Sağlam qidalanma uşaqları xoşbəxt edir

Sağlam qidalanma çəkidən asılı olmayaraq uşaqların daha sakit olmasına səbəb olur. İsveçin Höteborq Universitetinin nəzdində fəaliyyət göstərən Salqrensika Akademiyasının alimlərinin apardığı araşdırma nəticəsində rafinə edilmiş şəkər və yağın istifadəsinin məhdudlaşdırılması və meyvə-tərəvəz istehlakının artırılması uşaqlarda özünəhörmət duyğusu yaratdığı məlum olub.

Bununla yanaşı, həmin qidalar sayəsində balacaların özlərini güclü hiss etməsi, emosional problemlərlə üzləşməməsi, yaşıdları və ailələri ilə daha yaxşı münasibət qurduğu aşkarlanıb.

Həmin qənaətə gəlmək üçün elm adamları Belçika, Kipr, Estoniya, Almaniya, Macarıstan, İtaliya və İsveçdə 2-9 yaş arasında olan 7 min 675 uşaq üzərində tədqiqat aparıblar.

Əvvəlcə 43 qida növünün daxil edildiyi siyahı hazırlanıb. Daha sonra həmin uşaqların valideynləri siyahıdakı yeməklərdən azyaşlıların həftə ərzində neçə dəfə yediyi haqqında anket doldurublar. Sonra sağlam qidalanan uşaqlara xallar verilib, anketlər çərçivəsində uşaqların psixi sağlamlıqları qiymətləndirilib.

Alimlər həmçinin, uşaqların boy və çəkilərini də qeydə alıblar. Ölçmə və anketlər iki il sonra yenidən təkrar edilib.

Nəticələrə əsasən, həftədə iki və ya üç dəfə balıq yeyən uşaqlarda özünəhörmət hissi daha güclüdür. Bundan əlavə, onlar həmyaşıdları ilə anlaşılmazlıq və emosional cəhətdən problem yaşamayıblar. Tam buğda məhsullarının qəbulu da balacaların yaşıdları ilə münasibətlərinin yaxşılaşdırılmasında rol oynayıb.

Təlimatlara uyğun olaraq meyvə-tərəvəz yeyən, şəkər və yağın istifadəsi məhdudlaşdırılan uşaqların daha güclü özünəhörmət hissi olduğu, ailə və yaşıdları ilə əlaqələrinin yaxşı olduğu məlum olub. Tədqiqatçılar meyvə-tərəvəz yeyilməsinin ailə və həmyaşıdlarla münasibətə, yağın yeyilməsinin azaldılmasının isə emosional problemin aradan qaldırılmasına müsbət təsirini aşkarlayıblar.

Alimlər sağlam qidalanmanın çəkisindən asılı olmayaraq uşaqlarda psixi sağlamlığa yaxşı təsir etdiyini vurğulayıblar.
 

0 şərh