Koroğlunun qocalığı/Şiringül Musayeva.


-Koroğlu,  al  bu  çayı  ic.
Koroğlu  sarımtıl  rəngli  çaydan  bir- iki  qurtum  aldı.
-Nə  atmısan  buna?
-Çobanyastığı  ,yarpız  ,qantəpər, nanə- cövhər  nə  bilim   nə   — yeddi  cür   bitki   var   bunun  tərkibində.Hamısını  sayım?-  Nigar  tərs-tərs  Koroğluya  baxdı.
-Yox-yox  ,sayma,-  nə  versən   qəbulumdu.Hərcənd   qocalığın   çarəsi  yoxdur,amma...
-Tək  qocalığın  yox,  çox  şeyin   çarəsi  yoxdur.
Koroğlu  gözaltı  Nigara  baxdı.  Qəmgin  idi, necə  də olmasın.
Çayı  qurtum-qurtum  içdi  ,  fincanı  yanındakı   əyriayaqlı  alçaq  mizin  üzərinə  qoydu   və  ayağa  qalxdı .
-Gəl...gəl  gedək   Çənlibeli   gəzək.
-Özünü  necə  hiss  edirsən?
Pis  deyiləm    ,gedək.
Onlar  xəzəllə  örtülmüş  cığırla  qoşa  addımlayırdılar.Yolun  sağ  tərəfində  vaxtilə  dəlilərin  yaşadığı   ağ  otaqlar   düzülmüşdü  .Budur,   bu  Dəmirçioğlunun   evidir, busa  Bəlli  Əhmədin. Evlər  necə  var  eləcəydilər,  ya  da  demək   olar  eləcəydilər.Eləcə  olmayan  nə  idi  ki ?
Zaman  eləcə  deyildi.  Zamanda  nə  dəyişmişdi  ki?  Bəlkə,  bozarmışdı ,bəlkə  qaralmışdı ?
Koroğlu  fikirləri  özündən   uzaqlaşdərmaq  istədi.Bu  zaman  haqqında,  dünya  haqqında  ,insanın  əzəli və   sonu  haqqında  fikirləşmək  onu   yormuşdu.Ta  gəncliyindən  bəri  bu  fikirlər  ona  rahatlıq  vermirdi.  Necə  olmuşdu  ki,  o  ,  kainat  haqqında fikirləşməyə  başlamışdı- heç  özü  də  bilmirdi.
İnsan  dünyaya  gəlir ,yaşayır  və  bir   gün  də   bu  dünyadan  köçür .Burda  nə  var ki...Min  illərdir   bu,  belə  davam  edir və min  illər  də  belə  davam  edəcək  .Heç  bir  insan  bunun  nə  vaxt  sona  çatacağını və  doğrudanmı  çatacağını  bilə  bilməz  .Amma  bu  əsas  deyil. Əsas  odur  ki ,bu, bir  insan  üçün və ya bir  zaman  dönəmində  yaşayan  qövm  üçün  sona   çatır. Və  bütün  bunlar  Koroğluya  hələ  gəncliyində  çətin  gəlirdi ,ola ki,  indi  qocalmış  vaxtı  ola. Və  budur,  ömrünün   ahıl   çağında  həyat ,sanki,  ondan  intiqam  alır; onu  daim  kükrəyən ,ipə-sapa  yatmayan  daxili  aləmi  ilə   tək  qoyub. Və  bəzən  Koroğluya  elə  gəlir  ki,  o ,elə  öz   cəzasını  çəkir.
Görən  bu  dünyada  öz  cəzasını   çəkməyən  varmı ?
Dönüb  yanınca sakit ,pəj mürdə  şəkildə  addımlayan  Nigara  baxdı  və  nədənsə  ona  elə  gəldi  ki, Nigar  da  elə  bu  dəqiqə,  bu  dəm  öz  cəzasını  çəkir.
Yolboyu  qalxmış  ,vəhşiləşmiş  itburnu   və  böyürtkən  kolları   cığırı  da  basmışdı.  Yerimək  lap  çətin  idi   .İtburnu  kolu  Koroğlunun  balağına  ilişdi.  Koroğlu  əyilib  kolu  balağından  qoparmaq  istədi, kol  əlini  cızıb  qanatdı  . Koroğlu  bunu  nədənsə  Nigara  sezdirmədi.
Nəhayət,  cığır  sona  çatdı. Onlar  Çənlibelin ortasında  yerləşən   talaya  çatdılar.
Taladakı  gölməçənin  üzəri   payız  xəzəlləri  ilə  öttülmüşdü.Nabələd  adam   oranın  da  torpaq  olduğunu   zənn  edərdi. Gölməçədə  xəzəllərin  arasında  bir   cüt  sona  görünürdü.
_Nə  əcəb  köçüb   getməyiblər.-Nigar  pıçıldadı.
_Gedərlər  yəqin   hələ  vaxta  var.
Gölməçənin  qarşı  sahilindəki  söyüdlər  lap  suyun  üzərinə  əyilmişdi,  yarpaqları  saralmış, sanki  ağarmışdı  ; yaşlı ,qoca  qadına  bənzəyirdilər   .Sol  tərəfdəki  hündür  şam   ağaclarının  gövdələri  eləcə  ağarırdı. Sağ  tərəfdəki  alma  ağacları   yarpaqları  töküldüyünə  görə  lüt  və  qəribə   görünürdü.  Havada  qəribə  bir  donuqluq  və  kədər  hiss  olunurdu  .Saralmış  otla r,salxım  söyüdlərin  ağarmış  saçları ,gölməçənin  üzərini  bürüyən  yarpaqlar  ,yarpaqlar  arasında   səssiz-səmirsiz  üzən  sonala r,  şam  ağaclarının ağaran   gövdələri,  çılpaq ,lüt  almalar   kimsəsiz,  tənha  görünən  ,solğun  görünən  Çənlibel   öz  qəmgin  dalğaların  sözsüz  ki  ,havaya  ötürürdü.Və  hava-  qəmgin  payız  havası  Koroğlunun  qocalmış  qəlbini  çəngələyib  sıxırdı/
Dəlilərdən  ötrü  burnunun   ucu  göynəyirdi.  Görən Xan   Eyvaz  hardadır,  öz  Təkə- Türkmən  elindədirmi ,günü –güzəranı  xoşmu  keçir  ,yeməyə  çörəyi,  deyib  gülməyə  yar – yoldaşı  varmı  ?
Qoça, saç-saqqalı  ağarmış-vəfalı  dost-Dəli  Həsən  necə? Qoca  vaxtında  hayına  yetəni   varmı? Nə  deyə  buraxdı  dəliləri?  Görən  düzmü etdi  ,səhvmi  etdi?
Gölməçədən  bir  qədər  kənarda  qoşa   armud  ağacından  vaxtilə  Eyvazın,  Dəmirçioğlunun  uşaqları  üçün  düzəltdiyi   yelləncək   asılmışdı, küləkdənmi  nədənsə   yellənirdi  .  Nigar  yelləncəyə  sarı   yeridi, yelləncəyi  əli  ilə  sığalladı  və  ona  əyləşdi,  astaca  yırğalanmağa  və  Eyvazın  qaragözlü ,İpək  telli, ceyran  baxışlı  qızı  Nardanın  vaxtilə  oxuduğu  mahnını  zümzümə  etməyə   başladı:
Könlüm  səndən   başqa   bir   yar   sevməyir,
Gözəllər   gözəli  ,ay  Şəhrəbanu.
Vaxtilə  Nardan   bu  mahnını oxuyanda o  hamıya  sevinc  gətirərdi  ,nədənsə  hamı  Nardanın   bu  mahnını  oxumasına  sevinərdi.  İndi  isə  mahnı  Nigarın  dilində çox  qəmli  səslənirdi  və  Nigara  da  , Koroğluya  da
qəm-qüssə gətirirdi
_Qaragözlüm,  ceyrangözlüm, hardasan  indi ...-Nigar ,deyəsən,  göz  yşlarını  silirdi.
Hə...belə-belə  işlər ,Nigar...Xotkar qızı, xan qızı Nigar...Hərə  öz  həyatını  yaşayır ,Nigar...Hərə  öz həyatını  yaşamalıdır ,Nigar...
