Bidət nədir?

Bütün sosial cəmiyyətlər və ideologiyalar zaman keçdikcə yeniliyə və dəyişikliyə ehtiyac hiss etmişdir. Lakin İslamın yeniliyə baxışı birmənalı olmamışdır.

İslam terminologiyasında yenilik "bidət" adı ilə ifadə olunmuş və üzərində geniş mülahizələr aparılmışdır. Lakin buna baxmayaraq çox zaman bu məsələ doğru anlaşılmamış, şəriətin məqsədi düzgün başa düşülməmişdir. Bu barədə əsas diqqət çəkən yanlışlıq dinlə əlaqəsi olmayan şeylərin bidət sayılması, bunun nəticəsi olaraq da elmə, texnologiyaya biganə yanaşılmasıdır. Bu məqalədə çatdırmaq istədiyim əsas məsələ də bundan ibarət olacaq.
İslam dinində başlıca inanc əsasları açıqlanmış, Müsəlmanların ibadət həyatları ilə bağlı mükəlləfiyyətləri ayrı ayrılıqda bildirilmişdir. "Bu gün sizin üçün dininizi kamala yetişdirdim" (Maidə 5/3) ayəsi də bunu isbat edir. Bu onu göstərir ki, o gündən sonra dinə edilən hər hansı bir əlavə və əskiltmə dinin təhrif edilməsi kimi qiymətləndiriləcəkdir. Quranın Yəhudilik və Xristianlığın bu dinlərə edilən yaxşı və pis niyyətli bəşəri müdaxilələr nəticəsində pozulduğunu dönə-dönə bildirməsi də bu məqsədə yönəlmiş bir xəbərdarlıqdır.
Ərəb dilində hərfi mənası icad etmək, inşa etmək, ortaya qoymaq mənasındakı "bd'a" kökündən əmələ gələn bidət, "əvvəllər bənzəri olmadığı halda sonradan ortaya çıxan" mənasına gəlir. Bidət sözünün bu mənası Qurani-Kərimdə də yer almışdır (Əl-Əhqaf 46/9; Əl-Hədid 57/27). Eyni zamanda Allanın gözəl isimlərindən biri də Bədi'dir. Termin olaraq isə bidət sözü Peyğəmbərin (s.a.s) vəfatından sonra ortaya çıxan, şəri bir dəlilə əsaslanmayan əqidə, ibadət, fikir və davranışların hamısına verilən bir addır.
Bidətin tərifi ilə bağlı İslam alimləri iki fərqli görüşə sahibdirlər. Bir qrup bidəti geniş çərçivədə ələ almış və bidət "Peyğəmbər (s.a.s)-dən sonra ortaya çıxan hər şeydir" demişdir. Bidət sözünün əsl mahiyyətinə görə deyil, hərfi mənasına əsasən söylənmiş bu tərifə görə nəinki dini xarakterli fikir və davranışlar, həmçinin müsəlmanların gündəlik sosial həyatları ilə bağlı olan və sonradan ortaya çıxan hər cür yeni fikir, düşüncə, davranış və adətlər də bidət hesab olunmuşdur. Başda İmam Şafii olmaqla Nəvəvi, İzzəddin b. Abdussalam, Malikilərdən Şəhabəddin əl-Karafi, Zürqani, Hənəfilərdən İbn Abidin, Hənbəlilərdən Əbu əl-Fərəc, İbn əl-Cövzi, Zahirilərdən İbn Hazm bidəti bu şəkildə qəbul edən alimlərdilər. Bu alimlər öz görüşlərini Peyğəmbər (s.a.s) və Səhabələrdən nəql edilən bəzi xəbərlərə əsaslandırırlar. Məsələn, Müslim, Nəsai, İbn Macə kimi mühəddislərin nəql etdiyi bir rəvayətdə Peyğəmbərin (s.a.s) "Kim  məndən sonra İslamda gözəl bir yol açarsa, ona həm açdığı yolun savabı həm də savabları azaldılmamaq şərtilə o yolda gedənlərin savabı verilər. Kim də pis bir yol açarsa, ona həm bu əməlinin günahı həm də o yolda gedənlərin günahı yüklənər." Başqa bir rəvayətdə isə Hz. Ömər camaatla təravih namazı qılanları gördüyü zaman "Bu nə gözəl bir bidətdir." demişdir (Buxari, Təravih, 1; əl-Muvatta, Ramazan, 3).
