Fəlsəfədə qadınlar və İsgəndəriyyəli Hipatiya

Niyə qadın filosof yoxdur?  Bu sual qadın və kişi arasında gedən “qısır” mübahisənin nəticəsində yaranır. Qısır deyirəm, ona görə ki, mübahisələrin nəticəsi heç nə doğurmur…

Məntiqlə düşünən insan anlayar ki, ağıl və fəlsəfə cinsiyyət məsələsi deyil. Fəlsəfə deyəndə ilk öncə ağlımıza Platon, Sokrat, Kant, Dekart və s.  kimi adlar gəlir. Bu sırada qadın adının yada düşməməsi normaldır. Günümüzdə belə “qadın azadlığı”, “gender bərabərliyi”, “qadın zorakılığı” kimi ifadələr varsa, əsrlər öncə vəziyyətin necə olduğunu təsəvvür etmək o qədər də çətin olmur. Filosofların qadınlar haqqındakı bəzi fikirlərini yada salmaq istəyirəm... 
 
Platon: “Kişilərin bu dünyada etdikləri bütün pisliklərin və rəzilliklərin günahkarı qadındır”.

Sokrat: “Yer üzündə qadın qədər fitnə-fəsad maddəsi törədən ikinci bir şey yoxdur. Qadın zəhərli bir ağaca bənzər. Xaricdən gözəl görünər,ancaq meyvəsini yeyən hər məxluq dərhal ölər.”

Şopenhauer: “Kişilərdə zəkanın inkişafı 28 yaşında öz kamil həddini tapır. Qadınlarda isə 18 yaşdan sonra nə ağıl, nə də fikir inkişaf etmir”…   

Qadın haqqında “Manu”da belə deyilir: Qadınların murdar təmayülləri vardır.Qadınların təbiəti zəif, əxlaqları pisdir. Onlar gecə-gündüz nəzarət altında olmalıdırlar.   

Fəlsəfə tarixinə adını yazdırmış bu insanların  belə düşündüyü bir dünyada  “niyə filosof qadın yoxdur” demək nə qədər doğrudur? Hypatia, Aragona, Teresa von Avila, Moderata Fonte, Lucretia Marinella, Yeporin,  Dorothea Schlözer, Sophie Germain, Claire Demar, Flora Tristan və s. Bunlar adlarını xatırladığım bəzi filosof qadınlardır. Bu siyahıda ən diqqət çəkəni isə Hipatiyadır. Onun özəlliyi fəlsəfədə ilk qadın olaraq tanınmasındadır.


İsgəndəriyyəli Hipatiya
Hipatiya  (370-415) fəlsəfə tarixində  ilk qadın olaraq tanınır. Qadınların heç bir hüquqa sahib olmadığı bir dövrdə fəlsəfə, riyaziyyat, astranomiya kimi elmləri Universitetdə özü yaşda, hətta özündən də böyük “kişi”lərə tədris edən, gözəlliyi, ağlı ilə daima diqqət mərkəzində olan, siyasətdə belə sözü keçən bir qadın olub. O, dövrünün tanınmış riyaziyyatçısı və filosofu olan Teonun qızıdır. Teonun birgə işlədiyi insanlar arasında ona ən yaxın olanı da məhz qızı olub.
   
Həmin dövrdə İsgəndəriyyədə xristianlar  paqanlara, yəhudilərə qarşı mübarizəyə başlayırlar. Bu mübarizənin ən amansız dövrü  Kirillin zamanında başlayır. Belə ki, Kirill Yepiskop vəzifəsinə yiyələndikdən sonra qeyri-xristianlarla amansız mübarizə aparır. Tabe olanlar üstünlük təşkil etsə də, əvvəlki inancından vaz keçməyənlər də olmuşdur. Onlardan biri də xristianlığı qəbul etməyərək paqan olmaqda davam edən Hipatiya idi.  
 
Nüfuzu Konstantinopola, Suriyaya gedib çıxan  bu “tanrısız”  qadının tələbələri adlı-sanlı ailələrdən olmaqla yanaşı, həm imperatorluqda, həm də kilsə xidmətlərində yüksək vəzifəyə sahib olmuşdular. Bu da şübhəsiz Kirilli və onun tərəfdaşlarını narahat edirdi. Ona görə də əhali arasında onun cadugərliklə məşğul olduğu fikrini yayır. Bu isə Hipatiyanın vəhşicəsinə öldürülməsi ilə nəticələnir. 
  
415-ci ilin mart ayında Hipatiya evinə gedərkən Kirillin adamları tərəfindən tutulur və onun kilsəsinə gətirilir. Burada o, daşlanaraq öldürülür, tikələri İsgəndəriyyənin küçələrində sürüklənərək yandırılır.    Hipatiya haqqında 1720-ci ildə tarixi məqalə yazan Con Toland belə deyib: “Kişilər gözəllik və zəkanın vücuda gəlmiş halını öldürdükləri üçün sonsuza qədər utanacaqlar.”     İndi deyə bilərikmi filosof qadın olmayıb? Filosof qadın olub, amma onları tanıdacaq qədər ədalətli mühit olmayıb…


Ruhəngiz Hacıyeva.

Oxşar məqalələr

 

0 şərh