3. Azərbaycanın qədim dövr tarixi-siyasi coğrafiyası

Azərbaycanın qədim tarixinə dair yazılı mənbələrin kifayət qədər olmaması həmin dövrdə mövcud olmuş dövlət qurumlarının tarixi-siyasi coğrafiyasının geniş şərhinə imkan vermir. Materialın azlığını nəzərə alaraq bu mövzunun tədrisində tarixi-siyasi coğrafiya məsələləri ilə yanaşı sırf siyasi, iqtisadi, etnik və mənəvi məsələlərə də toxunulmuşdur.
E.ə. III-II minilliklərdə Azərbaycanın cənub ərazilərində, xüsusilə də Urmiya gölünün ətrafında bir sıra tayfalar məskunlaşmışdı. Gölün şərq və qərb sahillərində kutilər, cənubunda lullibilər, hurrilər, cənub-şərqində uruatrilər, kutmixilər yaşayırdılar. Lullubi tayfalarının tərkibində turukki, su və başqa tayfaların mövcud olduğu güman olunur. Bu tayfalar Azərbaycan xalqının siyasi həyatında yaxından iştirak etmiş və xalqın gələcək təşəkkülündə müəyyən mövqe tutmuşlar.
Məlum olduğu kimi, Azərbaycanın cənubunda və şimalında sinifli cəmiyyətin bərqərar olması müxtəlif tarixi dövrlərə təsadüf edir və cənubda dövlət qurumu daha əvvəllər təşəkkül tapmışdır. Bu həmin ərazinin İkiçayarası əraziyə yaxın olması və buradakı dövlətlərlə əlaqəsi ilə izah olunur. Manna dövləti Azərbaycanın cənub ərazisində meydana gəlmiş ilk dövlət qurumudur. Son vaxtlarda Azərbaycan tarixşünaslığında Mannadan düz 2000 il əvvəl, təxminən həmin ərazidə Aratta adlı dövlətin mövcud olduğu göstərilir. Lakin bu fikir tarixşünaslıqda birmənalı qəbul olunmamış və mütəxəssislər arasında mübahisəyə səbəb olmuşdur. «Azərbaycan tarixi»nin son akademik nəşrində Arattanın adının belə çəkilməməsi onun varlığını şübhə altına alır. Bunu nəzərə alaraq, Aratta barədə ayrıca məlumat verilməsi məqsədəuyğun hesab olunmur.
Daha sonralar bu ərazidə Atropatena dövləti meydana gəlmiş, şimalda isə Qafqaz Albaniyası fəaliyyət göstərmişdir.Adı ilk dəfə e. ə. 843-cü ildə çəkilən, Assur, Urartu mənbələrində və Bibliyada Munna,Manna, Mannas (Mana), Minni və s. kimi adlandırılan Manna dövləti (e.ə.843-610) əsasən Urmiya gölünün cənub-şərqindəki xırda hökmranlıqların birləşdirilməsi nəticəsində təşəkkül tapmışdır. Manna çarlığı qədimdə Lullubum adlanan Böyük Zamua vilayətinin bir hissəsində olan Daxili Zamuanın ərazisində meydana gəlmişdir. E.ə. I minilliyin başlanğıcına aid olan mənbələr Lullubum, Zamua və Manna anlayışları arasında varisliyi izləməyə imkan verir. Assur hökmdarı II Sarqon isə Manna çarlığının meydana gəldiyi Zamua vilayətini «Zamua adlanan Lullume ölkəsi» kimi təqdim edir. Mannanın sərhədləri cənubda Diyala və Zab çaylarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə Urmiya gölünə kimi uzanırdı. Paytaxtı İzirtu (Zirtu) şəhəri idi. Dövlətin ərazisi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünmüşdü: Gizilbunda, Zikertu, Andia, Uişdiş, Subi, Bari, Buştu belə əyalətlərdən idi. Ölkə ərazisində Zibia (Uzbia, İzzibiya), Armait (Urmeyate), Uşkaya, Tarun, Tarmakisa, Buştu qalaları, müasir Həsənli təpəsi yerində qala-şəhər mövcud olmuşdur. Dövlətin çiçəklənmə dövrü e.