Çörəyi ver çörəkçiyə...

Bizim millətin xarakterinə xas «gözəl» bir xüsusiyyəti var. Bu haqda bir dəfə yazmışdım, amma heyif ki, o məqaləmi silmişəm. Təəssüflər olsun ki, o zaman yazdığım fikirlərimlə bu günə qədər gəlib çatdığımız zaman kəsiyində dəyişən heç bir şey yoxdu. Onda da yazdığım kimi, biz hər hansı bir sahə, sənət, peşə haqqında çüzi məlumata malik olsaq da, haqqında çox bilən, böyük təcrübə sahibi olan «ağıllı insan», o sahənin dahisi, yüksək bacarığa sahib biri kimi yekə-yekə danışan, məsləhət verən millətik. Uşağından tutmuş böyüyünə kimi bu mərəzə tutulmuşuq. Harda, necə danışacağımızı bilməyən, ancaq bunun əksini iddia edən, danışmaq xətrinə danışan kütləyik. Ağzımızdan çıxan kəlmənin, əlimizdən çıxan yazının informasiyanın sürətlə yayıldığı internet dünyasında yaşadığımız zamanda bu gözəl fürsəti lehimizə yox, əleyhimizə çevirərək mənsub olduğumuz xalqın, millətin kökünü baltalamaq «istedadımız» heç bir millətdə yoxdur. Əllaməlik, əzbərçiliklə məşğul olmaq, boş mühakimə yürütmək bacarığımız bir-birimizə çoxdan bəllidir. İynəni saplayıb, yırtıq-yamağımızı tikməyi bacarırıqsa, bunu az qala dərziliyi, bir az da o yana getsək, modelliyi bacarmaq qabiliyyətinə, ələ fırça alıb evimizin divarını rəngləyib və ya su kranını dəyişməyi bacarırıqsa, bunu memarlıq, arxitektura qabiliyyətimizin var olmasına kimi bağlayan bir toplumuq.

Son günlərdə Azərbaycanda baş verən siyasi hadislərdən Allah razı olsun ki, bəzi işəyaramaz, üzünə baxılmayan, unudulmaqda olan saytların və  insanların danışmağa mövzusu tapıldı. Bu müddət ərzində bilmişəm ki, sən demə, bizim xalqımızın 99%-i anadangəlmə peşəkar hərbi bacarığa, analitik təhlilə — müharibə gedərkən onu müstəqil və anında anailiz etmə xarakterinə malik millət imiş. Maşallah və bərəkallah! Belə insanları olan dövlətin arxası yerə dəyər, basılarmı?! Əsla!


Üzvü olmamaqdan peşman olmadığım, amma orijinal saytında fəaliyyət göstərdiyimçün baxmağı özümə borc bildiyim kayzen.az-ın fb səhifəsindəki son status, eləcə də başqa sayt və səhifələrdə barmağı klaviş tutan hər kəsin öz qıt ağıllarıyla son zamanlarda ölkəmizin daxilində baş verən siyasi və hərbi gedişata münasibət bildirib, bu işin mütəxəssislərinə monitor arxasından məsləhət vermələri yuxarıda yazdığım fikirlərimi bir daha yazıya köçürməmə səbəb oldu.


Əgər 1941-1945 müharibəsi zamanı olsaydı Kayzen.az-ın fb səhifəsindəki son status tipli yazı və ya çıxışa görə o admini ya güllələyər, ya da Sibirə sürgün edərdilər. Nə yaxşı ki,  o zamanlar nə internet, nə də ağlına gələni yazıb, paylaşıb düşmən dəyirmanına su tökən insanlar olmayıb. Onda heç bir müharibədə qələbə əldə etmək olmazdı.


