Əlidir

Yanırıq eşq oduna qəlbdə sevda Əlidir,
Nə gərək başqa gözəl çün bizə ziba Əlidir.

Eləməz püç bir əməl hər işinin hikməti var,
Yaradandan verilən “İnsana” məna Əlidir.
Nə zaman hökmü – Xuda ümmətə ağır görünər,
O zaman hökmü edən şövq ilə icra Əlidir.

Qalalar fəth eləyib dildə Xuda zikri ilə
Həmişə dini tutan dəhrdə əhya Əlidir.

Bir olan nuru iki cismdə hökm etdi Xuda,
Buna vaqif olana eynidi Taha Əlidir.

Necə dərk eyləsin acizlər Əlinin kərəmin
O qiyamət günü qismət bölən hətta Əlidir.

Nə olubdursa Qədir – Xumda bilir əhli – vəfa,
Sübutu ayə, hədis: - Höccəti – Yekta Əlidir.

Pak olan abi – həyat çeşməsinə teşnələrə
Həm mənbə, həm mənsəb, həm məcra Əlidir.

Ey Əli aşiqi, düşmənlərə meydan oxu sən,
Bu kifayət eləyər ki, sənə mövla Əlidir.

Bizə düşmən nə edə zərrə tükənməz gücümüz,
Bu tükənməz gücümüz bircə kərə “Ya Əlidir.”

Mən Əli zakiriyəm şamu – səhər dildə budur,
Bəşərə rahi – hüda, elmdə dərya Əlidir.

Bir ömür “Ya Əli mövla” demişəm, səsləmişəm,
Sağ olam ya öləm, hər yerdə təmənna Əlidir.

Hələ gizlində qalan “ Höccət”isə, rəbbimizin
Yer üzündə eləyən düzlüyü bərpa – Əlidir (ə.f).

Şahin Qurbanov
 

8 şərh

tercumeci
esg olsun Eli asiglerine
Türkəl
Bu qəzəl nə üçün felin indiki zamanında yazılmışdır?
ayxansevda
burda indiki zaman hansı beytdədir ki?
Türkəl
Məncə bütün beytlərdə.
ayxansevda
birinci beyt ola bilər, 2 ci beyt qeyri — qəti gələcək zamandadır, 3 cü beyt nəqli keçmiş zamanda yazılıb, 4 beyt şühudi keçmiş zamandadır, davam eliyim? lap aquafresh reklamı yadıma düşdü «TƏkrar eliyim?» :))
Türkəl
Mən xəbər şəkilçilərini nəzərdə tututurdum (Əlidir). Sanki Əli sağdır…
ayxansevda
məzmun baxımından ola bilər, düzdür. Əlidir deyəndə elə bil sağdır kimi başa düşülür, amma orda Əlidir siz deyən kimi xəbədir, ancaq ismi xəbərdir. onda da zaman şəkilçisi yoxdur, qardaşım. Ola bilər ki, mən sizin sualınızı qramatik sual kimi qəbul etdim, siz semantikanı nəzərdə tuturdunuz.
Türkəl
Mən sualı səhv qoymuşdum. Amma əslində mənə bu nəzm parçasının qrammatik/semantik tərəfi maraqlandırmır. Əsərdə imamın ilahiləşdırılməsi və şiə fanatizmi xoşuma gəlmir.