İsimlərin hallanması və morfoloji təhlili

İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir.
Isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var. Hər bir hal özünəməxsus sualları və xüsusiyyətləri ilə seçilir.

Adlıq hal

İsimlərin başlanğıc formasıdır. Adlıq hal kim? nə? hara? suallarına cavab olur. Məsələn: şagird (kim?), kitab (nə?), Bakı (hara?) və s. İsimlər adlıq halda cəm, mənsubiyyət və xəbərlik şəkilçiləri ilə işlənə bilir. Məsələn: atam (kim?), kitabım (nə?), evlər (nələr?), kəndimiz (hara?), qələmdir (nədir?) və s.
Adlıq halda olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Gələn tələbələrdir. Mən müəlliməm və s. Bu halda olan isim sifətləşdikdə cümlədə təyin də olur. Məsələn: Şəkidə kərpic evlər çoxdur. Uşağa dəri çanta aldım. və s.

Yiyəlik hal

Yiyəlik, sahiblik mənalarını bildirir. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?), qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s. İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın (qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.
Yiyəlik halın iki növü var: müəyyənlikbildirən yiyəlik hal, qeyri-müəyyənlikbildirən yiyəlik hal.
Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və sahiblik, yiyəlik məzmununu konkret şəkildə ifadə edir. Məsələn: məktəbin həyəti, kitabın cildi birləşmələrində konkret bir məktəbin həyəti və müəyyən bir kitabın cildi mənası anlaşılır.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur və sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi birləşmələrindəki məktəb və kitab isimləri qeyri-müəyyən əşyaları ifadə edir. Bunu aşağıdakı nümunələrdə də aydın görmək olar:
Müəyyənlik bildirən yiyəlik hal: dağın havası, elin gücü, ananın laylası, dəftərin üzü, gülün ətri.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal: dağ havası, el gücü, ana laylası, dəftər üzü, gül ətri. Göründüyü kimi, belə isimlərin çoxunu müəyyənlik bildirən yiyəlik hala çevirmək mümkündür. Lakin bu halda olan bəzi sözləri müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillik günü, istirahət günü və s.
Yiyəlik halda işlənən isim, bir qayda olaraq, ayrılıqda işlənə bilmir.Belə isim özündən sonra gələn başqa bir isimlə - üçüncü şəxsin təkində olan mənsubiyyət şəkilçili isimlə məna və qrammatik cəhətdən bağlı  olur. Bu iki isim birləşmə əmələ gətirir və birlikdə cümlənin bir üzvü olur. Məsələn: Məktəb illəri arxada qaldı. Qonşunun oğlu diş həkimidir. Torpağın sirrini əli torpaqda olandan soruş və s.
Müəyyənlik bildirən yiyəlik hal  bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri olur. Məsələn: Qələm Anarındır. Kitab kitabxananındır və s. Qeyri - müyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.
Qeyd: Samitlə bitən isimlərin qəbul etdiyi yiyəlik hal şəkilçisi –ın4 ilə II şəxs təkin mənsubiyyət şəkilçisi -ın4 bır-biri ilə omonimdir. Məsələn: otağın açarı, sənin otağın, qələmin ucu, sənin qələmin və s. Bunları daşıdıqları  mənaya görə fərqləndirmək olar. Yuxarıda qeyd olunduğu kimi, yiyəlik hal şəkilçisi qəbul etmiş isim özündən sonra ikinci bir isim tələb edir (eləcə də mənsubiyyət şəkilçili ismin əvvəlində yiyəlik hal şəkilçisi qəbul etmiş sənin əvəzliyini işlətmək olur: kitab-ın cildi, sənin kitab-ın). Bundan əlavə mənsubiyyət şəkilçisi qəbul etmiş ismi hallandırmaq olur: sənin kitabını, kitabına, kitabında və s. Yiyəlik hal şəkilçisi qəbul etmiş ismi isə hallandırmaq mümkün deyil (ümumiyyətlə, bir isim iki hal şəkilçisi qəbul edə bilməz).