Bir az oxumuş, ağlı, savadı və anlayışı olan insan dünyada və öz ölkəsində gedən siyasi hadisələrdə böyük və kiçik dövlətlərin rolun, siyasi gedişlərin hansı məcrada axdığını gözəl bilir — müharibələrin kimə sərf etdiyini, hansı regionda necə mövqe tutmaqlarından tutmuş, öz xeyirlərinə kimi.
Və bunu da bilirik ki, indiki zamanda gedən müharibələrdə dövlətlər bir-birinə müharibə meydanından əvvəl mətbuatla, dünya arenasında apardığı siyasətlə, informasiya müharibəsində qalib qəlmək istəyir. Belə bir vaxtda hansı «ağıllı» insan öz ölkəsinin əleyhinə yazılar yazıb, antitəbliğat aparar? Hələ bilir ki, onun yazdığını düşmən tərəf göydə qapıb, üzərinə 5-in də qoyub öz lehinə çevirəcək. Lap bu xəbər doğru, real olsun. Fərq etməz.
Müharibə gedən şəraitdə əgər öz ölkənin xeyrinə heç bir şey edə bilmirsənsə, ziyanına da bir şey etmə. Sakitcə sus, otur! Mümkünsə özün də, səhifən də belə zamanda apatiya halına keçsin. Bu tip fəaliyyətindənsə fəaliyyətsizliyinin üzvlərinə də, səni oxuyanlara da sərfəlidir.
Gözəl atalar sözümüz var: çörəyi ver çörəkçiyə, birini də üstəlik. Sizin statusda yazılan xəbərdarlıq tipli yazınıza yəqin ki, nazir Zakir Həsənovun ehtiyacı yoxdur. Bizlər, bir peşəkar kimi və içində olduğu hər bir hadisənin ən xırda təfərrüatına, detalına kimi bilib, anlayan birindən heç də çox bilə bilmərik. Eləcə də siz bu məslələrdə Zakir Həsənovdan çox bilə bilməzsiz. Hər peşəni, sənəti onun sənətkarının, mütəxəssisinin öhdəsinə buraxın, xalqımın əziz «qayğıkeş insanları».
Belə həssas zamanda isə sizlərə və bizlərə, doğru qəbul edilib, onu həyata keçirən milli ordumuzun arxasında möhkəm birləşib, onları dəstəkləmək düşər, məsləhət vermək yox, hörmətli kayzen.az fb səhifəsi admin(lər)i!
 

14 şərh

kayzen
Həmin işini bilən çorəkçilərin sayəsində ərazinin 20% hissəsi düşmənə verilib.
Həmin işini bilən çorəkçilərin sayəsində ölkədə hər şey yaxşıdır deyib səhəri günü devalvasiya ediblər. Peşəkar iqtisadçılarımıza şübhə etməyin.
Həmin işini bilən çorəkçilərin sayəsində  analoqu olmayan təhsil sistemimiz var, əlaçılar TQDK imtahanında 150 balı belə yığmır. Halal olsun peşəkar müəllimlərə.
Tarix göstərir ki, sizin o çörəkçilərdən daha çox biz sadə vətəndaşlar işi daha yaxşı görürük. 
Ferbara
Doğru desəniz də yerində demirsiniz. Bunları biz kayzendə bu cür məsələlərdən danışanda deyə bilərdiniz. İndi isə bu sözləriniz yersizdi. :)
Ferbara
Bir nəfər Azərbaycandan bezib Amerikaya getdi. Gedib ordakı erməniyə deyir ki, Azərbaycana hücum eləsəniz birinci polisləri öldürün. Erməni də gülümsəyib ehmalca çiyninə toxunub deyir ki, sən heç narahat olma, kimi lazımdı öldürəcəyik.
Adama deyən gərək, sənin zibilini niyə ən alçaq düşmənin təmizləməlidi? Bu qədər acizsən ki, düşmənə ağız açırsan? İndi bəzi adamlarımız o «azərbaycanlı» kimidi. Öz evindəki səhvi qolunu çırmayıb düzəltmək əvəzinə gedib alçağa ağız açar. 
pascal
Hörmətli kayzen admin.

Əvvəla malı mala qatmayın. Məqaləm, konkret olaraq, işğal olunmuş torpaqları uğrunda mübarizə aparan milli ordunun və onun rəhbərliyinin hal-hazırda hələ də davam edən müharibə meydanında yürütdüyü taktikaya hərbi anlayışı olmayan birinin lazımsız, boş, özünün də yox, kimsənin fikrini köçürüb yazmasına olan münasibətimdi. Anlamazlıqdan gəlməyin. Ağıllı oxucunun da fikrini yazdığınız ölkədaxili siyasi, iqtisadi, sosial problemlərə yönəldərək özünüzü haqlı, məni haqsız çıxarmağa çalışmayın.

Bilirəm ki, maddələrlə, bəndlərlə yazmağı sevən birisiniz. Sizə elə o cür də cavab verəcəm.


