Ağqoyunlular dövləti

 Oğuz tayfalarından olan Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşdur. «Azərbaycan tarixi» kitabında göstərildiyi kimi, bayraqlarında ağ qoç rəmzi olan bu böyük tayfa birliyi hələ erkən orta əsrlərin başlanğıcından, bəlkə də əvvəl Cənubi Qafqazda, başlıca olaraq Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, o cümlədən, Qarabağda, Göyçə gölü ətrafındakı torpaqlarda, Alagöz yaylaqlarında və başqa yerlərdə yaşayırdılar. Ağqoyunluların ön dəstələri Azərbaycanın cənub rayonları Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdı.Cahanşahın hakimiyyətinin sonuna yaxın Azərbaycanın qərbində və Kürdüstanın cənubunda yaşayan Ağqoyunlu tayfalarının əmirləri qüvvətləndilər. Ağqoyunlu tayfaları siyasi birliyinin başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi (1370-1388). Pəhləvan bəyin ölümündən sonra tayfa ittifaqı zəiflədi. Əlaəddin Turəli (1388-1392) və Fəxrəddinin (1392-1394) Ağqoyunlu tayfa ittifaqlarını möhkəmləndirmək cəhdləri heç bir nəticə vermədi.
 
XIV əsrin sonu — XV əsrin əvvəllərində Ağqoyunlu tayfa ittifaqının daxilində başlanan münaqişə daha da kəskinləşdi. Fəxrəddinin üç oğlu: Əhməd, Pirəli və Bahəddin Qara Yuluq Osman bəyin (Qara Osman) ətrafında birləşərək hakimiyyəti öz əllərində birləşdirməyə çalışırdılar. Onlar qorxulu hesab etdikləri Qara Yuluq Osman bəyi həbsə aldılar, lakin qaraqoyunluların Ağqoyunlu torpağına hücumu nəticəsində Qara Yuluq həbsdən qurtuldu. Tezliklə o, qaraqoyunlulara qarşı yaradılmış qoşuna başçı təyin edildi. O, Sivas uğrunda apardığı mübarizələrdə qaraqoyunlular üzərində qələbə çalaraq möhkəmləndi, az sonra Ərzincan, Mardin torpaqları da onlardan asılı vəziyyətə düşdü.
Qara Yuluq Osman bəy (1394-1434) Diyarbəkri mərkəz seçdi, öz adına pul kəsdirdi, feodal çıxışlarını yatırdı və bir sıra tədbirlər həyata keçirməklə Ağqoyunlu tayfa ittifaqını xeyli möhkəmləndirdi. 1434-cü ildə qaraqoyunlularla döyüşlərin birində 90 yaşlı Qara Yuluq öldürüləndən sonra, Ağqoyunlu tayfa ittifaqında feodal mübarizəsi daha da şiddətləndi.
Əli bəy (1434-1444) bu münaqişələrdə müəyyən uğurlar əldə etsə də, nəticədə məğlub olacağını duydu və Misir sultanlığı ilə ittifaqa girdi. Misir hakimi Məlik Əşrəf ona 50 min nəfər döyüşçü verdi. Birləşmiş qüvvə Əli bəyin qardaşı Həmzə bəyə qarşı mübarizənin gedişində məğlub oldu və Diyarbəkri itirdi, az sonra Əli bəy və Həmzə bəy öldürüldü. Əli bəyin oğlu Cahangir bəy (1444-1453) qısa vaxt ərzində Ağqoyunlu tayfalarını birləşdirərək Diyarbəkrdə möhkəmləndi. Lakin o, tayfa ittifaqının başçısı kimi lazımi rol oynaya bilmədi. Uzun Həsən (1453-1478) Ağqoyunlu tayfa birləşmələrinin möhkəmlənməsi əleyhinə çıxan qüvvələrə qarşı mübarizədə daha çox fəallıq göstərdi. Birinci növbədə, o, 1453-cü il yanvarın 16-da Diyarbəkrə daxil oldu, qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Uzun Həsən qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün ciddi tədbirlər gördü. O, eyni zamanda, Osmanlı imperiyası ilə mübarizə aparmalı oldu. XV əsrin 50-ci illərində Uzun Həsən Ərməniyyə və Gürcüstanın qaraqoyunlulara tabe olan şərq hissəsini tutdu. 1467-ci ilin mayında Cahangir Muş düzündə həm özünün baş əmiri Qasım Pərvənəçi ilə, həm də Ağqoyunlu Uzun Həsənin böyük qoşunu ilə döyüşə girdi. Bu döyüş qaraqoyunluların məğlubiyyəti ilə qurtardı, Cahanşah öldürüldü, Uzun Həsən qələbəsini rəqiblərinə bildirmək və onları açıq mübarizədən çəkindirmək məqsədilə Cahanşahın  kəsilmiş başını  Herata-Teymuri Əbu Səndə, oğlu Məhəmmədin başını isə İstanbula-II Mehmetə (1451-1481) göndərdi.
 