Yönlük hal

Hərəkətin yönünü, istiqamətini, son nöqtəsini bildirir. İsimlər yönlük halda kimə? nəyə? haraya? suallarından birinə cavab olur və -a2 (-ya2) şəkilçisini qəbul edir. Məsələn: O, Anara (ata-ya) baxır - kimə? Mən qrafın-ə (güzgü-yə) yaxınlaşıram - nəyə? Qız məktəb-ə (Şəki-yə) çatır - haraya? və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin yazılışından fərqlənir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı saitlərdən birinə keçir. Məsələn: babaya – [babıya], nənəyə - [nəniyə], Şuşaya – [Şuşuya], kölgəyə - [kölgüyə] və s.
Kimə? nəyə? sualına cavab olan isimlər cümlədə həmişə vasitəli tamamlıq, haraya? sualına cavab verən isimlər isə zərflik olur.

Təsirlik hal

Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal.
Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir. Bu növ təsirlik halda işlənən isimlər -ı4 (-nı4) şəkilçisinı qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi? Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s.
Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur. Ana corab (nə?) toxuyur. Quzu su (nə?) içir. və s. Təsirlik halın bu növü formaca adlıq halda nə? sualına cavab olan isimlərə oxşasa da, qrammatik mənaca onlardan tamamilə fərqlənir:
1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işlətmək olar. Məsələn: O, alma (almanı) yeyir. Bağban ot (otu) biçir və s.
2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn: Aygün dostuna məktub yazır. Aygün məktubu dostuna yazır.
3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə də təsirlik halın şəkilçisini qəbul edir. Məsələn: Günay qələm aldı. Günay bu qələmi aldı.
4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirən təsirlik hal kimi yalnız təsirli fellərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda olan və nə? sualına cavab verən isim isə əksər hallarda təsirsiz fellərlə və ya ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdü. Kitab bilik mənbəyidir. Kitab maraqlıdır və s.
Qeyd 1: Samitlə bitən isimlərin təsirlik halının  şəkilçisi -ı4 ilə III şəxs təkin mənsubiyyət şəkilçisi –ı4 omonimdir. Məsələn: Kitabı oxu. Onun kitabı evdədir. Qələmi götürdüm. Uşağın qələmi sındı və s. Bunları fərqləndirmək üçün ilk növbədə mənaya fıkir vermək lazımdır. Formaca oxşar olan belə isimlərdən birincisi (təsirlik halda olan isim) nəyi? sualına, ikincisi (mənsubiyyət şəkilçili isim isə nə? sualına (bütövlükdə, birləşmə şəklində) cavab olur. Məsələn: Qonaq çayı (nəyi?) içir. Qonağın çayı (nə?) soyudu. Deməli, təsirlik hal şəklçili isim həmişə cümlədə tamamlıq, formaca oxşar olan mənsubiyyət şəkilçili isim isə mübtəda olur. İkinci fərq isə yuxarıda qeyd olunduğu kimi, təsirlik halda olan isimlərin yalnız təsirli fellərlə bağlı olmasıdır.
Qeyd 2: Təsirlik halın şəkilçisi –ı4 həm də isim düzəldən -ı4 leksik şəkilçisi ilə omonimdir. Məsələn: sanc-ı, yaz-ı, çək-i və s.
Təsirlik halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.

Yerlik hal

Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab olur və -da5 şəkilçisi ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) və s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəlitamamlıq,harada? sualına cavab olan isim isə zərflikolur.

Çıxışlıq hal

Hərəkətin çıxış (başlanğıc) yerini bildirir. İsmin çıxışlıq halı kimdən? nədən? haradan? suallarından birinə cavab olur və -da2 şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan, Sevincdən (kimdən?), kitabdan, dəftərdən (nədən?), bağçadan, küçədən (haradan?) və s. Çıxışlıq hal mənaca yönlük halın daşıdığı mənanın əksini bildirir. Məsələn: bağçaya (çatılacaq nöqtə) -bağçadan (çıxış nöqtəsi) və s.
Sonu n, n samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə (-nan3) şəklində deyilir. Məsələn: babam-dan- [babamnan], nənəmdən - [nənəmnən], Naxçıvandan-[Naxçıvannan], çəməndən - [çəmənnən] və s.
Çıxışlıq halda olan isim, əsasən, təsriflənən fellərlə əlaqəyə girir. Məsələn:Uşaq məktəbdən gəlir. O, anasından soruşdu və s.
İsim basqa nitq hissələri ilə də əlaqələnə bilər. Məsələn:Mən Anardan böyüyəm. Aysel Günaydan irəlidədir və s.

