Müsahibə-Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayevin müsahibəsi

 

- Çingiz müəllim, müasir Azərbaycan oxucusu detektiv janra daha çox maraq göstərir. Bunun səbəbi nədir?

- Görünür, bu janrda artıq yaxşı kitablar nəşr olunur. Slavyan Universiteti Dünya Ədəbiyyatından kitablar çap etməyə başlayıb. Azərbaycan dilində dünya ədəbiyyatı demək olar ki, nəşr olunmur. Nə macəra, nə fantastika, nə də detektiv nəşr olunur. Mən 1971, 72, 73-cü illərdə nələri nəşr etməyimizi nəzərdən keçirirəm, dəhşətə gəlirəm. Azərbaycanda Safronov, Popov və s. nəşr edilib. Bizim qonşularımız olan gürcülər Balzakı, Folkneri tərcümə edirdilər, Biz isə Safronovla Popovu. Görünür, indiki maraq elə bu səbəbdəndir. Amma bütün dünyada, hər yerdə bu janrı həmişə gənclər oxuyublar. Biz tez-tez işlədirik ki, qloballaşma gedir. Axı biz də dünyanın bir hissəsiyik. Övladlarımız dünyaya çıxırlar, xarici dilləri öyrənirlər.

GƏNCLƏR  MÜTALİƏ ETMƏK İSTƏYİRLƏR. AMMA NƏYI?..

- Yəqin elə bu səbəbdəndir ki, bu marağı nəzərə alan bəzi müəlliflər detektiv janra müraciət edirlər. Lakin həmin əsərlərin əksəriyyəti adi kriminal hadisələri təsvir etməkdən uzağa getmir. Yalnız oxucu diqqətini cəlb etməklə məşhurlaşmaq istəyini ön plana çəkən yazarlar var.

- Bilirsinizmi, gənclər mütaliə etmək istəyirlər. Amma nəyi oxusunlar? Bu sahədə boşluq var. Azərbaycan dilində heç nə yoxdur axı, belə şeylər də bu səbəbdən yaranır.

- Siz əsərlərinizi birbaşa kompyuterdə yığırsınız. Çoxlarımız isə bu fikirdəyik ki, bədii fikir əl ilə yazılmalıdır.

- Mən əsərlərimi komryuterdə yazıram və buna öyrəşmişəm. Elə adam var ki, məsələn, şahzadə Diananın nənəsi (o, İngiltərədə tanınmış yazıçı idi) nə kompyuterlə, nə də əli ilə yazırdı. Sadəcə, öz əsərlərini diktafona danışırdı və sonra onu çap edirdilər. Onun əsərləri dünyanın bir çox dillərinə onun kitabları tərcümə olunurdu. O, melodramatik romanlar yazırdı. Bu, yazıçının yazı üslubundan asılıdır. Mən kompyuterlə işləməyə vərdiş etmişəm.

DRONQO ƏSLİNDƏ KİMDİR?

- Siz «İnsan ovu» adlı məşhur əsərinizdə Dronqonu (səhv etmirəmsə, onun familiyası burada Saundersdir) çox çətinliklərlə üzləşdirmisiniz. Sizcə, bu onun taleyidir, yoxsa, sizin uydurmanız?

- Mən deyərdim ki, bu onun taleyidir. Bu qəhrəman o qədər şöhrətlənib ki, hətta, mənim eşitdiyimə görə, onun adını övladına vermək istəyənlər də olub. Bu gözəl ad - quş adıdır. Bəlkə də artıq zamanıdır ki, mən onun azərbaycanlı olduğunu və adını elan edim. Lakin məndən xahiş edirlər ki, hələ tələsməyim. Yəni, hələ vaxtı deyil. Dronqo mənim bir çox kitablarımda özünü artıq azərbaycanlı kimi büruzə verir. Hətta mən onun azərbaycanlı adını da tapmışam. Amma bunu hələ sizə deməyəcəyəm. Çox adam, mənim öz oğlum da bunun hələlik bir sirr olaraq qalmasını arzu edirlər.

- Siz bu adı haradan götürmüsünüz?

- Bu, ad dediyim kimi, quş adıdır və mən onu İndoneziyada görmüşəm. Ondan elə xoşum gəlib ki, adını götürərək, əsərlərimdə istifadə etmişəm.

- Yəqin döyüşkən quşdur...

