Laktogenik qida nədir?

Laktogenik ərzaqlar dedikdə, süd gətirən qida nəzərdə tutulur. Əslində bu ərzaqların ana südünün artırılmasında vəzifəsi süd gətirmək deyil, südün istehsalı edən orqanizmə dəstək göstərməkdir. Əksər hallarda həmin ərzaqlar əsəb rahatladıcı xassəyə, qidalandırıcılarla zəngin olması səbəbi ilə süd istehsal edən bədənə qidalandırıcılar ehtiyatının tükənməsinə imkan verməməsi ilə əlaqədardır. Əgər ana ailəsinin və xüsusən körpəsinin qeydinə qalmaq niyyətindədirsə, ilk növbədə özünün qeydinə qalmalıdır. Bunun üçün gündəlik işlərdə ən ən vacib olanlara yer verilməli və digər daha az əhəmiyyətli fəaliyyətlər “sonra”-ya saxlanılmalıdır. Analar unutmamalıdırlar ki, köprə daim körpə olaraq qalmayacaq və baş verənlər sadəcə müvəqqəti çətinliklərdir. Analar üçün “ləng rejimdə” olmaq məsləhətdir.
Laktogenik qida nədir?
Ana südünün gəlməsinə və artmasına təsir edən əsas səbəblər hansılardır?

  •   Ananın körpəsini bolluca əmizdirməsi,
  •   Ananın körpəsi ilə bol-bol bədən-bədənə (dəri-dəriyə) təmasda olması,
  •   Acdıqda sağlam qida qəbul etməsi,
  •   Susuzluq hiss etdikdə kaffeinsiz, sağlam mayelər içməsi,
  •   İmkan daxilində dincəlməsi və ifrat yorğunluğa yol verməməsi,
  •   Əsəblərini qoruması və stressini azaltmağa çalışmasıdır.

Bütün yuxarıda sadalananlarda ifrata varmağa ehtiyac yoxdur. Sözsüz ki, dəmir əsəblərə sahib olmaq və ya yorğun olmamaq mümkün deyil, lakin buna can atmaq kifayətdir. Qeyd olunan süd artıran ünsürlərə əlavə olaraq, əmizdirən analar üçün ana südünün istehsalını dəstəkləyən ərzaqların siyahısını tərtib edib təqdim etmək istəyirik. Lakto-ərzaqların təqdim edilən siyahısı Hilary Jacobson  laktasiya məsləhətçisinin “Mother food” adlı kitabına əsaslanmışdır. Müəllifin sözlərinə görə özü əmizdirən müddət ərzində südün az miqdarda olmasında əziyyət çəkirmiş və bu səbəbdən südün artırılması üsulları ilə yanaşı müxtəlif ərzaqların istifadəsini sınamağa başlamışdır.
Nəzərinizə çatdıracağımız ərzaqlar nəinki, əmizdirən analara ümumiyyətlə, hamiləlikdən sonra bərpa olmaq istəyən analara da uyğundur. Siyahıda verilən ərzaqlara ananın və ya körpənin həssaslığı nəzərə alınaraq istifadə olunmalıdır. Əgər anada və ya körpədə  ananın südünün vasitəsilə verilən ərzaqlara allergik və ya qazlılıq reaksiyaları varsa müəyyən müddət istifadəsi dayandırılmalı və ya cüzi miqdarda istifadə edilməlidir.

Lakto-ərzaqlara aiddir:
Toyuq əti, hind toyuğu əti, dəniz məhsulları (xüsusən kalmar və krab), balıq, yosunlar.
Arpa, yulaf, qarabaşaq, düyü (xüsusən qəhvəyi), buğur.
Noxud, istənilən növ mərci, istənilən növ lobya, dondurulmuş yaşıl noxud. Bu siyahıda verilən ərzaqlar ana və körpədə qazlılıq və köpə səbəb olduğundan, daha böyük (3-6 ayından kiçik olmayan) uşaqların analarına qəbul etmək tövsiyyə olunur. Sözsüz ki, kiçik porsiyalarda istənilən vaxt qəbul edilə bilər.
Balqamaq tumları, qara zirə toxumları, keşyu, günəbaxan tumları, razyana toxumları, gündəfnə toxumları, küncüt toxumları və küncüt pastası (tahina), badam və badam yağı, zeytun və zeytun yağı, kərə yağı, bal, ağcaqayın şərbəti, darçın, sarıkök, dəniz duzu.

Əncir qurusu, ərik qurusu, xurma, gavalı qurusu.
Ərik, şaftalı, nektarin, gavalı, gilə meyvələr, əncir.

İstənilə növ soğan, zəncəfil, istənilən növ sarımsaq, qulançar, ənginar, ispanaq, gicitkən, razyana (boyana), reyhan, acı və şirin bibər, çuğundur, kahı, göy lobya, kök, gülkələm, brokkoli, kartof. Zəncəfildən doğuşdan bir müddət sonra istifadə etmək məsləhətdir, beləki, zəncəfil doğuş sonrası qanaxmaları gücləndirə və anaya zərər yetirə bilər. Həmçinin bir sıra dərmanların qəbulu zamanı zəncəfilin istifadəsini məhdudlaşdırmaq gərəkdir, bunun üçün müalicə həkimi ilə məsləhətləşmək vacibdir. Əsəbləri gərgin olanlara da zəncəfilin qəbulunu məhdudlaşdırmaq tövsiyyə olunur.

Laktasiya dövründə aşağıda verilən məhsullardan istifadəni minimuma salmaq məsləhətdir:
Ətotu, adaçayı, nanə, cəfəri, kəklikotu, qara və yaşıl çay, soya tərkibli məhsullar.
Bir daha qeyd edirik ki, bütün yuxarıda verilən ərzaqların istifadəsində ifrata varmağa gərək yoxdur və onların qəbulunu ana südü artıran üsullarla  yanaşı həyata keçirmək gərəkdir.
 
 
 
Müəllif: Səltənət Zülfüqarova
Mənbə: anasudu.az
 

0 şərh