ikihecalı isimlərdə son saitin düşməsi

Dilimizdəki bəzi ikihecalı isimlərə saitlə başlanan hər cür şəkilçi qoşulduqda kökdəki son sait düşür (yazıda və tələffüzdə). Məsələn:sinif - sinfın, sinfə, sinfımiz və s. Belə isimlər, əsasən ərəb-fars mənşəlidir və aşağıdakı sözlərdən ibarətdir: qədir, qisim, zehin, eyib, ətir, isim, izin, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, cisim, şəkil və s.
Ağız, ağıl, alın, beyin boyun, burun, qarın, qoyun (qoltuq mənasında), oğul, çiyin sözləri isə (bunlar, əsasən, əsl Azərbaycan sözləridir) yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə kökdəki son sait düşür (yazıda və tələffüzdə). Məsələn: quşun ağzı, onun oğlu, sənin beynin və s. Bu sözlərə saitlə başlanan hal şəkilçiləri qoşulduqda kök dəyişmir. Məsələn: oğu-lun yaxşısı, çiyinin şəkli və s.

İsmin cümlədə rolu
İsimlər cümlədə, daha  çox mübtəda və tamamlıqolur. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən başqa cümlə üzvləri vəzifəsində də işlənə bilir. Məsələn: Anar şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), Dəmirçi dəmir qapını döyür (mübtəda, təyin və tamamlıq).

İsmin morfoloji təhlil qaydası
Morfoloji təhlil zamanı ismin aşağıdakı əlamətləri göstərilir:
1. İsmin sualı və başlanğıc forması
2. Quruluşca növü
3. Ümumi və ya xüsusi (konkret və ya mücərrəd) isim olması
4. Tək və ya cəm olması
5. Mənsubiyyət şəkilçisi (əgər varsa) və halı
6. Cümlədəki vəzifəsi
Nümunə: Aygün bağçada anasına kömək edir.
Aygün - kim? sulına cavab olar. Başlanğıc formadadır. Quruluşca mürəkkəbdir: ay gün isimlərindən yaranıbdır. Xüsusi isimdir. Təkdədir. Adlıq haldadır. Cümlədə mübtədadır.
Bağçada - harada? sualına cavab olur. Başlanğıc forması: bağça. Quruluşca düzəltmədir: bağ-ça. Ümumi isimdir. Təkdədir. Yerlik haldadır. Cümlədə zərflikdir.
Atasına - kimə? sualına cavab olur. Başlanğıc forması: ata. Quruluşca sadədir. Ümumi isimdir. Təkdədir. III şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmişdir: atası. Yönlük haldadır ata-sı-na. Cümlədə tamamlıqdır.

Mənbə Möhsün Nağısoylunun Azərbaycan dili kitabı

 

 

18 şərh

tenqo

Su sözü yiyəlik halda olduqda necə yazılır? Suyun, ya sunun? Qaydalara görə sunun yazılmalıdı, amma hələ heç kəsdən sunun sözünü eşitməmişəm. Məsələn, sunun üzü bulanıqdı. Yox əgər suyun olmalıdırsa, onda istisna kimi niyə qeyd olunmayıb?