ə. VIII əsrin axırlarına -İranzunun və onun sələflərinin hakimiyyəti dövrünə təsadüf edir. E.ə. 714-cü ildə Urartu çarı I Rusanın assur hökmdarı tərəfindən məğlub edilməsi Manna sərhədlərinin genişlənməsinə səbəb oldu. Bu dövrdə yarımmüstəqil ucqar hakimlərin torpaqları da (Uişdiş, Messi, Andia və s.) Mannaya tabe idi. Asılı vilayətlər də daxil olmaqla Manna həmin dövrdə Urmiya gölünün bütün cənub hövzələrini, Urmiya ilə Araz arasındakı su ayrıcınadək gölün şərq sahilini, habelə, Qızılüzən çayı hövzəsinin xeyli hissəsini və ondan cənubda yerləşən rayonları əhatə edirdi. Manna ərazisi Mada Atropatenası — Aturpatakana, yəni Cənubi Azərbaycana təxminən uyğun gəlirdi. Bununla yanaşı Manna sərhədləri müəyyən dövrlərdə Araz çayından şimala tərəf də uzanmışdır. Lakin Mannanın çiçəklənməsi uzun sürmədi. Assurluların yürüşü nəticəsində Manna dövlət kimi öz mövqeyini itirdi; Zikertu, Uişdiş, Messi, Andia və başqa vilayətlər ondan ayrıldılar. Mannanın adına son dəfə Bibliyada, e.ə. 593-cü ildəki hadisələrin şərhi ilə əlaqədar təsadüf olunur.
Mannalıların formalaşmasında qədim yerli əhali — kuti-lullubi tayfaları əsas rol oynamışlar. E.ə. I minilliyin əvvəllərində əhalinin tərkibində hurrilər gücləndi. Daha sonra ölkədə irandilli tayfaların təsiri artdı. Huri-kuti dillərinin nax-dağıstan dilləri ilə qohumluğu ehtimal olunur. Əhali allahlar panteonuna (çoxallahlı dinin bütün allahlarına) və həyat şəcərəsinə sitayiş edirdi. Mannalılar azərbaycanlıların əcdadları olmuşlar.

Atropatena (və ya Kiçik Midiya) e.ə. IV — b.er. III əsrlərində İran yaylasının şimal-qərb hissəsində mövcud olmuşdur. Onun ərazisi əsasən müasir Cənubi Azərbaycan, İran Kürdüstanı, bəzi vaxtlarda isə Şimali Azərbaycanın cənub rayonlarını və bəlkə də, Cənubi Qafqazın bir sıra vilayətlərini əhatə edirdi. Dövlətin şimal hüdudları çox vaxt Araz çayına, şərq hüdudları Talış və Elbrus dağlarına, cənub sərhədləri isə Əlvənd dağlarına çatırdı. Paytaxtı Urmiya gölünün cənub-şərqində Miandor şəhərindən şərqdə Leylan kəndi yaxınlığında mövcud olmuş Qazaka (Qanzaka) şəhəri idi. Antik müəlliflər Atropatenada kifayət dərəcədə inkişaf etmiş şəhər həyatının olduğunu xəbər verirlər. Atropatena şəhərlərindən Fraaspa, Fanaspa, Aqanzananın adları çəkilir. Fraaspanın müasir Marağa şəhəri ətrafında, Fanaspanın Marağa ilə Miyanə şəhərləri arasındakı Qaleye-Zöhhak adlı qədim yaşayış məskənində, Aqanzananın isə Zəncan şəhəri yerində mövcud olduğu güman edilir. Beyləqan bölgəsində e.ə. IV — b.e. I əsrlərinə aid yaşayış məskənində (müasir Təzəkənd ərazisində) qədim Paytakaran şəhəri mövcud idi. Atropatenada Vera, Qaleye-Sasan, Qaleye-Navduz, Ərdəbildən 30 km şimal-qərbdə Qala və s. istehkamlar da vardı. Bizim eranın ilk əsrlərində ölkədə şəhər həyatı daha da inkişaf etmişdi. Bu dövrdə Atropatenada Marağa, Təbriz, Şiz (Təxti-Süleyman), Zəncan, Ərdəbil, Bacarvan, Dehxarqan, Salmas, Xoy, Urmiya, Cabravan, Neriz, Sərat, Meyməd, Bərzə və s. şəhərlər fəaliyyət göstərirdi.
