Ehsanyeyənlər

Ehsanbazlar (onlara ehsanyeyənlər də deyirdilər) partiyasının fəal, qocaman üzvü Mürsəl kişi səhər-səhər evindən düşəri bir ehsan həvəsi ilə çıxmışdı. Şəhərin mərkəzindəki adı məlum parka tələsirdi. Ehsanyeyənlər gündəlik məsələləri burda müzakirə edir, məsləhət-məşvərətdən sonra yığışıb harasa ehsan yeməyə gedirdilər…

Mürsəl kişi yolunun üstündə dayanıb hal-əhvallaşan iki nəfərin yanından ötərkən birdən qulağı səsə düşdü. Nə danışdıqlarını şübhə doğurmadan öyrənmək üçün təsbehini yerə saldı.
- Göytəpəlinin rəhmətə getdiyini eşitmisən?..
- Haçan rəhmətə gedib, ə?..
- Bu gün üçüdü…

Mürsəl kişinin sümüyü oynağa qalxdı. Bu, biznesmen, xeyriyyəçi Göytəpəliydisə, nəinki şəhərdə, bütün ölkədə məşhurdu. Haqqında çox eşitmişdi. Şəhərin yuxarı başında yaşayırdı. Ləngiməyə dəyməzdi. Xəbəri dəqiqləşdirməli, partiya yoldaşlarına muştuluğa qaçmalıydı. Dörd gündü ehsan üzünə həsrətdilər. Zarafat deyil, o boyda adam rəhmətə getmişdi. Yəqin ehsanına quş südündən belə hazırlıq görülmüşdü…

Göytəpəlinin həyətində yekə bir yas mağarı qurulmuşdu. Əməlli-başlı qələbəlikdi. Hər ehtimala qarşı ətrafdakılardan birini yanlayıb məsələni tamam dağ elədi. Yolüstü evinə dəyib əyin-başını dəyişdi, yas kostyumunu geyindi…

Mürsəl kişinin xəbəri dostlarına hamıdan əvvəl çatdırmağa çalışmaqda məqsədi günahını yumaqdı. Təzəlikcə yekə bir “siyasi” səhv buraxmışdı. Telefonla məscidin tanış mürdəşirindən aldığı yas yerləri haqqındakı məlumatı partiya namizədlərinə bir manatdan satmış, pul qırmışdı. Burunlarından gəlsin, üzvlüyə keçən kimi ağzıyırtıqlıq eləmiş, Mürsəl kişinin özünü satmışdılar…

Tək əldən səs çıxmaz, Mürsəl kişi səhvini kişi kimi etiraf etmişdi. Ehsanbazların hesabına çox ehsan yemişdi, yenə yeyəcəkdi. Əvvəl onlara elə-belə, barmaqarası baxsa da sıraları artdıqca güvənci də artırdı. Altdan-altdan təbliğatlarını aparır, şəhər və rayonlarda, qəsəbə və kəndlərdə ilk təşkilatlarını, özəklərini yaradırdılar. Təsis qurultayı çağırmağa, rəsmiləşməyə, hətta bir qəzet də buraxmağa hazırlaşırdılar…

Adından da göründüyü kimi ehsanbazlar ölüyə neçə gün yas saxlamağın, təmtəraqlı, dəm-dəsgahlı ehsan verməyin tərəfdarı, qızğın təbliğatçılarıydılar. Əksər üzvləri Mürsəl kişi kimi yaşlı nəslin, kasıb təbəqənin nümayəndəsiydi. Cavanları sıralarına nadir hallarda buraxırdılar…

Qadınlar arasında fəal, etibarlı bir ehsanyeyən axtarırdılar ki, partiyanın qadınlardan ibarət qanadını yaratsınlar. Azından ərlərinin fəaliyyətinə ağız büzməz, ağız büzənlərin ağızlarından vurardılar… Uzaq planlarından biri də partiyanı beynəlmiləlləşdirməkdi…

