Ferdinand Porşe - dəmirçilikdən markaya doğru

Ferdinand Porşe avtomobil istehsalı tarixinin ən məşhur simalarından biri sayılır. Dahi alman mühəndisi 3 sentyabr 1875-ci ildə o vaxtlar Avstriya-Macarıstanın ərazisinə daxil olan Maffersdorf (hal-hazırda bu şəhər Çexiya dövlətinin tərkib hissəsidir və yeni adı Vratislaviçedir) şəhərində dünyaya göz açmışdır. Gənc ikən Ferdinand texniki elmlərə böyük maraq göstərməyə başladı. Sadəcə, onu demək kifayətdir ki, 15 yaşlı Ferdinand evi elektrik lampaları ilə işıqlandıra bilən generator düzəltmişdi. O dövrdə bu, balaca Maffersdorf şəhərinin əhalisi üçün böyük dəbdəbə sayılırdı. Karyerasına atasının firmasında dəmirçi kimi başlayan Ferdinand daha sonra Vyanaya gedir. O, burada həm yerli texniki universitetlərin mühazirələrində iştirak edir, həm də elektrik mühərrikləri istehsal edən kiçik bir müəssisədə süpürgəçi işləyirdi.

1898-ci ildə Ferdinandı “Lohner” şirkətinə işə götürürlər. Ciddi layihələrlə məşğul olmağa başlayan Porşe 1900-cü ildə Paris avtosalonunda “Lohner-Porsche” elektrik avtomobilini nümayiş etdirir. Sərginin ən yaxşısı seçilən “Lohner-Porsche” mütəxəssislər tərəfindən öz dövrünü qabaqlayan bir avtomobil kimi dəyərləndirilmişdi. Həmin il Porşe öz avtomobilini təkmilləşdirir və onu ilk dəfə benzinlə işləyən mühərriklə təchiz edir.

1906-cı ildə Ferdinand “Austro-Daimler” kompaniyasında texniki direktor vəzifəsində işləməyə başlayır. Ferdinand yeni işindən çox razı idi. Çünki bu yeni vəzifə yeni avtomobillərin düzəldilməsi üçün çox əlverişli idi. Beləliklə, “Austro-Daimler”də Ferdinand getdikcə daha sürətli yarış avtomobilləri düzəltməyə başladı. 1909-cu ildə şahzadə Henrixin şərəfinə təşkil olunmuş yarışda Ferdinandın yarış maşını ikinci, 1910-cu ildə isə birinci oldu. Bu yarışda o, özünü pilot kimi də yoxlamış, birinci yeri tutan maşını özü idarə etmişdi. Maraqlıdır ki, Ferdinandın mexaniki sonralar Yuqoslaviya dövlətinin rəhbəri kimi bütün dünyada məşhur olan İosif Broz Tito adlı gənc idi.

1932-ci ildə Stalinin dəvətini qəbul edən Ferdinand Porşe oğlu ilə birlikdə Sovet Rusiyasına gəlir. Stalin Porşeyə SSRİ-də görülən işlərin həcminin perspektivini nümayiş etdirmək istəyirdi. Stalin Porşeyə hətta nazir vəzifəsi də təklif etmişdi.
 

0 şərh