Sualımın cavabını tapsanız xahiş edirəm istinadı da qeyd edin

tenqo
Sualımın cavabını bilən kimsə yoxdumu? Yoxsa bu mövzu, bu bloqla heç kəs maraqlanmır?
ayxansevda
su sözü sunun ola bilməz, çünki yiyəlik hal şəkilçisinın, nin. nun, nün deyil,  — in, ın, un, ün- dür. su sözü saitlə bitdiyi üçün su — un ola bilmir buna görə bildiyimiz kimi bitişdirici samit n, y, s artırılır. su sözünə uyğun y olduğu üçün, su-y-un olur. burda istisna hal yoxdur.
tenqo

Təəccübləndirdiniz məni, -nın, -nin, -nun, -nün şəkilçisinin yiyəlik hal şəkilçisi olmadığını yazmağınızla. :( Sizin şərhinizə müsbət verən şəxs isə ikiqat məyusluq hissi ilə təəccübləndirdi məni. :(( Əvvəla, məqaləni diqqətlə oxusanız, orada bu barədə açıq-aydın yazıldığını görərsiniz. İkincisi, bu məqalədə yazılanın həqiqətə uyğun olmadığını düşünürsünüzsə, 6-cı sinif (səhv etmirəmsə)  «Azərbaycan dili» dərsliyini açıb dəqiqləşdirə bilərsiniz.

ayxansevda
Müəyyənlik bildirən yiyəlik halın morfoloji əlaməti -ın, -in, -un, -ün şəkilçisidir. saitlə başlayan sözlərə artırıldıqda bitişdirici n samitindən istifadə olunur. Mənbə: Qəzənfər Kazımov Müasir Azərbaycan dili, Moorfologiya dərsliyi, B., 2010, səh 65. Bir çox məktəb dərsliklərində mən də -nın, -nin, -nun, — nün variantı ilə raslaşmışam. Lakin bu şəkilçi variantı deyil sadəcə uşaqlara aydın olsun deyə əlavə olaraq -nın4 kimi verilib, universitetlerde, filologiya fakültəsində -in4 kimi tədris olunur. Ona qalsa tenqo Əvvəl yiyəlik, inkar və qayıdış əvəzlikləri tədris olunurdu, indi qayıdış əvəzliyi təyini əvəzlik, inkar əvəzliyi isə qeyri-müəyyən əvəzlik kimi öyrədilir. Siz məyus olmayın, sadəcə yenilikləri izləyin. Birdə ki, bu mənim elmi mülahizələrim deyil ki, mən nəyi həqiqətə uyğun olmadığını düşünüm, ya inkar edim, oxuduğum ədəbiyyatlarda öyrəndiyimi deyirəm, Qrammatikanın  bir çox məsələlərinə məktəb proqramında toxunulmur. Məs filolgiya fakültəsində öyrədilir ki, Zaman budaq cümləsi anlayışı yoxdur, ona görə ki, digər budaq cümlələrdə də zaman anlayışı var, bu ayrıca növ deyil. Amma illərdir ki, biz məktəbdə Zaman budaq cümləsini keçirik və keçəcəyik də. Çünki qəbul olunub ki, bunu məktəbdə tədris etmək vacib deyil, uşaq zehninə uyğun gəlmir.   
tenqo

Ali məktəb proqramı ilə orta məktəb proqramının bu cür ziddiyyət təşkil etdiyindən bixəbərəm, çünki bu sahədə ali savadım yoxdur. Yeniliklər isə çoxdur və onların bu məqama təsiri yoxdur, məncə. Apostrof da mən məktəbi bitirəndən nə qədər sonra yığışdırıldı. Amma bu bu o demək deyil ki, mən "şeir" sözünün hazırkı yazılış qaydasını bilmirəm. Mən digər məqamlara toxunub, onları müzakirə etmirəm. Sadəcə bu məqam çox incə məqam kimi gəlir mənə və istisnadan başqa bir şey kimi qəbul etmirəm.


Əgər qayda-qanun varsa, ona uyğun da olmalıdır hər şey. Əgər bu hallar üçün istisna hallar da varsa, onda həmin hallar da qeyd olunmalıdır. Siz qeyd etdiniz ki: «Müəyyənlik bildirən yiyəlik halın morfoloji əlaməti -ın, -in, -un, -ün şəkilçisidir. saitlə başlayan sözlərə artırıldıqda bitişdirici n samitindən istifadə olunur». Burada digər bitişdirici samitdən söz getmir.