- Bəli, həm də heç nədən və heç bir quşdan qorxmayan bir quşdur. Öz səsi ilə o biri quşların səsini çıxarır.

BELƏ DEYƏNLƏR OLUR Kİ, BİZ ÇİNGİZ ABDULLAYEV ADLI YAZIÇI TANIMIRIQ

- Çingiz müəllim, tənqid olunmusunuzmu?

- Məni hal-hazırda da tənqid edirlər. Hətta belə deyənlər olur ki, biz Çingiz Abdullayev adlı yazıçı tanımırıq. Mən isə bunu təbəssümlə qarşılayıram. Tənqid həqiqi olmayanda, qərəzli, təhqirə bənzər bir şey olanda əlbəttə, gülüş doğurur. Hər şey göz qabağındadır. Mənim nəyisə sübut etməyimə ehtiyac varmı? 27 ildir ki, mən yaradıcılıqla məşğulam və 24-25 milyon kitabım çıxıb. Elə ölkə yoxdur ki, orada mənim oxucularım olmasın. Belə tənqid əlbəttə, gülməlidir. Yalnız Nobel mükafatı almağım qalır. Azərbaycanın ədabiyyatı tarixində ən gənc yazıçı kimi, 46 yaşında ilk Xalq yazıçısı olmaq mənə nəsib olub. Azərbaycanda ən böyük mükafatları - Frankfurt, Leypsiq, Qran-pri mükafatlarını mən almışam. Mən 140 romanın müəllifiyəm. Elə bir Azərbaycan yazıçısı tanımıram ki, 14 roman yazmış olsun. Mən yenə deyirəm, tənqid yaxşıdır, mən bunu maraqla oxuyuram. Amma daha yaxşısı odur ki, burada təhqirə yer verilməsin.

- Qarabağ hadisələrindən bəhs edən bir sıra əsərlərinizdə göstərirsiniz ki, Qarabağ narkomafiyanın iyrənc məqsədlərinin qurbanı olub. Axı, bu, tarixən belə deyildi...

- Təbii ki, tarixən belə deyil. Bütün bunlar bizim qonşularımızın əməlləridir. Lakin orada sərhədlər açıqdır. Açıq sərhəddən təbii ki, narkotik də daşıyarlar, başqa mallar da keçirərlər. Bunu bizim hamımız bilirik. Bu, belə də olmalıdır. Nəzarətsizlik baxımından əlbəttə, belə məqsədlər üçün də istifadə edilir.

BELƏ BİR FİKRƏ DÜŞMÜŞƏM Kİ, BİR MÜSTƏNTİQ AZƏRBAYCANLI QADIN OBRAZINI YARADIM

- Siz əsərlərinizdə qadın qəhrəmanlarınızı cəsur, fədakar, eyni zamanda, füsunkar bir xanım olaraq təsvir edirsiniz. Məsələn, Marina Çernışeva kimi. Bəs ömrünün çoxunu çətin əməliyyatları yerinə yetirməyə həsr edən qadında əslində səmimilik, ülvilik, əsil qadın zərifliyi ola bilərmi? Adama elə gəlir ki, onlar çox kobud, qəddar olmalıdırlar. Yeri gəlmişkən, belə qadınları mətbəxdə də görmək olmaz.

- Əlbəttə, mən sizinlə razıyam. Lakin mən «Quba kapriççosu», «Payız madriqalı» əsərlərimdə sırf azərbaycanlı qadınlarını da təsvir etmişəm. Burada Azərbaycan qadınlarının fikirləri, davranışları öz əksini tapıb. Mən əlbəttə, sizinlə razıyam ki, digər ölkələrin qadınları mentalitet baxımından bizim qadınlara bənzəmirlər. Ümumiyyətlə, belə bir fikrə düşmüşəm ki, bir müstəntiq azərbaycanlı qadın obrazını yaradım. Onun simasında bizim ənənələrimizi yaşadan bir xanım obrazını təsvir edim. O, işi ilə yanaşı, evdə xörək bişirsin, övladlarına baxsın. Ancaq bu çətin işdir. Çünki müstəntiq olmaqla nəyisə itirirsən. Hər halda, mən belə bir obraz barəsində düşünürəm.

- Hansı milli xörəyi xoşlayırsınız? Məsələn, mənzilinizin astanasında məhz hansı xörəyin qoxusunu duymaq istərdiniz?

