Keçmiş pandemiyanın dərsləri

Koronavirusun yayılma sürətini azaltmaq üçün zəruri olan insan davranışındakı müvəqqəti dəyişikliklər real iqtisadi xərclərə səbəb olur. İndiki vəziyyətlə bağlı son dövrlərə aid bir nümunə olmadığını nəzərə alsaq, bu xərcləri qiymətləndirmək çətindir. Bəs maariflənməyimiz üçün keçmişdən ala biləcəyimiz dərslər varmı?
Cavab - bəli. İndiki vəziyyəti başa düşməyimiz üçün biz, iqtisadiyyat tarixindən üç dərs götürə bilərik.
Keçmiş pandemiyanın dərsləri
Gəlin, ilk olaraq iqtisadi ixtisar yaradan məşhur bir pandemiyanı – I Dünya müharibəsinin axırlarında başlayıb dünyaya yayılan İspan qripini analiz edək. Bir neçə ay ərzində, ən azı, 50 milyon insanı öldürən İspan qripi maliyyə böhranına səbəb olmuşdu. ABŞ-da sənaye istehsalı və kommersiya fəaliyyəti üzrə aylıq məlumatlar göstərir ki, 1918-ci ilin iyul ayından 1919-cu ilin mart ayına qədər 16–25% azalma yaşanıb. Müqayisə etsək, bu, sürət baxımından Böyük Böhranın ilk dörd ilində müşahidə olunan azalma ilə eynidir.
Biz bu statistikalardan ilk önəmli dərsimizi ala bilərik. İqtisadi fəaliyyət indeksləri göstərir ki, 1919-cu ilin mart ayından 1920-ci ilin yanvar ayına qədər 22–25% artım yaşanıb. Bərpa prosesini dayandıran valyuta siyasətində kəskin dəyişikliklər edilməsəydi, bu proses davam edəcəkdi. İspan qripinin cavanlara — həyatlarının şəfəqini yaşayanlara qəddarcasına hücum etdiyini nəzərə alsaq, bu, dərin təsir bağışlayan bir bərpa prosesi olmuşdu. Hal-hazırda proqnoz edilən ölüm hallarının sayı İspan qripi zamanı yaşanan ölüm hallarına qətiyyən yaxın olmadığından və maliyyə böhranlarının orta müddəti XIX əsrin axırlarından bəri azaldığından, sürətli bir bərpa prosesinə şahid olacağımız ehtimalı çox yüksəkdir.
Müvəqqəti böhranla üzləşdiyimizdən, işsiz ailələrin iqtisadi baxımdan əziyyət çəkməsini minimal həddə çatdırmaq üçün məqsədyönlü dəstək tədbirləri görməyimiz olduqca arzu olunandır.
İkinci dərs, potensial iqtisadi inkişafın İspan qripi səbəbilə azalmasının uzunmüddətli effektlərini əhatə edir. Bir çox araşdırmalarda azyaşlı uşaqların və hamilə qadınların sağlamlığı ilə əlaqədar məlumatlar tədqiq edilərək İspan qripinin nəticələri göstərilib. Uşaqların virusa yoluxması, eləcə də virusun ana bətninə yoluxması uşaqların akademik uğurlarını və yetkinlərdən əldə etdikləri gəliri məhdudlaşdırmışdı. Bu effektlər Yaponiya, İsveç və Birləşmiş Ştatlar kimi bir çox ölkələrdə müşahidə edilmişdi.
Buna görə də bizi narahat edən şey uzunmüddətli effektlər, xüsusilə də səhiyyə böhranının yaratdığı dərin izlər olmalıdır. Əhəmiyyətsiz olmasa da, İspan qripinin uzunmüddətli iqtisadi potensiala vurduğu zərər o qədər də sarsıdıcı görünmür. Koronavirusun hal-hazırda İspan qripi qədər böyük olmayacağı proqnoz edilir. Buna görə də biz onun uzunmüddətli təsirlərinin daha az olacağını deyə bilərik. Beləliklə, bir az arxayın olmağımız üçün bir səbəb var.

Buna baxmayaraq, böyük bir böhrandan (məsələn, təbii fəlakət, epidemiya və ya iqtisadi böhran) sonra iqtisadi bərpanın sürətinə təsir göstərən müxtəlif amilləri özündə toplayan empirik ədəbiyyatdan alacağımız üçüncü bir dərs də var. Bu ədəbiyyat qeyd edir ki, daha çevik sosial təsisatlara (institution) sahib olan ölkələr böhranlara daha yaxşı dözür. Nümunə olaraq, “European Journal of Political Economy” jurnalında yayımlanan, 1993-cü ildən 2010-cu ilə qədər 175 ölkədə baş vermiş 212 iqtisadi böhranın araşdırıldığı bir tədqiqatda aşkar edilib ki, ən az ağrılı maliyyə böhranı yaşayan, eləcə də ən sürətli bərpa prosesinə şahid olan ölkələr məhz rəqabətə və sahibkarlıq fəaliyyətinə ən açıq olan sosial təsisatlara malik ölkələrdir.
Beləliklə, ziyan görmüş işçilər üçün görülən dəstək tədbirlərinə haqq qazandırmaq olar, lakin hökumətlər sahibkarların həyatlarını daha da çətinləşdirmədiklərinə əmin olmalıdırlar. Dövlətin siyasəti əks-təsir göstərirsə, onlar maliyyə böhranının müddətini uzada və bərpa prosesinin sürətini azalda bilərlər. Elə buna görə də ehtiyatlı olmaq və artıq hərəkətlərdən yayınmaq lazımdır ki, uzunmüddətli xərcləri minimallaşdıraq.qa
Bu üç dərs bizi qarşımızdakı aylar üçün sakitləşdirməli və hazırlıqlı etməlidir.

Kral Universiteti Kollecinin köməkçi professoru Vinsent Gelosonun “Montreal Economic Institute”da 7 aprel 2020-ci il tarixində yayımlanmış “The Lessons to Be Learned from Past Pandemics” məqaləsinin icmalıdır.
 
 
 
 
Mənbə: azlogos.eu
 

0 şərh