«Su» sözü ya istisnadır, ya da ki, hər kəs səhvən «suyun» yazır. Hər halda filoloqlarımız bu cür incə məqamlara diqqət yetirib, bir tədbir görməlidirlər. Özü də bunu mütləq orta məktəb proqramında qeyd etməlidirlər. Və mən orta məktəb proqramının ali məktəb proqramına zidd olmasını düzgün hesab etmirəm.


Bir fikrinizə diqqət yetirdim: «Məs filolgiya fakültəsində öyrədilir ki, Zaman budaq cümləsi anlayışı yoxdur, ona görə ki, digər budaq cümlələrdə də zaman anlayışı var, bu ayrıca növ deyil. Amma illərdir ki, biz məktəbdə Zaman budaq cümləsini keçirik və keçəcəyik də. Çünki qəbul olunub ki, bunu məktəbdə tədris etmək vacib deyil, uşaq zehninə uyğun gəlmir.». Bir az anlaşılmaz gəldi mənə. Adətən uşaq zehninə uyğun gəlməyən məqamlar orta məktəb proqramından çıxarılır və ali məktəbdə tədris olunur. Amma siz söylədiyiniz halda əksinədir. Olmayan bir anlayışı orta məktəbdə tədris etmək nəyə lazım? Özü də uşaq zehninə uyğun gəlməyən bir şeyi.

ayxansevda
Mənə isə elə gəlir ki, siz özünüzü çaşdırırsınız niyə su sözü istisna olmalıdı ki?  Bəyəm bitişdirici samit ancaq n samitidir? bildiyimiz kimi n, y və s hər üçü bitişdirici samitlərdir, sözə müvafiq şəkildə artırılır. Birdə ki, sizin nədənsə bixəbər olduğunuzu demədim, sizi düşündürən mövzudan danışırıq. Mənə də maraqlıdı belə fikirlər. Sizə nəsə qaranlıq qalıbsa demək nəsə var ki, belədir o nəyisə araşdırmaq çox maraqlıdı.  «Müəyyənlik bildirən yiyəlik halın morfoloji əlaməti -ın, -in, -un, -ün şəkilçisidir. saitlə başlayan sözlərə artırıldıqda bitişdirici n samitindən istifadə olunur» ona görə yazdım ki, dediyiniz -nın4 şəkilçisinin hardan qaynaqlandığını izah edim.
tenqo

Mən sizin nə demək istədiyinizi gözəl başa düşdüm. Yazdığınıza əsasən də mülahizə söylədim. Bir daha fikrimi azca fərqli formada təkrar edirəm ki, əgər «Müəyyənlik bildirən yiyəlik halın morfoloji əlaməti -ın, -in, -un, -ün şəkilçisidir. saitlə başlayan sözlərə artırıldıqda bitişdirici n samitindən istifadə olunur» fikrində «n» yox, ümumiyyətlə hər hansı bitişdirici samitdən istifadə olunur yazılsaydı, onda heç bir istisnalıqdan söhbət gedə bilməzdi. Yəni ki, «su» sözünün yiyəlik halı bütün dərsliklərdə yazılan qaydalara uyğun gəlmir. Hətta sizin qeyd etdiyiniz kitabdakı fikir də o sözün istisna hal olduğunu düşünməyə vadar edir.


Mənim məqsədim sizi səhv çıxartmaq deyil, sadəcə bu məqamın niyə heç yerdə qeyd edilməməsidir. Qəbul edin ki, «suyun» sözü qaydaya ziddir. Bu da mütləq qeyd olunmalıdır dərslikdə. Əgər imtahanda sual düşübsə ki, «su» sözü yiyəlik halda nə cür yazılır? Suyun, ya sunun? Kim mənə sübut edə bilər ki, sunun yazılmır? Dərsliyi açıb göstərərəm və tələb edərəm ki, əsaslandırın fikrinizi ki, mən səhv cavab vermişəm. Axı mən dərslikdə yazılanlara əsasən bunu söylədim. Orfoqrafik lüğətdə sözdəyişdirici şəkilçi əlavə olunmuş sözlər qeyd olunmur, yoxsa mənim səhv yazdığımı sübuta yetirmək istəyən şəxs ən sonuncu variant olaraq orada göstərib sözün bu cür yazıldığını israr edərdi.