Bu  sırayla yelləncəkdən bir  qədər  yuxarıda  əkilmiş  qoz  ağacları Aşıq  Cunundan  bir  xatirədir. Aşıq  Cunun  onları  öz  əlləriylə  əkib  sulamışdı. Düz  on  yeddi  ağacdır. On  yeddisi  də  çox  dadlı  faraş  qoz  verir. Qozun  biri  də  yalan  olmasın  alma  böyüklükdədir. Ağaclardan  sağ  tərəfdə  isəTüpdağıdanın   evi   durur.Hər  payız   elə   bu  vaxtlar-Tüpdağıdanın  arvadı  Sona əlində  bir  səbət  qoz  Nigara  qonaq  gələrdi  .Səbətin  üzərinə  bahalı  Çin  ipəyi  sərərdi ,qızı  sarışın,  mavi  gözlü, dikburun  Ülkər  də  ondan  ayrılmazdı  .Nigar  Ülkəri  çox  sevərdi  ,onu  dizləri  üzərində  oturdar  ,ona  nağıl  danışardı:
...Biri  vardı,  biri yoxdu ; dünyada  gözəllər gözəli, Çənlibel  adlı bir diyar vardı .Çənlibel  sanki  buludlardan  asılmışdı, çox  uca  bir  yerdəydi ;burada  dumanlar  ayaqların  altında   sürünər,Günəş  sağ  yanından  şıxıb ,  sol  yanında  batardı.  Sular  Çənlibeldə  buz  kimiydi,bal  dadırdı.Burada  meyvələr bol, çiçəklər bol,   otlar  bol  ,ağaclar ondan  da  bol  idi.  Çənlibel  igidlər  məskəni olduğu üçün heç  bir  düşmən  yol  tapıb  ora  ayaq  basmazdı ...
Çənlibeldə  yaşayan,nur  topuna  bənzəyən, mələkmisal  Ülkər  adlı qız hərdənbir  böyük  nənəsi     Nigar  xanıma  qonaq  gələrdi.  Nigar  xanım, elə  babası  Koroğlu  da Ülkərin gəlişinə çox sevinərdi.Nigar xanım Ülkəri   dizi  üzərində  oturdub  ona  nağıl  danışardı:  Şəngülüm ,Şüngülüm ,Məngülüm..-.Və  hər  dəfə  Ülkər  nağılın Məngülümün  otun  altnda   gizləndiyi  hissəsində nənəsi  Nigarın  sinəsinə qısılar, deyərdi:  mən  gizləndim  otun  altında.
_Tüpdağıdanın  evini  külək  uçurdub-Nigar  pıçıldadı.
-Evin  sağ  divarını.  Qoy  bir az  özümə  gəlim  hörərəm  -Koroğlu  dedi.-Qozlara bax  Nigar  alma  böyüklükdədir ,yığsana.
Nigar  əyilib  yerdən  bir  neçə  qoz  götürdü,əlində  sığalladı ,qaytarıb   ehtiyatla   yerə  qoydu.  Və  Koroğlu  bildi  ki; Nigar  qoz  filan  yığası   deyil ,yığsa  da  yeyəsi  deyil  ,Ülkərsiz ,Sonasız  qoz  onun  boğazından  keçəsi  deyil.
...Hə   belə-belə  işlər ,Nigar...Xotkar qızı  ,xan  qızı  Nigar…  Onsuz  da  Çənlibeldə  hər  daşın, qayanın   altında  bir  xatirə   yatır.Qəribə  işləri   var  dünyanın  ;insan  qocalır, ölür ,bir  xırdaca  daş ,əşya  isə  necə  var  eləcə  də  qalır.Görən  Şənlibe l  necə  olacaq  onsuz  ?  Nə  qədər  cavan  idi  elə  bilirdi  Çənlibel  elə  onundur;  onunla  doğulub  , onunla  böyüyür, onunla  yşayır,  onunla  gözəlləşir.
İndi  isə...Çənlibel  kimsəsizləşib ,Şənlibel   sərtləşib. Vaxtilə  Qoşabulağı  səsinə  səs ,gücünə güc qatdı ,ab- havası  sağlamlığını  artırdı, şimşəkləri  düşməni  yandırıb  kül  etdi:  buludları,  dumanları  onu qəfil  düşmənlərdən  gizlətdi. İndi  isə...soyuq  sərt  havas ı    canını  xəstə  salıb, əl-ayağını  yel  tutub,  itburnu  kolları  əlini  qanadır ,şalvarının  balağını  cırır.
-Hava  bu  gün  yaman  soyuqdur  ; üşüdüm.-Nigar dedi- gedək.
Yollarını  kəsədən   saldılar.
-Eyvazın  evinə  bir dəyək-Nigar  yolun  sağ  tərəfinə  döndü. Bir- biri  ilə  danışmadan   Eyvazın  evinə  daxil  oldular.
Evdə  qəribə, kəsif  bir  qoxu  var  idi –kimsəsizlik  qoxusu.Nigar  yeriyib  taxta  pəncərəni  açdı. Eyvazın  vaxtilə  öz  əlilə  pəncərənin   qarşısında  əkdiyi  ,baxımsız  qalıb  yabanılaşmış  qızılgül  kolunun  iri bir  budağı  içəri  soxulub  yelllənməyə  başladı,-çiçəksiz ,yarpaqsız  iri  bir  budaq. Nigar  budağı  bayıra  çıxarmaq  istədi.
-Qoy  qalsın-  Koroğlu  dedi-gedəndə  çıxardarıq ,pəncərəni  də  bağlarıq.
Külək  pəncərənin  pərdəsini  yellədirdi    .  Bu  bahalı  tülləri  Koroğlu  vaxtilə  Qarsdan  gətirmişdi.  Yayda  gün  vurub  tülü  bomboz  bozartmışdı, otağın  taxta  döşəməsi  cır-cır  cırıldayırdı.
Bəlkə  buranı  bir  yığışdırım-  Nigar  dedi.
-Hansı  birini  yığışdıracaqsan ;Eyvazın evini  ,Dəli Həsənin,  Bəlli Əhmədin, Tüpdağıdanın, –qoy  necə  var  eləcə  də  qalsın-Koroğlu  dedi.
...Nigar  ,gör  sənə  kimi  gətirmişəm    -Nəhəng  Qıratın  belındə  dağ  gövdəli Koroğlu  durub,  gözlərindən  gülərək  ona  baxır. Nigar əynində  qırmızı  qanovuzdan  bahalı  libas Koroğlunun  qarşısına  qaçır. Ağ  örpəyi  sürüşüb  çiyinlərinə  düşür, qara  ipək  telləri   üz- gözünə  dağılır ,Koroğlunun  yanında  şivərək ,qaragözlü göyçək, bığ  yeri  yenicə  tərləmiş  bir  oğlan  görüb  heyrətlənir.
Koroğlu  gülür
-Bax  sənə  oğul  gətirmişəm  .
Nigarın  dil-dodağı  söz  tutmur.
_Aç  köynəyini,  yaxandan  keçirt, Nigar.
...O  köynək  də  elə   buralardadır...
Nigar  evin  yuxarı  başında  qoyulmuş  bahalı  sandığı  açır ,oradakı  ipək paltarları  xışıldadaraq qanovuz  köynəyi  tapıb  çıxardır, üzünə ,sinəsinə  sıxır, hönkürüb  ağlamır,lakin  göz  yaşları  yanaqlarında  gilələnir.
Koroğlu  başını  aşağı  salır.
...Hə...belə-belə  işlər ,Nigar...xotkar qızı,xan qızı Nigar...
Nigar  bir  xeyli  köynəyi  tumarlayıb, qoxlayandan  sonra  qaytarıb  yerinə  qoyur.
Sandığın  sağ  yanında   vaxtilə  məşhur  İstanbul  ustalarının  yonduğu   taxçalar  var. Taxçalarda  bahalı  çini  vazalar ,dolçalar ,kasalar  düzülüb.  Taxçalardan  sağ  tərəfdə    İstanbul  ustalarının  yonduğu taxt  durub .Taxtın  üzərinə  qotazlı,  bahalı müşəmbə  örtük   sərilib.Taxtın  ayaq  tərəfində  otağin  ortasında ,əyri  ayaqlı   miz  durub.Mizın ətrafında  da  eynən  miz  kimi  əyri  ayaqlı  kətillər   düzülüb.Mizin  üzərində   güldanda  Nigarın  nə  vaxtsa  öz əli  ilə  dərib   suya   qoyduğu   çiçəklər  durur.