- Mən Bakı xörəklərini xoşlayıram. Anam bakılıdır, həyat yoldaşım da bakılıdır. Yəqin mən bakılı qadınların əhatəsində olduğuma görədir ki, Bakı yeməklərinə üstünlük verirəm. Mən fransız, ispan, çin, italyan mətbəxlərinə yaxşı bələdəm. Amma ən çox Bakı xörəklərini sevirəm. Qutab, düşbərə, xəngəl mənim daha çox sevdiyim yeməklərdir. Mən dəvə ətindən də, göyərti və balqabaqla da qutab yemişəm. Amma daha çox qoyun ətindən hazırlanan qutabı xoşlayıram.

HƏR BİR İNSANIN QƏLBİNDƏ KİÇİK BİR QƏBİRİSTANLIQ VAR

- Ananızın, yoxsa həyat yoldaşınızın bişirdiyi yeməkləri xoşlayırsınız?

- Anamın bişirdiklərinə üstünlük verirəm. Anamın 86 yaşı var. O zamanlar, Novruz bayramına o qədər də yaxşı baxılmadığı vaxtlarda bu bayram ərəfəsində görülən hazırlıq işləri, bişirilən şirniyyatlar mənim yadımda qalıb. Hər şey anadan gəlir, incəsənəti, musiqini sevməyim də, həyata, mədəniyyətə baxışım da, mətbəxə münasibətim də məhz anadangəlmədir. Təbii ki, bu baxımdan anamın bişirdikləri mənim daha çox xoşuma gəlməlidir. Elə vaxtlar olur ki, anamı narahat edirəm. İstəyirəm ki, mənə xörək bişirsin... Evimdə həyat yoldaşımın, aşpazın, anamın evində aşpazın olmasına baxmayaraq, uşaq kimi ondan xörək bişirməsini istəyirəm...

- Bəs qızınız necə, sizin üçün nəsə bişirib hazırlayıbmı?

- Yox, qızımın 21 yaşı var. Bu illərin son dörd ilini isə İngiltərədə yaşayır. Orada təhsil alır. O, əlbəttə, mənə xörək hazırlaya bilməz. Ancaq oraya gedəndə çay, yumurta və bu kimi şeylərə məni qonaq edir. Onun ümumiyyətlə, xörək bişirməsi hələ qarşıdadır.

- Taleyə inanırsınızmı?

- Yox, çox da inanmıram. Belə düşünürəm ki, hər şey adamın özündən asılıdır. Bəzi məqamlarda əlbəttə, tale məsələsi də var. Ümumiyyətlə isə mən həyatıma görə Allahıma çox minnətdaram. Mənim üçün ən ağır məqam atamın dünyadan köçməsi olub. Mənə elə gəlir ki, bu sözləri söyləyərkən, çoxları məni düzgün başa düşməz. Mən o zaman fikirləşirdim ki, həyatımda bundan ağır məqam ola bilməz. Bu, faciə idi. Amma dost-tanış gəlib-gedərkən söhbətlər olurdu. Biri atasını 14 yaşında, digəri ondan da kiçik yaşlarında itirdiyini söyləyirdi. Bəziləri isə atasını heç görmədiyini deyirdi. Onun müharibəyə gedib qayıtmadığını, heç iyini belə duymadığını danışanlar da  oldu. Onda başa düşdüm ki, 50 yaşımadək atam mənim yanımda olub. Bu, böyük xoşbəxtlik idi. Mənim Xalq yazıçısı olmağımı görmək də atama qismət olub. O, Azərbaycanda yeganə ata idi ki, oğlu Azərbaycanın Xalq yazıçısı adına layiq görülmüşdü və bunu görmək ona nəsib olmuşdu. Atam vəfat edəndə yaşı 80-i keçmişdi. Daha nə olmalı idi ki... Ölümə yaxşı deməzlər. Amma bu xoşbəxt bir ömrün sonu idi. Mənə deyirlər ki, onu sən özün gözə gətirdin. Çünki mən deyirdim ki, 50 yaşım var və ata-anam sağdır. Məni qınasalar da, bu etirafı etməli idim. Etiraf etmirəmsə, demək, bunu başa düşmürəm. Bunu inkar edirəm. Mən hesab edirəm ki, çox xoşbəxt idim və buna görə Allahıma minnətdar olmalıyam.
Təbiətin qanunu belədir ki, insan anadan olandan üzü bəri itirə-itirə gəlir. Mən hesab edirəm ki, hər bir insanın qəlbində kiçik bir qəbiristanlıq var. Yalnız ona məxsus olan və heç kəsi oraya buraxmadığı qəbiristanlıq. İtirdiyi insanları, əzizlərini, sevdiyi qadını və ya kişini orada "dəfn edir". Vikinqlər deyir ki, ən böyük xoşbəxtlik odur ki, öləndə əlində silahın olsun və səni övladların dəfn etsin. İndi mən başa düşürəm ki, bu doğrudan da, böyük xoşbəxtlikdir. Səni məhz övladların dəfn etsin. Mənim əsərlərimin birində bir fikir var və onu indi səsləndirmək istərdim: "Uşaqlara məhəbbət yeganə dindir ki, burada ateizm olmur".

