Vərdiş, yoxsa beyində gizlənən təhlükə?

Normal insan yaşadığı heç nəyi unutmur. Çünki insan beyni qavrama və saxlama qabiliyyətinə malikdir. Əgər unutqanlıq baş verirsə, bu, ciddi xəstəliklərin göstəricisi sayıla bilər.

Unutqanlıq demək olar ki, hamımızın gündəlik qarşılaşdığı problemlərdəndir. Gedəcəyimiz yeri, edəcəyimiz telefon zəngini, verdiyimiz sözü, pulqabımızı, evin və yaxud maşının açarlarını unuduruq. Unutqanlıq stressdən, zehni yorğunluqdan, depressiyadan ola bilər. Mütəxəssislərə görə, unutqanlıq gündəlik həyatımıza təsir edə bilmirsə, bu, qorxulu hal deyil.

Müəyyən bir yaşdan sonra unutqanlığı hiss edirsinizsə, psixiatra müraciət etmək lazımdır. Psixiatr Ramin Əliyevin sözlərinə görə, 40-50 yaşlarında qalıcı və gündəlik həyata təsir edən unutqanlıq halları yaşanırsa, bununla bərabər kefsizlik, əhvalsızlıq, halsızlıq, diqqət pozğunluğu, işdən boyun qaçırma kimi hallar müşahidə edilirsə, bu, insanın güclü depressiyada olduğuna işarədir və belə halları keçirənlər mütləq psixiatra müraciət etməlidirlər.

Daha gənclərdə görünən unutqanlığın səbəbləri isə sırf psixoloji problemlərdir. Məsələn, şəhər və iş həyatının gətirdiyi stress, depressiya, gərginlik beyin funksiyalarından diqqəti bir yerə yığma və idarəetməni pozaraq unutqanlıq yaradır. Bundan əlavə, bəzi vitamin əskiklikləri, beyin şişləri, beyin damarındakı tıxanmalar, beyin qanamaları və daha bir çox xəstəlik də özünü unutqanlıqla büruzə verə bilər.

Mütəxəssislərin fikrincə, unutqanlıq ağlını itirmə, yol qəzası, baş zədəsi, menengit keçirmə kimi səbəblərdən irəli gəlmirsə, deməli, unutqanlığa başqa bir xəstəliyin atipik vəziyyəti səbəb olur. R.Əliyevin bildirdiyinə görə, ciddi zədələr nəticəsində əmələ gəlməyən unutqanlıqları mütləq başqa hallar – yuxusuzluq, halsızlıq, əhvalsızlıq müşayiət edir. Zədə nəticəsində alınmış unutqanlıq ciddi psixoloji xəstəliyin əlaməti ola bilər: “Əgər insan hər hansı bir ağır hadisə yaşayıb və o hadisəni unudubsa, bu, artıq ciddi problemdir. Xəstəliyi təyin etmək üçün bu insanın yaşadığı hadisəni bilmək lazımdır. Zədə keçirən birində unutqanlıq varsa, onu psixoloji bir vəziyyət kimi qəbul etmək doğru deyil. Ruhi bir zədə yaşayıb-yaşamadığı, hər hansı başqa bir xəstəlik olub-olmadığı, depressiya vəziyyəti kimi bir çox faktoru araşdırmaq lazımdır. Unutqanlıq ciddi və qalıcı bir şəkildə davam edirsə, xəstəni nevropsixoloji müayinədən keçirdikdən sonra düzgün müalicəyə başlamaq olar”.

Amma qeyd etmək lazımdır ki, unutqanlıq özü ayrılıqda xəstəlik kimi də müşahidə oluna bilər. Buna təbabətdə psixoloji amneziya və ruhi səbəblərdən qaynaqlanan unutqanlıq da deyirlər. Belə xəstələrin müalicəsinə başlamazdan əvvəl onları dinləmək və keçirdikləri halları həkimlə müzakirə etmək lazımdır. Depressiyadan yaranan unutqanlıqlar depressiv dərmanlarla aradan qaldırıla bilər.

Mütəxəssislər hesab edirlər ki, unutqanlığa əsas səbəblərdən biri də yuxusuzluqdur. Həkimin fikrincə, yuxusuzluq diqqət pozğunluğu yarada bilər ki, bu da qalıcı və gündəlik həyata təsir edən unutqanlıq halına gətirib çıxara bilər. Əsasən yaşlılar, keçmişdə depressiya yaşamış, damar xəstəliklərindən əziyyət çəkənlər, keçmişdə ciddi baş yaralanmalarına məruz qalanlar, aşağı təhsil səviyyəsi olanlar unutqanlığa düçar olur.

Unutqanlığı aradan qaldırmaq, yaddaşı gücləndirmək üçün sağlam qidalanmaq və bol su içmək məsləhət görülür. Uzun müddətli pəhrizlər, aclıqlar unutqanlığın yaranma səbəbi ola bilər. İdman etmək, gündə yarım saat gəzinti, krassvordlar həll etmək, kitab oxuma, musiqi dinləmək, ictimai əlaqələri inkişaf etdirmək yaddaşı möhkəmləndirir.

Təzyiq, xolestrol yüksəkliyi, ürək xəstəliyindən əziyyət çəkən insanlar ağlını itirmə – unutqanlıq riski daşıdığı üçün bu xəstəliklərdən əziyyət çəkənləri daim nəzarət altında saxlamaq lazımdır.

Unutqanlığa səbəb həddən artıq spirtli içkilərin istifadəsi və siqaret çəkmək də ola bilər. Unutqanlıq olduğunda “yaşlılıqdandır” deməyib həkimə müraciət etmək lazımdır.

R.Əliyev bildirir ki, unutqanlığı aradan qaldırmaq və hafizəni gücləndirmək üçün kələm, ispanaq, çiyələk, albalı, böyürtkən, quşüzümü, badımcan, üzüm, ərik, qırmızı soğan, qırmızı alma, çuğundurdan qida rasionunda çox istifadə etmək lazımdır. “Balıqların yaddaşı 3 saniyəlik olsa da, balıq yemək də yaddaşı gücləndirir. Gündə bir dəfə balıq yemək yaddaşı gücləndirməklə yanaşı, insanı 3 yaş cavan saxlayır. Əgər balıq yeyə bilmirsinizsə, xüsusi balıq yağı həblərindən istifadə edin. Bundan əlavə, taxıl, kalium, B, C vitamini beyin funksiyalarını nizamlayır”.

Həkimin dediyinə görə, unutqanlıq yaradan qidalardan biri də qəhvədir. Belə ki, sizin ayılmaq məqsədilə içdiyiniz 1 fincan qəhvə yaddaşınızın zəifləməsinə səbəb olur. Düzdür, qəhvə içdikdən 1-3 saat sonra özünüzü gümrah hiss edirsiniz, amma bu keçicidir. “Səhər acqarnına qəhvə içmək, müvəqqəti enerji verib, əhvalınızı qaldırsa da, sonradan sizin kabusunuz ola bilər. Belə ki, aclıq davam etdiyi təqdirdə, qanınızdakı şəkərin miqdarı azalar və bu da diqqət pozulmasına səbəb ola bilər. Bir neçə dəfə təkrar keçirdiyiniz unutqanlıq zamanla qalıcı unutqanlığa çevrilə bilər ki, bu da sizin gənc yaşda ağlınızı itirməyə bərabərdir. Ümumiyyətlə, qalıcı unutqanlıq – ağlın itməsi deməkdir”.
Mənbə:http://gundem.az/2012/09/13/vərdis-yoxsa-beyində-gizlənən-təhlukə/
 

0 şərh