Filoloqlarımız bu cür incə məqamı nəzərə almadılar və hər nədirsə, onu dərslikdə qeyd etməlidirlər. Məsələn: «Müəyyənlik bildirən yiyəlik halın morfoloji əlaməti -ın, -in, -un, -ün şəkilçisidir. Saitlə başlayan sözlərə artırıldıqda bitişdirici n samitindən istifadə olunur, yalnız su sözünə artırıldıqda y bitişdirici samitindən istifadə olunur.» Və yaxud başqa cür qeyd olunsun. Nə cür qeyd olunmağı vacib deyil, əsas odur ki, ziddiyyət olmasın.

tenqo
Bir fikri səhv yazmışam. Ona görə üzr istəyirəm hər kəsdən. Orfoqrafik lüğətdə sözdəyişdirici şəkilçili sözlər qeyd edilirmiş, səhv etmirəmsə. Amma suyun və ya suyu sözünə 100 % rast gəlinməz :)
tenqo

«Ona qalsa tenqo Əvvəl yiyəlik, inkar və qayıdış əvəzlikləri tədris olunurdu, indi qayıdış əvəzliyi təyini əvəzlik, inkar əvəzliyi isə qeyri-müəyyən əvəzlik kimi öyrədilir. Siz məyus olmayın, sadəcə yenilikləri izləyin». Bu fikriniz sözügedən mövzu ilə nə dərəcədə əlaqəlidir? Mənə elə gəlir ki, «yenilikləri izləyin» yazmaqla mənim yeniliklərdən bixəbər olduğumu düşünürsünüz :) Bəlkə də mən səhv anlayıram fikirlərinizi.

ayxansevda
elə anlaşılıbsa mənim üzrxaqlığımı qəbul edin, biz fikir mübadiləsi edirik, belə demək istəmirdim, təbii ki. Yox qətiyyən, əksinə sizin fikirləriniz, israrlı olaraq sualınıza cavab axtarmanız çox xoşuma gəldi. Orda yazmısınız ki, «Sualımın cavabını bilən kimsə yoxdumu? Yoxsa bu mövzu, bu bloqla heç kəs maraqlanmır?». :) Yox, Qardaşım, sadəcə demək istədim ki, elmdə hər sahədə mübahisəli məsələlər məktəb proqramında qeyd edilmir, son qərar, yəni iki ordu arasında son gəlinmiş ortaq nöqtə və ya qərar yekdilliklə məktəb proqramında öz əksini tapır, ona görə əvəzlik misalını çəkdim. Qəbul olundu ki, qeyd etdiyim əvəzlik növləri ola bilməz, məktəb proqramından çıxarıldı.
ayxansevda
Zaman budaq cümləsi indi də Ali məktəbdə tədris olunur, Bir sıra alimlər araşdırmalar aparıb belə qənaətə gəliblər, mən demədim ki, ümumiyyətlə yoxdur, fikrimi düzgün çatdıra bilməmişəm ola bilsin. BU mübahisəli məsələdi, ona görə çoxluq qəbul edir ki, zaman budaq cümləsi ayrıca budaq cümlədi, buna görə məktəb proqramında buna müvafiq tədris davam etdirilir. İkinci ordu da düşünür ki, zaman anlayışı bütün budaq cümlələrdə var. Mübahisə var filoloqlar arasında. Bunu Tofiq Hacıyevin kitabından oxumuşam.
ayxansevda
Müəyyən yiyəlik halın şəkilçisi -in, -ın, -un, -ün dür. Saitlə bitən sözlərə -nın4 artırılır. düzdü bir çox 90% kitablarda bu belə yazılıb. Ona görə ki, 90% sözlər saitlə bitəndə yiyəlik halın -in4 qəbul etdikdə n bitişdirici samitindən istifadə olunur Buna görə-nın4 şəkilçisi peyda olub, qalan 10% sözlərdə y və s bitişdirici samitlərindən istifadə edilir. nın4= ın4+n (bitişdirici samiti).bəzən ın4+y da olur bu da sizin sualınıza cavab ki, su sözü niyə suyun və ya suya olur. Eləyə qalsa nə sözü də nənın olmur nəYİN olur. belə sözlər var sadəcə azlıq təşkil edir. İstisna o vaxt olur ki, ümumi qaydaya uyğun olmur, burda ümumi qayda var ki, əksər sözlər yiyəlik halda n bitişdiricisindən istifadə etməklə şəkilçini qəbul edir, daha deyilmir ki, hamısı mütləq n bitişdiricisindən asılıdı. bilirsiniz demək istədiyim odu ki nın4 tam şəkilçi deyil düsturda göstərdiyim kimi, elə ona görə qeyd edilir ki, bir çox sözlərdə (saitlə bitən) y dan çox n bitişdirici samitindən istifadə edilir. Vəssalam. Kömək edə bildimsə çox sevinərəm. Alınmadısa gərək gedim yeni sübutlar axtarım :)))
tenqo

