Valideynlərə münasibət

      Uşaqlar başa düşməlidirlər ki, dünyaya göz açandan onların qayğısına qalan və xəstələnən zaman onlara qulluq edən valideynləri qarşısında borcludurlar. Onlar həm də başa düşməlidirlər ki, valideynlər onlardan ötrü narahat olurlar.

      «Ata və anana hörmət et ki, ALLAHIN Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun» (çıx. 20:12). Bu qanunda əhd də verilmişdir. Uşaqlar da, gənclər də, orta və ahıl yaşlı adamlar da bu qanunu yerinə yetirməlidirlər. Həyatda elə bir dövr yoxdur ki, uşaqları valideynlərə hörmət etmək məcburiyyətindən azad etmək mümkün olsun. 

        Valideynlərə məhəbbət. Valideynlərin başqa heç bir insanın layiq olmadığı dərəcədə məhəbbət və hörmətə haqları çatır. ALLAH özü buyurmuşdur ki, uşağın ilk yaşlarında valideynlər onunçün ALLAHI əvəz etsinlər. Öz valideynlərinin qanuni haqlarını rədd edənlər ALLAHIN hakimiyyətini də rədd etmiş olurlar.

      Beşinci qanun tələb edir ki, uşaqlar valideynlərinə hörmət etmək, itaət etmək və qulaq asmaqla bərabər, onlara məhəbbət və nəvazişlə yanaşsınlar, qayğılarını yüngülləşdirsinlər, təmiz adlarını qorusunlar və qoca vaxtlarında onlara təsəlli olsunlar. 

      Bizim dövrümüzdə əksər uşaqlar valideynlərə münasibətdə öz borclarını düzgün dərk etmirlər. Valideynlər övladları üçün nə qədər çox çalışsalar da, övladların bir o qədər naşükür olması və valideynlərinə daha az hörmət etməsi hallarına da az təsadüf edilmir. Böyüklərin əzizlədiyi uşaqlar bunun həmişə belə davam edəcəyinə ümid edirlər və onların ümidləri özünü doğrultmadıqda məyus olurlar və ümidsizliyə qapılırlar. Bu vəziyyət onların bütün həyatı boyu davam edəcək. Onlar köməksiz olacaqlar, başqalarında dəstək axtaracaq və onların xeyirxahlığına və güzəştlərinə ümid bəsləyəcəklər. Artıq böyüyən zaman qarşıdurmalarla rastlaşanda, özlərini təhqir olunmuş hesab edəcəklər. Onların yaşamını sürünmək adlandırmaq daha doğru olacaq, hər dəfə hadisələrin onların istədiyi kimi getmədiyini gördükdə əsəbləşəcəklər.

      Uşaqların valideyn sevgisinə böyük ehtiyacı var, əks halda çox bədbəxt olacaqlar. Bəs uşaqların da öz valideynlərini sevmələri, öz sevgilərini mehriban baxışlarda, xoş sözlərdə və sevinc bəxş edən səmimi ünsiyyətdə izhar etmələri, ata və anaya işlərində kömək etmələri lazım deyilmi? 
Uşaqlar üçün məsləhətlər

        Uşaqlar üçün məsləhətlər. Uşaqlar və gənclər erkən yaşlarından ALLAHIN yoluna gəlməlidirlər, çünki erkən əldə edilmiş vərdiş və düşüncələr çox vaxt bütün həyatı boyu insanın xarakterinə böyük iz buraxır. Rəbbimiz istəyir ki, körpə ac olanda ata-anasından çörək istədiyi kimi, siz də ehtiyacınız olan şeyləri Ondan istəyin. Ürəyinizdəki sirləri Ona açın, çünki O, sizin qəlbinizdəki ən gizli guşələri də aydın görür və düşüncələrinizi açıq kitab kimi oxuyur. Qəlbinizin xeyri üçün nə isə istədikdə, onu alacağınıza inanın və alacaqsınız. 

