Seymur Baycan. Quqark əsəri.

Seymur Baycanın Quqark romanı bioqrafik xarakter daşıyır, əsərin adı isə müəllifin iştirak etdiyi təlimlərin baş tutduğu Ermənistan kəndinin adından götürülüb. Əsər 2011-ci ildə qələmə alınıb.

Əsərin ümumi məzmunu yoxdur. Müəllif öz xatirələrini kitabda xaotik şəkildə yerləşdirib. Əsərin adının Quqark olmasına baxmayaraq, bütün kitabın yalnız kiçik bir hissəsi yazıçının Quqarkda xatirələrindən bəhs edir. Romanın böyük hissəsi isə Seymur Baycanın doğulub böyüdüyü kənddə keçirtdiyi uşaqlıq və yeniyetməlik günlərindən danışır. Əsərin bu hissəsini bir qədər maraqlı edən yeganə şey həmin dövrün müharibə illərinə təsadüf etməsidir. Belə ki, özünü “üçüncü növ ölkənin ortabab yazıçısı” adlandıran şəxsin xatirələri şəxsən məndə bir oxucu kimi heç bir maraq oyatmır.

Quqark kitab
Quqark əsərinin Apostrof nəşriyyatında çap olunmuş kitab üzü. Kitabın keyfiyyəti əsərin keyfiyyətindən də zəifdir.

Yazıçı kitaba öz eşq macərlarını da əlavə etməyi unutmayıb. Yeri gəldi-gəlmədi qarşılaşdığı və yatdığı qadınları onların geyindiyi alt paltarlarının rənginə kimi detallı təsvir etməkdə məqsədi mənə tam aydın olmadı. Seymur bu qadınların adlarını əsərində heç bir problemsiz açıqlamasına baxmayaraq, öz kənd qonşularının anonimliyini qorumaq üçün onları adlarının baş hərfləri ilə — A., M., K. və s. göstərməsi isə təəccüb doğurur.

Əsərdə bəzi hadisələr doğrudan da maraqlı təsvir olunub. Lakin, kitabın böyük hissəsi heç bir dəyər daşımır və yazıçının bir yerdən başqa yerə getdiy vaxt harada kiminlə hansı kafedə oturması, nə yeyib-içməyi və neçə qaşıq bal udması kimi bağlantısız əhvalatlarla doludur. Adətən müəllif abzasları standart “Mən… xatırladım” cümləsi ilə başlayır (Mən dayımı xatırladım, mən qapı qonşumuzu xatırladım, mən vağzalda keçirtdiyim günü xatırladım və s.) və xatırladığı şəxs, hadisə və yer haqqında əhəmiyyətsiz xatirələrini bölüşür.

Müəllifin Quqarkda keçirtdiyi təlim günləri və təlimlər haqqındakı fikirləri əsəri dəyərli edən yeganə məqamdır. Kitabın bu vacib hissəsində Seymur Baycan müharibə əsirləri məsələsinə toxunur və problemin çözülməsi üçün bu təlimlərin xidmətini məharətlə sual altına qoyur.

Çox təəssüf ki, yuxarıda təsvir etdiyim bağlantısızlıq, söz çoxluğu, oxucu üçün heç bir əhəmiyyət kəsb etməyən və oxucunu heç bir tərzdə maraqlandırmayan hadisələr bu romanın ciddiliyinə ağır zərbə vurur.
 

