Məqsədsiz olmayın...

Sizcə, həyatda uğur qazanmaq üçün ilk şərt nədir? Bəlkə bilikdir? Bəlkə zəhmətdir? Əslində bunların heç biridir. Həyatda uğur qazanmaq üçün ilk şərt məqsəddir...
1953-cü ildə bir qrup alim Yell Universitetinin məzunları arasında araşdırma aparırlar. Məzunlardan gələcək planlarını və bu planları necə həyata keçirmək istədiklərini yazmağı tələb edirlər. Nəticədə məzunların ancaq 3 faizinin belə "yazılı planları" olduğunu görürlər. İyirmi il sonra alimlər ( yəni 1973-cü ildə) araşdırmada iştirak edən adamlarla yenidən görüşürlər və onların maddi baxımdan qalan 97 faizin hamısından daha yaxşı vəziyyətdə olduqlarını görürlər. Üstəlik, alimlər rəqəmlərlə ölçmək mümkün olmayan subyektiv məsələlərdə də (məsələn, xoşbəxtlik kimi) həmin 3 faizin qalan 97 faizdən irəli olduqlarını müəyyən edirlər. Sizcə, elə bu kiçik misal da həyatda uğur qazanmaq üçün ilk şərtin məqsəd olduğunu göstərmirmi?..
Ancaq hər şeydə tarazlıq olduğu kimi, məqsəddə də tarazlıq olmalıdır. Məsələn, əgər insan " Uğur qazanmaq ürəyin istədiyini etməkdir " deyirsə, zövqlərinin əsirinə çevrilir. Halbuki zövq dediyimiz şey dəniz suyuna bənzəyir. İnsan o sudan içdikcə susayır, susadıqca içir. " Uğur insanın özünü bir şeyə həsr etməsidir " deyən insan da səhv edir. Çünki o da öz məqsədlərinin kölgəsində cansıxıcı bir həyat yaşayır. Həyatını " xəzinə axtarmağa " həsr etsə də, " həyat xəzinəsi " əriyib gedir. Ona görə burada da əsas məsələ tarazlığı qorumaqdır. Tarazlığı qorumaq üçün əsas şərt isə ölçülü olmaqdır.
Başqa ehtimalın və ya variantın olmaması da uğur qazanmaqda vacib şərtdir. Məsələn, keçmiş sovet idmançılarının olimpiadalarda bütün medalları qazanmasının əsas səbəbi " kommunizm üçün " mübarizə aparmaları idi. Tariq ibn Ziyad isə 5 min nəfərlik bir ordu ilə özündən iyirmi dəfə çox düşmənə qarşı vuruşmaq üçün sahilə çıxmış və geri qayıtmamaq üçün gəldiyi gəmiləri yandırmışdı. Və o bu yolla nəinki İspaniyanı fəth etdi, həm də bəşər tarixinə böyük incilər bəxş edəcək 8 əsrlik bir mədəniyyətin təməlini atdı.
Gəlin məqsədimizə doğru irəliləyək...

Mənbə: " Ailəm" jurnalı
 

7 şərh

bankir
Nailə,Yell universiteti yaz.
3 faiz haqqında əvvəllər də oxumuşdum. Doğurdan da maraqlı hadisədir. Azərbaycanlılarda bu ədəd bəlkə də daha aşağıdır.
fidan
Uğur psixologiyası bloquna əlavə etmək lazımdır təcili.
Arzt
Həyatda uğur qazanmaq üçün ilk şərt məqsəddir
Məncə bu doğrudur.
HTML
Özüm internet sahəsiylə maraqlandığım üçün bilirəm ki,yeni saytların,yeni proyektlərin çoxu məqsəd olmamasına görə batır. Yaxşı proqrammistlər, yaxşı menecerlər, yaxşı kompüterlər,yaxşı pul da olur.amma məqsəd olmadığına görə çox işlər alınmayıb.
Arzu edirəm ki,kayzen.az saytı uğurlu olsun. Saytı yaradanlar yəqin ki,öz qarşılarına məqsəd qoyublar. Bu gedişlə davam etsələr,yəqin ki məqsədlərinə çatarlar
Zərrə
Nailə,yaxşı məqalə seçmisən, təbriklər! Tam razıyam. Həyatda müvəffəqiyətli olmağın əsas şərtlərindən biri qarşına məqsəd qoymaq, sonra o məqsədinə çatmaq üçün planlı şəkildə çalışmaqdı. Öz təcrübələrimə görə deyirəm: həqiqətən həyatımda ən müvəffəqiyətli vaxtlarım, qarşıma məqsəd qoyduğum, qərarlı olduğum, var gücümlə o məqsədə  doğru irəlilədiyim vaxtlardı. İnanın,insan məqsədində qərarlı olanda, iradəsini işə salanda çox imkansız kimi görünən şeylər mümkün olur. Necə deyərlər, «insan öz iradəsinin haqqını verməlidi».

