Ərzaq məhsulları haqqında məlumatlı olun!

Kolbasa haqqında ilk yazılı məlumatlara təxminən e. ə. Y əsrdə Çin, Babil və yunan mənbələrində rast gəlmək mümkündür. Daha sonra kolbasanın təsvirinə digər mənbələrdə də, məsələn, Homerin «Odisseya»sında rast gəlmək olar. Epixarm hətta «Kolbasa» adlı komediya da qələmə alıb. Hərçənd, bu heç də o demək deyildir ki, kolbasanı qədim yunanlar ixtira ediblər. Bir çox kulinar ixtiralar yalnız ona görə yunanların adına çıxılır ki, onların hazırlanma reseptlərini ilk dəfə olaraq məhz yunanlar yazıya alıblar. (Yazın və tarixdə qalın!)

Çox güman ki, kolbasanın resepti Yunanıstandan Romaya keçib. Orada da yeyib-içməyi sevsələr də, isti iqlim çəraiti ət və əy məhsullarını uzun müddət saxlamağa imkan vermirdi. Ətin korlanmasının qarşısını almaq məqsədilə təmizlənmiş heyvan bağırsaqlarını xırda-xırda doğranmış ət tikələri ilə doldurur, daha sonra isə ədəvalar və duz əlavə edərək ucların bağlayıb qurutmaq (qaxac halına salmaq) üçün kölgədə asırdılar. Əti bu formada uzun müddət saxlamaq mümkün olurdu.

Kolbasanın hazırlanması

Tüstünün üzərində asılmış kolbasa daha tez quruyur və yandırılan alma və qızılağac budaqlarının ətrini canına çəkirdi. Tüstü həmçinin milçək və digər həşaratları qaçırırdı. Bu üsulla hazırlanmış kolbasa daha dadlı və ləzzətli olmaqla bərabər, həm də gigiyenik baxımdan istifadə üçün daha təhlükəsiz idi. Ləzzətli yeməyi xoşlayan romalılar kolbasa hazırlamaq üçün qoyun, mal və donuz ətindən başqa, hətta delfin ətindən də istifadə edirdilər.

Kolbasa bütün dövrlərdə mürəkkəb hazırlanma reseptinə malik delikates olmuşdur. Onun hazırlanması həm də xeyli vaxt tələb edirdi. Bu səbəbdən kolbasanın miqdarı həmişə az, qiyməti isə yüksək olmuşdur. Ötən əsrlərdə kulinarlar kolbasaya konyak, madera və ən yaxşı hind ədədvaları əlavə edirdilər. Təsadüfi deyil ki, kolbasa ilə bağlı bir çox rəvayət və əfsanələr mövcuddur.

Orta əsrlərdə Avropada kolbasa istehsalı iki istiqamətdə getmişdir. Soyuq iqlimə malik şimal ölkələrində əsasən tüstüdə qurudulmuş çiy kolbasalar hazırlanmışdır. Cənub regionlarda isə günəş altında qaxac etmək üsulundan istifadə olunmuşdur. Buna misal olaraq sucuq və basdırmanı göstərmək olar. Almanlar və avstriyalılar kolbasa hazırlanmasının mahir ustaları hesab olunurlar. Kolbasa və sosis növlərinin bu cür rəngarəngliyinə dünyanın digər heç bir ölkəsində rst gəlmək mümkün deyildir. Avstriyanın paytaxtı Vyana ilə Almaniyanın Frankfurt-Mayn şəhərləri bu günədək sosislərin vətəni adlanmaq uğrunda mübarizə aparırlar.

Kolbasa sözünün mənşəyi barədə müxtəlif mülahizələr mövcuddur. Lakin əsas versiyaya görə, bu məfhum türk dillərindən götürülmüşdür və «kol» (qol, əl) ilə «basmaq» sözlərinin birləşməsindən yaranmışdır. Çox güman ki, ruslara da bu söz türklərdən keçmişdir

 

1 şərh

nurr
 ama men bubun turklere xas oldgunu bilirdm adi da turkcedi.ama bu melumat da maraglidi