Dövlətçilik ənənələrimiz

Uğur Azərbaycanda doğulub. O, ölkənin paytaxtı Bakıda yaşayır. Xalası qızı İnci isə azərbaycanlı olsa da, Moskvada doğulub və orada böyüyüb. Azərbaycana qonaq gələn İnci Uğurdan ölkəmiz haqqında məlumat verməyi xahiş etdi. Uğur ona tarixi yerlərimiz və dövlətimiz haqqında məlumat verdi
Siz də dövlətimiz haqqında bildiklərinizi sinif yoldaşlarınızla müzakirə edərək dəftərinizdə qeyd edin.
Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biridir.
Səfəvilər dövləti
Azərbaycan ərazisində yaranmış ilk dövlət Mannadır. Üç yüz ilə yaxın bir müddət ərzində mövcud olmuş bu dövlət süqut etdikdən sonra Azərbaycan ərazisində yeni dövlətlər yarandı.
Azərbaycan ərazisində yaranmış hansı dövlətləri tanıyırsınız?
Strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən, zəngin təbii sərvətlərə malik olan Azərbaycan torpaqları daim yadelli işğalçıların basqınlarına məruz qalmışdır. Lakin bir-birini əvəz edən bu yürüşlər dövlətçilik ənənəmizə mane ola bilməmiş, torpaqlarımızda yaranmış dövlətlər iqtisadi, siyasi və mədəni yüksəlişə nail olmuşlar.
XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün yeni bir tarixi mərhələsinə qədəm qoydu. I Şah İsmayıl bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Mərkəzləşmiş Səfəvi dövləti xalqımızın tarixində böyük rol oynadı.
Dövlətçilik ənənələrimiz
1828-ci ildə Rusiya və İranın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız iki hissəyə bölündü. Bu vəziyyətdən xilas olmaq üçün həm Şimali, həm də Cənubi Azərbaycanda azadlıq uğrunda mübarizələr getmişdir. Mübarizələrin nəticəsi olaraq Şimali Azərbaycanda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı və bu cümhuriyyət müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi oldu.
Bütün sahələrdə islahatlar aparan Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasətdə uğurlu addımlar atdı. Dünyanın bir sıra ölkələri Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq tanıdı. 23 ay ərzində böyük uğurlara imza atan bu dövlət sovet Rusiyası tərəfindən 1920-ci ildə süquta uğradıldı. SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) tabeliyində təqribən 70 il ərzində müstəqilliyindən məhrum olan xalqımız 1991-ci ildə yenidən öz dövlətçiliyini bərpa etdi.
Müstəqilliyini əldə etdikdən sonra ölkəmiz 1995-ci il 12 noyabr tarixində Azərbayan Respublikasının Konstitusiyasını qəbul etdi.
Konstitusiya xalqın mənafeyini özündə əksetdirən dövlətin ali qanunudur.

Azərbaycan Respublikası Konstitusiyasından çıxarış

Maddə 26.
I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Azərbaycan Respublikası bu gün dünya siyasətində uğurlu siyasi addımlar atır. Ulu öndər Heydər Əliyevin o dövrdə həyata keçirdiyi uzaqgörən siyasəti bu gün ölkəmizin inkişafına imkanlar açmış və bu siyasətin davamçısı ilham Əliyev dövlətçilik naminə bir sıra islahatlar həyata keçirməkdədir. Xarici və daxili siyasətdə nailiyyətlər qazanan ölkə başçımız böyük səylə zəbt olunmuş torpaqlarımızı erməni təcavüzündən xilas etməyə çalışır.
Ulu öndər Heydər Əliyevin başladığı yolu davam etdirən prezidentimiz bütün imkanlardan istifadə edərək yorulmadan çalışır və bu istiqamətdə uğurlu addımlar atır.
 
 
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə dərslik
 

0 şərh