Adət və ənənələr kulturoloji konteksdə

Insanların mənəviyyatı, əxlaqı normaları və baxışları ilə bağlı olan mütərəqqi adət və ənənlərin yaradıcısı xalqdır. Hər bir insan hələ uşaq yaşlarından milli adət və ənənələrlə qarşılaşır və bu ruhda tərbiyə alır. Hər bir yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir. Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələbələrinə uyğun olaraq, onların köhnəlmiş hissələrərini atır, mütərəqqi hissələrini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır. Adət və ənənələr daima insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi olmuşdur. Çünki adət və ənənələr hər bir insan nəslinin yaratdığı əxlaqi, mənəvi cəhətləri qoruyub yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir. Məhz adət və ənənələrin bu xarakterik cəhətlərinə görə sovet tərbiyə sistemində onlardan geniş tərbiyə vasitəsi kimi istifadə edirdi.

Adət və ənənə ilə əxlaq arasında möhkəm qarşılıqlı əlaqə vardır. Daha doğrusu, hər bir ənənə müəyyən əxlaqi məna daşıyır, həmin adətləri yetirməmək, onları qoruyub saxlamağı bacarmamaq ciddi narazılığa, insan münasibətlərinin kəskinləşməsinə, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında zidiyyətin meydana gəlməsinə səbəb olur. Əxlaqi adət və ənənələr, qayda və tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamaş ünsiyyət qanunları kimi fəaliyyət göstərir.

Bildiyimiz kimi adət və ənənələr uzun əsrlər boyu xalqımızın milli ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə hifz edib saxlamışdır. Zəngin folklor nümunələrimiz məhz adət və ənənələrimiz hesabına itib-batmamış, müasir dövrümüzə qədər gəlib çatmışdır. Onlar zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda tətbiqi kulturologiyanın ifadə vasitəsinə çevrilmişlər. Müxtəlif mədəni-kütləvi tədbirlərdə bu ifadə vasitələrinə çevrilmişlər. Mədəni-kütləvi tədbirlərdə bu ifadə vasitələrini emosional vasitə kimi tətbiq etməklə həm də milli xüsusiyyətlərimizi qoruyub saxlayırıq. Mədəni irsimizin böyük bir sahəsini əhatə edən folklor nümunələri mədəni fəaliyyətin səmərəli, əyləncəli keçməsi də tətbiq olunur.

Məlumdur ki, adət və ənənələr bədii-emosional materiallarla-tamaşa elementləri, musiqi, mahnı nümunələri, əyləncəli oyunlarla zəngin olmaqla yanaşı, insanların davranışlarında əsaslı təsir göstərən əxlaq normalarının da daşıyıcılarıdır. Bu daşıyıcıları mədəniyyət müəssisələrinin kütləvi tədbirlərinin ifadə vasitəsinə çevirməyin forma və metodları ilə tətbiq kulturologiya məşğul olur. Belə ki, kulturoloqlar, peşəkar mədəniyyət işçiləri adət və ənənələri, onların bədii ifadə vasitələrini öyrənir, mədəniyyət müəssisələrinin kütləvi tədbirlərinə tətbiq edirlər. Adət və ənənələr bütün mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlarından geniş istifadə olunur. Xalqımızın adət və ənənələrinin müasir milli-psixoloji xüsusiyyətəlrinə uyğun gələn nümunələr indiki mədəni həyatımıza tətbiq olunur.

Bu vəzifəni yerinə yetirməklə tətbiqi kulturologiya dünyəvilik prinsiplərindən bəhərlənərək əlaqələndirici mövqe tutur, ayrı-ayrı mədəniyyətlərin inteqrasiyasına təminat yaradır. Onu da qeyd etmək lazımdır ki, milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə realizə olunması həmişə aktual olmuşdur. Çünki tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əxz etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi nəzərə çarpmışdır. Digər tərəfdən hər bir millətin və xalqın bədii yaradıcılıq nümunələri adət və ənənələri məkanında klassikləşmiş, mədəni irsə çevirilmişlər. Yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq keçmiş adət və ənənələrdən bəhərlənmişlər. Lakin, varislik prinsipi insanların mənəvi dəyərlərinin inkişafına, yeniləşməsinə mane olmamışdır. Sadəcə olaraq adət və ənənə formasında mənəvi mədəniyyətin tarixi təcrübəyə əsaslanan yeni istiqamətləri formalaşm ışdır. Məhz yaranan yeni istiqamətlərin öyrənilməsi, onların tarixi inkişaf əsasında toplanan təcrübənin müasir cəmiyyətimizin həyatına şamil edilməsi tətbiqi kulturologiyanın əsas vəzifələrindən biri hesab edilir.

Qeyd edək ki, bütün tarix boyu əsarət altına düşmüş hər bir xalqın mədəniyyətində, xüsusi ilə milli dəyərlər sistemini özündə cəmləşdirən adət və ənənələrdə deformasiya halları da baş verir. Azərbaycan ərazisinin böyük bir hissəsinin 200 ilə yaxın Rusiyanın işğalı altında olması bir çox milli və dini adət və ənənələrimizin ciddi və mənəvi təzyiqlər altında qalmasına səbəb olmuşdur. Dini bayramlarımızın keçirilməsinə qadağalar qoyulduğundan onların bədii-emosional ifadə vasitələri xalqımızın yaddaşından silinmişdir. Onların əvəzinə sosialist həyat tərzini təbliğ edən, mahiyyət etibarı ilə siyasi, ideoloji xüsusiyyətə malik olan adət və ənənələr təbliğ edilmişidir. Bunun da nəticəsində sovet dövründəki bütün mədəniyyət müəssisələri dini adət və ənənələrə qarşı mübarizə mərkəzlərinə çevrilmiş, kommunist rejiminin tarixi bayramlarını geniş miqyasda təbliğ etməklə məşğul olmuşlar. Azərbaycan xalqı öz müstəqilliyini əldə etdikdən sonra isə Qurban, Orucluq, Novruz kimi dini və milli bayramlarımızın dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunmasına bağlanmışdır.

Məhz, müasir mərhələdə Azərbaycan xalqının dini və milli adət və ənənələrinin icra edilməsi prosesində siyasi və ideoloji amillərin oradan qaldırıldığını nəzərə alaraq deyə bilərik ki, milli və dini adət və ənənələrimizdəki bədii-emosional cəhətlərin tədqiq olunmasına onlarla əlaqədar olan folklor nümunələrinin aşkar olunmasına böyük ehtiyac vardır. Bədii estetik dəyərə malik olan incəsənət nümunələrini araşdırmaqla milli mentalitetimizin reallıqlarını bütün dünya miqyasında nümayiş etdirmək mümükündür.

Beləliklə, hər bir adət, ənənə və mərasim kulturologiyanın çox funksiyalı formasını yaratmaqla şəxsi və ictimai məna qazanır. O, insanları cəmiyyətin mənəvi zənginlikləri ilə birləşdirir, nəsillərin tarixi təcrübəsini öyrədir, eyni zamanda mənalı və məzmunlu istirahət üçün şərait yaradır.
 

0 şərh