Oho! Hətta nə sözü də suyun qardaşı imiş :) Cavabınıza görə təşəkkürlər. Sizinlə fikir mübadiləsi, həqiqətən, xoşuma gəldi, amma onu qeyd edim ki, mən dəqiqliyi sevən birisiyəm və yazılan hər kəlməyə görə fikir söyləməyə çalışıram. Mən sizin yazdığınız cümləyə əsasən fikirlərimi söylədim. «Müəyyənlik bildirən yiyəlik halın morfoloji əlaməti -ın, -in, -un, -ün şəkilçisidir. saitlə başlayan sözlərə artırıldıqda bitişdirici n samitindən istifadə olunur. Mənbə: Qəzənfər Kazımov Müasir Azərbaycan dili, Moorfologiya dərsliyi, B., 2010, səh 65» fikrində əksər sözü olsaydı, əlbəttə ki, sizinlə əvvəlcədən razılaşardım. Çünki həmin söz cümlənin mahiyyətini dəyişir. Əksər sözü qeyd olunsaydı və əlavə olaraq heç bir söz yazlmasaydı sözügedən sözlərdən əlavə hər hansı sözün hallanmasında da fərqli nüansa rast gəlinsə, qəbul etmək olardı. Amma təəssüflər olsun ki, gətirdiyiniz dəlillər sizin fikrinizin sübutu deyil hələ də və mənim qeydimin doğruluğunu göstərir.


Ümumilikdə isə sizin fikrinizlə razıyam. Qəbul edirəm ki, siz dediyiniz kimidir. Amma bu sizin dediyinizdir, dərsliyin dediyi yox. Mənim istədiyim də budur ki, əgər siz dediyiniz kimidirsə, onda bunu mütləq dərsliklərdə qeyd etməlidirlər və azərbaycan dilini öyrənən şəxs də qaydaya əsasən öyrənəndə düzünü öyrənsin. Təşəkkürlər və uğurlar :)

ayxansevda
Bir dəfə müəllimimdən soruşdum ki, apostrofu götürüblər bildim, bəs niyə şeir oldu amma fel sözü feil olmadı. O da cavabında zarafatla ingilislər child sözünə cəmdə children deyirlər yəni childs demirlər və bunu problem və qayda pozuntusu hesab etmirlər ki. İndi biz də elə. Tələbə yoldaşlarımla hamımız bu fikrə güldük, amma məni indiyə kimi bu sual maraqlandırır. Demnək istəyirəm ki, Qrammatikada həyatda olduğu kimi hər şey nisbidir, dil inkişaf edir, yeni qrammatik, orfoqrafik, orfoepik  qaydalar meydana gəlir. Mənim fikrimcə isə Şeir sözü əvvəl apostroflu variantında (şeyir), fel sözü isə (fe:l) deyə tələffüz edilirdi, buna görə apostrof götürüldükdən sonra fərqli yazılmağa başladı. Fikrimcə birincisində apostrof heca bölümünü, ikincisində saitin uzun tələffüzünü bildirirdi. Bu mənim subyektiv fikrim və gəldiyim nəticədir, razılaşmaya da bilərsiniz.
tenqo

