Neylədin?

Deyirdin dünyamsan, kainatımsan
Sən o əhdi, o ilqarı neylədin?
Şəvə saçlarıma dəydi həsrətin
Yağdırdın başıma qarı neylədin?

Çəkdim gözlərinin işvə, nazını
Aradın, axtardın qəm dəryasını
Susdurdun qəlbimin telli sazını
Çaldığın kamanı, tarı neylədin?

Yadındamı danışdığın, güldüyün
Gəl deyəndə tez yanıma gəldiyin
Bir zaman canından əziz bildiyin
Şeir dolu məktubları neylədin?

Demə ki, cavanam yoxdur məkanım
Qocalıq qapını döyər a zalım!
Alqayıdam budur səndən sualım
Mən cəhənnəm, qeyrət, arı neylədin?
 

0 şərh