1. Ən əsası, hər bir sözün öz yeri və öz vaxtı var:

a) Bu gün ölkənin bir hissəsində müharibə gedirsə, vətənini qoruyan, sizdən və məndən heç də əskik olmayan oğullar orda şəhid olursa, durub düşmənin xeyrinə, ordumuzun ziyanın olan yazılar yazmaq bu xalqa, torpağa və uğrunda şəhid olan şəhidlərimizin ruhuna hörmətsizlikdən və xəyanətdən başqa bir şey deyil.
Məqaləmdə də yazmışam, diqqətlə oxuyun, xahiş edirəm. Ağıllı insan dünyada nə baş verdiyini, müharibələrin güclü dövlətlərin mənafeyinə qulluq edtiyini, siyasi oyun olduğunu bilir. Amma orda, cəbhədə döyüşən zabit və əsgər əmr qulu və torpaqları, vətəni uğrunda döyüşən insandır. O tip yazılar onlara zərbə, düşmənə bonusdur.


b) Axı sizin hərbi anlayışınız çoxdur. Ən sadə proseduru, qaydanı da bilməmiş olmazsınız: müharibə gedən zamanda silahlı qüvvələrin, ordunun sirrləri düşməndən gizli qalmalıdır. Əgər ürəyiniz belə yanırsa, MN-nin rəsmi saytı, səhifəsi var, məsləhət və iradlarınızı adınızı, ünvanınızı açıq şəkildə qeyd edərək yazıb, onlara göndərin. Onlar da sizin bu, canıyananlığınızı dəyərləndirib, bəlkə sizi təltif də edərlər.

2. Məni az da olsa tanıyan, yazdığım postları xatırlayan (təəssüf edirəm ki, onları bu yaxınlarda silmişəm, yoxsa fakt kimi bircə-bircə göstərərdim) üzvlər bilir ki, sadaladığınız ölkədaxili o problemləri, istər səhiyyədə, istər təhsildə baş verən neqativ halları sizdən fərqli olaraq, elə bu saytdaca ən çox yazan istifadəçilərdən biri də mənəm. Əgər dediyiniz bu nöqsanlar belə ürəyinizi ağrıdırsa, niyə saytın yarandığı gündən bu günə kimi bu haqda bircə məqalə, bircə postunuz olmayıb? Bunları danışmaq üçün mühairbənin qızğın vaxtın gözləyirdiz?


3. Belə bir məsəl var: uzaqdan döyüş insana asan gəlir. Və dünyanın ən asan işlərindən biri də məsləhət verməkdi. Əlinizdə bircə sayt var: sahib olduğunuz və idarə etdiyiniz kayzen.az saytı. Neçə vaxtdır onun texniki problemlərin həll edə bilmirsiz. Amma durub anlamadığınız bir sahədən, o işin içində bişənlərə yol göstərirsiniz. Soruşarlar sizdən: qoyduğunuz kayzen qaydalarına bəzən özünüz əməl etmirsinizsə, (copy paste yazıları qadağan edirsiz, amma saytda minlərlə copy paste yazılar var, postlarda səliqə, az.əlifbasına, dilinə diqqət yetirmənizi deyirsiz, amma əksi olan yazılar onlarladı və s.) ancaq bu dövlətin qanunsuzluqlarından şikayətlənirsinizsə, sizin səmimiyyətinizə biz necə inanaq?


Şərhimin belə uzun alınması sizin istər burda, istərsədə fb səhifənizdə yazdığınız haqsız mövqeyinizdən yarandı. Demirəm ki, bu gün güc strukturlarımızda, elə hərbinin özündə nözsanlar yoxdur. Var. Amma hörmətli kayzen admin, yenə də xatırladıram: hər bir sözün yeri və məqamı var. Müharibə gedən bir şəraitdə sizin o, pessimist yazınızı döyüşən əsgər, zabit oxusa ruh düşkünlüyü yaşamazmı? Siz o düyüşdə olsanız, arxanızda bu tip düşünən, pessimist fikirli insanların olduğunu görmək istərdiniz, yoxsa hər şeyə rəğmən yüksəl çoşqulu, entuzazm tipli insanların?

Bundan sonra siz və başqa admin tərəfindən yazılan şərhlərə cavab verməyəcəm. Ağıllı oxucu bu dönəmdə — ölkədə müharibə gedən bir şəraitdə yazılan təxribat xarakterli yazılarda kimin düzgün mövqedə olduğunu gözəl anlayacaq — söz duellosuna girməsəm belə.