Ehsanyeyənlər daxili nizam-intizama çox fikir verirdilər. Ehsan yeməyə dəstə halında yox, tək-tək, ya da iki-bir, üç-bir, abırlı kostyumda gedər, mağarda bir-birindən aralı oturardılar. Yas yerində qarşılaşanda salamlaşmazdılar. Özlərini elə aparardılar ki, guya bir-birlərini tanımırlar. Vacib məqamda fikirlərini bir-birlərinə göz-qaş, him-cimlə gizlicə çatdırardılar. Ehsan yeyəndə çox mütəşəkkildilər. Qarınlarını doyurmamış heç hansı süfrədən əlini çəkməzdi. Bir deyildilər, beş deyildilər. Molla qarışıq məclisdəkilərin hamısı bunu nəzərə almaq zorundaydı…

Ehsanyeyənlər bir məsələdə də yekdildilər. Qohum-əqrəbalarında rəhmətə gedən olanda yas yerinə ehsan günü deyil, başqa gün təşrif buyurardılar. Bir stəkan acı çayla kifayətlənərdilər. İşdi-şayət nəfsi ilə bacarmayan tapılsaydı, tezcə tənbehini qılardılar…

Son vaxtlar ehsana məhdudiyyət qoyulması haqqında gəzən söz-söhbət ehsanbazların kürkünə birə salmışdı. Camaat yasda verilən ehsanın restoran toylarındakı biabırçı israfçılıq həddinə çatmasından çox narazıydı. İstəyirdilər yasın üçü ilə yeddisini birləşdirsinlər, mümkün olsa, ehsanı tamam yığışdırsınlar, olmasa, çay dəsgahı ilə kifayətlənsinlər. Yas sahibi bilmirdi ölüsünün hayına qalsın, molla axtarsın, qəbir, mağar-muğar dərdi çəksin, yoxsa gələnləri yedirdib-içirtsin. Toylarımız da borcla qurtarırdı, vaylarımız da. Axır buna bir əncam qılınmalıydı…

Ehsanbazlara görə, ehsanın ləğvinə çalışmaq əsrlər boyu davam edən, günümüzə qədər gəlib çatan qədim ənənələrimizə, mentalitetimizə arxadan vurulan xəyanətkar zərbəydi. Guya burda millətimizi gözü götürməyən, paxıllığımızı çəkən düşmən ünsürlərin, xarici dövlətlərin barmağı vardı. Ənənələrimiz gələcək nəsilə olduğu kimi çatdırılmalıydı. Düşmənlərimizin acığına yaslarımızdakı təmtərağı nəinki azaltmalı, əksinə, hələ bir az da artırmalıydıq…

Ehsanyeyənlərin yas sahiblərinə ziyanlarından çox xeyirlərinin dəymələri haqqında (çox da ortada yeyib, qıraqda gəzir, heç bir dəftər-kitaba düşmürdülər) öz qəribə məntiqləri, arqumentləri vardı: sayartımı ilə yası hörmətə mindirir, şərafətləndirirdilər…

***

Yas sahibi mağarın, məclisin aşağı başında gəlib-gedəni qarşılayıb yola salırdı. Yuxarı başında ehsanyeyənlərin gözüynən, mollasifət bir kişi ilə qalstuklu bir cavan əyləşmişdi. Cavan ölkənin tarixi keçmişindən, sərkərdələrindən, elm adamlarından, şair və yazıçılarından, muğamlardan, gözəl adət-ənənələrdən… danışırdı…

Mollasifət arabir kəsə bir “fatihə” versə də mollalar kimi məclisdəkiləri nisyə dünya, ordakı cənnət-cəhənnəm, qıl körpü, inkir-minkirlə qorxutmaq, başa düşmədikləri qəliz ərəb sözləri ilə yatızdırmaq əvəzinə İslamın tarixindən, islam alimlərindən, yasına yığışdıqları mərhumdan, onun yaxşı əməllərindən danışırdı. Arabir mərhumu yaxından tanıyanlar da söhbətə qoşulur, Göytəpəlinin ibrətamiz sözlərini, el, camaat üçün etdiyi yaxşılıqlarını yada salır, rəhmət oxuyurdular…ehsan,yas mərasimi

