Modifikasiya dəyişkənliyi

Çarlz Darvin hələ çox gənc yaşlarından canlılarda çoxlu fərqli xüsusiyyətlərin olmasını müşahidə etmişdir. İstər mədəni bitki və ev heyvanlarının, istərsə də təbiətdəki vəhşi heyvan və yabanı bitki növlərinin bu qədər müxtəlif olması onu maraqlandırmışdır. O apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlmişdir ki, canlılar, əsasən, ətraf mühitin təsiri nəticəsində dəyişir. Alim öz fikirlərini çox səylə sübut etməyə çalışmışdır.
Darvin apardığı müşahidə və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, orqanizmlər irsən malik olduqları fərdi xüsusiyyətlərlə və yaşadıqları şəraitdəki mühit amillərinin təsiri ilə əlaqədar inkişaf edir. Bu isə onlarda müxtəlif dəyişikliklərin baş verməsinə səbəb olur.
Orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi və ya növ daxilindəki fərdlər arasındakı fərqlər dəyişkənlik adlanır.
Dəyişkənlik 2 qrupa bölünür:
  1. Qeyri-irsi və ya modifikasiya dəyişkənliyi.
  2. İrsi dəyişkənlik
ModifikasiyaQeyri-irsi və ya modifikasiya dəyişkənliyi. Növün müxtəlif şəraitdə yaşayan fərdlərində bəzi fərqli cəhətlərin meydana çıxması məlumdur. Məsələn, meşədə bitən adi şam ağacının çətiri yuxarıda yerləşir, açıqlıqda, meşə kənarında bitən şam ağacı isə daha qollu-budaqlı olur. Mühit şəraiti əlverişli olan yerlərdə bitən bitkilərlə əlverişsiz mühitdə yaşayan bitkilər eyni növdən olsalar da, fərqlənir. Ağbaş kələm isti ölkələrdə əkiləndə baş əmələ gətirmir. Ağ rəngli adadovşanlarının tükünü qırxıb yerinə buz bağlayanda onun yerindən qara tüklər çıxır.
Qeyri irsi dəyişkənlik
Mühit şəraitinin təsiri altında eyni genotipli* fərdlərdə müxtəlif fenotiplərin** yaranması modifikasiya dəyişkənliyi adlanır. İnsanın əkib-becərdiyi bitkilərdə də modifikasiya dəyişkənliyini asanlıqla müşahidə etmək mümkündür. Bir bitkinin qələmləri ilə çoxalan nəsillərdə tam eynilik müşahidə olunmur. Bunun səbəbi bitkilərin işıqlanma səviyyəsi, torpağın strukturu, su və qida maddələri ilə təminatı, alaq otlarının olması və s. ola bilir. Belə dəyişmələr genotipə təsir etmir və nəsildən-nəslə ötürülmür. Modifikasiya dəyişkənliyinin hüdudları reaksiya norması adlanır.İrsi dəyişkənlik                                                         Canlılarda müxtəlif əlamətlərin kəmiyyət və keyfiyyət dəyişmələri eyni cür müşahidə olunmur. Qaramalda südün miqdarı yemin miqdarından asılı olaraq, çox dəyişir. Südün yağlılığını yemin miqdarını artırmaqla çoxaltmaq olmur. Yağlılığı yemin tərkibini dəyişməklə artırmaq mümkündür. Müşahidələr göstərir ki, heyvanın rəngini nə qidanın miqdarı, nə də müxtəlifliyi dəyişə bilməz. Ancaq yuxarıda deyildiyi kimi, tükü qırxılıb belinə buz bağlanmış adadovşanlarının belində ağ tük əvəzinə qara tükün çıxması rəngin də mühit amillərinin təsiri ilə dəyişə biləcəyini göstərir. Beləliklə, qaramalda südün miqdarı geniş reaksiya normasına, rəng isə ən dar reaksiya normasına malikdir.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK

 

0 şərh