Hə  bu  mizin  ətrafında  o  qədər   ailəlikcə  oturmuşdular  ki...O  vaxt  bu  otaq da,  bu  taxçalar da,  bu  miz  də  sanki  işıq  saçırdı ,sevinc  saçırdı.  İndi  isə  iraq  Eyvaz və  balaları  canından  sanki  qəm-qüssə, kədər  saçır.
Bəlkə  qəm-qüssə ,kədər  saçan  Koroğlunun  qəlbidir?
Nahaq  buraxdı  dəliləri.Buraxmayıb  nə  edəydi  axı...Nə  vaxta  qədər  bu  sıldırım  dağ  belində ,əl- ayaq dan  uzaqda ,kənddən –şəhərdən  uzaqda   yaşayacaqdılar. Nə  vaxta  qədər  xotkarlarla,  paşalarla  düşmən  olacaqdılar? Dağ  belində  ömür  sürmək  elə  də  asan  deyildi;  həyatın  ölümü –itimi  varıydı ,qocalığı  varıydı,  elə -obaya  qaynayıb –qarışmağı  varıydı. Coluq, cocuq  çoxalırdı. Koroğlu  bu  dəlilərin  ağsaqqalı  olduğu  üçün bütün  bunları  fikirləşməli  idi. Və  fikirləşdi  də. Özü  isə  enmədi  Çənlibeldən.  Enə  bilmədi.  İstədi  ki,  yeddi  min  ,  yedd  i yüz  yetmiş yeddi  dəli arxasında   bir  Koroğlu  olduğunu,  bir  Çənlibel  olduğunu  unutmasın.  Qoy  dəlilər  inamnan  yaşasın .Elə  xotkarlar, paşalar  da Koroğlunun  var  olduğunu  unutmasın.
Nigar  alçaq  kətillərdən  birinə  əyləşdi :
_Təzə  çiçək  də  yığmadım.
Pəncərədən  qəfil  bir  şaqqıltı  eşidildi.Hər  ikisi  pəncərəyə  boylandı .Vəhşi  bir  dağ  keyiki  bir an mat- mat onlara  baxdı,  sonra  isə  ildırım  sürəti ilə  pəncərədən  uzaqlaşdı.
Bu  da  Dəmirşioğlunun  evidir .-Saf, sadədil ,yontanmamış  Dəmirçioğlunun .Çənlibelə  gəlməyinin       çevincini  yaşayırdı,  buyuruğ a  az  qala  uça-  uça  gedirdi.  Bax  elə  buradaca- bu  çinar  ağacının  dibindəcə  Koroğlu  onu  imtəhan  etmişdi,  başına  qoyduğu  dairədən  üç ox  keçirtmişdi.Nə  rəngi  ağarmışdı, nə  də  gözünü  qırpmışdı  Dəmirçioğlu.
Belinə  bağladığı zəncir  qırıldığı  üçün  şalvarı  rahat  durmurdu   .Nigar  zarafat  olsun  deyə  onun  belinə  dəvə  gönündən  bir  şıyrım  bağlatmışdı.  Dəmirçioğlu  da  uşaq kimi  sevinərək  bunu  qəbul  etmişdi.     Sonralar  Nigar  bu  zarafatını  xəcalətlə  xatırlayırdı.
Nigar  Dəmirçioğlunu  lap  Eyvaz  qədər  çox  istəyirdi. Ərzurum  səfərində  yaralanmış  ,dabanından  soyulmuş  Dəmirçioğluna özciyəzi  qulluq  edirdi.Özü  onun ayaqlarına  Toqat  həkimlərinin düzəltdiyi  məlhəmi qoyub   sarıyırdı. Qoşabulağın  həndəvərindən  topladığı    gül  -çiçəkdən, itburnu  meyvələrindən  çay  dəmləyib  içirdirdi. Hər  səhər  güclə  ona  şandan  süzülmüş  bal  yedirirdi.
Dəmirçioğlu  sayıqlayırdı:..Ərəbatın  gözləri  çox  gözəldir.Onu  belə  nallamayın ..atı  belə   nallamazlar. Telli  xanımın  gözləri  Ərəbatın  gözlərinə    oxşayır. Ərəbat  uçacaq  sıldırımdan  qoymayın!
Nigar  Qoşabulağın  suyunda  islatdığı  yaş  tənzifi   onun  alnına  qoyur  və  ağlayır.
-Ərəbat da ,Telli  xanım da sənə  qurban ay Dəmirçioğlu. Sən  bircə  bu  Çənlibeldə  ayaq  aç  yeri o günə  qurban  kəsəcəm, ay Dəmirçioğlu.
...Nigar  xanım,  Nigar  xanım! –Talada  bir  qız əlində qırmızı yaylıq yellədərək Koroğlunun  evinə  tərəf qaçır,- bu  Dəli  Həsənin  ərgən  qızı  Süsəndir.
-Muştuluğumu  ver ,Dəmirçioğlu  yeriyir, muştuluğumu  ver !
Nigar  xanım  döşü  atlana-atlana üzüaşağı  -Dəmirçioğlunun  evinə  tərəf  qaçır. Budur,Dəmirçioğlu  düz  üçtünə  yeriyir  və  uşaq  kimi  saflıqla,  sadəliklə  sinəsinə  sığınır.
...Elə  uşaq  imiş  də...-Nigar  bunu   indi  düşünür-; İyirmi  üç  yaş  nədir  ki...Və  Nigar  onda  hiss etmişdi  ki, Dəmirçioğlu  da  Eyvaz  kimi  onun  ürəyinin  bir  parçasıdır.
Külək  güclənir, Qoşabulaq  tərəfdən qara  bir  bulud  göyün  üzünə  qalxırdı.
_Gedək ,Nigar ,deyəsən  , yağış  yağacaq.
Diki qalxır  evlərinə  tələsirdilər. Küləyin  qovduğu  yarpaqlar, toz-torpaq   üzlərinə  çırpılırdı,  ürkmüş quş, heyvan  səsləri  gəlirdi.
Evlərinə  daxil  oldular.
-Pəncərəni  bağla  -Nigar  dedi-yağış  içəri  dolmasın,sonra  qurumur ,əl-ayağımızı  yel  tutur.
Çox  keçmədi  iri  damlalar  pəncərəni  döydü.   Yağış  elə  şırıldayırdı  ki,  sanki Qoşabulaq  qaynayıb  evlərinin  ətrafında   axırdı. Nigar  büzüşərək  yatağında  oturmuşdu  və  vahimə  çökmüş  baxışlarla  ətrafa  baxınırdı.
----Təbiətdən  qorxma-Koroğlu  dedi və  həmin  an  da hiss etdi ki ,sözlərinə  Nigarın  üzündə  bir  istehza  oynadı.
Gərək  Tükəzi  buraxmayaydı    - Koroğlu  düşündü- yenə  Nigara  həyan  idi ,yenə  çay- çörəyini  hazırlar ,qulluğunda  durardı.  Nə  vaxt  ölçüb-biçib  ,ağılla  hərəkət  edib  ki...Həmişə  ürəklə  hərəkət  edib,  ürəklə. İgid  gərək  elə  ürəklə  hərəkət   etsin, ağıl  ürək  deyəni  demir  axı...
-Çənlibeli  sənə  kim  tanıtdı ?-Nigar  soruşdu.
-Atam  Alı  kişi. Bildi  ki ,Hasan  paşadan  intiqam  alandan  sonra daha  oralarda  qala  bilmərəm.
-Sonralar  da  buranı  tərk  etmədin.
-İnsan oğlu  belədir ,Nigar.Mən  azadlığın  tamını  daddım ,Çənlibelin  tamını  daddım; bu  dad  mənə  doğma  gəldi;  keçə  bilmədim.Hərənin  bir  yolu   var  bu  dünyada ;mənimki  Çənlibeldən  keçdi.
-Mənimki  də səndən-Nigar  dedi.