Atropatena ərazisi əsasən dağlıq vilayətlərdən ibarət idi. Ölkənin müxtəlif ərazilərində, səmtlərində Savalan, Səhənd, Büzgüş, Qaflantı, Bağra (Amard), Zaqros və s. dağlar vardı. Atro-patena həmin dağlardan axan çaylarla da zəngin idi: əsas çayları Qızılüzən (Sefidrud), Qarasu, Kiçik Zab, Korxa, Karun və başqaları olmuşdur. Atropatena ərazisi zəngin faunaya və floraya, təbii ehtiyatlara malik idi. Ölkə ərazisindən yerli və tranzit ticarət yolları keçirdi.

Atropatena orta fars (pəhləvi) abidələrində Adurbadaqan («odun himayəsində olan ölkə») adlanır. Bizim eranın III əsrindən başlayaraq ölkə Sasanilər dövlətinin tərkibinə daxil olur və onun vilayətlərindən (dastakertlərindən) birinə çevrilir. Erkən sasani dövründə Adurbadaqan Sasanilər dövlətini təşkil edən şəhrlərdən — ölkə və ya vilayətlərdən biri idi və dövlətin «İran olmayan» 27 şəhərindən biri sayılırdı. I Xosrov Ənuşirəvanın (531-579) inzibati islahatları nəticəsində Adurbadaqan dövlətin 4 iri canişinliyindən — «kust»undan (hərfən: tərəf, cəhət) birinə çevrildi. «Azərbaycan kustu» adlanan həmin canişinliyə (Şimal canişinliyinə) Cənubi Azərbaycanla yanaşı, Albaniya, İberiya, Ermənistan, Balasakan, Sisakan, Rey, Gilan, Deyləm, Dəmavənd, Təbəristan, Ruyan (Rovan), Amul, Həmədan və Muğan daxil idi. Bu dövrdə Adurbadaqanın vilayət kimi hüdudları şimalda Araz çayına, cənubda Zəncan və Dinavər düzünə yetişir, Xulvan düzü və Şəhrəzurdan keçərək, Dəclə çayına qovuşan əraziyə kimi uzanırdı. İnzibati-idarə sisteminə görə kust (tərəf, coğrafi cəhət) və şəhr/kust (vilayət) inzibati vahidindən sonra nahiyə (nahanq) gəlirdi və bu da öz növbəsində rustaqlara (rayonlara) bölünürdü. Rustaqlar ilk növbədə kənd yerlərini özündə birləşdirirdi. Adurbadaqan rustaqlarından Peraxravar (Burxuvar) və onun baş kəndi Siroşmaqovun adı bəllidir. Adurbadaqan torpaqlarının münbitliyinə və təbii sərvətlərinə (neft, duz) görə Sasanilər dövlətinin iqtisadiyyatında mühüm yer tuturdu və Zərdüştlüyün əsas mərkəzi hesab olunurdu.
