Saraya yeniliklər gətirən Şahzadə

Edinburq hersoqu elm və texnologiya və bunların inkişaf edən cəmiyyətə töhfələrinə vurğun bir modernizator idi.
Onun bu xarakteri bir kraliçanın həyat yoldaşı kimi sələfi şahzadə Albert ilə üst-üstə düşür. Belə ki, sənaye inqilabı nəticəsində açılan imkanlardan ruhlanan Albert 1851-ci ildə Böyük Sərgi təşkil etmişdi.
Hər zaman köhnə qaydalara uymayan şahzadə Philip də şahzadə Albert kimi tənqidlərə məruz qalırdı.
Şahzadə Philip
Şahzadə Philip son dərəcə praktik kişi idi. Müharibə zamanı onun baş leytenant kimi xidmət göstərdiyi kral gəmisi Wallace-ın düşmən tərəfindən zədələnməsi əsnasında göstərdiyi şücaət buna bariz misaldır.
Luftwaffe bombardmançılarının gecə hücumları təhlükəsinə qarşı Philip yanan zibil illüziyası yaratmaq üçün suda üzərək tüstü buraxan sallar yaradır. Bu bombardmançıları çaşdırır və Wallace xilas edilir.
Donanma zabiti kimi fəaliyyəti zamanı da hər şeyi yaxşılaşdırmağa can atan biri kimi yadda qalıb. Bu isə adətlərə bağlı insanların təbii səbirsizlik və dözümsüzlüyü sayəsində heç də həmişə ekipaj üzvlərinin xoşuna gəlməyib.
O, 1947-ci ildə Şahzadə Elizabeth ilə nikaha daxil olandan, kral ailəsinin bir üzvünə çevrildikdən sonra gördü ki, bu qurumda münasibətlər kraliça Victorianın dövründəki kimi qalıb.
Onun bu boğanaq atmosferə bir az təmiz hava gətirmək həvəsi saray quruluşu, xüsusilə də kral VI George-un şəxsi katibi «Tommy» Lascelles tərəfindən soyuq qarşılanırdı.
O, elektron alətlər aşiqi idi. 1949-cu ildə şahzadə ilə Clarence House-a köçdükdən sonra, Philip evə bir düymə ilə kostyumu qarderobdan çıxaran sistem kimi işi yüngülləşdirən alətlər yerləşdirməyə başlayır.
Elm və texnologiyaya olan marağı sayəsində Elmin İnkişafı üzrə Britaniya Assosiasiyasının prezidenti təklifini alır. Mətbuatda geniş yer alan inauqurasiya çıxışı ulu babası şahzadə Albertin 1851-ci ildə Böyük Sərginin açılışındakı nitqinə bənzədilirdi.
Eyni ildə öz təkidi ilə şahzadə Elizabeth ilə Kanadaya rəsmi səfərə yollanırlar. Beləliklə, ilk dəfə Kral Ailəsinin əsas üzvləri Atlantik okeanı üzərindən uçmuş olur. Uçuşun yarısını isə Philip pilotlarla əyləşib, BOAC Stratocruiser-in iş prinsipi haqqında suallar verərək keçirir.
Lancashire kömür mədənində yerin altına düşmək hersoq üçün bir günlük iş idi
O, Britaniyada zavodlar, tədqiqat mərkəzləri və enerji stansiyalarının daimi ziyarətçisi idi. Bu yerlərin kral ailəsi üzvünün formal ziyarətinə öyrəşən menecerlər şahzadə tərəfindən sual atəşinə tutularkən təəccüb edirdilər.
Onun həvəsi 1950-ci illər Britaniyasının texnoloji inkişaf bumu ilə üst-üstə düşürdü. Bu onillik, müasir kompüterlərin əsasının qoyulduğu və jet mühərrikli hava təyyarəsi British Comet-in ilk kommersiya uçuşunun baş tutduğu dövr olub.
Bənzəri hallar mətbuatda müharibədən sonra özünə gəlməyə çalışan Britaniya sənayesi üçün şahzadənin güclü təsiredici qüvvə kimi təsvirinə yol açırdı.
Eləcə də o, naməlum uçan obyektlər (ingiliscə abreviaturası UFO) ilə maraqlanmağa başlayır. Bu həvəsini isə əmisi lord Mountbatten ilə paylaşırdı. O, dünyaya baş çəkmək həvəsinə düşən yadplanetlilərin mümkünlüyünə həsr olunan The Flying Saucer Review jurnalına üzv olur və işçilərindən biri Peter Horsleyə tapşırıq verir ki, yenilikləri izləsin.
VI George 1952-ci ilin fevralında ölür və yeni kraliça və həyat yoldaşı saray əhlinin təkidi ilə Buckingham Sarayındakı mənzilə köçürlər.
Həyat yoldaşı kraliçaya çevrildiyinə görə şahzadə Philip ailənin başçısı sayılmırdı və yeni bir rol tapmaqda çətinlik çəkirdi. Kral ailəsinin köhnə quruluş tərzinə ehtiyatla yanaşan şahzadə sarayın idarə-üsulu ilə daha yaxından maraqlanmağa başlayır.
O, 600-dən çox otağı olan sarayı gəzir və işçilərin hər birindən vəzifələri haqqında ətraflı öyrənir. Şahzadə Philip şəxsi otağında yuxulayan və işini işçilərə tapşıran bəzi saray "əyanları" haqqında məlumatlandıqdan sonra işçilərin sayında kəskin azalma yaşanır.
 