-Çənlibel  artıq  mənim  içimdədir .Mən özümü Çənlibelsiz  Çənlibeli  də  özümsüz  təssəvvür  edə   bilmirəm.
-Birdən  sular  Çənlibeli  yuyub  aparar-Nigar  qorxu  ilə  dedi.
 
-Heç  vaxt.  Nə  qədər  çox  yağsa  da sular  Çənlibeldə  durmur ,Nigar. Sular  Çənlibelə  dəyir və  kənara   sıçrayır .Çənlibel  Allahın  bir  möcüzəsidir.
-Çoxdur  Allahın  möcüzələri.-Nigar  söhbəti  dəyişdi-Mən  on  iki  yaşında  olanda  saraya  bir  qaraçı  gətirmişdilər, sorağını  alıb  gətirmişdilər; deyirdilər :gələcəkdən çox  doğru   xəbər  verir. Mənə  dedi  ki, m ən  -xotkar  qızı  Nigar ömrümün  ahıl  çağını  uca  bir  dağ  belində ,elimdən-günümdən  uzaqda,  dəbdəbəmdən  uzaqda  ,sarayımdan  uzaqda  bir  divlə  keçirdəcəyəm.
Koroğlu  diksinərək  Nigara  baxdı ,onun  üzündə   bir  zarafat  nişanəsi  görmək   istədi, lakin  Nigarın  üzündə  zarafatdan  əsər-əlamət   yox  idi.
-Çay  içəkmi ?-Koroğlunun  Nigara  yazığı  gəldi
 
.....
Səhər  yuxudan   gec  oyandılar. Koroğlu  qapını  açıb   bayıra   çıxdı  .Həyətdə  vaşaq  izləri   var  idi.
...Buyur  bu da vaşaq...-Koroğlu  düşündü  -təbiətdir  bu...Təbiətlə  zarafat  etmək  olmaz və  onun  gözlənilməz gedişləri çox  olur.
...Gedim  cələyə  baxım ,bəlkə  ov ,filan düşüb.
-Cələdə  erkək  bir  keyik  var  idi. Iri  qara  gözləri meşəyə  ,  sıx  ağaclığa  tərəf   qəm- qüssə,həsrət   ilə  baxırdı.
Koroğlunun  xəyalına  Halaypozanın    qüssə  dolu   gözləri   gəldi
-Atan- anan  varmı  ,Halaypozan?
-Yoxdur ,Qoç Koroğlu.
-Bacın ,qardaşın?
-Yoxdur.
-Bir  kimsən  varmı?
-Yoxdur.Mənim  kimim  kimsəm sənsən,  Nigar  xanımdır,  yeddi  min   yeddi  yüz   yütmiş  yeddi  dəlidir,Qoç  Koroğlu.
-Orası  elədir...
...Amma  gözlərindən  kədər  heç  əskilmirdi  Halaypozanın.Bəzən  sakitcə  oturar ,qara gözləri  dumanlanar,bərk   xiffət  çəkdiyi   hiss   olunardı. Yeddi  min  yedd i yüz  yetmiş  yeddi  dəlinin  içində   tək-tənhaydı  ,yalqız  idi  Halaypozan. Belədə  Koroğlunun  ürəyi  qısılardı: istəməzdi  Halaypozan  xiffət  etsin.
-Halaypozan   heç  nəyin  dərdini  çəkmə;  yazda  səni  evləndirəcəm; kimin  qızın istəsən  sənə  gəlin  gətirəcəm; balaca  bəbələrin  olacaq, kimin –kimsən  olacaq: onda  daha  darıxmayacaqsan ;həyat  sənin  üçün  maraqlı  olacaq. Darıxma,  Halaypozan.
-İndi  qışda  evləndirmək  olmurmu ?-Nigar  soruşur.
-Yox bu qarda- qiyamətdə hara  gedək  qız  bəyənək.Çənlibelin  ətrafı  sal  buzdur. Yol  -riz  buz  bağlayıb.
...Sənin  gözlərin də səni  xilas  etdi  ,  erkək  keyik  .Mən  sənə  rəhm   edirəm ,qoy  Tanrı  da Halaypozanıma  rəhm  etsin
Koroğlu  keyiki  açıb  buraxdı.Keyik  ildırım  sürəti  ilə meşəyə  tərəf  götürüldü.
Otağa  qağıtdı.Nigar  ayağa  qalxmış  çay  belə  dəmləmişdi.
-Gəl  çay  iç,  Koroğlu.
Nigar  otağın  küncündəki  bal  küpünü  də  gətirib  süfrəyə  qoydu. Süfrədə  qarın  yağı,  motal  pendiri  də  var  idi.
Yeməkdən  sonra Koroğlu  dedi  : -Düşək   Çənlibelin  ətəklərinə,  yaxın  obalara  bir  baş  çəkək ,qabaqdan  yağı  kimi  qış   gəlir,  qış  üçün  tədarük  görək.  Həm  də  uşaqlardan  xəbər  tutaq.
-Hansından?
-Hamısından.
-Qıratı  nahaq  buraxdın  yenə  yükünü  daşıyardı.
-Qırat  yük  atı  deyil ,Nigar, bir  kisə  qızıl  götürüb  hərəmizə  bir  at  alacam.
Koroğlu  qabaqda ,Nigar  da  onun  arxasınca  dinməz  gedirdilər.  Artıq  dağın  ətəyində   idilər. Çoxdan  bəri  gediş- gəliş  görməyən  Ağ  Yol  qarşılarında  dururdu. Nigar  geriyə  boylandı; Çənlibel  görünmürdü.
—  Nigar  tap  görüm Çənlibel  haradadır ?
-...
-Elə  buna  görə  ona  Çənlibel  deyilir.Buludların  arxasında  gizlənir,  çəndən  ,  dumandan  görünmür.
Qarsa  gedən  yola  üz  tutdular.  Yolun  hər  iki  tərəfi  tikan  kolları  idi;  qurusalar  da  dimdik  dayanmışdılar.
-Yollar  nədənsə  indi  mənə  qəm- qüssə  gətirir.-Nigar  dedi- Vaxtilə  bu  yollar  dəlilərlə  dolub  daşardı. Dünyada  hər şeyin  bir  sonu  varıymış.
-Elə  şey var  ki ,sonu  yoxdur, Nigar.
-Məsələn  nəyin ?
-İgidliyin  sonu  yoxdur ,Nigar  ,mərdliyin  sonu  yoxdur, sevginin  sonu  yoxdur.
-Amma  -  Nigar  çox  qəmgin  idi – insan  bu  sonsuz  kainatda   bir  darı  dənəsi  kimidir Və  bu  darı  dənəsini  də  qədər ,qismət  harayasa  sürükləyir.
-Sən  lap  filosof  olmusan, Nigar.
-Mən  həmişə  qədərə ,qismətə  inanmışam.
-Mənsə  öz  gücümə  inanmışam.  Bu  güc mənim  taleyimi ,taleyimsə  gücümü  yönləndirib.
-A...a...ora  bax adam.-Nigar  sevinclə  yolun  kənarında  öküz  otaran  kişini   Koroğluya  göstərdi. Koroğlu  kişiyə  yaxınlaşıb  salam  verdi.
-Salam ,qardaş,  nə var,  nə  yox  ?  Nə  i ş  görürsən  ?
Kişi  heyrətlə  bu  yekəpər,  heybətli  adama  baxdı.
-Salam .Öküz  otarıram.
-Bəs  o  çiynindəki  nədir ?
-Tüfəngdir.
-Tüfəng  nədir ?
-Silahın  bir  növüdür ,bununla  uzaqdan  kimi  istəsən  vurub  öldürmək  olar.
-Məni  də ?- Koroğlu  qəhqəhə  çəkdi.
-Sən  deyəndə  nəsən ki?  Sən də  ətdən ,sümükdən  yaradılmış  bir  varlıqsan  da. Bu  canlı  hər nə  var  onu  uzaqdan ,yaxından  vurub  öldürə  bilər.
-İşə  düşmədik...Koroğlunu  da  öldürər?
 
-Koroğlu?  Hə  belə  bir  ad   eşitmişəm.Deyəsən  qaçaq  olub ,dağlarda  yaşayıb,  bəzirganları  soyub- talayıb.   Hə  onu  da  öldürər.
