Quran Şəfadır
Allah təala Qurani Kərimi tədricən nazil etmişdir. Qurani Kərim insanların həyatda xoşbəxt yaşaması üçün, onların həyatını gözəlləşdirmək üçün nazil edilmişdir. Bu mübarək kitab bərəkətli, mübarək, müqəddəs, bənzəri olmayan bir kitabdır. Allah təala belə buyurur: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad surəsi, 29). Yəni, bu Quranın xeyirləri və dini faydaları çoxdur. O nazil edilmişdir ki, ayələrini düşünək, onda olan uca sirrləri və hikmətləri təfəkkür edək. Möhkəm ayələr Quranın əsasıdır. İnadkarlıqdan uzaq olanlar, mütəşabeh ayələrə fitnə çıxarmaq məqsədi ilə tabe olmayanlar, haqqı istəyənlər, tabe olaraq anlayıb düşünən kimsələr öyüd alarlar və Allaha yönəlməklə hidayətə nail olarlar. Həmçinin bu Quranla ağıl sahibləri çoxlu öyüdlər alarlar. Bunda müsəlman və ya qeyri-müsəlman hər irqdən, hər rəngdən, hər dindən, hər sinifdən olan insana bir çağırış vardır. Bu onu göstərir ki, hər bir insan Quranın ayələrini düşünə bilmək imkanına sahibdir. Şəxsiyyətli hər insan da bunu edə bilər. Bunda isə böyük gözəlliklər və incəliklər vardır. (İzzet Derveze, et-tefsiru’l-hadis, Ekin Yayınları: 1/388-389).
Ardı →