Bəzi yaşlı saray vəzifəliləri onun bu hərəkətini təqdir etməsələr də, təchizat rəhbərinin müavini Frederick Corbitt sonralar etiraf etmişdi ki, şahzadə Philip «illər boyu vermək istədiyimiz sualları dilə gətirirdi».
Sarayın digər başındakı xanımına yazılı məktubu çatdırsın deyə qulluqçunu çağırmaq üçün o, saraya selektor bağlayıcısı yerləşdirir. Şahzadə qapı qulluqçularının saçının pudralanması kimi yüzillik bir ənənəni də pozur. O, saray protokoluna da yeniliklər gətirir.
Qapı qulluqçusunu çağırmaq əvəzinə şahzadə öz çamadanlarını özü daşımağa başlayır və xanımı iydən şikayət edənə qədər səhər yeməyini otağında elektrikli tavada bişirir. Sarayda birində kral ailəsi, digərində isə işçilər üçün yemək bişirilən iki mətbəx olduğunu öyrənən şahzadə onlardan birini bağladır.
O, monarxiyanın özünü də müasirləşdirmək qərarında idi. Şahzadə müharibədən sonra yaranan yeni nəsil vasitəsilə Britaniya cəmiyyətində yaranan dəyişiklikləri tez hiss etməyi bacarırdı.
Şahzadə Philip zalda debütantların qəbulu praktikasının ləğvinin ən böyük dəstəkçilərindən biri idi. Bu praktika təxminən iki yüz ildən sonra, 1958-ci ildə ləğv olundu. O, həmçinin Kraliça cəmiyyətin daha çox üzvü ilə ünsiyyət qura bilsin deyə qeyri-rəsmi günorta yeməyi yığıncaqları təşkil etməyə başlayır.
Monarxiyaya daha yaxın olmaq üçün saraya girməyə təkid edən BBC 1968-ci ildə gözlənilmədən oraya dəvət alır. Layihəni həvəslə dəstəkləyən şahzadə Philip ideyalar təqdim edən komitəyə rəhbər olur və filmin hazırlanması üçün Richard Cawstonu işə götürür.
Nəticədə Kral Ailəsi haqqında 90 dəqiqəlik sənədli film 1969-cu ildə təqdim olunur. Bu vaxta qədər gizli saxlanılan Windsorların gündəlik həyatı artıq insanlar üçün əlçatan olmuşdu.
Film dünyanın bir çox ölkələrində nümayiş etdirilir və beləliklə «monarxiya» anlayışı «Kral Ailəsi» ifadəsi ilə əvəzlənir.
Hətta ahıl günlərində belə şahzadə Philip gələcəyi həvəslə gözləyirdi. 2015-ci ildə o, Londonun Crossrail layihəsi üçün bir tunelə də enmişdi.
İlk qatarların 2018-ci ildə işə düşəcəyini eşidən şahzadə, bəlkə də bunu görməyəcəyini dilə gətirmişdi. Bir saniyəlik aradan sonra isə əlavə etmişdi: «Bilmək olmaz, bəlkə də yox».
 
 
 
 
Mənbə: bbc.com
 

0 şərh