticə çıxarılması) tədricən şagirdlərə öyrətməli və onları müstəqil tədqiqatçılığa alışdırmağa çalışmalıdır.

Bacarıq və vərdişləri formalaşdıran metodlar. Bu metodlar nəzəri biliyi tətbiq etdirməklə bacarıq və vərdiş yaratmaq məqsədi güdür. Bu qrupa çalışmalar, praktik və laborator işlər, didaktik oyunlar və s. daxildir.

Çalışmalar metodu bir çox fənlərdə geniş yayılmış metoddur. Çalışmalar müxtəlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi, bədən tərbiyəsi çalışmaları. Şagirdlərin müstəqillik səviyyəsindən asılı olaraq çalışmaların üç tipi ayırd edilir: nümunə üzrə çalışmalar (hazır nümunə əsasında icra edilir), variantiv çalışmalar (biliklərin yeni şəraitdə tətbiqinə əsaslanır), yaradıcı çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı tətbiqinə əsaslanır).

Praktik işlər nəzəri bilikləri hər hansı əməli işlərə tətbiq etmək metodudur: ölçmə, hesablama işləri, tədris-təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik və konstruktorluq işləri və s. Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi və necə görmək haqda izahat verir. Sonra şagirdlər əməli işi müstəqil yerinə yetirirlər. Müəllim bu zaman nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb qiymətləndirilir.

Laborator məşğələlər şagirdlərin müstəqil təcrübələr və müşahidələr aparması metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar üzərində uzunmüddətli müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə işlərdəndir.

Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar.

Frontal məşğələdə bütün şagirdlər eyni işi, təcrübəni yerinə yetirir, praktikum zamanı isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər. Birinci halda müəllim şifahi, ikinci halda isə yazılı təlimatdan istifadə edir. Axırda görülmüş işlərə yekun vurulur, onlar təhlil edilib qiymətləndirilir.

Didaktik oyun metodları biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi güdən idrak oyunlarıdır. Onlar təlimə emosionallıq gətirir, fənnə marağı artırır. Didaktik oyunlar müxtəlif növlərdə olur. Buraya idrak oyunları, oyun-səhnələşdirmə, stolüstü oyunlar, işgüzar rollu oyunlar, oyun situasiyaları, epizodik oyun priyomları və s. daxildir.

Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur.

Tədqiqatçılıq metodu müəyyən problemin şagirdlərin gücü ilə həlli metodudur. Tədqiqatçılıq işləri, əsasən, yuxarı siniflərdə müxtəlif məzmunda təşkil edilir. Məs., kənd təsərrüfatına dair təcrübələr qoymaq, yerli dərman bitkilərini öyrənmək və toplamaq, yerli relyefi, iqlimi, təbii zonaları, daxili suları öyrənmək, yerli folklor materiallarını, tarixi faktları toplayıb təhlil etmək və s.

Təlimdə nəzarət metodları. Nəzarət bütöv təlim prosesinin əsas ünsürlərindən biridir. Bu metodlar qarşıya qoyulmuş məqsədin yerinə yetirilməsi vəziyyətini, şagirdlərin bilik və bacarıqlarının səviyyəsini, nöqsan və çətinlikləri aşkara çıxarmağa, səhvləri tapıb düzəltməyə, təlim fəaliyyətini tənzimləməyə xidmət edir.

Təlimdə nəzarət metodları çoxdur. Onları bir neçə qrupa bölmək olar: a) şifahi nəzarət metodları; b) yazılı nəzarət metodları; c) laborator və praktik nəzarət metodları; ç) maşınlı nəzarət metodları; d) özünənəzarət metodları. Bu metodlarla yanaşı, müəllim gündəlik müşahidə yolu ilə şagirdlərin təlimə münasibətini, fəallıq və səyini öyrənib nəzərə alır.

Şifahi nəzarət metodları içərisində şifahi sorğu geniş yayılmışdır. Onun üç növü vardır:

- fərdi sorğu - tək-tək şagirdlərin mövzunu danışması deməkdir. Vaxta qənaət etmək üçün mövzunu bütövlükdə bir şagirddən yox, hissə-hissə bir neçə şagirddən soruşmaq səmərəlidir;

- frontal sorğu - bütün siniflə aparılan sorğudur; ondan dəqiq fənlərdə daha çox istifadə olunur. Bu sorğu az vaxtda çox şagirdin biliyini aşkara çıxarmağa imkan verir;

- intensiv sorğu - müəyyən vaxt ərzində bir çox şagirdlə keçirilən sorğudur: bu halda bir şagird şifahi cavab verir, 2-3 şagird isə yazı taxtasında qeydlər edir, bir neçə şagird yazılı cavab hazırlayır və s.

Şifahi nəzarət məqsədi ilə şifahi imtahan və zaçotlardan da istifadə edilir.

Yazılı nəzarət metodlarına yoxlama yazı işləri (imla, ifadə, inşa, məsələ və misal həlli), test yoxlamaları, qrafik yoxlamalar, yazılı imtahanlar, proqramlaşdırılmış yoxlama metodları daxildir.

Laborator və praktik nəzarət metodlarına təcrübələr aparmaq, əməli işləri yerinə yetirmək və s. tapşırıqların icrası daxildir.

Maşınlı nəzarət metodları yoxlayıcı maşınların köməyi ilə həyata keçirilir.

Özünənəzarət metodları şagirdin öz təlim fəaliyyətinə, müstəqil işinə nəzarət etməsində ifadə olunur. Özünənəzarət şagirdin öz işinin gedişinə və nəticəsinə nəzarət etməsi, yol verdiyi nöqsanları və onların səbəblərini müəyyənləşdirməsi, səhvlərini tapıb düzəltməsi şəklində özünü göstərir. O, icradan qabaq (ilkin özünənəzarət), icra prosesində (tənzimləyici özünənəzarət) və işin icrasından sonra (yekun özünənəzarət) həyata keçirilir.

Özünənəzarət təlimə şüurlu xarakter verir, şagirdin fəallıq və müstəqilliyini gücləndirir.

Nəzərdən keçirilən təlim metodları əlaqəli şəkildə tətbiq olunmalıdır. Metodların hər biri təlimdə özünə məxsus funksiyanı yerinə yetirir. Bu mənada heç bir metodu, o cümlədən ənənəvi (söz, əyani və praktik) metodları köhnəlmiş hesab etmək və onlardan imtina etmək düzgün deyildir. Təlimdə (dərslərdə) bütün metodlardan yerinə görə istifadə edilməlidir. Bütün şəraitlər üçün yararlı olan universal metod yoxdur. Bu mənada "Mənim öz iş metodum var" deyən müəllimlərə haqq qazandırmaq çətindir. Çünki dərsdə tək bir metoddan yox, metodlar kompleksindən istifadə edilir.

Təlim metodlarının seçilməsində bəzi meyarlar əsas götürülür. Müəllim dərsin məqsəd və vəzifələrindən, keçilən fənn və mövzudan, şagirdlərin dərketmə imkanı və hazırlıq səviyyəsindən çıxış edərək konkret sinif və dərs üçün optimal (münasib) təlim metodlarını seçib tətbiq etməlidir. Müəllimin pedaqoji ustalığının mühüm göstəricilərindən biri də budur.

 

0 şərh