Dərviş və şahzadə qız

Öz gözəlliyi ilə Aya, Günəşə meydan oxuyan bir padşah qızı onu bircə kərə görənin ağlını başından alırmış.
Bir gün ağac altında süfrə açıb, kəmərinin altını bərkitməyə hazırlaşan dərviş elə ilk loxmanı ağzına aparanda gözləri oradan keçən bu şahzadə qıza sataşır və heyrətdən donur… Çörək tikəsini tutan barmaqları açılır və loxma yerə düşür.
Bunu görən şahzadə qız özündən razı halda ona gülümsünür. Heyrətdən yerində donan dərvişin matı-qutu quruyur, az qalır ki, yerə yıxılıb, huşunu itirsin. Bu ekstaz (dərin həzz) durumu sonrakı yeddi il ərzində onun varlığını tərk eləmir. O vaxtdan dərviş evə-eşiyə sığmır, küçələrdə veyillənir, ən yaxın dostları isə səfil itlər olur. Eşqin gücündən ağlını itirən bu dərviş şahzadə qızın zəndi-zəhləsini tökdüyündən onun qohumaları zavallını aradan götürmək fikrinə düşürlər.
Bunu anlayan şahzadə xanım dərvişi xəlvətcə hüzuruna çağırıb, deyir:
— Səninlə mənim aramda heç bir məhrəmlik ola bilməz. Odur ki, sən bu şəhərdən başını götürüb getməsən, mənim cangüdənlərim səni qətlə yetirəcəklər.
Zavallı aşiq bunun cavabında deyir:
— Səni ilk dəfə görəndən bəri həyat məndən ötrü onsuz da bütün mənasını itirib. Əgər qorumaların mənim canıma qıysalar, günahsız qana bais olacaqlar. Amma bu dünyanı tərk etməzdən öncə mənim yeganə xahişimi yerinə yetirməni səndən rica edəcəyəm: de görüm, o vaxt sən mənə niyə gülümsəmişdin?
Şahzadə xanım şəstlə dedi:
— Ağılsız! O vaxt mən hansı kökdə olduğuna nəzər salınca, sənə rəhmim gəldi və buna görə də gülümsündüm.
Bunu deyən şahzadə qız dərvişi yalqız qoyub, oradan uzaqlaşır.

«Məntiqüt-təyr» (Quşlar məclisi) adlı əsərində sufi ustadı Fəridəddin Əttar subyektiv (fərdi, şəxsi) yaşantıların aldadıcı olduğuna diqqəti çəkir. Bu əhvalatda da gözəlin sirli təbəssümü vasitəsilə özünə nələrsə aşılayan, buna cürbəcür yozumlar gətirən dərviş ən sonda anlayır ki, sevdiyi varlığın ona gülümsəməsinin əsil səbəbi adi mərhəmət hissindən başqa bir şey deyilmiş. Bu cür əsərlərdə rastlanan özünəməxsus ifadə özəllikləri bir çox oxucuda klassik sufi mətnləri barədə adətən yanlış təsəvvür yaradır və onlar bu əsərlərin psixoloji durumların təsvirindən tamamilə uzaq olduğunu düşünürlər.

Müəllif Aydın Yaşar

Oxşar məqalələr

 

0 şərh