Atropatenanın Azərbaycan tarixində yeri böyükdür. Bu dövrdə «Azərbaycan» məfhumu formalaşır, etno-mədəni xarakterli hadisələrin başlanğıcı qoyulur, xalq təşəkkül tapır və s. Bilindiyi kimi, «Azərbaycan» adının meydana gəlməsi müxtəlif cür izah olunur (odlar ölkəsi, ərlər ölkəsi və s.). Lakin, elmi araşdırmalar sübut etmişdir ki, bu istilah məhz şəxs adından — Atropatın adından təşəkkül tapmışdır (Osman imperiyası — I Osmanın, Özbəgistan — Özbəyin, Kolumbiya -Kolumbun və s. adından yarandığı kimi). Digər tərəfdən, Atropatenanın təsisi atropatilər sülaləsinin meydana gəlməsinə səbəb olmuşdur. Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış atropatilər midiyalılar kimi tanınsalar da, Atropatenada bir sıra başqa tayfalar, o cümlədən, midiyalılar tərəfindən assimilyasiya olunmuş tayfalar yaşayırdılar. Belə tayfalardan saqartilər, mikilər (Muğan adı buradandır), utilər, parikanlar, ortokoribantilər, kadusilər, dareytilər, pantimatilər, pavsikilər, kaspilər, matienlər, mardlar, porsilər, aparikilər və s. tayfaları göstərmək olar. Antik Atropaten etnosu yerli qəbilələri özündə assimilyasiya etmiş yeni bir etnos idi. Akad. İ.H.Əliyev yazır: «Antik dövrdə meydana gəlmiş Atropatena etnosu heç də Cənubi Azərbaycanın (orta) Midiya dilinin dialektlərində danışan əvvəlki əhalisinin hər hansı qruplarından ibarət deyildi. Bu regionun yerli qəbilələrinin assimilyasiyası nəticəsində meydana gələn yeni bir etnos idi». Alimin fikrincə, Atropatena əhalisinin müəyyən hissəsi irandilli, bir qismi isə yerli tayfalardan ibarət olmuşdur. Atropatenada işlədilən əsas dil də irandillilərə məxsus olmuşdur. Əhali azəri dilində də danışırdı. Talış dilinə yaxın olduğu aşkarlanan azəri dili fars dili olmasa da, İran dilləri qrupuna daxildir.

Qədim Azərbaycan əhalisinin dini görüşləri səma qüvvələrinə, oda, suya, müxtəlif bütlərə inamla bağlı idi. Əhali arasında çoxallahlılıq (politeizm) mövcud olmuşdur. Azərbaycanda, xüsusilə onun cənubunda oda sitayiş — atəşpərəstlik geniş yayılmışdı. Ölkədə zərdüşt dininə də sitayiş olunurdu. Atəşpərəstliklə zərdüştlüyü eyniləşdirsələr də, onlar əslində ayrı-ayrı din sahələri olmuşlar, amma bir-birilə yaxın əlaqədə idilər. Atəşpərəstlik kahinləri — maqlar e.ə. VI əsrdən zərdüştlük dininə kahin kimi xidmətə başlamışlar və zərdüştlüyə atəşpərəstlik ehkamlarını daxil etmişlər. Təkallahlığı əsas tutan zərdüştlüyün dini kitabı «Avesta»dır. Avestanın dünyagörüşü üçün ifrat dualizm xarakterikdir. Avestaya görə, dünyada həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlanğıca malik olmaqla 2 qismə ayrılır. Baş Allah Ahura Mazda (Hörmüzd) — xeyirxah, dağıdıcı ruh Anhra Manyu (Əhrimən) — şər başlanğıcın ifadəsi və ya rəmzidir. Zərdüştlüyün Orta Asiyada, yaxud Əfqanıstanda meydana gəlib İrana yayıldığı güman edilir. Bəzi mülahizələrə görə isə bu din Reydə (Tehranda), digərlərinə görə Azərbaycanda təşəkkül tapmışdır. Sasanilər dövründə Avesta bir neçə dəfə — III, IV, VI və VII əsrlərdə kodifikasiya edilmişdir. Avestanın kanonlaşdırılmış mətni pəhləvi (orta fars) dilinə tərcümə olunmuş və şərhlərlə təchiz edilmişdir. Azərbaycan əhalisinin bir qismi göy cisimlərinə sitayiş etmişdir. Günəş (Helios), Səma (Zevs), Ay (Selena) allahlarına inam daha güclü idi.


tarix elmləri doktoru,professor Vaqif Ziyəddin oğlu Piriyev 
AZƏRBAYCANIN TARİXİ-SİYASİ COĞRAFİYASI
 

0 şərh