Bidət sonradan ortaya çıxan hər şeydir desək və bu məsələyə "hər bidət dalalətdir, hər dalalət də cəhənnəmlikdir" (Müslim, Cuma, 43; Əbu Davud, Sünnət, 6) prinsipi ilə yanaşsaq o zaman Müsəlmanların həyatı həddindən artıq çətinləşər və yaşanılması çox çətin olan bir hal alar. Məhz bunu düşünən alimlər bidəti yaxşı bidət (bidəti-həsənə) və pis bidət (bidəti-seyyiə) deyə iki hissəyə ayırmışlar. Bu ayırıma görə Quranı bir müshəfdə toplamaq, təravih namazını camaatla qılmaq, hədis kitabları yazmaq, minarə və mədrəsə inşa etmək yaxşı bidətə, qəbirlərin üzərində türbə tikmək və oralarda şam yandırmaq isə pis bidətə misal olaraq göstərilə bilər. Bu görüşə görə Peyğəmbərin (s.a.s) hədislərində tənqid və rədd olunan bidətlər məhz həmin pis bidətlərdir. Bundan başqa Şafii fəqihlərindən İzzəddin b. Abdussalam daha da irəli gedərək bidəti mükəlləfin fellərinə uyğun olaraq vacib, məndub, mübah, məkruh və haram olmaqla beş qismə bölmüşdür.
Bidəti məhdud çərçivədə ələ alan digər bir qrup alimlərə görə bidət "Hz. Peyğəmbərdən sonra ortaya çıxan, dinlə əlaqəli olub əlavə və ya əksiltmə mahiyyətində olan hər şeydir". Bu görüşdə olan alimlərə misal olaraq Malikilərdən başda İmam Malik olmaqla Turtuşi, Şatibi, Hənəfilərdən Bədrəddin əl-Ayni, Birqivi, Şafiilərdən Beyhaqi, İbn Həcər əl-Əsqalani, İbn Həcər əl-Heytəmi, Hənbəlilərdən Taqiyuddin b. Teymiyyə və İbn Rəcəb göstərilə bilər. Bu görüşə görə hər hansı bir adət, alət və davranış bidət ola bilməsi üçün dinə qatılması-dini mahiyyətdə olması, iman və ibadətlər çərçivəsində olması lazımdır. Yəni dinlə əlaqəsi və dini mahiyyəti olmayan şeylər bidət sayılmaz. Məsələn, bir insanın vücudunu inkişaf etdirmək üçün hər səhər müəyyən qədər qaçması, sonra bir yerdə dayanıb müəyyən hərəkətlər etməsi caizdir. Bunlar Hz. Peyğəmbər dövründə edilməmiş olsa belə bidət deyildir. Ancaq həmin hərəkətlər ibadət olsun deyə edilər və ya ibadət sayılarsa bidət olar və caiz olmaqdan çıxar. Çünki İslamda ibadətlərin yeri, zamanı və şəkli açıq aydın bildirilmişdir. Heç kimin bunları dəyişdirmə, artırma və əskiltmə səlahiyyəti yoxdur. Bu görüşə görə örf və adət olan davranışlar bidət sayılmamışdır.
Bu arada bidət haqqındakı görüşləri və bu haqda yazdığı əl-İ'tisam adlı əsəri ilə diqqət çəkən Şatibi bidəti "sonradan ortaya çıxan dini görünüşlü yol" kimi tərif etmişdir. Şatibiyə görə insanlar bu yola Allaha daha çox qulluq etmək istədikləri üçün düşürlər. Dini olaraq görülməyən və dini olaraq tələqqi edilməyən xüsuslar bidət sayılmaz. Məsələn, bir insanın halal olan bir şeyi özünə qadağan etməsi bidət deyil, ancaq bu qadağanı özü üçün dindarlıq hesab etməsi bidətdir. Bu baxımdan bidətin yaxşı və ya pis olaraq qiymətləndirilməsi doğru olmaz. Çünki yaxşı bidət deyə bir şey yoxdur. Yaxşı bidət deyə adlandırılan şeylər əslində bidət olmayan şeylərdir. Buna əsasən Şatibi, İzzəddin b. Abdussalamın bidəti beş qismə ayırmasına qarşı çıxmışdır. Şatibiyə görə şər'i əsası olmayan bir hərəkət və davranış bidət sayılmayacağı kimi, hər bidət pisdir, yaxşı bidət sayılan şeylər isə əslində bidət deyil.
