Bir salama dəymədi?

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Bəxtiyar Vahabzadə

Çox sevirəm bu şeri.Yəni həqiqətənmi,vaxtilə bir birini sevənlər,bir -birinə hörmət edənlər,ayrıldıqdan sonra bir-birilərinin tanımaq belə istəmirlər.Yəni adicə bir salam vermək bu qədərmi,çətindir?

 

12 şərh

Arzt
Mən bu şeiri oxumuşam.Ən xoşa gələn hissə budu məncə

Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!..


Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
Ferbara
Olur elə hallar. Salamı verməyə qorxan adam, əslində o vaxtkı məhəbbəti yenidən diriltməkdən qorxur.
Nailə_Rzayeva
Təşəkkürlər, ən sevdiyim şeirlərdən biri :)
HTML
Burda hamı romantik imiş ki))
Dior
Romantik deyəndə ki,məncə içində az bir hissə də olsa məhəbbəti olan insan var.Məhəbbətsiz yaşamaq olmazki.
raqa

Paylaşıma görə təşəkkürlər. Əslində hər iki tərəfin ürəyindən səsləniləcək bir şeirdir desəm daha düzgün çıxar. Çox zaman sevginin dəyərini onu itirəndən sonra anlayırıq.

IDEAL
Niyə sənin yolunu məhəbbətin kəsmədi?.. Bu şeirin ən çox bu misrası xoşuma gəldi.
Dior
Mən isə ən çox bu hissəsini sevirəm.
Bir salama dəyməyən,eşqə ölüm yaraşır!
IDEAL
Bu misralar ən çox bəyəndiyim ikinci hissədi.
Erudit
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!
istorik_c
Bu şer başdan-bəşa mənadır. Çox qüdrətli yazılmış bir əsərdir
JAVIER_ZANETTI
Allah rəhmət eləsin  şairimiz Bəxtiyar Vahabzadəyə.
Salam olsun KAYZEN — imizin ailesine. Dior təşəkkürlər.
Əsl aşiqlər sevgisi üçün ölmü belə gözə aldıqları halda, bir salama dəyməyən eşq sahibinə ölümü belə yaraşdırmıram...
Ayrıldıqdan sonra, qarşı — qarşıya gəldiyin zaman salam verib alırsansa, üz — üzə durduğun an  gözlərinin içinə baxıb gülmüsəyərək hal — əhvalını soruşursansa, öz — özlüyündə şu an dünyanın ən gözəl insanlarından biri ilə üz — üzə dayanıb muhabbət etdiyini düşünürsənsə əgər, keçmişdə həqiqətən sevgi yaşamısan. Nə olsun bu dəq ayrısınız, demək ki o əvvəlki cütlüyü davam etdirə bilməyəcək nədənləriniz vardır ikiniz arasında. Qaldı ki, salam vermiyecek qeder nifrətə sahib bir ayrılğa səbəbkarsansa, özün — özünü necə əff edmisən nə deyəcəyimi bilmirəm… hmmm hərgün aynaya baxıb özünü çöldə kiməsə gözəl gösdərmək üçün saçlarını darıyacaq qədər sifət var e o şəxsdə.