Vərəmli xəstələrin rejimi

Vərəmli xəstənin müalicəsində dərmanlarla aparılan və ya cərrahi müalicə üsullarının hamısı düzgün təşkil edilmiş gigiyena-pəhriz və müalicə-profilaktika rejimi zəminində tətbiq edilməlidir.
Tam sakitlik rejimi vərəm prosesi kəskin şəkildə şiddətləndikdə, kazeoz pnevmoniyada, ağciyər qanhayxırmasında, plevritin kəskin dövründə, spontan pnevmotoraksda vacibdir. Xəstə yataqda olur və ona ancaq tibb işçiləri qulluq edirlər. Tibb bacısı yataqda xəstənin əl-üzünü yuyur və yedizdirir. Tam sakitlik zamanı beyin qabığında mənfi qıcıqlar getmir, tənəffüs və qan dövranı yaxşılaşır, orqanizm az enerji sərf edir.
Xəstə qan hayxırdıqda tam sakitlikdən başqa, ona xüsusi qulluq etmək, kürəyinin altına balış qoyub yataqda düzgün vəziyyət vermək lazımdır. Tibb bacısı ona qanı qaba tüpürməyi, udmamağı öyrətməlidir. Xəstəyə soyuq yemək verirlər. Xəstə qan hayxırdıqda tez-tez qusur, çoxlu kalsium, natrium-xlorid və zülal itirir. Belə halda xörəklə 15-20 q xörək duzu verir, yaxud onun hipertonik məhlulunu venaya yeridirlər.
Qızdırma yoxsa, vərəm prosesi sakitləşib xəstəyə yüngül rejim təyin edirlər: ona ayağa qalxıb palatada gəzməyə, az müddət aynabənddə, yaxud xəstəxananın həyətində oturmağa icazə verilir. Məşq rejimində xəstə uzun müddət havada olmalı, müəyyən bədən tərbiyəsi hərəkətləri kompleksi, idman oyunları ilə məşğul olmalı, vəziyyətindən asılı olaraq və həkimlərin nəzarəti altında müəyyən işlər görə bilər. İşdən aldığı zövq (müsbət emosiya) sinir sisteminə və orqanizmin başqa sistemlərinə müsbət təsir edir, tənəffüsün dərinləşməsinə, oksidləşmə proseslərinin bərpa olunmasına, yuxunun və iştahanın yaxşılaşmasına kömək edir. Xüsusi müalicə və bədən tərbiyəsi kompleksinin çox böyük əhəmiyyəti vardır.

Müəllif tibb elmləri namizədi A.M. Naqornı
 

0 şərh