Vərəmin uşaqlarda və yeniyetmələrdə profilaktikası və erkən aşkar edilməsinin təşkili

Yeni doğulmuş uşaqda vərəmin profilaktikası vərəm dispanserinin daimi nəzarəti altında həyata keçirilir; dispanserdə hamilə qadınlar, vərəmli xəstələr, yaxud fəal vərəmlə təmasda olan şəxslər xüsusi qeydiyyatdadırlar. Bu qeydiyyatı sahənin tibb bacıları və qadın məsləhətxanaları aparır. Qeydiyyatdan məqsəd yeni doğulmuş uşağı ayırmaq üçün qabaqca hazırlıq görməkdir. Qadın məsləhətxanasının həkimləri vərəm ocağından hamilə qadın gələcəyini doğum evinin müdirinə qabaqcadan xəbər verməli, vərəm dispanserinə isə vərəm ocağındakı hamilə qadınların siyahısını göndərməlidirlər.
Anada vərəm olarsa, onun özünü və uşağını 6 həftə doğum evində saxlayırlar. İri şəhərlərdə ya vərəmli zahı qadınlar üçün xüsusi doğum evləri, ya da ümumi doğum evlərində vərəm şöbələri olur. Bu cür doğum evində uşaq və ana bir-birindən ayrı olur (uşağı ancaq əmizdirmək üçün gətirirlər). Vərəmli xəstə anaya uşağını əmizdirməyə icazə verilibsə, uşağı təmas və damcı ilə keçən infeksiyadan qorumaq üçün bütün tədbirlər görülür (ana uşağını əmizdirdikdə maska taxır, ancaq döşünü açıq qoyub döşəkağıya bürünür, əmizdirməzdən əvvəl əllərini yaxşı yuyur, döşünü spirtlə, məməni borat turşusu məhlulu ilə silir).
Evdə basilgəzdirən xəstə varsa, yeni doğulan uşağı doğum evinə gətirənə qədər həmin xəstəni xəstəxanaya və ya sanatoriyaya qoymaq, otağı isə axırıncı dəfə dezinfeksiya etmək lazımdır. Yeni doğulmuş uşağı ayırmaq mümkün deyilsə, vərəm dispanseri vərəm ocağına, xəstənin davranışına və ya uşağın ev şəraitində xəstədən ayrı saxlanmasına daim nəzarət edir. Tuberkulin sınaqlarını uşağın iki aylığından aparmağa başlayırlar. Həkim tez-tez ona baxmalı, xüsusilə Pirke reaksiyası müsbət olduqda.
Uşağı nəinki ailə üzvləri ilə, həm də mənzildə yaşayan başqa adamlarla və ailədən kənar təmasdan qorumaq lazımdır. Tibb patronaj bacısı uşaqda hər hansı xəstəlik əlamətləri görünən kimi sahə həkiminə xəbər verməlidir. Uşaqda tuberkulin sınağı mənfi (viraj dövrü) olandan sonra dərhal tuberkulin sınağı müsbət olarsa buna xüsusi diqqət yetirmək lazımdır, çünki məhz bu vaxt vərəm infeksiyasını erkən aşkar etmək mümkündür. Bəzi hallarda kompleks müalicə, kimyəvi terapiya aparmaq lazımdır. Sahə pediatrı  uşaqda ilk dəfə infeksiyanın müəyyən klinik əlamətlərinin gördükdə dərhal uşaq vərəm dispanserinə göndərməlidir.

 

0 şərh