Koroğlu  qapqara  qaraldı. Nigar  xanım  onun  ətəyindən  çəkdi.
-Qaçaqmı? Koroğlu  qaçaqmı  olub?  Əlli  ilə  qədər  paşalarla, xotkarlarla  dava  edib ,xalqı:kasıb-kusubu  müdafiə  edib, sən  onu  qaçaqmı  adlandırırsan?
Kişi  qorxub  dalı-dalı  verdi.
-Əşi  nə  bilim…  qoçaq  adam  olub .Qoçaqlara  elə  qaçaq  deyirlər də...
-Al  bu  pulu,  bu  öküzün  birini  vur  görüm  necə  ölür.
Kişi  istədi  boyun  qaçırtsın. Koroğlu  ona  elə  tərs-tərs  baxdı  ki,  kişinin  öküzün  birini  öldürməkdən  başqa  çarəsi  qalmadı.
Koroğlu  öküzü  o  üz bu  üzə  çevirdi,  gördü ki,  öküz  doğrudan  da,  ölüb. Nəhayət,  öküzdən  əl  çəkib  ayağa  durdu, həmişə  özü ilə  gəzdirdiyi  sazı  köynəyindən çıxartdı ,aldı  görək  nə  dedi :
Axır  əcəl  gəlib  yetdi ,ay  haray
Çəkdiyim  qovğalar  bitdi  ay  haray.
Tüfəng  çıxdı  mərdlik  getdi  ay  haray
Mənmi  qocalmışam,  ya  zəmanəmi?
-A  kişi,  deyirsən  heç  zəmanə  dəyişməyəydi ,elə  sənin  zamanın  necəydi  elə  qalaydı?  Yaman  özünü  sevən  adamsan  ha!-  öküz  sahibi  qanlı-qanlı  onu  süzürdü.
-Kişinin  onu  tanımaması, Qoç  Koroğlu  yerinə  Qaçaq  Koroğlu  deməsi, uzun  ,nazik  bir  şeyin   bir  igidi  əl  vurmadan  öldürmək  ehtimalı  Koroğluya  yaman  yer  eləmişdi,    Koroğlu  bulud  kimi  dolmuşdu,  çırtma  vursan  qanı  damardı. Hirslə  Misri  qılıncı  belindən  açıb  yerə  atdı,  çəmənin  qurumuş  tikanların tapdalayaraq  getməyə  başladı.
-Nigar  gördü ki, Koroğlu  özündə, sözündə  deyil ,cəld   Misri  qılıncı  götürdü  və  Koroğlunun   arxasınca  qacmağa   başladı. Birtəhər   tövşüyə-  tövşüyə  ona  yetdi,  ətəyindən   tutdu. Koğoğlunun  halı o  hal  deyildi ,gözləri  yaşla  dolmasa  da  bir   başqa  cürəydi, ağarmış  saçları  çox  pərişan  idi.
-Nigar  iltimasa  keçdi.
--Bir  çoban  səni  tanımır  deyə ,bir  güllə bir  öküzü  öldürür  deyə  bu  nə  haldı  düşübsən  ,Qoç  Koroğlu. Təki  balalarımız- dəlilərimiz  sağ olsun
-Koroğlu  aldı  görək  nə  dedi:
-Koroğlu  qorxmaz  yağıdan
-Badə  içibdi  saqidən,
-Hani  Eyvaz,Tüpdağıdan?
-Qocaldım Nigar ,qocaldım.
--Hələ  bilmək olmaz  qocalıbsan, ya yox. Gedirik  Eyvazdan ,Tüpdağıdandan  xəbər  tutmağa  ,özünü  toparla.
-Koroğlu həmişəki  kimi  Nigarın  sözlərindən sonra özünə  gəldi, papağını  başına  basıb Nigarla  birlikdə  yola   rəvan  oldu.
-
Onlar  Qarsa     çatanda  artıq  hava    qaralmışdı   Bazar  ,dükan  bağlanmışdı. Nər  ikisi  ac  və  yorğun  idi.
Hansı  qapını  döydülərsə    heç kim  ac və  yorğun,  rəngi   küləkdən  bozarmış  qocaları  qəbul  etmədi.
Koroğlu  yalvar –yapış  bir   ev  sahibindən   iki  qızıl  pula    iki  yun  adyal  bir  az  da  yemək  aldı.  Uca  bir  imarətin   dibində  otluqda  əyləşdilər,  kuzələrindəki  su  ilə  əl-  üzlərini  yuyub  yeməklərini  yedilər.
Nigar  yun  adyala  bürünüb  başını  Koroğlunun  dizinə    qoydu.  Elə  o  dəqiqə  də  yuxuya  getdi. Koroğlu  isə  yata  bilmirdi.  Onun bəzən  günlərlə  yatmağı  olduğu  kimi  günlərlə   yatmamağı  da  olurdu.  Koroğlu  fikir  çəkirdi,  dəlilərin,  zəmanənin  fikrini  çəkirdi.  Görən  indi  dəlilər  nə  edirlər  ?  Koroğlunun  düşdüyü  müşküldən  -  tüfəngdən   xəbərləri  varmı?  Nə  üçün  bir  dəfə  də  olsun  Koroğluya ,Nigara  gəlib  dəyməyiblər.   Görən  namərd  həyat  onları  sındırmayıb ki Elə  bu  dəm  Koroğlunun  gözü   imarətin  dibini  eşən iki  nəfər  adama sataşdı,  gözlədi  görsün  fikirləri  nədir.Adamlar     böyük  bir  deşik  açıb  içəri  daxil  oldular. Bir  azdan  həmin  deşikdən  bayıra  yeddi  kisə  tulladılar,  özləri  də  kisələrin  ardınca  bayıra  çıxdılar.
Koroğlu  bir  anda  başlarının  üstünü  kəsdi  hər  ikisini  yerə  vurub  əl-qollarını  bağladı.
-Kimsiniz  və  bu  kisədəkilər  nədir?
-Paşanın  xəzinəsini  yarmışıq və  bu  kisədəkilər  də  qızıldır. Yarısı sənin aç  qolumuzu  gedək.
Koroğlu  qapqara  qaraldı
-Dədəm   mənə  oğurluq  öyrətməyib, it  oğlu. Oğurluq  it  sənətidir. Mənim  boğazımdan haram  tikə  keçməyib
---Sən  kimsən ?
-Qoç  Koroğlu.
Oğrunun  biri  gülməyə  başladı
-Ay  sağ  olmuş ,paşa  ki, sənin  düşmənin  olub. Sənin ki,  işin  peşən  onlarla  vuruşmaq, xəzinəsini  daşımaq olub.
-Düzdür  onların  xəzinəsini daşımışam  ,kişi  kimi vuruşub məğlub  etmişəm,sonra .Özü  də  hər   paşanın  malını  daşımamışam;  hansı  xalqı  incidib, ölkəni  düz  idarə  etməyib  o paşanın  malını  daşımışam.
Əlqərəz  sabah   açıldı,  paşanın  adamları  gəlib Koroğlugili  və  oğruları  paşanın  hüzuruna  apardı.
Paşa  oğruları  zindana  saldırdı  Koroğlu  və Nigara  da  dedi ki,  yeddi  gün,  yeddi  gecə  qonağımsız. Koroğluyla  Nigarın  qulluğunda  durmağa  bir  neçə  qulluqçu  da  təyin  etdi.
Birinci  gün  Koroğlu  nahar  ziyafətindən  sonra  Nigarı  da  yanına  alıb  şəhər i  gəzməyə  çıxdı.
Gəzə -gəzə  gəlib bazar  meydanında  bir  dəmirçi  dükanına  çıxdı ,istəyirdi  paşanın ona bağışladığıı  ata  onun  ağırlığına  dözəcək  bir  üzəngi  düzəltdirsin.  Bir  də  nə  gördü: Toxmaqvuran  başıaşağı  gəlib  dükanı  açdı.  Sol  tərəfində  durmuş  bir  kişidən  soruşdu
-Bu  kimdir?
