İqlim və onun yaranması

Müəyyən ərazidə meteoroloji elementlərin çoxillik təkrarlanma rejiminə iqlim deyilir. İqlim göstəriciləri hər il eyni vaxtda təkrarlanır, davamlı xarakter daşıyır və yalnız uzun tarixi dövrlər ərzində dəyişir.
Coğrafi enlik, atmosferin ümumi dövranında iştirak edən hava axınları və səth örtüyü əsas iqlim əmələ gətirən amillərdir. İqlimin yaranmasına həmçinin, okean və dənizlərdən uzaqlıq, okean cərəyanları, relyef şəraiti, mütləq hündürlük, dağ yamaclarının yerləşmə istiqaməti də təsir göstərir.
 
Ərazinin iqlim xüsusiyyətlərini əks etdirmək üçün iqlim xəritələrindən istifadə olunur. Onlar üzərində iqlim göstəriciləri verilir. Bu göstəricilərə orta illik, ən isti və ən soyuq ayların orta temperaturları, yağıntıların orta illik miqdarı, atmosfer təzyiqi sahələrinin paylanması, küləklərin təkrarlanması rejimi aiddir. Bu məqsədlə çox vaxt xəritələrdə izoxətlər çəkilir, onlara əsasən müxtəlif meteoroloji elementlər verilir (izotermlər, izobarlar, izogiyetlər vasitəsilə). Yağıntıların orta illik miqdarı rəng çalarlarına uyğun olaraq verilir, hakim küləklərin istiqaməti oxlarla və külək gülləri ilə göstərilir. Xüsusi iqlim xəritələrində iqlim qurşaqları və vilayətlərinin sərhədləri göstərilir.
 
Ayrı-ayrı məntəqələrdə iqlimin öyrənilməsi üçün diaqramlar qurulur. Onlardan məntəqələrin iqlim göstəricilərini müqayisə etmək üçün də istifadə edilir. Diaqramda yağıntıların aylar üzrə paylanması sütunların köməyi ilə təsvir olunur. Bunun üçün hər bir ayda düşən yağıntıların mm ilə miqdarı əsas götürülür. Onların paylanmasını göstərən qrafikin ordinat (y) oxunda sağ tərəfdə yağıntıların miqdarı (mm), absis (x) oxunda ayların baş hərfləri yazılır. Hər bir ayda düşən yağıntıların miqdarı düzbucaqlı formasında qrafikdə çəkilir.
 
Diaqramın sol tərəfində yağıntıların göstəricilərinə paralel olaraq temperaturun şkalası hər 10°C-dən bir olmaqla ayrılır. Aylar üzrə məntəqədə temperaturun paylanması yağıntı diaqramı ilə eyni diaqramda göstərilir. Çox vaxt müsbət temperaturlar qırmızı, mənfi temperaturlar göy və ya qara xətlərlə verilir. Diaqramda məntəqənin adı, onun okean səviyyəsindən mütləq hündürlüyü və burada il ərzində düşən yağıntıların ümumi miqdarı göstərilir.
 
Diaqramın sol tərəfində yağıntıların göstəricilərinə paralel olaraq temperaturun şkalası hər 10°C-dən bir olmaqla ayrılır. Aylar üzrə məntəqədə temperaturun paylanması yağıntı diaqramı ilə eyni diaqramda göstərilir. Çox vaxt müsbət temperaturlar qırmızı, mənfi temperaturlar göy və ya qara xətlərlə verilir. Diaqramda məntəqənin adı, onun okean səviyyəsindən mütləq hündürlüyü və burada il ərzində düşən yağıntıların ümumi miqdarı göstərilir.
 
Məsələn, diaqramdan görünür ki, Sinqapur şəhəri okean səviyyəsindən 10 m. yüksəklikdə yerləşir, burada il ərzində 2100 mm yağıntı düşür. İl ərzində havanın orta temperaturu bütün aylarda 21-22°C arasında dəyişir. Yağıntılar da il ərzində bərabər paylanır. Diaqramdan görünür ki, Sinqapurda ekvatorial iqlim qurşağı yaranır. 
 

0 şərh