7 şərh

Shabnam_Ilham
Kitabın üz qabığından əlavə Azərbaycanda tez-tez qarşılaşdığım, kitabın keyfiyyətsiz nəşr olunmasıdır. Bircə dəfə oxumağıma baxmayaraq artıq bu kitab kitablıqdan çıxıb demək olar ki. Birnəfəsə oxumuşdum demək olar bu əsəri. Ancaq indi mənə desələr əsərin qısa məzmununu danış danışa bilməyəcəm. Çünki hadisələrin ardıcıllığı demək olar yoxdu. Əvvəlcə nə gəlir, sonra nə gəlir xatırlamıram şəxsən. İlk vaxtlar oxuyanda bəyənmişdim. Əsasən də xatirələrində olan işğal olunmuş yerlərin təsvirini, insanları və s. Amma «eşq macəraları» mənə çox mənasız gəldi. 
Maraqlı yanaşma idi təşəkkürlər.
Türkəl
Əslində üz qabığının altında yazdığım keyfiyyətsiz sözü bütün kitaba aiddir. Kitabı oxuduğum yerdə səhifələr yerə tökülürdü.
Xatirələrə gəlincə isə, məhz müharibə vaxtı baş verənləri çıxsaq, digərləri əksəriyyətimizdə var. Hamının uşaqlıqda yaşadığı yerdə dəli qadın, içkiyə meylli kamaz şoferi, kasıb riyaziyyat müəllimi və s. olub, lakin hamımızın bu barədə kitab yazmağına ehtiyac yoxdur. Fikrimcə müəllif əsərində müharibə illərində baş verənlərə daha çox yer versəydi, əsər daha dəyərli olardı.
Shabnam_Ilham
Kitabın keyfiyyətsiz olduğuna artıq fikrimi bildirdikdən sonra bir daha nəzər yetirdim eyni fikirdə olduğumuzu gördüm. Sadəcə ilk oxuyanda elə bildim üz qabığını nəzərdə tutmusuz. Bir də bal məsələsi televiziya verilişlərində dəqiqə başı sponsorları tərifləməklərinə bənzəyir adamı baldan soyudur :D Məncə sadəcə boş bekar olanda oxumaq üçün yaxşıdı; belə yadda qalan, dərin iz buraxan, təsirindən çıxa bilməyəcəyimiz tipdə deyil bu əsər. 
_BUMERANQ_
Seymur Baycanı tənqidi məqalələri, esseləri ilə tanımışam. Müəyyən fikrləri istisna olmaqla çox vaxt tənqidi yazılarını bəyənirəm.
Elə bunun təsirilə «Anan ürəyi» romanının oxumaq istəmişdim, oxudum da. Amma necə deyəllər «sındı qol-qanadım yanıma düşdü» mövzusu filan "ətimi tökmüşdü". Bir-iki maraqlı cümləni çıxmaqla əsəri bəyənmədim.
İndi sizin onun digər oxumadığım romanına münasibətiniz məndə belə bir fikir yaradır ki, Seymurda roman yazmaq uğurlu alınmır.
Qanun kitablarının keyfiyyətinə gəlincə, o haqda danışmasam yaxşıdı, əsəbləşirəm çünki :/ 
Shabnam_Ilham
İş ondadı Apostrof nəşriyyatı çap edib və məndə olan bu kitabı görsən Qanun nəşriyyatına yatıb-qalxıb dua edəcən :D
Türkəl
Seymur Baycan haqqında eyni fikri bölüşürəm sizinlə. Mühafizəkar həyat tərzi keçirənləri tənqid etməsini çıxsaq, fikirlərinin əksəriyyyəti ilə mən də razıyam. Yazıda qeyd etdiyim kimi Quqark haqqında da fikrim sizin sözlərinizlə üst-üstə düşür: «Bir-iki maraqlı cümləni çıxmaqla əsəri bəyənmədim.
Kitabların keyfiyətinə gəldikdə: Şəbnəm xanımın qeyd etdiyi kimi, bu Apostrof nəşriyyatının məhsuludur. Kitabın kağızı çox keyfiyyətsiz idi, ona görə də Qanun nəşriyatını axtarırdım, amma tapa bilmədim. Çarəsiz qalıb bunu aldım və nəticə göz qabağındadır.
Qanun kitabları daxil olmaqda ümumilikdə ölkədə yerni nəşr olunan kitabların keyfiyyəti istənilən səviyyədə deyil. Təkrarlanan/itən səhifələr, kağızların qopması kimi çatışmazlıqlardan əlavə kitablarda redaktə səhvləri hər dəfə gözə girir. Məsəlçün -dır (-dir, -dur, -dür) şəkilçilərinin əvəzinə -dı (4) şəkilçisindən istifadə olunması adamı lap qıcıqlandırır. Bu barədə oxucular tərəfindən nəşriyyatlara dəfələrlə şikayətlər olunub, amma hələ ki, nəticəsiz qalıb.
_BUMERANQ_
Topiki oxumuşam və şərh yazana qədər Apostrof nəşriyyatı Qanun kimi ağlımda qalıb, çünki keyfiyyətsiz kitabları o qədər əsəbləşdirib ki, kaeyfiyyətsiz kitab deyən kimi ağlıma ilk o gəlir. Üzürlü hesab edin.