-Çox  yaxşı  ustadır.  Amma  nəslin — nəcabətin  yoxsa  yaxın  durma. Kişinin  kimliyini  öyrənməsə  ona  iş  görməz.  Gərək  xəncər  düzəltdiyi  kişi  mərd,  üzəngi  düzəltdiyi  də  qoçaq  olsun.  Özü  də  çox  kasıbdır,pul  dərdindən  evlənə  bilmir,  amma  elədiyi  də  elədikdir.
Koroğlu  bığaltı  gülümsündü.  Bazardan  bir  rübənd  alıb  üzünə    bağladı  və  dükana  daxil  oldu
-Qardaşoğlu,  bu  qocaya  bir  üzəngi  düzəltsənə.
Toxmaqvuran  yerindən  tərpənmədi
—   Adın  nədir?
-Adımı  neynirsən  ,al  - bir  kisə  qızıl    üzəngini  düzəlt. Toxmaqvuran  qızıla  gözünün  ucuyla  da  baxmadı  bir  də  sorüşdu
-Adın  nədi?
—  Adım  Qoçdur  ,İgiddir  -dedi  Koroğlu
-İgid  üzünü  gizlətməz, aç  üzünü
.Koroğlu  istədi   dükandan  çıxsın;  məqsədi  Nigarı  da  içəri   gətirmək  idi .Toxmaqvuran  alıcı  quş kimi  onun  qarşısını  kəsdi, əl  atıb  Koroğlunun  rübəndini  açdı  .
Koroğlu  güldü.
–İgid  igidi  şəstindən  də tanıyar ,Toxmaqvuran.
Koroğluyla    Toxmaqvuran  bir  qucaqlaşdı  ki,  gəl  görəsən  Nigar  da içəri daxil  olmuşdu.   Toxmaq  vuran    onun əllərini  öpüb  gözlərinə  qoydu.  Nigar  onun  tellərini  sığallayıb  ağlayırdı
-Gözlərim  aydın  olsun  ki ,səni  sağ-salamat  gördüm ,Toxmaqvuran, balam  mənim.
Nəhayət  onlar  sağollaşıb  ayrıldılar .Toxmaqvurana bir  kisə qızıl  verdilər  ki,  evlənsin.
Səhərisi  gün  yenə  də  şəhəri  gəzməyə  çıxanda  Paşanın  darvazası  ağzında  üç  nəfər  keşikçi   və  bir  dəstə  də  adam  gördülər.    Koroğlu   diqqət  edib  keşikçinin  birinin  Bəlli  Əhməd  olduğunu  gördü.,  amma  yaxınlaşmadı  ;həm  tanınmağını  istəmirdi  , həm  də  istəyirdi  ki ,görsün  Bəlli  Əhməd  nə  işlə  məşğuldu.       Elə  bu  dəm  Nigar  onu  tələsdirdi  ,  o, Bəlli  Əhmədə  və  kişilərə  fikir  vermirdi;
—  Cəld  ol  Koroğlu,   gedək    hələ  bir  Toxmaqvuranı  görmüşük.
Koroğlu  dinməz  Nigarın    sözünə  itaət  etdi.                                                                                                                                                                                                                                                                  Gəzə -gəzə  gedib  şəhərin    uzaq  bir  məhəlləsinə  çıxdılar.  Məhəllədə  bir  dəstə  uşağın  bir  adamın  başına  yığışdığını  gördülər  .Onlara  yaxınlaşdılar.  Kasıb, köhnə  cır –cındır  geyinmiş  bir  kişi   köhnə   bir  kətildə  oturmuşdu,xəstə  olduğu  sir- sifətindən  bəlli  idi. Uşaqlardan  böyüyü  kişidən  soruşdu
-Sən  Koroğlunun  dəlisimi  olmusan?
-Bəli   -kişi  başını  tərpətdi.
Adın  nədir?
-Halaypozan.
Uşaqlar  gülüşdülər.
Çox  güclüydünmü  o  vaxtlar?
Bəli.
Düşmənin  neçəsinə  birdən  dov  gəlirdin ?
-Bir  yüzünə  gəlirdim.
-Koroğlu  bilirmi  sənin  belə  kasıb  olduğunu ?
-Bilmir. Mən  kasıb  yox,  xəstəyəm.  Qoy  sağalım   işləyəcəm.
-Nə  işləyyəcəksən?
-Nə  oldu: yer  şumlayacam,  əkin əkəcəm,  bina  tikəcəm.
 
Uşaqlardan  ən kiçiyi
-Gedim  anamdan  sənə  yemək  alım  gətirim dedi. Uşaqlar  da  onun  ardınca  Halaypozandan  aralandılar.
Koroğlu  və  Nigar  Halaypozana  yaxınlaşdılar.
_Günün  aydın  olsun,  igid.
Halaypozan  heyrətlə  qarşısında  durmuş  dağ  gövdəli  igidə  baxırdı.
—  Halaypozan,  canım- ciyərim  niyə  xəstələnmisən?-  Nigar  xanım  Halaypozana  sarıldı.-  göz  yaşları  onu  lap  əldən  salmışdı.
-Nigar  xanım,  xanımım!  Qoç  Koroğlu  ,atam  mənim !
-Halaypozan  özündən  getdi.
-Koroğlu  onu  qucağına  alıb  kiçik,  kasıb  daxmasına  keçirtdi.
Halaypozanin  tabsız  bədəni  bu  sevincə  dayana  bilmirdi  sanki.
Koroğlu  başılovlu  həkim dalınca  getdi, yarım  saatdan  sonra  həkimlə  qayıtdı.
Həkim  diqqətlə   Halaypozanı  müayinə  etdi.
-Nədir  igidimin  dərdi ,söyləsənə.
— Kasıblıq,  yeməməzlik...
-Yoxmu  çarəsi?
-Donat  onu.  Bir  qadın  tap  igidə  qulluq  etsin
.  Tükəzin  yerini  Toxmaqvurandan  öyrəndi.    .Üç  gün  Halaypozandan  ayrılmadılar.   O  özünə  gələndən  sonra  Tükəzi  ona,  onu  Tükəzə  tapşırıb  ayrıldılar
Saraya  qayıtdılar. Paşa  nə     isə  onlardan  şübhələnmişdi, deyəsən  , şübhə  ilə  onlara  baxırdı.  Koroğlu  fikir  vermirdi: nə  olar  olar. Gecəni  sarayda  keçirtdilər. Koroğlu  yenə  də  səhər  Nigarı  da  yanına  alıb   saraydan  çıxdı  .  Yenə  də  saraydan  çöldə  bir dəstə  adam  toplaşmışdı. Kasıb kimsəsiz olduqları  üst-başlarından  ,üz- gözlərindən  bəlli  idi.  Korpğlu da  camaata  qarışdı.  Bəlli  Əhməd  bir  azdan  göründü  .Onu  görən  camaat  qorxu  ilə  dala  çəkildi.
Koroğlu  soruşdu
-Niyə  dala  çəkilirsiz.  Bu  kimdir  ki  ?
-Bu  bir  bəladır,   paşanın  ən  yaxş ı   qoruyucusudur.Paşa  da  valisi  də  ondan  insaflıdır.
-Bəs  bura  niyə  yığışmısınız?
-Valini  görmək  istəyirik. O da  burada   oturur.  Hərəmizin  bir  problemi  var.
Kasıb  yaşlı  bir  kişi-  güclə  ayaq  üstə  dururdu- Bəlli  Əhmədə  yaxınlaşdı.
-Oğlum  üç  gündür  burdayam  , halım  yoxdur. Valiyə  de  məni  qəbul  etsin.
-Olmaz, kişi    vali  bu  gün  heç  kimi  qəbul  etməyəcək.
--Üç  gündür elə  bu sözü  deyirsən .
— Deməli  belə  lazımdır.
-Mən  girəcəyəm  içəri.  –Yaşlı  adam  acıqla  içəri  girmək  istədi.
-Bəlli  Əhməd  onu  sinəsindən  itələdi  .Kişi  yerə  yıxıldı.  Yıxılmağına  baxmayaraq   ayağa  durub  hay —  küy  saldı
-Bu  nə  oyundur   ya  bizi  qəbul  edin  ,  ya  da  ...
-Söz  kişinin  ağzında  qaldı  Bəlli  Əhməd     çiynindəki  tüfəngi  çəkib  qocanı    vurdu  .Kişi  yerə  yıxıldı. Koroğlu  irəli  cumub  kişinin  başını  dizlərinə  aldı.