Ağqoyunlular dövləti xəritəAğqoyunlulara qarşı mübarizə aparmaq üçün Qaraqoyunlu əmirləri Maku qalasında həbsdə saxlanılan Cahanşahın oğlu Həsənəlini azad edib, hökmdar seçdilər. Bundan sonra Cahanşahın varisləri — Həsənəli və Hüseynəli arasında hakimiyyət uğrunda mübarizə başlandı  və Hüseynəli tezliklə öldürüldü, Həsənəli isə öz qüvvələrini toplayaraq, ağqoyunlulara qarşı mübarizəyə başladı. O, rəiyyəti öz tərəfinə çəkmək üçün Təbriz yoxsullarına və kəndlilərə iri məbləğdə pul payladı. Lakin onlar Həsənəlini müdafiə etmədilər. Ona görə də 1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu, Həsənəlini sıxışdırdı. Qaraqoyunluların xeyli hissəsi ağqoyunlularla birləşdi. Beləliklə, Qaraqoyunlu dövləti süquta uğradı. Ağqoyunlu dövləti onu əvəz etdi. Təbriz yeni dövlətin paytaxtı oldu.
Ağqoyunlu dövləti özünün ən qüdrətli çağlarında Kürdən cənubda olan Azərbaycan vilayətləri Ərməniyyə, Diyarbəkr, Şərqi Gürcüstan, Ərəb İraqı, Mazandaran və Xorasan istisna olmaqla, İranın qalan vilayətlərini əhatə edirdi.


Qeyd edək ki, Ağqoyunlu dövlətində  vəziyyət yaxşı deyildi. Uzun Həsənin dövründə şəhər və kənd əhalisi üzərinə ağır vergi və mükəlləfiyyətlər qoyulmuşdu. Bu, öz növbəsində, dövlətin iqtisadi əsasını sarsıdırdı. Azərbaycanın ayrı-ayrı mahallarında başlanan kəndli hərəkatı dövlətin siyasi nüfuzuna da mənfi təsir edirdi. Ona görə də Uzun Həsən xalqın rəğbətini qazanmaq üçün bir sıra tədbirlər gördü. Vergi işlərini nizama salmaq üçün «Qanunnamə» verdi. Xondəmir yazır ki, Uzun Həsənin vergi islahatı nəticəsində əkinçilik işləri xeyli yaxşılaşdı, vergilərin  miqdarı  nisbətən  azaldı. Lakin bu tədbir geniş xalq kütlələrinin vəziyyətini yaxşılaşdırmadı. Əsrin sonunda vəziyyət yenə ağırlaşdı. Uzun Həsən köçəri tayfaları və hərbi feodal əyanlarını mərkəzi hakimiyyətə tabe etmək üçün mübarizəyə başladı.
Uzun Həsən feodalların müqavimətini qıra bildi, lakin onların xeyirinə də bəzi güzəştlərə getməyə məcbur oldu. Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Uzun Həsən müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilməmişdi. Çünki bu geniş ərazidə müxtəlif etnik təsərrüfat və mədəni şəraitə malik olan əhalini birləşdirmək mümkün olmadı.
Ağqoyunlu dövlətinin başlıca düşmənn Fateh Sultan II Mehmet idi. Ona görə də Uzun Həsənin xarici siyasətinin mərkəzində Osmanlı Türkiyəsi ilə münasibətlər dayanırdı. Çünki II Mehmetin Kiçik Asiyanın şərqini istila etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə törədirdi. Türkiyə sultanı Ön Qafqazı, xüsusən, Azərbaycanı tutmaq üçün də cəhd göstərirdi.
 