Bidəti dar çərçivədə ələ alanlar görüşlərini "İşlərin ən çirkini sonradan ortaya çıxardılanlardır" (Müslim, Cuma, 43), "Sonradan ortaya çıxardılan hər şey bidətdir." (Nəsai, 'İdeyn, 22; İbn Macə, Müqəddimə, 7) və "Hər bidət dalalətdir" (Müslim, Cuma, 43; Əbu Davud, Sünnət, 6) kimi hədislərin hərfi mənalarına deyil, ifadə etdiyi mənalara əsaslandırmışlar. Dəlil olaraq digər qrupun istifadə etdiyi hədisləri də öz görüşlərinə uyğun olacaq şəkildə izah etmişlər. Məsələn , onlara görə digər qrupun istifadə etdiyi "Kim İslamda gözəl bir yol açarsa..." hədisi əslində "Kim İslamda gözəl bir yolu (yəni Sünnəti) ihya edərsə..." anlamındadır. Hz. Ömərin təravih namazını camaatla qılanları gördüyü zaman söylədiyi "Nə gözəl bir bidətdir" sözündəki bidət kəlməsi isə termin olaraq deyil,  hərfi mənada istifadə olunmuşdur.
Fikrimcə ikinci görüş daha doğru və daha məqsədəuyğundur.. İlk olaraq onu qeyd edə bilərik ki, bidətə birinci qrup alimlərin nəzəri ilə baxsaq, bu məsələ həddindən artıq çətinləşər. Ona görə ki, problemin əhatə dairəsi genişləndikcə onun içindən çıxmaq da çətinləşir. Yəni problem nə qədər az olarsa onu aradan qaldırmaq da bir o qədər asan olar. Digər bir səbəb isə ondan ibarətdir ki, bidətin əhatə dairəsi bu qədər genişləndiyi zaman Müsəlmanlar bu məsələdə bir qarmaqarışıqlıq içərisinə düşmüş olarlar. Məhz buna görədir ki, bəzən mikrofonla azan vermək və ya xütbə oxumaq bidət sayılmışdır. Bu zaman yaxşı bidət və pis bidət məsələsi işə düşür. Burada da yenə problem yaranır. Birinin yaxşı bidət dediyi bir şeyə digər birisi pis bidət deyir. Məsələyə bu nöqteyi-nəzərdən baxdığımız zaman belə bir məntiqi nəticə çıxır ortaya: Peyğəmbərdən (s.a.s) sonra ortaya çıxan hər şey bidətdirsə, o zaman Peyğəmbərdən (s.a.s) sonra dünyaya gələn insanlar da bidətdir. Bu halda mömin insanlara yaxşı bidət, kafir insanlara isə pis bidətmi deyəcəyik? Əlbəttə ki, bu absurddur.
Ona görə də məsələni dini mövzular çərçivəsində ələ almaq və o cür də başa düşmək lazımdır. Buna görə bidət müzakirəsi dini mahiyyəti olan şeylər üzərində aparılmalıdır.
Buraya qədər qeyd etdiklərim bidətin əsl mahiyyəti ilə bağlı olan əsas məsələlər idi. Bir az daha irəli gedərək bidətin yaranma səbəblərini bilməyimizdə də fayda vardır. Belə ki, bidətin yaranmasının bir çox səbəbləri vardır. İslamın qısa müddət ərzində müxtəlif sosial və mədəni xarakterə sahib olan millətlər arasında yayılmasını başlıca səbəb olaraq göstərə bilərik. Belə ki, bu cəmiyyətlərin bəzi xüsusiyyətləri İslamla qarışmış və başqa bir formaya düşmüşdür. Digər tərəfdən isə bəzi islami hökmlərin həmin cəmiyyətlər tərəfindən düzgün anlaşılmaması da bidətlərin İslam aləminə ayaq açması üçün bir zəmin təşkil etmişdir. İslam toplumunun digər toplumlarla yaxın münasibətdə olması və bunun nəticəsi olaraq o toplumlara məxsus olan bir sıra yanlış fikir və davranışların İslama sızması da bu səbəblər arasında qeyd oluna bilər. Eyni zamanda bir sıra xurafatların və köhnə dinlərin qalıntılarının bu dinin saflığını pozmaq üçün bilərəkdən İslama qatışdırılması da başqa bir səbəbdir. Amma buna baxmayaraq bir sıra bidətlər ortaya çıxmışsa da, bu bidətlər İslamın ana prinsiplərini zədələyə bilməmiş, asanlıqla müəyyən edilərək zərərsizləşdirilmişdir.
 

0 şərh