-Kişi  dərdin  nə idi,  nə  istəyirdin.?
-Bir  parça  çörək  başına  dönüm. Aylığımı  kəntxuda  kəsib.  dərdimi  valiyə  demək  istəyirdim.     Bu  anasının  əmcəyini  kəsən  məni    içəri  qoymadı  Üç  gündür   bir  tikə  çörək  yeməmişəm.       Axırda  da  dünyadan  elə  ac  da  getdim.-  Kişi  gözlərini  yumdu. Koroğlu  baxdı  ki  ,  kişi   bayaq  ölübsən  indi  ölübsən
-Koroğlu  Bəlli  Əhmədin  qarşısını  kəsdi
-Bəlli  Əhməd, mən  sənə   beləmi  öyrətmişdim?.
Bəlli  Əhməd   heyrətə  gəldi.
-Qoç  Koroğlu,  buranın  öz  qayda- qanunları  var;   mən  içəri  buraxsam  da  Vali  onu  qəbul  etməyəcəkdi.
-Bəs  acından  ölməyinə,  vurub  öldürməyinə  nə  deyirsən  ?
..Bəlli Əhmədin  rəngi  ağappaq  idi..
-Məni  bura  yığılan  bütün  camaatı  yedirdə  bilmərəm  ki..
Koroğlu  onun  yekə  qarnına,  sallanmış  buxağına  baxırdı.  Onun  irəli  sürdüyü  mülahizələr  Koroğlunun  ürəyini  bulandırırdı. Koroğlu    bunları   qəbul  edə  bilərdimi ?
Dönüb  yanındakı  alagöz  Nigara  baxdı;   Nigarın  hər  dəfə Bəlli  Əhmədin  ağ  otağına  girəndə  köks  ötürməsini,  ağlamasını  xatırladı.
--Bəlli Əhməd,  düş  qabağıma !
Bəlli Əhməd  istədi  qaçsın.  Nigar  xanım   istədi  örpəyini  açıb  Koroğlunun  ayaqlarına  atsın. Amma  Koroğlu  artıq  Bəlli  Əhmədi  atın  döşünə  qatmışdı.
Koroğlu  atı  çox  bərk  sürürdü. Koroğlunun  qara  yapıncısı  küləkdə  yellənirdi. Nigar  xanım  Koroğluya  yetə  bilmirdi. Nigar  xanım  Koroğluya  onda  yetdi   ki,  o  bir  təpənin dalından  qılıncının qanını  silərək  çıxır.
Və  Nigar  xanım  özündən  getdi.
Ayılanda  özünü  Koroğlunun  qucağında və  Koroğlunu  Çənlibelə  çapan  gördü.
Paşaya  xəbər  çatmışdı  ki  , ay  evi  yıxılmış  sən  demə neçə  gündür  sarayda  qonaqladığın  düşmənin   Koroğlu  imiş və  sənin ən  bəlli qoruyanını  qabağına  qatıb   apardı,  artıq  şəhərdən   çıxarlar  yəqin.
Paşa  qoşuna  əmr  vermişdi  Qoşun  Çənlibel  üzərinə  hücuma  hazırlaşırdı.
Koğoğlu  Çənlibelə  tərəf  çapırdı  və  bilirdi  ki  Paşa  arxasınca  qoşun  göndərəcək.  Artıq  Çənlibel  görünürdü. Başı  üzərindən  qara  bir  bulud  asılmışdı. Koroğlunun  üzündən də  qara  bir  bulud  asılmışdı.
Koroğlu  çox  qəmli  idi  ,  Koroğlu  pərişan  idi, Koroğlunun  qəlbi  qan  ağlayırdı. Koroğlu  özü  də  ağlayırdı  .
Koroğlu  Nigara  ağlayırdı  ,Toxmaqvurana  ,Halaypozana  ,başını  uf  demədən  üzdüyü  ən  bəlli  igidlərindən olan  Bəlli  Əhmədə  ağlayırdı.Və  Koroğlu  Çənlibelə  tələsirdi. Xotkarların ,paşaların  hökm  sürdüyü  şəhərlərdə, ölkələrdə   ona  yer  yox  idi.
Eyvaz  yuxu  görürdü; Çənlibeli  görürdü ;Çənlibeli  qapqara  buludlar  bürümüşdü; Çənlibelin  başında ildırımlar  çaxnaşırdı,  şimşəklər  oynaşırdı  ; Koroğlu  gözə  dəymirdi  , qoca  bir  qartal  Çənlibeldə     o  dağdan  bu  dağa    adlayırdı; qanadları  soluxmuşdu  nədi  uça  bilmirdi;  ha   istəyirdi  qartalın  üzünü  görsün,  görə  bilmirdi.
Nigar xanım  əlində  qırmızı  qanovuz  köynək  tutmuşdu-  Eyvazı  yaxasından  keçirtdiyi  həmin  köynək  idi. Saçları  havaya  qalxıb  dalğalanırdı,  üzündən  göz  yaşları  süzülürdü.
Eyvaz  hövlnak  yuxudan  oyandı ,yerindən  dik  qalxdı.  Yan  otaqda  Eyvazın  balaca  oğlu  Koroğlu da  yuxudan  oyanıb  ağlamağa  başladı
-Atamı  yuxuda  görürdüm  -Eyvaz  dedi  -qoca  qartalı. Onun  başı  dərddədir. Mən  Çənlibelə  gedirəm.
-Barı  tək  getmə, Dəmirçioğluna  da  xəbər  ver.- Hürü  xanım dedi.
Eyvaz  Dəmirçioğlunu  bir  tarlada  tapdı  ;  üz-  gözünü  tük  basmışdı. Eyvazı  o  dəqiqə  tanıdı
-Koroğlunun  başı  qaldadırmı ?
Nə  bildin ?
-Yuxu  gördüm.Dur  getdik.
Gedək  Dəli  Həsəni  də  götürək.
Dəli  Həsənin  saç-saqqalı  ağappaq  idi. amma  o
Yağı  düşmənlərlə  qovğa  açmağa
Hələ  var  qolumda  qüvvətim  mənim-
deyərək  onlara  qoşuldu.Elə- obaya  hay  düşdü: dəlilər  hər  tərəfdən  dəstə- dəstə  Çənlibelə  axışmağa  başladı.
Aşıq  Cunun  da  bu  xəbəri  eşidib  Çənlibelə  çapdı. O,Çənlibelə  çatanda  Koroğlu  və Nigar  bir  yamacda  oturmuşdu.
Sənə  xəbər  verim  ,Qoç  Koroğlu,  .
Düşmənlər  gələcək  oldu.
Koroğlu  nəhayət  dodağını  dodağının  üstündən  götürdü.
—     Nigar  sənə  əmanətdi,  Aşıq  Cunun  ,Nigarı  gizli  yolla  Çənlibeldən    endir.
-Bəs  sən  - Nigar  zarıdı.
-Sözümə  əməl  et  ,Aşıq  Cunun. Nigarı  sənə  təhvil  verdim. Onu  Eyvaza  yetir.  Yetirə  bilməsən sənə  əmanət.  Tərpənin.
Aşıq  Cunun  Nigarın əlindən  tutmuşdu .Sıldırım  qayalar  arasındakı  gizli  yolla  Çənlibeldən    uzaqlaşırdılar.  Nigarın  gözü  arxada  qalmışdı,  yeriyə  bilmirdi. Tez-  tez  dönüb  arxaya — Çənlibelin  zirvəsinə    boylanır ,Koroğlunun  uzaqdan  görünən  qaraltısına  baxırdı. Ala  gözlərindən   sel  kimi  yaşlar  axırdı,  ömür  gün  yoldaşına  son  vaxtlar  qınaqla  davranması  ox  olub  ürəyinə  sancılırdı.  Ona  elə  gəlirdi  Koroğluya  qarşı  haqsızlıq  edib.   Koroğlunu  Koroğlu  olduğu  üçün  qınamaq  düzgün  idimi?  Nigar  yeriyə  bilmirdi .Sal  bir  daşın  üzərində  oturdu.