Ağqoyunlular Trabzon yunan dövlətilə hələ Azərbaycanda hakimiyyətə gəlməmişdən çox əvvəl — Diyarbəkr və onun ətrafını əhatə edən kiçik feodal dövləti ikən dostluq əlaqəsi yaratmışdılar. Trabzon imperatoru Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idi. Türkiyəyə qarşı öz müstəqilliyini qorumaq iqtidarında olmayan Trabzon imperatorları hələ XIV əsrin ortalarında Ağqoyunlularla dostluq etməyə başlamışdılar. Ağqoyunlu Tur Əlibəyin oğlu Qutluq bəy və Bayandurlar sülaləsinin banisi Qara Yuluq Osman bəy Trabzon sarayı ilə qohum idilər. Bayandurlar sülaləsinin ən görkəmli nümayəndəsi Uzun Həsən isə Trabzon imperatoru IV İohann Homnenin qızı Feodora ilə — Dəspinə xatunla evlənmişdi.
Uzun Həsən Dəspinə xatundan doğulan qızı Martanı-Aləmşah bəyimi bacısı oğlu Şeyx Heydərə ərə vermiş, bu izdivacdan Səfəvi hökmdarı Şah İsmayıl doğulmuşdu.
Osmanlı sultanı Qərbdəki istilalarını həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. Osmanlı sultanı tərəfindən Trabzonun fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Qara dənizə yeganə çıxış yolunu itirdi. Ağqoyunlu — Türkiyə münasibətləri kəskinləşdi.
Uzun Həsən, eyni zamanda, həm şərqdən, həm də qərbdən güclü Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə əlaqəyə girərək cəsarətli tədbir gördü. Çünki Osmanlı imperiyasının siyasəti Ağqoyunlu dövlətinin mənafeyinə ziyan vururdu. Türk sultanı Azərbaycanla Avropa ölkələri arasında karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük xərci alırdı. Ona görə bu plan bir sıra Avropa dövlətləri tərəfindən rəğbətlə qarşılandı. Guya Osmanlı işğalı Avropada Polşa, Macarıstan, Hapsburq krallığı, Venesiya, Roma papası, Neopol üçün təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir edirdi. Osmanlı dövlətinin bu siyasəti Ağqoyunlu dövlətində daha çox hiss olunurdu. Bunun başlıca səbəbi o idi ki, Avropa ölkələri iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasına ziddiyyət salmağa çalışırdılar. Uzun Həsən isə bu diplomatiyanı lazımi dərəcədə qiymətləndirmədiyindən, Türkiyəsiz Avropa ölkələri ilə bilavasitə ticarət əlaqələrini möhkəmləndirməyə çalışırdı. Daha sonra, Ağqoyunlu hökmdarı osmanlılara qarşı mübarizə aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz başçılığı altında sultana qarşı vahid cəbhədə birləşdirməyə çalışırdı.
Ağqoyunluların Şərqlə Qərb arasındakı ticarətində vasitəçilik edən Venesiya respublikası ilə əlaqələri daha geniş idi. 1463-cü ildə 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması bu əlaqələrin daha müntəzəm şəklə düşməsinə səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyilə ittifaqa girmək haqqında xüsusi məsələ müzakirə edildi.
 