İNSAN ÖMRÜNÜ TƏKBAŞINA YAŞAYIR

- Özünüzlə hansı məqamlarda tək qalırsınız? Siz axı, daim işdə, səfərlərdə olursunuz.

- Bu baxımdan belədir. Buna baxmayaraq deyim ki, insan bu dünyaya tək gəlir, tək də getməlidir. Ailənin, övladın yanında olmasına baxmayaraq, nə qədər başqaları ilə ünsiyyətdə olsan da, insan daim təkdir. Təbiət bizi belə yaradıb. İnsan ömrünü təkbaşına yaşayır. İnsanın həyat yoldaşını, ərini və ya arvadını sevməsi, onu arzulaması onun xoşbəxtliyidir. Bununla belə, insan təkdir. Necə deyərlər, müdriklər təklikdə darıxmazlar. Boş vaxtlarımda mütaliə etməyi və ya öz əsərlərimlə məşğul olmağı sevirəm və özümü heç zaman tək-tənha hesab etmirəm. Amma mənə elə gəlir ki, ünsiyyətdə olduğumdan daha çox təklikdə oluram.

MƏN SOLÇUYAM...

- Dünyanın siyasiləşməsi və iqtisadi maraqların artması insanı məhv etmirmi? Çıxış yolu nədədir?

- Bəli, məhv edir. Biz kapitalizmin ən pis cəhətlərini götürmüşük. Pul varsa, sən ağıllısan, uğurlusan. Amma əgər pulun yoxdursa, deməli, axmaqsan. Bəlkə də ziyalı olmağa ehtiyac yoxdur. Görünür, pul qazanmaq intellektlə bağlı deyil. Xaricdə bu bağlılıq var. Bizdə isə belə deyil. Çox təəssüf ki, bunu övladlarımız da dərk edirlər. Onlar başa düşürlər ki, sənin uğurun biliyinlə, savadınla, səviyyənlə deyil, pulunla ölçülür. Təbii ki, bizim cəmiyyət çox korlanıb. Lakin mən solçuyam və inanıram ki, gec-tez sosial ədalət bərpa olunmalıdır. Mən buna inanıram. Yalnız pul cəmiyyətə hakim ola bilməz.

- XXI əsrin ədəbiyyatını necə görürsünüz?

- Bu bir qədər çətin məsələdir. Görünür, burada da dəyişiklik baş verməlidir. Çünki 19-cu, 20-ci əsrdə olan imkanlar artıq 21-ci əsrdə yoxdur. Bu suala tam cavab verə bilməsəm də, çətinlikləri hiss edirəm. Bəlkə də kitablar qalmayacaq. Hətta post-modernstlər də gedəcək. Elektron cihazlar mövcud olacaq. Orada yüz kitabı yerləşdirmək mümkündür. Buna görə ədəbiyyat da dəyişikliyə məruz qalacaq. Çox təəssüf. Amma bununla belə, inanıram ki, kitablar da, bizim klassik romanlarımız da qalacaq. Ümid edirəm ki, min ildən sonra belə Nizamini də, Füzulini də, Nəsimini də, Tolstoyu da, Dostoyevskini də oxuya biləcəyik.

 

 

 

1 şərh

_BUMERANQ_
Həm bir yazıçı olaraq, həm də bir şəxsiyyət kimi çooox sevdiyim müəlliflərdən birincisidir Çingiz Abdullayev.
Deyərdim ki, mənə detektiv janrını sevdirən Çingiz abdullayev oldu.
Bu yaxınlarda onun əsəri əsasında çəkilən bir filimlə rastlaşdım (Azərbaycan istehsalı olan bir film0 2007-ci ildə çəkilib)
Və çox gözəl alınıb.