Əslində hələ də eləyə bilmədiyimiz şeyləri ya eləmək istəmirik, ya da eləyə biləcəyimizə inanmırıq. Bir gözəl insanın gözəl ifadəsi var,deyir, «qızıl tapacağına inanmayan insan, qızıl mədəni içində olsa belə qızıla rast gəlməz. „

Qarşımıza bir məqsəd qoyandan sonra, ona çatmaq üçün planımız programımız olmalıdı. Biz həyatımızı planlamasaq, başqaları bunu bizim əvəzimizə edəcək. Onda da onun-bunun həyatımıza müdaxiləsindən şikayətlənməyə başlayacağıq.

Məqsədsiz, plansız, intizamsız həyat sürən insanın xoşbəxt olmasına inanmaq çox çətindi.
İsraf axır əvvəl bərəkətsizliyə səbəb olur. Məqsədsiz, tənbəl, həyatının mənasını anlamaq istəməyən insan, ona verilən şüur, iradə, ixtiyar,ağıl kimi cox qiymətli maddi və mənəvi istedad və qabiliyətlərini israf etmiş olduğu üçün, bərəkətsiz bir ömür sürər. Bəlkə də ömrü boyu boş və zərərli həvəs və istəklərinin əsiri olaraq yaşayar. Əgər ona yaşamaq demək olarsa. Sadəcə mövcud olmaqla YAŞAMAQ arasında böyük fərq var.

tenqo

Məqsədsiz insan bədbəxtdir, bu birmənalıdır, məncə. Əgər məqsəd yoxdursa, həyat da mənasız olar. Plansızlıq, intizamsızlıq anlayışı isə fərqlidi. Plansız və intizamsız həyat tərzi sürərək də xoşbəxt olmaq olar. Hər-hansı insanın xoşbəxt olub-olmadığını onun həyat tərzinə görə müəyyənləşdirmək düzgün deyil. Hansı həyat tərzinin onu xoşbəxt etdiyini həmin insanın özü deyə bilər. Plansız və intizamsız həyat tərzi sürənlər içərisində də xoşbəxtlər var. Mənimçün, başqası üçün onun həyat tərzi mənasız gələ bilər, onun düşüncələri də, seçimləri də səhv görsənə bilər, amma bu onun seçimidir və o xoşbəxtdir bundan. Məsələn, bomjların içərisində könüllü olaraq bomj həyat tərzini seçmişlərə də rast gəlmək olar.


Mənim fikrimcə bəzi şeylərdə plan qurmaq yaxşıdı və uğur gətirə bilər həmin plan. Amma həyatda elə məqsədlər var ki, onlara nə plan qurmaq olmur, ya da ki, plan qursan da effektiv olmayacaq. «Plan qurmaq olmur»-a misal: Tutaq ki, mənim həyatda başlıca məqsədim və nail olmaq istədiyim şey sevmək və sevilməkdi, bu hissi yaşamaq istəyirəm. Hansı tədbirlər planını təklif edərdiniz? Çox istəyirəm bir plan cızım, hətta hisslərimi proqramlaşdırmaq da istəyirəm ki, sevim kimisə. Əgər mümkündürsə, bu istəyimə nail olmaq üçün mənə məsləhət verəsiniz, və ya hansısa planı cızmaqda kömək edəsiniz. Bilirəm ki, bunun cavabı olmayacaq.


Mövzuya səthi yanaşanda ümumi şəkildə hamının fikirlərindən xoşum gəldi. Söylədiyim kimi, plan qurmaq yaxşıdı və bəzi hallarda plan uğurun açarıdır. Əsasən də karyerada özünü göstərir bu

Raskolnikov
Məqalə gözəldi amma çox qısadı. Biraz daha uzunlarını tapa bilsəniz yerləşdirərsiniz Nailə xanım