Bununla bağlı kayzen.az/blog/Azərbaycan-dili/1034/fel.html mövzusunda qeyd etmişdim. Fellə bağlı məqamı sizin yazınızdan sonra dəqiqləşdirə bildim indi :) Hansı səbəbdən fel o cür yazılır heç bilmirəm, bəlkə də o qaydanı müəyyən edənlər də mənim kimi düşünməyiblər və kor-koranə qəbul ediblər ki, fel bu cür yazılsa, daha yaraşıqlı olardı :) Ən azından «Azərbaycan dilinin orfoqrafiya qaydaları»-na nəzər yetirəndə bu cür düşünməyə məcbur oluram.


O ki, qaldı «child» məsləsinə, ingilis dilini öyrənən hər kəs dərsliklərdə rastlaşır həmin məqama. Ox, child, tooth, sheep və s. ingilis sözlərinin istisna hal olduğu açıq-aydın qeyd olunur. Bizim dildə də bir çox istisnalar var və onlar qeyd olunurlar. Qeyd olunduqları halda da tədris alan hər kəs öyrənir bunu. Məsələn qaydaya görə bu cürdür, ancaq filan məqam istisnadır. Maariflənən kəs də həmin istisnanı öyrənməlidir, çünki artıq onun özü bir qaydadır. İngilis müəyyən edib ki, ox sözü cəm halda oxen olmalıdır. Artıq bu onun qaydasıdır. Sadəcə ümumi qayda belədir ki, sözlər cəm hala düşəndə -s, -es şəkilçisini qəbul edir. Ümumi qayda onunçündür ki, orada bütün ingilis sözlərini cəm hala salıb yazmağa ehtiyac qalmasın.


Bir daha qeyd edirəm ki, dilimizdə istisnalar çoxdu. Amma o istisnalar qeyd olunur. Hər hansı tərif və yaxud qayda olur. Sonda da qeyd kimi yazırlar ki, filan məqamlar istisnadır. Dərsliyi oxuyan şəxs də yazılana uyğun olaraq maariflənir və onun ixtiyarı yoxdur ki, özündən nəsə fikir yürüdüb qaydaya zidd getsin. İstisna halları da kimsə özündən çıxarmır, onu dərslik qeyd edir və göstərir ki, bu cür də öyrənməlisiniz, çünki qayda bu cürdür.


Məsələn: «Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey. Vitse sözü istisnadır.» Qaydaya görə mən vitse yazmalıyam. Əgər bu istisna hal orada qeyd olunmasaydı və heç bir yerdə bu haqda məlumat verilməsəydi, sadəcə yazılsaydı ki, "Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır" onda kim vise yazsaydı, səhv hesab etmək olmazdı.


Başqa bir misal: "Birinci hecasındakı samiti həmn, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə. Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır."


Demək istədiyim budur ki, normalda bu cür olur, yəni qayda və istisnalar qeyd olunur dərslikdə və yaxud orfoqrafik qaydalarda və yaxud hansısa rəsmi bir yerdə. Dərslik də savad almaq üçündür, əgər orada səhv yazılıbsa, onu oxuyan şəxs də səhv məlumatlandırılacaq.


Su və nə ilə bağlı məqam isə nə ismin halları ilə bağlı qaydalarda qeyd olunmayıb, nə də istisna hal kimi hardasa qeyd olunmayıb. Və buna görə də hüquqi nöqteyi-nəzərdən yanaşanda heç kəs haqsız çıxara bilməz məni əgər sunun və yaxud nənin yazsam :) Çünki dəlil yoxdu buna qarşı :)

Gunel_Veliyeva
Qeyri mueyyen yiyelik hal ayriliqda islene bilir?
aq2 iq4 gin4 sekilcileri hem isim hem de sifet duzelden omonim sekilcidir ?
vacibdi imthandan sualdi 
Mehemmedcan
1) xeyr
2) bəli