Xemosintez

Xemosintez (yunan sözü olub “xema” — kimya, “sintez” — birləşmə deməkdir) prosesi rus mikrobioloqu Sergey Nikolayeviç Vinoqradski tərəfindən 1889-1890-cı illərdə kəşf edilmişdir. Kükürd, nitrifikasiya, dəmir və hidrogen bakteriyaları bəzi ekzotermik reaksiyalar zamanı ayrılan enerjidən istifadə etməklə üzvi maddə sintez edir. Bu enerji hidrogen, hidrogen-sulfid, ammonyak, dəmir 2-oksid və s. kimi maddələrin oksidləşməsi nəticəsində ayrılır. Bəzi su hövzələri hidrogen-sulfidlə zəngin olur. Belə hövzələrdə kükürd bakteriyaları hidrogen-sulfidi oksidləşdirir:
2H2S+O2—>2H2O+2S+Q
Kükürd bakteriyaları tərəfindən sərbəst kükürd sulfat turşusuna qədər oksidləşə bilir. Bu reaksiya ekzotermikdir (istiliyin ayrılması ilə gedən):
2S+3O2+2H2O → 2H2SO4+Q
Hər iki reaksiya nəticəsində ayrılan enerjidən (Q) karbon qazından üzvi maddə sintez etmək üçün istifadə olunur.Xemosintez
Torpağın məhsuldarlığı bakteriyaların həyat fəaliyyətindən çox asılıdır. Belə bakteriyalara hidrogen və nitrifikasiya bakteriyalarını misal göstərmək olar.
Oksigensiz parçalanmanı həyata keçirən bəzi bakteriyalar torpaqda hidrogen toplanmasına səbəb olur. Hidrogen bakteriyaları isə hidrogeni oksidləşdirir. Bu zaman ayrılan enerji isə üzvi maddə sintezinə sərf olunur:
2H2+O2→ 2H2O+Q
Buna oxşar proses nitrifikasiya bakteriyaların tərəfindən də həyata keçirilir. Təbiətdə azot dövranını təmin edən canlılardan ən mühümü bu bakteriyalardır. Zülalların çürüməsi nəticəsində əmələ gələn ammonyaka su hövzələrində və torpaqda rast gəlinir. Ammonyak nitrifikasiya bakteriyaların vasitəsilə nitrit turşusuna qədər oksidləşir:
2NH3+3O2→ 2HNO2+2H2O+Q
Nitrit turşusunun nitrat turşusuna qədər oksidləşməsi digər bakteriyalar tərəfindən həyata keçirilir:
2HNO2+O2→ 2HNO3+Q
Bu bakteriyalar torpaqda nitratların miqdarının artmasında çox vacib rol oynamaqla bərabər, həm də xemosintez nəticəsində üzvi maddə sintez edir.


Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
 

0 şərh