Uzun Həsənin ölümündən sonra 1478-ci il iyulun 15-də Yaqub Mirzə Cənubi Azərbaycanda, Xoy yaxınlığındakı döyüşdə qardaşı Xəlil Mirzəni öldürərək, taxta  çıxdı. Yaqub Mirzənin hökmranlığı zamanı (1478-1490) ağqoyunlu ordusu Süleyman bəy Bicanoğlunun komandanlığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid (1481-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları Azərbaycanı işğal edə bilmədilər. 1480-ci ildə Urfa yaxınlığındakı döyüşdə ağqoyunlu ordusu Misir və Suriya sultanı Qayıtbəyin (1468-1496) qoşununu məğlubiyyətə uğratdı.
Yaqub Mirzə atasının siyasətini davam etdirərək, Şirvanla dostluq əlaqələri saxlayırdı. O Şirvanşah Fərrux Yasarın (1462-1500) qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimiyyəti özü üçün təhlükə hesab edirdi. Ona görə də Ərdəbil hakimiyyəti ilə də ağqoyunlular arasında ziddiyyət başladı. XV əsrin sonunda Ağqoyunlu dövlətini daxili çəkişmələr bürüdü. Getdikcə kəskinləşən sinfi mübarizə dövləti zəiflədən amillərdən birinə çevrildi. Ağqoyunlu dövləti süqut etdi.
 
Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri XV əsrin ən güclü dövlətləri idi. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ərazisi Cənubi Azərbaycanı və Qarabağı, şimalda Kür çayına qədər Gəncə və Şamxoru əhatə edirdi. Hər üç dövlətin quruluşu əsaslı fərqlənmirdi. Fərq orasında idi ki, Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında Azərbaycan tayfalarının hərbi feodal əyanları — baharlı və bayanduri tayfaları rəhbər rol oynayırdılar. Hər iki sülalənin dövlət başçıları «padşah», Ağqoyunlu padşahları isə «sultan» titulu daşıyırdılar. Şirvanda isə dövlət hakimiyyəti əhalinin feodal əyanlarına mənsub idi. Şirvan dövlətinin başçıları özlərini "şah" adlandırırdılar.
Hakim sülalənin üzvlərindən və ya məşhur əmirlərdən təyin olunan ordunun baş komandanı əmir-ül-üməra (əmirlər əmiri) titulunu daşıyır, padşahdan sonra birinci şəxs sayılırdı. İkinci yerdə sədr-əzam dayanır, mövlana (ağa) ləğəbini daşıyırdı. O, ruhanilərə başçılıq edir, vəqf mülklərinə, onlardan vergilərin toplanmasına, mədrəsə və dini müəssisələrə başçılıq edir, məhkəmə işlərini nizamlayırdı.
Mərkəzi dövlət aparatında sonrakı yeri baş vəzir tuturdu. O, daxili inzibati və xarici işlərə nəzarət edirdi. Ondan sonra dövlət gəlirinin hesablanmasına və maliyyə işlərinə baxan şahın möhrdarı sahibi — divan idi.
XV əsrdə Azərbaycan feodal dövlətinin torpaqları padşah və onun varisləri, əyalətlər isə sülalə üzvləri tərəfindən idarə olunurdu. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin bütün hərbi təşkilati işləri köçəri adətilə sıx bağlı idi. Qoşun hissəsi ailə üzvləri ilə birgə olurdu. Onların qadınları çox qəşəng geyinir, at minir, onu məharətlə idarə edirdilər.
XV əsrdə Avropa dövlətləri və Osmanlı Türkiyəsinin orduları ilə müqayisədə Azərbaycan feodal dövlətlərində hərbi texnika zəif idi. 
 
Müəllif: Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru 
Mənbə: SƏS QƏZETI

0 şərh