      Bu gün heç nəyin fərqinə varmadan ləyaqətli davranan insanlara çox böyük ehtiyac duyulur. Bu gün dünyaya təmiz ürəklər və güclü, möhkəm əllər lazımdır. ALLAHIN planı belə idi ki, insan gündən-günə inkişaf edərək kamiliyin yeni zirvələrini fəth etsin. Əgər özümüz-özümüzə kömək etməyə çalışsaq, O da bizə kömək edəcək. Bizim bu dünyada və gələcək həyatdakı xoşbəxtliyimiz yer həyatındakı kamilləşməmizdən asılıdır. 

      Zövqləriniz, meylləriniz və vərdişlərinizdəki nöqsanları aradan qaldırın. ALLAH sizi mənəvi rahatlıq, aydın təfəkkür, sağlam düşüncə və iti qavrayışla mükafatlandıracaq. 

      ALLAHIN bizə əhd verdiyi qanununa diqqət yetirin: "...ALLAHIN Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun". Uşaqlar, siz əbədi yaşamaq istəyirsinizmi? Onda valideynlərinizi sevin və hörmət edin. Onların qəlblərinə toxunmayın, məyus etməyin, sizdən ötrü həyəcan və narahatçılıq keçirərək yuxusuz gecələr keçirmələrinə yol verməyin. Əgər indiyə qədər onları sevmirdinizsə və sözəbaxan deyildinizsə, bu andan dəyişilin. Başqa cür hərəkət edə bilməzsiniz, çünki bu sizin üçün əbədi həyatı itirmək deməkdir. 

        Qoca valideynlər. Əgər valideynlər uşaqlarının erkən yaşlarında onlara hörmətsiz yanaşmalarına, onlarla əsəbi, hətta kobud danışmalarına yol verirlərsə, nəticədə acı bəhrəsini görəcəklər. Əgər valideynlər öz övladlarından təxirəsalınmaz və tam itaət tələb etmirlərsə, onda onların xarakterlərini düzgün formalaşdırmırlar. Bu cür valideynlərin övladları qoca valideynləri qəbir evinə yaxınlaşan zaman onları məyusluğa düçar edirlər. Uşaqları elə tərbiyə etmək lazımdır ki, ata-analarını sevsinlər və qayğısına qalsınlar.

       Bizim valideynlər qarşısında borcumuz heç vaxt bitmir. Bizim onlara, onların da bizə qarşı sevgisini illərlə yaxud məsafələrlə ölçmək mümkün deyil, bizim onların qarşısında daşıdığımız cavabdehlik heç vaxt üzərimizdən götürülə bilməz.

       Uşaqlar bütün ömürləri boyu valideynlərə ehtiram göstərməyə borcludurlar. Əgər valideynlər qoca və zəifdirlərsə, onda övladlar onları lazımınca sevməli və diqqət göstərməlidirlər. Övladlar, hətta onlardan fədakarlıq tələb olunsa belə, qətiyyətli və alicənab davranmalıdırlar ki, valideynlər narahat olmasınlar. 

       Hətta ən ideal şəraitdə belə qoca valideynlərə sevinc və təsəlli bəxş edə biləcək şeylər çox azdır. Valideynlərin qəlbini uşaqların etinasız münasibətindən daha çox nə yaralaya bilər? Övlad üçün qoca, köməksiz ata-ananı kədərləndirməkdən daha böyük günah nə ola bilər?

       Yetkin yaşa çatmış bəzi uşaqlar belə hesab edirlər ki, valideynlərini yaşayış yeri ilə təmin etməklə öz borclarını yerinə yetirmiş hesab edilə bilərlər. Valideynlərə yemək və sığınacaq yeri verməklə kifayətlənərək, onları sevgi və təsəllidən məhrum edirlər. Ahıl yaşlarında valideynlər məhəbbət və acımaya daha çox ehtiyac duyurlar, lakin övladlar böyük amansızlıqla onları diqqətdən məhrum edirlər. Nə qədər ki valideynlər sağdırlar, uşaqlar onları sevməli və hörmət etməlidirlər. Bacardığınız qədər qoca valideynlərinizin həyatına sevinc və nur bəxş edin. 

       Oğul və ya qız öz ata-anasını necə sakitliklə yad insanların əlinə verə bilər ki, onların qayğısına qalsınlar? Hətta əgər ananın xarakteri çox ağır olsa belə, bu, övladları ALLAHIN onların üzərinə qoyduğu vəzifələrdən onları azad etmir.