-Burada  gözləyək,  Aşıq  Cunun,  Koroğlunu  bu  günündə  qoyub  gedə  bilmərəm.
Aşıq  Cunun  da  oturdu.
-O  nədir  Aşıq Cunun- Nigar  gömgöy  şəfəqlərə   bürünmüş,  günəş  işığında  parlayan uzun  yalmanlı ,nəhəng,  heybətli  bir  atı  Aşıq  Cununa  göstərdi. At  sanki  uçur ,Çənlibelin  zirvəsinə  şığıyırdı.
—  Qıratdır  bu  !
-Qırat, vəfalım  mənim...
Paşanın  qoşunu  artıq  Çənlibelin ətəyində  idi.
-Koroğludurmu  o  ?
Çənlibelin  zirvəsində  Qırat,  Qıratın  da  üstündə  Koroğlu  görünürdü.
-İgidim  mənim...
-Ehey-y-y,  namərdlər  !  Alın  gəldi!   Yüz  min  də  olsanız,  yüz  milyon  da  olsanız  Koroğluya  bata  bilməyəcəksiniz.  Alın  gəldi !
Çənlibeldə  sanki  hər  qaya ,hər  daş  bir  şimşəyə  dönmüşdü. Ya  da  -  qəribədir-  Çənlibel  daş ,qaya  olub    düşmənin  başına  yağırdı. Çənlibel  sanki  alova    bürünmüşdü; orada nələr  baç  verir  müəmmalı  idi…  Qıratın  kişnərtisindən  qulaq  tutulurdu. Paşanın  qoşununun  başına  daş- qaya  yağırdı,  Qoşabulaq  daşıb  köpüklənmişdi  nədi  ,  hər  tərəfi  sel  bürümüşdü..
Döyüş  çox  çəkmədi. Nigarla  Aşıq Cunun  özlərinə  gələndə  paşanın  qoşununu  yerlə  bir  gördülər. Bir  nəfər  də  döyüşdən  sağ  çıxmamışdı.
Nigar  həyəcanla  Çənlibelə  -dağa  boylandı.  Yağış  kəsmiş,  hava  ayazımışdı.  Tək  bir  topa  qara  bulud  Çənlibelin  təpəsindən  asılmışdı.
Nigar  qəribə  bir  atlının ,yaxud  at  üstündə  qoca  bir  qartalın   sanki  uçaraq  Çənlibelin  başındakı  qara  buluda  qovuşduğunu  gördü.
Çox  keçmədi  qara  bulud  ayazıdı  ,  lakin  nə  at  görünürdü,  nə  də  atlı...
 

10 şərh

shirinov
Maraqlı əsərdir.Çox yaxşı ki, Azərbaycanda belə yazıçılar var.
istorik_c
Koroğlu obrazı Orta Asiya türkmənlərinə aiddir. Azərbaycanda Koroğluya aid heç bir şey yoxdur. Bu şəxsin özü mifik bir obraza çevrilmişdir. Çənlibelin harada olması müəmmalıdır. Üstəlik dastanda qaranlıq məqamlar çoxdur.
ShiringulMusayeva
Mən  İstorikin  savadlı  adam  oldufuna  şübhə  etmirəm.Amma " Koroğlu", «Dədə  Qorqud» dastanları   tarix  kitablarında da ,ədəbiyyatda  da  ortaq   türk  ədəbiyyatı  kimi təqdim  olunur,Çənlibelin  də  Qars  yaxınlığındakı  yüksəkliklərdən  biri  olduğu  fərz  edilir.Əsərdə də  elə  Qarsın  adı  çəkilir.Qaldı  Koroğlunun  mifik  bir obraz  olmasına  zənn  etmirəm  .Amma  xalq  öz  qəhrəmanını  bir  qədər  mifikləşdirir. Təşəkkürlər.
istorik_c
Şiringül xanım Koroğlu dastanı Türkmənistanın milli dastanı kimi Yuneskonun Dünya Mədəniyyəti İrsinə daxil edilmişdir. Bundan sonra bu dastanın bizə aid olması şübhəlidir və bunu sübut etməyə çalışmaq yanlış addımdır. Çənlibelin Azərbaycanda mövcud olması yalnız fərz edilir. Mən Koroğlunu mifik obraz saymıram, mifik obraz onun Azərbaycan versiyasıdır. Çünki dastanda səhvlər var. Koroğlunun Azərbycanda Cəlalilər hərəkatına rəhbərlik etməsi ehtimal olunur bu da XVII əsrin əvvəlidir. Amma siz dastanda səhvə baxın Azərbaycanda bir əsrdən çox istifadə olunan tüfəngə Koroğlu yalnız yaşlananda rast gəlir. Gülməli deyilmi ömrü döyüşdə keçən bir insanın çoxdan istifadə olunan silaha ömrünün sonlarında rast gəlməsi?
Bir də ortaq türk ədəbiyyatı deyilən bir şey yoxdur. Sizin xəbəriniz var türkmənlər Azərbaycan türklərinə və eləcə də digər türk xalqlarına mənfi münasibət bəsləyirlər?! Hətta digər türk xalqlarını əsl türk kimi qəbul etmirlər.
shirinov
Elə şeylər  var  ki,onları müzakirə  etmək  olmaz; məsələn  Koroğlu hansı xalqa  məxsusdur.Hər şeyin  kökünü  axtarsaq nəinki biz, bir çox xalqlar çox şeyi itirər. Koroğlu həm tarixi ,həm də simvolik obrazdır. Məncə o,qəhrəmanlığın simvoludur.Bizim  türk  kimi qəbul edilməməyimiz də...İndi  dövran dəyişib, tütklüyün özü də simvolikləşib.Amma əsərə  söz  ola bilməz…
istorik_c
Onu bilirəm ki, Koroğlunun kökünü axtarsaq itirən tərəf biz olarıq. Sadəcə belə bir fakt var- Koroğlu adından Azərbaycanda istifadə olunub amma bu həmin adam deyil. Çünki real Koroğlu Orta Asiyada fəaliyyət göstərmişdir. Azərbaycanda olan Koroğlunun əsl adı Giziroğlu Mustafa olmuşdur.
ShiringulMusayeva
     Hörmətli  İstorik,    mən  uşaq  olanda  babamdan  soruşardım ki,  Çənlibel  haradadır?  O  deyərdi ki,  Şamaxı  tərəfdədir. İndi  bilirəm  ki,  Çənlibel ( Koroğlunun  yaşadığı ) Şamaxıda  deyil. Amma  Şamaxı  yaxınlığında  belə  bir  yer  var. Nə  bilmək  olar ,bəlkə,  Koroğlunun  ayağı  o   yerlərə  dəyib.Siz  bilərsiz — nə  qədər  Koroğlu  qalaları  var- bunlar  həqiqətə  uyğundurmu ?Yəqin, qaçaq ( qoçaq )  adam  olub: gah o  qalada    ,  gah  bu  qalada  ömür  sürüb.  O  vaxtı  sərhədlər  də  olmayıb  Türkmənistanlı olsa da hərdən  gəlib  Azərbayçandakı  cəlalilərə  də  dəyib.
Tarixi  düzgün  yazırlar ki... 
ShiringulMusayeva
Hörmətli İstorik, ixtisasım  tarix  deyildir, ona  görə  sizinlə  mübahisə  etməyəcəyəm. Amma —  düzünü  deyim -fikirləriniz mənim  üçün  maraqlıdır.  
shirinov
  Giziroğlu  Mustafa  haqqında  məlumat  versəydiniz  yaxşı  olardı.
shirinov
     Koroğlu  və  Nigarın  dəlilərə  qarşı  məhəbbəti  çox   təbii  verilmişdir. Eyvazın  onlara  qarşı  duyduğu  narahatçılıq  hissləri  də  təbiidir. Eyvazın  Koroğlu  və  Nigarı  yuxuda  görməsi, Nigarın  əlində  qırmızı  qanovuz  köynək  tutması ... 
«Nigar   xanım əlində  qırmızı   qanovuz  köynək  tutmuşdu —  Eyvazı  yaxasından  keşirtdiyi  həmin  köynək  idi.  Saçları  havaya  qalxıb  dalğalanırdı, üzündən   göz  yaşları  süzülürdü.»  Maraqlı  yazıçıdır.