Enerji və enerji çevirmələri

Cisimlər müəyyən qüvvənin təsiri altında hərəkət edərkən iş görür. Cisimlərin işgörmə qabiliyyətini isə enerji xarakterizə edir. Bu anlayış həm canlı, həm də cansız aləmə aiddir.
Enerjinin növlərini və ən mühüm xassəsini yadınıza salın.
Enerjinin müxtəlif növləri vardır: mexaniki, istilik, elektrik, kimyəvi və s. Enerji bir şəkildən başqa şəklə düşür. Yer kürəsində əsas enerji mənbəyi Günəşdir.
Enerji və enerji çevirmələri
Günəş enerjisinin bir hissəsini udan Yer səthinin temperaturu yüksəlir. Beləliklə, havanın Yerlə təmasda olan hissəsi qızaraq genişlənir, sıxlığı azalır və yuxarı qalxır. Bu yüksələn hava kütləsi yaradır. Hava axınında olan su buxan kondensasiya edərək bulud əmələ gətirir. Yuxarı qalxmış havanın yerini ətrafdakı hava tutur, bu zaman külək əmələ gəlir. Bu zaman hansı enerji çevrilmələri baş verir?
Günəşdən gələn enerjinin bir hissəsinin Yer tərəfindən udulduğu zaman Yerin daxili enerjisinin artması müşahidə olunur və buna uyğun olaraq temperatur yüksəlir. Bu enerjinin bir hissəsi Yerlə təmasda olan havaya ötürülür. Havadakı qaz molekullarının kinetik enerjisi artır. Su damcılarının və qaz molekullarının qalxması nəticəsində kinetik enerji azalır, potensial enerji artır. Gec və ya tez yağış və ya dolu zamanı su damcılarının potensial enerjisi kinetik enerji halında xaric olunur.
Göründüyü kimi, cansız təbiətdə də enerjinin bir növünün digərinə çevrilməsi baş verir və məlum olur ki, enerji heç nədən yaranmır və itmir, yalnız bir haldan başqa hala keçir.
Beləliklə, Günəşin istilik enerjisi dolu, külək və yağış halında mexaniki enerjiyə çevrilir. Atmosfer yağıntıları çayların əsas qida mənbəyidir. Çay öz məcrasına yağan yağıntıları böyük ərazilərdən qolları ilə yığır. Bəs insanlar bu suyun enerjisindən necə istifadə edirlər və bu zaman hansı enerji çevrilmələri baş verir?
Yerə nəzərən çaylardakı su həm kinetik, həm də potensial enerjiyə malikdir. Bəndlərin köməyi ilə çaydakı suyun səviyyəsini qaldırarkən biz onun potensial enerjisini artırmış oluruq. Məsələn, Mingəçevir SES-in hündürlüyü 80 m-dir. Belə bir hündürlükdə hətta 1 m3 suyun potensial enerjisi neçə min Couldan çoxdur. Su yuxarıdan aşağıya tökülən zaman onun potensial enerjisi kinetik enerjiyə çevrilir. Hərəkət edən suyun kinetik enerjisini turbinin pərlərini hərəkətə gətirmək üçün istifadə edirlər. Bu turbin elektrik cərəyanı yaradan elektrik generatorunun valını hərəkətə gətirir. Beləliklə, insanlar yuxarıdan tökülən suyun enerjisindən elektrik enerjisi almaq üçün istifadə edirlər.

Canlı təbiətdə də enerji çevrilmələri baş verir və canlı orqanizmlər özlərini enerji ilə təmin edirlər.
Enerji və enerji çevirmələri
Canlılar üçün lazım olan enerji qida ilə daxil olan mürəkkəb kimyəvi üzvi birləşmələrdə toplanıb. Bu cür maddələrə zülallar, yağlar və karbohidratlar daxildir. İnsan həm bitki, həm də heyvan mənşəli qidalar qəbul edir. Bitkilər üzvi maddələri fotosintez nəticəsində Günəş şüalarının enerjisindən istifadə etməklə yaradır. İnsan orqanizminin hər bir hüceyrəsində isə zülallar, yağlar və karbohidratlann daha sadə molekullara parçalanması baş verir. Bu zaman enerji yaranır.

Başqa sözlə desək, qida ilə daxil olan mürəkkəb üzvi maddələrin potensial enerjisi:

— istilik enerjisinə (bədən temperaturunu sabit saxlamaq üçün);
— mexaniki enerjiyə (əzələ yığılmaları zamanı);
— elektrik enerjisinə (sinir impulslarını ötürən zaman) çevrilir.

Hətta tam sakit halda belə insan enerjisinin bir hissəsini istifadə edir. İnsan orqanizmində bir dəqiqə belə dayanmayan fizioloji proseslərə daim enerji sərf olunur. Hüceyrələrdə mübadilə prosesləri gedir, ürək, böyrək, qaraciyər və digər orqanlar fəaliyyət göstərir.
Enerjinin bir-birinə çevrilməsi hallarına gündəlik həyatınızda da rast gəlirsiniz. Elektrik mühərriklərində elektrik enerjisi mexaniki enerjiyə, digər məişət avadanlıqlarında isə elektrik enerjisi mexaniki, istilik, işıq, səs enerjisinə çevrilir.
Dəmir parçasına çəkiclə zərbə vursanız, zərbə dəyən hissənin istiliyinin artdığını müşahidə edəcəksiniz. Bu zaman mexaniki enerjinin istilik enerjisinə çevrilməsi baş verir. Şüalanma nəticəsində işıq enerjisi istilik enerjisinə çevrilir.
Deməli, təbiətdə baş verən hadisələr qarşılıqlı təsir, hərəkət və enerji çevrilmələri ilə əlaqədardır. Bütün enerji çevrilmələri üçün bir qayda həmişə düzgün hesab olunur: enerji itmir və heçdən yaranmır. O bir şəkildən digər şəklə çevrilir.
 
 
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə dərslik
 

0 şərh