Ədəbi dil və onun fonetik, leksik və qrammatik normaları

Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir.Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir.

Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. —Ədəbi dilin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur”.

Ədəbi dilin normalarını pozanlar ictimaiyyət tərəfindən məzəmmət olunurlar. Fransa, Latviya kimi inkişaf etmiş ölkələrdə dil qanunlarını pozanlar hətta cəzalandırılır.Məhz bu normaların sayəsində nitqin bütün şəraitində — məişətdə, istehsalatda, ictimai-siyasi mühitdə, təhsildə və s. yerlərdə dil özünün müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.

Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir.

Fonetik normalar.

Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər binalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o, xu, da, ha, si, fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar(etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa, bu da fonetik normadan uzaqlaşmadır.

Leksik normalar.

Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s baxımından uyarlısının müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:

  • Sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağılsız), soruq (döşəkağı), qəlbi (hündür), tumo (zökəm) və s.
  • Köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məsələn, çuxa, əba, xış, badya (qab), dünğ, kəndxuda, suç, çuar (su çuarı) və s.
  • Loru sözlər və ifadələr. Məs: zırpı (böyük), lələş, qağa, fışqırıq, dürtmək, anqırmaq və s.
  • Sözlərin yerində işlənilməməsi. Məsələn, Azərbaycan xalqı yaxşı yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara müdaxilə göstərməyə (etməyə əvəzinə) və s.
  • Söyüş xarakterli sözlər və ifadələr.

Qrammatik normalar.

Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi ilə bağlı qaydalar daxildir.Misal üçün: söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən) işlənir: arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam əvəzinə beş qələmlər, xeyli adamlar demək düzgün sayılmır. Nitq kommunikasıyasında sözlər müəyyən düzülüş qaydasına malik olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir.

Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib sözlərlə əvəz olunmalıdır. Bu eyni söz və ya ifadənin təkrarını aradan qaldırmaqla nitqin ahəngdarlığını təmin edir. Mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və sairələrin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur.

Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları tez-tez müşahidə olunur. Məs:

  • Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Bir neçə maşın torpaqları həyətə tökdülər.
  • İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Ustalar 1400 oturacaq stullar təmir etdilər. Bir çox ölkələrin müşahidəçiləri seçkidə iştirak etdilər. Birinci cümlədə stullar, ikinci cümlədə müşahidəçilər sözləri müəyyən təsirlik halında işlənməlidir.
  • Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur (olmalıdır: həyatının bütün sahələri)
  • Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm.

Dilimizdə özləşmə meyilləri

Dildə alınma sözlərin əvəzinə milli sözlərin işlədilmə meyli özləşmə meyli adlanır. Müasir Azərbaycan dilinin lüğət tərkibində 1960-cı illərdən başlayaraq özləşmə meyilləri müşahidə olunur. Bu meyillər həmişə özünü doğrultmasa da, ədəbi dili etnik yaddaşına qaytarıb başqa dillərin təsirinə məruz qalmaqdan bu və ya digər dərəcədə xilas edir. Özləşmə dedikdə hər cür söz yaradıcılığı başa düşülmür. Bu daha çox mövcud olan alınma sözlərin işlədilməsi əleyhinə yönələn və məhz həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir.

Özləşmə üç yolla gedir:

  • Hər hansı bir söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürməsi və ya mövcud oxşarlıq əsasında söz yaratması yolu ilə;
  • Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı —söz partlayışı” yolu ilə;
  • Türk dillərinin təsiri ilə. Azərbaycanda alınma sözlərin türkləşdirilməsi prosesi əvvəllər də olmuş və bu günə qədər işlətdiyimiz qurultay, bildiriş, görüntü, seçki, ildönümü və s. belə yaranmışdır.
    Son vaxtlar da həmin qayda ilə bir sıra leksik vahidlər meydana çıxmışdır: çimərlik, duracaq, saxlanc (maliyyə termini kimi), əyləc (tormoz), dönəm (mərhələ) və s. belə leksik vahidlər dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.

Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, ulu, dürlü, araşdırma və s. Belə sözlərə dirilən sözlər deyilir.

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

 

 

0 şərh