Yunan_Iran müharibələri

Marafon döyüşü. İran-Yunan müharibəsi e.ə. 500-449-cu illərdə olmuşdu. İran şahı I Dara (522-486) Egey dənizindəki adaları, onun şərq, şimal sahillərini tutdu və bütün Yunanıstanı təhlükə altına aldı. Anadoludakı yunan şəhərləri olan İoniya şəhərləri Miletin başçılığı ilə İrana qarşı üsyan etdilər. Afina və Eretriya onlara kömək etdi. Lakin üsyan yatırıldı. I Dara Afinanı cəzalandırmaq üçün Afinadan 42 km aralı olan Marafon düzünə(Attikaya) qoşun çıxartdı. Afinalılar 10 min qoşun topladılar. Afinaya gedən yolu kəsdilər, təpələrdə yerləşdilər. E.ə. 490-cı il sentyabrın 13-də Marafon vuruşması başlandı. Afina qoşunlarının strateqi Miltiad əsas qüvvələri cinahlarda yerləşdirdi, ortada zəif qüvvələri qoydu. İranlılar hücuma keçib yunan qoşunlarının mərkəzi hissəsini məğlub etdilər, qalib gəldiklərini güman edib irəli getdilər. Yunanlar cinahlardan iranlıları sıxışdırdı və məğlub etdi. Bir nəfər Afinalı 42 km qaçaraq özünü Afinaya çatdırmış və uca səslə demişdir: «Afinalılar, sevinin, biz qalib gəldik!». Bu igidin xatirəsinə 42 kilometrlik Marafon qaçışı yarışları keçirilir. Marafon döyüşündə yunanların əldə etdiyi qənimətlə heykəltəraş Fidi Afinanın heykəlini düzəltdi.Fermopil döyüşü. I Daranın oğlu Kserks (486-465) e.ə. 480-cı ildə Orta Yunanıstana hücum etdi. O, Şimali Yunanıstanı ələ keçirdi. Bütün yunan-şəhər dövlətləri iranlılara qarşı birləşdilər.

Sparta padşahı Leonid Şimali Yunanıstandan Orta Yunanıstana gedən yolu - dar Fermopil keçidini tutdu. Kserks yunanların yanına elçi göndərib təslim olmalarını tələb etdi. İran elçisi: «bizim ox və mizraqımız günəşin qabağını tutacaqdır» demiş, spartalıdan: «Nə olar, kölgədə vuruşa cavabını almışdı. Yunanlar iki gün iranlıların hücumunun qarşısını alsa da, bir xain iranlıları yunanların arxasına keçirmiş və onları təhlükə altında qoymuşdu. Leonid, özündən və 300 nəfər spartalıdan başqa, hamının geri çəkilməsini əmr etmişdi. Onların hamısı Leonid başda olmaqla həlak oldu, lakin yunanların qalanı mühasirədən çıxdı. İranlılar isə Orta Yunanıstanı tutdular. Afina ordusunun sərkərdəsi Femistokl Afinanı müdafiə etməyin mümkün olmadığın görüb, əli silah tutan kişiləri orduya səfərbər etdi. Qadınlar, uşaqlar, qocalar və qullar Peloponnesə və Salamin adasına köçürüldü.

Salamin vuruşması. Yunan donanması Attika və Salamin arasındakı boğazda dayanmışdı. Yunan hərbi gəmisinin sağ və sol tərəfində 3 sıra avar olduğundan bu gəmilərə triyera deyirdilər. Bu gəmilər yüngül və burnu şiş idi, dənizdə çevik hərəkət edirdi. İran gəmiləri Salamin boğazına daxil oldu. E.ə. 480-cı il sentyabrın 28-də Salamin vuruşması başlandı. Afinalılar ya qələbə çalmalı, ya da məhv olmalı idilər. Üçüncü yol qul olmaq idi. Onların arvad-uşaqları, ata-anaları uzaqdan ümidlə vuruşmaya baxır. doğma Afinanın yanmasını ürək ağrısı ilə seyr edirdilər. Yunan gəmiləri sürətlə İran gəmiləri üzərinə hücuma keçdi. İran gəmilərinin nizamı pozuldu, iranlılar məğlub edildi. İranlılar 300 gəmi itirdilər. Kserks Yunanıstanı tərk etməyə məcbur oldu.
Plateya döyüşü. Yunanların qələbəsi. E.ə.479-cu ildə yunanlariranlıların Yunanıstanda qalmış qoşunlarını Plateya şəhəri yaxınlığında məğlub etdi. Beləliklə, iranlılar Yunanıstandan tamamilə çıxarıldı. Yunanlar öz vətənləri, azadlıqları uğrunda ədalətli müharibə aparırdılar, iranlılar isə özgə torpaqlarını istila etmək, özlərindən asılı salmaq istəyirdilər. İran əsgərləri müxtəlif xalqlardan - aşşurlardan, babillərdən, misirlilərdən, fınikiyalılardan, farslardan və digər xalqlardan təşkil edilmişdi. Onlar zorla vuruşmaya göndərildikləri üçün könülsüz vuruşurdular.

E.ə. 478-ci ildə iki yüzdən çox yunan şəhər dövləti Afinanın başçılığı altında Afina dəniz ittifaqında birləşdi. Yunanıstanın hər bir şəhər dövləti donanma üçün Afina xəzinəsinə üzvlük haqqı verirdi. İttifaqın xəzinəsi Afinada yerləşirdi. Afina dəniz ittifaqı İran donanmasını məğlub etdi. E.ə. 449-cu ildə İran yunanlarla sülh bağladı. İran Miletin, Egey dənizində olan adaların, Kiçik Asiyadakı şəhər dövlətlərinin istiqlaliyyətini tanıdı. İran hərbi donanmasına Egey dənizində üzmək qadağan olundu.İran dövləti üzərində qələbədən sonra Yunanıstan Aralıq dənizi hövzəsində hakim dövlətə çevrildi.

2 şərh

Leyla
Hamı 300 spartalı filminə baxmağa! Fermopil döyüşü kinoda çox gözəl təsvir olunub.
bankir
..yunan tarixini öyrənmək üçün Troya da yaxşıdır.