Tenderin Keçirilməsi və Onun Metodları

Ehtimal olunan qiyməti 50.000 AZN və daha çox olan bütün dövlət satınalmaları Tender vasitəsilə həyata keçirilməlidir. Tender iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqədir.

Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir:

1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur.

2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir.

3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir.
Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s. daxil olur.


Tenderin metodları


Açıq Tender - yuxarıda göstərilən qaydada, iddiaçıların iştirakına məhdudiyyət qoyulmadan keçirilir. Açıq tender keçirilərkən təkliflər tender elanı verildikdən sonra ən azı 30 iş günü ərzində qəbul edilir. Satınalan təşkilata tenderin keçirilməsi barədə ən azı iki dəfə dövrü mətbuatda bildiriş verməlidir. Bunlardan biri qəbul olunmuş təklif zərflərin açılmasına ən azı 30, digəri isə ən azı 20 gün qalmış elan şəklində çıxmalıdır. Tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə, satınalma predmetinin ehtimal olunan qiymətin 0,5%-i və ya tender xərclərinin 1,5 mislindən artıq olmamaq şərti ilə təyin olunmuş haqqı ödəyərək tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Bu məbləğ heç bir şərt altında qaytarılmır. Tenderdə iştirak edən müəssisə öz təklifinə təminat verməlidir. Bu təminat satınalan təşkilat tərəfindən tenderin təklifinin 1-5% məbləğində müəyyənləşir. Təminatın qüvvədə olma müddəti, tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 gün çox olmalıdır. Tender təklifləri satınalan təşkilatın şərtlər toplusunda göstərdiyi meyarlar əsasında qiymətləndirilir və ən sərfəli sayılan tender təklifi qalib sayılır.

İkimərhələli Tender - satınalan təşkilatın tender predmetinin xüsusiyyətlərini müəyyənləşdirə bilmədiyi halda keçirilir. Bu zaman ilkin mərhələdə satınalan təşkilat əldə etdiyi təkliflər vasitəsilə malların texniki xarakterini öyrənir və bununla əlaqədar malgöndərənlər ilə müzakirələr aparır.

Təkliflər sorğusu - tenderin predmetlərinin alınmasında təcili tələbat yaranarsa, və satınalan müəssisənin açıq tender və satınalmanın digər növərindən istifadəsi vaxt və digər amilər baxımından səmərəsiz sayılarsa tətbiq olunur. Bu növ tenderin keçirilməsinə açıq tendetdən fərqli olaraq vaxt məhdudiyyəti qoyulmur.

Məhdud İştiraklı Tender - satınalma predmeti həddən artıq mürəkkəb olduqda və yalnız məhdud sayda malgöndərən olduqda keçirilir.

Qapalı Tender - Dövlət əhəmiyyətli və strateji məhsulların alınmasında tətbiq edilir.

Açıq tenderdən başqa digər növ tenderlərin keçirilməsi üçün satınalan təşkilat Satınalmalar üzrə Dövlət Agentliyin razılığını almalıdır.

Tenderin keçirilməsi haqqında daha geniş məlumatı Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyin rəsmi internet səhifəsindən əldə etmək olar


*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.
 

0 şərh