       Ola bilsin ki, övladlar uşaqlıqda onlarla sərt rəftar edildiyini hesab edirlər. Lakin əgər onlar valideynlərinə qarşı, xüsusilə də qoca və köməksiz çağlarında, qisas hissi ilə yaşasalar, ALLAHLA sülhdə ola bilərlərmi? Valideynlərin köməksizliyi uşaqların sevgisinin əsasında durmalı deyilmi? Qoca ata-ananın ehtiyacları ürəklərdə nəcib hissləri oyandırmazmı, övladlar öz valideynlərinə xeyirxah və hörmətlə yanaşmazlarmı? Ata-analarınıza qarşı ürəklərinizi daşlaşdırmayın.

       Artıq qocalmış, zəifləmiş və xəstə anasına qarşı ikrah hissi ilə yaşayan insan haqqında düşünmək xüsusilə çətindir. Övladlar bu cür anayla nə qədər təmkinli və nəvazişli davranmalıdırlar! Onlara yalnız xoş kəlmələr, ürəklərinə toxunmayan sözlər söyləmək lazımdır.

       Qoy sizin xəstə, artıq özlərinə qulluq etməyi bacarmayan valideynləriniz son günlərini rahatlıq, sülh və məhəbbət içində keçirsinlər. Qoy onlar sizin dodaqlarınızdan yalnız xeyirxahlıq, məhəbbət, mərhəmət və bağışlanma kəlmələri eşitsinlər. Rəbbin sizi sevməsini, mərhəmət göstərməsini, bağışlamasını və xəstələnib yatağa düşdüyünüz zaman sizin üçün əlindən gələni etməsini istəyirsinizmi? Elə isə özünüzə qarşı hansı münasibəti arzulayırsınızsa, ətrafınızdakılara da həmin münasibəti göstərin. Valideynlərinizə qulluq edin, çünki sizdən başqa heç kəs kiçik xeyirxahlıq işlərini bu cür minnətdarlıqla edə bilməz. 

       Valideynlərin xeyri üçün xidmət etdiklərini dərk etmək övladlara bütün həyatları boyu məmnunluq bəxş edir və özlərinin acıma və məhəbbətə ehtiyacları olan zaman xüsusi sevinc gətirir. Sevimli valideynlərinin son günlərində onlara rahatlıq və sülh bəxş etdikləri üçün sevinəcəklər. Başqa cür hərəkət etmək, qoca valideynləri oğul və qızlarının xeyirxah qulluğundan məhrum etmək o deməkdir ki, əgər ürəklərimiz hələ sərtləşməyib və hissiyyatsız daşa çevrilməmişiksə, bu cür hərəkətdən sonra qəlbimizi vicdan əzabı ilə doldururuq, həyatımızın yerdə qalan hissəsini isə təəssüf hissi ilə keçiririk.
 

7 şərh

pascal
Körpə yaşdan övladını atıb, həddi-buluğa çatanda onu axtaran valideynləri də, övladı üçün həyatını verən valideynlərə qarşı övladalrın  hörmətsizliyini də — heç  anlaya bilmirəm, heç…
Ramil
Belə valideynlər deyirlər ki, övladımdan kasıbçılıq üzündən imtina etmişəm. Bu səbəb deyildir.
asel
bəs ovladı dünyaya gəlmədən ana bətnindəcə məhv etməyə nə ad verirsiz?
Ramil
Çox pis. Qabaqcadan düşünmək lazımdır bunu. Əyər düşünülmədən addım atılıbsa, uşağı doğulan kimi atmaq qərarına gəlinibsə və tibbi cəhətdən gec deyilsə mənə elə gəlir ki, məhv etmək lazımdır. 
pascal
Yazdığım hər iki insan tiplərinin göstərmək istədikləri səbəblər, ancaq və ancaq bəhanədən başqa bir şey olmayacaq.
Elgiz86
 Artıq qocalmış, zəifləmiş və xəstə anasına qarşı ikrah hissi ilə yaşayan insan haqqında düşünmək xüsusilə çətindir. Övladlar bu cür anayla nə qədər təmkinli və nəvazişli davranmalıdırlar! Onlara yalnız xoş kəlmələr, ürəklərinə toxunmayan sözlər söyləmək lazımdır. çox beyendm