Ehsana köklənmiş ehsanyeyənlər indiyəcən ehsanını yediklərinin kimliyinin, nəçiliyinin, pisliyinin, yaxşılığının deyil, ehsanının fərqini güdmüşdülər. Odu ki, eşitdikləri nə qədər maraqlı olsa da bir qulaqlarından alıb o biri qulaqlarından ötürə-ötürə tez-tez saatlarına baxır, göz-qaşla him-cimləşirdilər ki, naharın vaxtı keçir, neyniyək? Axırda biri dözməyib yerindən dingildədi:
- Ay molla, bir sualım var.
- Mən molla deyiləm, – mollasifət gülümsədi, – din xadimiyəm. Amma dəxli yoxdu, sualını ver.
- Molla, – ehsanyeyən tutduğunu buraxmadı, – ağzıgöyçəklər orda-burda camaatı çaşdırır, işə-başa salırlar ki, ehsanı yaslarımızdan yığışdırmaq lazımdı. Siz nə fikirdəsiniz? Axı bu bizim özəl adət-ənənəmiz, mentalitetimizdi…

Məclisdəki ehsanyeyənlər o saat yer-yerdən səslərini qaldırdılar:
- Əşi, sən nə danışırsan, elə şey olar? Ehsansız nə məclis?..
- Belədi də, qardaşlar, – mollasifət dedi, – adət-ənənəyə hörmət borcumuzdu. Amma məni düz başa düşün, elə adət-ənənəmiz var ki, ziyanı xeyirindən çoxdu. Nə qədər qədim olur-olsun, əl-ayağımıza dolaşan adət-ənənələrimizlə birdəfəlik vidalaşmağın vaxtı çatıb…

Ehsanyeyənlər sakitləşmədilər.

- Axı ayıbdı, adamı qınayır, simiclikdə günahlandırırlar…
- Çətini ilk addımı atmaqdı, sonra hamısı qaydasına düşəcək.
- Kim atacaq ilk addımı?
- Xalq, el-oba arasında nüfuzu, xətir-hörməti olanlar. Məsələn, götürək Göytəpəlini. Böyük biznesmen idi. Amma vəsiyyət eləyib ki, yasında ehsan adına yalnız şirniyyatla çay verilsin. Rəhmətlik qabağa düşməyi, nümunə göstərməyi xoşlayırdı. Yadımdadı, oğlunun, qızının toyunu xudmani bir restoranda çaldırmışdı. Simiclikdi? Yox! Hələ bir baxın neyniyib? Ölməmişdən var-dövlətini, mülklərini-filanını – hamısını iki yerə ayırıb. Birini övladlarına saxlayıb, o birini nəqd pula çevirtdirib. Adına ədəbiyyat fondu açdırıb. Hər il o fonddan yazıçı və şairlərimizə nə az, nə çox, düz əlli min manat mükafat paylanacaq…
- Halaldı, vallah!.. – Yer-yerdən alqışladılar. – Allah ona qəni-qəni rəhmət eləsin! Yeri behişt olsun!..
- Balam, bəs biznesmen hara, ədəbiyyat hara?.. – Maraqlandılar.
- Hə, yaxşı qulaq asmamısınız, bayaq məclisimizdə dedilər axı, Göytəpəli cavanlığında bir müddət şairliyə qurşanır. Amma çoxlarından fərqli olaraq vaxtında başa düşür ki, ondan şair çıxmayacaq, üzüsulu geri çəkilir…
- Əşi, fondu da öz adına görə yaradıb də!.. – Kimsə ağzını burdu.
- Sağ əli yerdə qalan biznesmenlərimizin, oliqarxlarımızın başına! Adı onun olsa da, dadı millətin olacaq!..

Ehsanyeyənlər şəltələrinin işləmədiyini görüb daha dillənmədilər. Him-cimləşərək suyu süzülmüş aradan çıxmağa başladılar…

Müəllif: Eyvaz Zeynalov.

 

0 şərh