Son olaraq, əgər cəsarətiniz çatırsa, bu yazımı fb səhifəsində yerləşdirin.

azadmamedov90
Bəzən Düzgün söz demək yerinə toplumun ardınca getmək daha yaxşıdır.
Bu dövrdə şahmat oynamağı bir az bilən insan siyasətdən uzaq durub, fikirlərini özündə saxlamağı bacarmalıdır.
(Dəxli olmasa da)elə bil kayzen səhifəsi maraqsız olub- Bir mağaza fikirləşin, kiçik məhlə dükanı, yenilikləri olmayan, və ondan bir az uzaqda boyük bir supermarket, rəngarəng və insanları necə cəlb etməyi bacaran. Kayzen də o məhlə mağazsın xatırladır.
pascal
Saytın yeni formatında şərhi qiymətləndirmənin yerləri dəyişdiyindən şərhinizə + əvəzinə  — verdim. Bağışlayın.
MURAD_SEYFULLAYEV
bu sohbet eurovision vaxti  olan aksiyada polislerin istirakcilara ''butun dunyanin gozu bizdedir, gor siz ne edirsiniz'' demeyi yadima dusdu. (nooffend)))
azadmamedov90
Murad əmi, ne aksiya idi elə?
MURAD_SEYFULLAYEV
goyertinin bahalasmasina qarsi Azad bey.
pascal
Müharibə heç bir yarışma, aktivitə deyil. Bu kimlərçünsə siyasi oyun, özünü gözəsoxmaq, reklam ola bildi, təkcə orda döyüşən döyüşçülərçün real həyat idi — ölümlə yaşam arasında. Hər 2 halda: siyasi oyun olsa da onlar orda ölüm-qalım savaşı verir, real həya olsa da. O oğulların həyatıyla kimsə oyun oynayıb, reytinq qazanırsa gec-tez İlahi ədalət onlara layiq olduqlarını verəcək.
Onları ruhdan salan, sındıran yazılar yazmamalıyıq. Çünki bilirik ki, o məlumatları döyüşçülərimiz oxuyur.
MURAD_SEYFULLAYEV
Evvel ''dusmen baxir'', indi de ''doyusculerimiz''? Menim ve bezi insanlarin muharibenin yarisma, aktivite olmadigini bilmediyimi dusunduyunuz kimi, gorunur doyusculerimizin ve ermenilerin respublikadaki olan veziyyetden xebersiz oldugunu da dusunursuz. Ozunuz bilersiz. Mene esas tesir eden meselelerden biri ermenilerin amerikada ellerinde ''Azerbaycan gencliyi, oyren heqiqetleri'' yazilari ve suarlari ile aksiyalaridir. ( https://www.youtube.com/watch?v=FRnzMr6TMwU ) Eslinde facebookdaki gorduyum vetenperverlikdi onlarda bu fikri yaradan. Sozsuz herbicilerimizde boyuk vetenperverlik duygusu var. Bunu size mueyyen sayda elaqede oldugum herbi insanlara gore deye bilerem. Beli, Qarabag ve diger eraziler bizim torpaqlarimizdir ve bu torpaqlar ya danisiqlarla ya da herbi yolu ile qaytarilmalidir. Bunu ise vetenperver herbiciler edecekler, ''vetenperver'' facebook ve ya diger saytlarin istifadecileri yox. Hemen insanlar baslasinlar o vetenperverlik, xalqa olan sevgilerini bundan sonra haqsiziliqa qarsi mubarizeye serf etsinler. Sizde hemcinin.
Ferbara
:) Nə kimi mübarizə təklif edirsiniz?
Düşmənlə döyüşən ZAMAN yanındakı zəhləngetmişlə dalaşmaq ancaq düşmənə xeyir gətirər. 
Ferbara
Bir də əvvəl «düşmən baxır», sonra «döyüşçülərimiz» deyil, ay Murad Seyfullayev. Həm o, həm də o biridi səbəb. :)
pascal
Murad Seyfullayev, əvvəllər yazınız da, fikirləriniz də səlis, aydın, rəvan idi. İndi yazınız da, fikriniz də qarışıq gəldi mənə.
Xahiş edirəm, məqalə və şərhlərimi ilk hərfindən son nöqtəsinə qədər diqqətlə oxuyun. Anlaşılmayan bir fikir varsa, birbaşa sualınızı ona istinadən deyin. Sizin söylədiklərinizin hamısına məqalə və şərhlərdə aydınlıq gətirmişəm. Yenidən yazdırmayın mənə.